Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Azərbaycanlılar xaricə niyə üz tuturlar?


Nizami Cəfərov
«Azərbaycandan xaricdə sığınacaq istəyəcək bir adam təsəvvür etmirəm». Bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Nizami Cəfərov deyib.

Ötən il xarici ölkələrdən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı 36% artıb. Bu barədə BMT–nin Qaçqınlar üzrə Ali Komissarlığının martın 23-də açıqlanan hesabatında deyilir. 2008 –ci ildə 1691 Azərbaycan vətəndaşı sığınacaq almaq üçün xarici ölkələrə müraciət edibsə, 2009 – cu ildə bu rəqəm 2319 olub.

Bu gün «İşdən sonra» verilişində azərbaycanlıların xarici ölkələrə üz tutmalarının səbəbləri müzakirə olunub.

Nizami Cəfərov deyib ki, Azərbaycanda iqtisadi inkişaf o səviyyədədir ki, ölkədən xaricə qaçmağa ehtiyac yoxdur:

- Azərbaycan dünyaya açıq bir ölkədir. Bugünkü maliyyə böhranı dövründə belə mütəxəssislər Azərbaycanda olan iqtisadi artımı xüsusi qeyd edirlər. O ki qaldı istənilən halda ölkədən getməyə, mən son illərin hesabatlarına inana bilmirəm. Çünki son illər sadəcə olaraq xeyli yalan deyil, həm də hansısa siyasi məqsədlərə hesablanmış məlumatlar verilir.

Aparıcının Nizami Cəfərova «partiyanızda bu məsələni müzakirə edəcəksinizmi» sualına, deputat belə cavab verib:

- Ya mən hansısa təsadüfi, tanımadığım adamların uzaqdan gələn sədalarına inanmalıyam, ya da yaşadığım, dərindən tanıdığım Azərbaycanda gedən proseslərə inanmalıyam.
Əlövsət Əliyev
Mən həyatda gördüyüm gerçəkliklərə inanıram, hansısa sədalara yox.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev isə bu fikri təkzib edərək deyib ki, insanların demokratik cəmiyyətin qurulmasına inamları azalır və sürətlə Azərbaycandan getməyə başlayırlar. Əlövsət Əliyev miqrantların xaricdə sığınacaq axtarmalarının səbəblərini də sadalayıb:

- Çox təəssüf ki, Azərbaycan özünü iqtisadi cəhətdən möhkəmlənməkdə olan ölkə kimi təqdim etsə də, xaricə sığınacaq üçün müraciət edənlərin sayı qonşu dövlətlərdən – Ermənistandan, Gürcüstandan çoxdur.

Bəs xaricdə yaşayan miqrantlar nələr dedilər?

PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

Şərhləri göstər

XS
SM
MD
LG