Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:17

Qandalsız, üstəgəl dəmir barmaqlıqlardan kənarda...


Qandalsız Eynulla Fətullayev
Qandalsız Eynulla Fətullayev
- Açın, gətirin, otursun vəkilinin yanında.

- Birincisi, bu, təqsirləndirilən şəxs deyil, məhkumdur. Mən onu qandallı aparıb gətirməliyəm. Təlimatda belə yazılıb. İkincisi, orda oturması üçün mənə yazılı qərar verməlisiniz.

- Qərarı elan etdim artıq.

- Mənim ona ixtiyarım çatmır.

Hakim İsmayıl Xəlilovun konvoylara Eynulla Fətullayevin məhkəmə iclasında dəmir barmaqlıqlardan kənarda – vəkili İsaxan Aşurovun yanında oturdulması barədə göstəriş verməsi konvoyların rəisi Qəzənfər Əliyevin narazılığına səbəb olsa da, sonda hakimin qərarı icra edildi.

Azərbaycan məhkəmələri tarixində ilk dəfə beynəlxalq konvensiyaların tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin qandalsız, üstəgəl dəmir barmaqlıqlardan kənarda, vəkili ilə eyni masa arxasında oturmaq şansı Eynulla Fətullayevə nəsib oldu.

Aprelin 26-da «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Qaradağ rayon Məhkəməsində başlanan məhkəmə baxışı hakimlə konvoy arasında baş verən mini-mübahisə ilə başladı. Konvoyun qərarı icra etməməsini görən hakim məhkəmə zalını tərk etdi.

Zala Eynulla Fətullayev vəkilinin yanında oturdulduqdan sonra qayıtdı və proses prokuror Elçin Nağıyevin ittiham aktını elan etməsi ilə davam etdi. İttihama görə, ötən il dekabrın 29-da 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Eynulla Fətullayevin ayaqqabısından və gödəkcəsindən 0.22 qram heroin tapılıb.

Sonra Eynulla Fətullayev ifadə verdi. Fətullayev ifadəsində 12 saylı cəzaçəkmə müəssisəsini «konslager» adlandırdı:

MƏN DƏHŞƏTƏ GƏLİRDİM

«İnsanları dərisi soyulana qədər asfaltla sürüyürdülər. Mən dəhşətə gəlirdim. İndiyə qədər də başa düşə bilmirəm ki, necə oldu ki, mənim orada psixikam pozulmadı».

Konvoyların rəisi Qəzənfər Əliyev
Eynulla Fətullayev məhkəmə ifadəsində göstərdi ki, 12 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitə əldə etmək mümkünsüzdür. Çünki müəssisə rəhbərliyi narkotik vasitələrin müəssisəyə keçirilməsinin qarşısının alınmasına ciddi nəzarət edir:

«12 saylı cəzaçəkmə müəssisəsində narkotiklərin satışı olmayıb. Aftandil Ağayevin (cəzaçəkmə müəssisəsinin rəisi) bütün günahlarını, bəlkə də rəmzi cinayətlərini, mən belə deyərdim, onun o böyük xidmətinə bağışlamaq olar».

Fətullayev cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitdən danışaraq bildirdi ki, orada cəza çəkdiyi müddətdə ona qarşı bir neçə təxribat hazırlanıb. Onu əvvəlcə homoseksuallarla əlaqələrdə, sonra məhbusların hazırladığı qiyama başçılıq etməkdə ittiham etmək istəsələr də, bu, baş tutmayıb. Lakin sonuncu təxribatdan yaxasını qurtara bilməyib. Bunu ifadəsində Eynulla Fətullayev söylədi.

Jurnalist həmçinin bildirdi ki, narkotiklə bağlı təxribatdan 20 gün əvvəl Penitensiar Xidmət işçilərindən biri ona qarşı təxribat hazırlandığı haqda xəbərdarlıq edib. O, baş verənləri Azərbaycan hökumətinin Avropa İnsan Haqları Məhkəməsinin onun barəsində bəraət hökmü çıxarmasına əngəl törətmək istəyi ilə əlaqələndirdi:

«HƏR DƏFƏ MƏNƏ CİNAYƏTKAR DAMĞASI VURULANDA…»

«Dedilər az qalıb, sən axı bu dekabrda, ən geci martda əfv fərmanı ilə azadlığa çıxa bilərsən. Dedim, istəmirəm, Avropa Məhkəməsi yekunlaşır, gəlin səbirlə məhkəmənin qərarını gözləyək. Ondan sonra qərarımızı verərik. Mənə bu məhkəmənin qərarının çıxması çox vacibdir. Çünki hər dəfə Ramiz Mehdiyev, Əli Həsənov və digər yoldaşlar televizora çıxıb mənə cinayətkar damğası vuranda bu məni sarsıdırdı həbsxanada. Siz başa düşürsünüzmü bu nə deməkdir? Mən ona görə o məhkəmənin qərarını istəyirdim».

Avropa İnsan Haqları Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və Azərbaycan hökumətinin ona 25 min avro təzminat ödəməsi qərarı çıxarıb. Beynəlxalq hüquq müdafiə təşkilatları da Azərbaycan hökumətindən onu dərhal azad etməyi tələb edirlər.
XS
SM
MD
LG