Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:00

Novruzun qədim personajları bu dəfə barışacaqmı?


«Novruz ənənələridir, hər il olduğu kimi, yəqin bu il də prezident yumurta döyüşdürəcək»
«Novruz ənənələridir, hər il olduğu kimi, yəqin bu il də prezident yumurta döyüşdürəcək»
Keçəl Kosanın qızına vurulub, amma Kosa qızını vermək istəmir. Aralarında mübahisə yaranıb. Sözü çəp gələnləri ayırmaq üçün işə hətta keçi də qarışıb. Qıraqdan elə görünür ki, dalaşanlar barışmayacaq. Amma Baharın gəlişi hər şeyi dəyişdirir.

Bəs Novruzun bu qədim personajları barışacaqmı? Necə deyərlər, gələrsən, Abdulla Şaiq adına Kukla Teatrının artıq məşqlərini bitirdiyi «Sehrli mücrü» tamaşasına, bilərsən Keçəl-Kosa davasının sonunu. Teatrın direktoru Rəhman Quliyev inanır ki, tamaşanı təkcə uşaqlar yox, böyüklər də bəyənəcək:

- Hər gün dörd seans göstərəcəyik. Novruz bayramının bütün qəhrəmanları bu tamaşada iştirak edir.

Martın 16-ı ilaxır çərşənbə, dörd gün sonra isə bayram axşamıdır. Gələn həftə isə şənbə-bazar da daxil olmaqla 7 gün istirahətdir, yəni iş günü deyil. Rəhman Quliyev deyir, onlar da həm bunu, həm də məktəblilərin yaz tətilini nəzərə alıb tamaşanı hər gün oynayacaqlar ki, Kukla Teatrına düşmək istəyənlərin hər biri bilet ala bilsin. Biletin qiyməti isə:

BİLETİN QİYMƏTİ 1 MANAT

- Bizdə hər yerdəkindən ucuzdur. 1 manat.

Bəs paytaxt sakinləri bir həftəlik istirahəti necə keçirməyi planlaşdırıblar?

İş adamı Abbas işindən ayrılmayacaq, hərçənd ailəsiylə dincəlməyə də vaxt tapacaq:

- Xanımımın, uşağımın yanında olacam. Yəqin harasa gedərik.

İkinci sinifdə oxuyan Sərxan:

- Kef eləyəcəm.

- Necə kef eləyəcəksən, de, biz də edək.

Bakıda Novruz şənlikləri, 20 mart 2008
- Sirkə, «Makdonalds»a, hər yerə gedəcəyik.

İki uşaq anası Aytən isə hələ baş sındırır:

- Əgər şəhərdə bayram şənlikləri olsa, uşaqlarımı aparacam.

BU DƏFƏ DAHA BÖYÜK PROQRAM HAZIRLANIB

Şənliklər olacaq. Özü də nə qədər istəsən. Bunu Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyir. Onun sözlərinə görə, martın 20-də İçərişəhərdə və Milli Parkda böyük bayram konserti keçiriləcək, bayram tonqalı qalanacaq. Novruz personajları hər il olduğu kimi bu dəfə də bayramın əsas simalarıdır:

- Şəhər sakinlərinin, o cümlədən ölkə rəhbərliyinin iştirakı da gözlənir. Bu dəfə daha böyük proqram hazırlanıb. Çünki bu il ilk dəfə olaraq Novruz bayramı həm də YUNESKO-nun xəttiylə keçirilir.

Bəs Keçəl, Kosa hər il olduğu kimi, bu dəfədəmi ölkə prezidentiylə yumurta döyüşdürəcək? İntiqam Hümbətov bunu bilmir:

- Novruz ənənələridir, hər il olduğu kimi, yəqin bu il də olacaq. Bunu proqramı hazırlayanlar bilir. Mən detallardan xəbərsizəm.

İntiqam Hümbətov deyir ki, bir həftəlik istirahət zamanı paytaxt sakinləri darıxmayacaqlar. Şəhərin teatr və saraylarında tamaşalar oynanılacaq, Novruz şənlikləri keçiriləcək:

İÇƏRİŞƏHƏRƏ GƏLƏN SAKİNLƏRİ BAYRAM SÜRPRİZLƏRİ GÖZLƏYİR

- Heydər Əliyev adına saray böyük tədbirlər hazırlayır. Bakı Dövlət Sirki çox maraqlı bir tamaşa gətirib, su sirki…

«İçərişəhər» Dövlət Tarix Memarlıq Qoruğunun mətbuat xidmətinin rəhbəri Rahib Azəri isə bildirir ki, Bakının ən qədim hissəsində, yəni İçərişəhərdə həftə boyu bayram tədbirlərinin arası kəsilməyəcək. Hətta İçərişəhərə gələn sakinləri bayram sürprizləri də gözləyir.
XS
SM
MD
LG