Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:23

Bakıda Novruz biş-düşüdür


Xanım xala
Xanım xala
Xanım xala qaz sobasında yağ əridir, gəlini «şor-qoğalı»nın xəmirini hazırlayır, qonşu Səkinə paltar-palazı, yorğan-döşəyi həyətə töküb, pal-paltar suya çəkir. Məhəllənin yeniyetmələri sabahın tədbirini görmək üçün hazırlaşırlar, tonqal üçün çır-çırpı gətirməlidilər. Qızlar isə indidən məsləhətləşirlər ki, qapı pusmağa hara getsinlər, bəxtlərinə hansı falları açsınlar… İlaxır çərşənbəyə bir neçə saat qalır axı…

PAYTAXTDA BİŞ-DÜŞDÜR...


Bakının köhnə məhəllərinin birindəyəm. Hansı qapını döyürəm, evin xanım sahiblərini iş başında görürəm. Xanım xala əldən iti olsa da, danışmaqda pərgar deyil. Bircə onu deyir ki, bayramların içində sevdiyi Novruzdur.

«Çünki milli bayramımızdır».

- İndiki mağazalarda hər şey var, bəs niyə əziyyət çəkib bişirirsiniz?

«İldə bir dəfə olur bu bayram. Necə bişirməyək? Evin ruzisidir, bərəkətidir».

Adaş olan Fatimələr
Qonşu Reyhan isə deyir, adətdir, bayram qabağı evi-eşiyi təmizləyərlər ki, Novruza çirkli bir şey qalmasın. Ona görə də soyuğa, küləyə baxmayıb evini təmizləyir. Biş-düşünü isə ilaxır çərşənbə gününə saxlayıb.

«Biş-düşü sabah eləyəcəyik. Hər şey bişirəcəyik. Şəkərbura, paxlava, aş dəmləyəcəyik».

İlaxır çərşənbə Novruz bayramının çərşənbələri arasında axırıncıdır və bu gün bayrama bərabər tutulur. Yəni əvvəlki dörd çərşənbədən fərqli süfrə bəzənir, tonqal qalanır. Tonqal demişkən, bəs bu məhəllənin tonqal qayğısını kim çəkir? Həmişəki kimi oğlanlar. Bunu adaş olan Fatimələrdən eşidirik:

«Uşaqlar tonqal yandıracaq, biz də tullanacağıq. Tonqal üçün taxtanı da onlar gətirəcəklər».

Məhəllənin yeniyetmələri torpaq çərşənbəsində də tonqal qalayıblar, özü də o biri məhəllədəki uşaqlarla mərcləşiblər ki, kimin tonqalı böyük olacaq.

«Bizimkinin hündürlüyü 2 metr yarım oldu. 10 manat uduzduq o biri məhəllə uşaqlarına».

TONQAL TƏHLÜKƏSİZLİYİ

Məhəllə uşaqları
Deməli, ən böyük tonqal qalamaq yarışı olacaq. Bəs təhlukəsizlik? Məhəllədə böyüklərdən bunu soruşanda heç kimdə narahatlıq hiss eləmədim. Hətta yanğına nəzarət edən dövlət qurumlarından da gəlib hər hansı xəbərdarlıq edən yoxdur. Elə biz də dəfələrlə zəng etsək belə, Fövqəladə Hallar Nazirliyindən kimsə danışmaq istəmədi. Təhlükəsizliyin qayğısına uşaqlar özləri qalır.

«Maşın sahiblərinə deyirik ki, qırağa çəksinlər. Külək olarsa, ətrafa su səpirik ki, qığılcımlar o dəqiqə sönsün. Tonqal yavaşıyanda üstündən atlanırıq. Dağılışanda da tonqala su tökürük ki, tamam sönsün».

İSVEÇİN FUTBOL MEYDANÇASINDA TONQAL

Amma ilaxır çərşənbə tonqalını İsveçin paytaxtında qalamaq istəyən azərbaycanlılar üçün yerli hakimiyyət xüsusi yer ayırıb.
Stokholmda yaşayan azərbaycanlı Səid Əzizi deyir ki, tonqal qalamaq üçün aidiyyətli orqanlardan icazə alıblar:

«Bir futbol meydançası var, orda tonqal qalayacayıq. Mərasim başlayandan qurtarana qədər bir yanğısöndürən maşın orda dayanacaq».

Folklorşünas Atəş Əhmədovun sözlərinə görə, tonqal ilaxır çərşənbənin simvoludur. Qədim inanclara görə, insanlar tonqal yanıdırb üstündən hoppanmaqla şər qüvvələri qovurdular.
XS
SM
MD
LG