Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Seçki komissiyaları üzvlərinin maaşları hələ köçürülməyib


Seçki komissiyalarının maaşları hələ bankomatlara köçürülməyib

Seçki komissiyalarının maaşları hələ bankomatlara köçürülməyib

Dairə və məntəqə seçki komissiyalarının maaşları sən demə hələ bankomatlara köçürülməyib, baxmayaraq ki, dünən rəsmilər bunun əksini deyirdilər.

Fevralın 25-də AzadlıqRadiosu bir aya yaxındır ki, dairə və məntəqə seçki komissiyalarının üzvlərinin əmək haqlarını ala bilməmələri ilə bağlı bir komissiya üzvünün şikayətini araşdırmışdı. Suraxanı 1-ci seçki dairəsinin üzvü Valəddin Əhmədov narazılıq edirdi ki, yanvarın 12-dən fevralın 2-dək seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı iş günlərinə görə hesablanan əmək haqqını hələ də ala bilməyib:

HƏLƏ HEÇ NƏ YOXDUR

- Bütün məntəqə üzvləri, katiblər, hələ də heç biri maaşlarını ala bilməyib. Bizdə bankomat kartlarıdır, biz bankomata baxırıq, hələ heç nə yoxdur.

Həm MSK-nın, həm də Maliyyə Nazirliyinin büdcə şöbəsinin müdirləri bildirirdi ki, onlar maaşların ödənilməsi ilə bağlı öz tərəflərindən lazım olan bütün əməliyyatları həyata keçiriblər. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyirdi ki, dairə və məntəqə seçki komissiyası üzvlərinin hamısının maaşları bankomat kartlarına vurulub, hətta maaşını alanlar da var.

Komissiya üzvlərinin pulları Beynəlxalq Bankdakı hesablarına köçürüldüyündən həmin bankdan da məsələyə aydınlıq gətirilməsini istəmişdik. Beynəlxalq Bank məsələni araşdırıb. Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin sözlərinə görə, Maliyyə Nazirliyinin Mərkəzi Xəzinədarlığı onlara Mərkəzi Seçki Komissiyası ilə bağlı bu günə qədər ödəmə tapşırığı göndərməyib. Bu da o deməkdir ki, MSK-nın həmin bankdan maaş almalı olan işçiləri hələ də maaşlarını ala bilməyiblər:

BİZƏ ÖDƏNİŞ TAPŞIRIĞI GƏLMƏLİDİR

- Bütün büdcə təşkilatlarının pullarını Maliyyə Nazirliyinin qurumu olan Mərkəzi Xəzinədarlıq paylayır. Mərkəzi Xəzinədarlıqdan bizə ödəniş tapşırığı gəlməlidir. Ödəniş tapşırığı bizə gəlibsə, heç bir marağımız ola bilməz ki, onu yerinə yetirməyək. Gələn ödəniş tapşırıqlarını biz dərhal həyata keçiririk. Ödəniş tapşırığı bir hüquqi sənəddir, biz onu alırıq və həyata keçiririk. Mərkəzi Xəzinədarlıq ödəniş tapşırığını bizə verməsə, onu həyata keçirmək mümkün deyil».

Maliyyə Nazirliyi xəzinə əməliyyatları şöbəsinin müdiri Abbas Salmanovsa deyir ki, MSK sənədlərini nə vaxt təqdim edirsə, onların pulları hesablanır:

- Nə vaxt gətirirlərsə, işləyirik, pullarını da veririk. Heç bir problem yoxdur.

Prezident seçkisi, 15 oktyabr 2008
- Siz Banka ödəmə tapşırığı vermisiniz?

- Banka ödəmə tapşırığı verilməyib. Sistemlə vururuq, maliyyələşməni açırıq, sonra gedirlər, ödəmə tapşırıqlarını orda vururlar.

MAAŞLARIN GECİKMƏSİNƏ SƏBƏB MALİYYƏ NAZİRLİYİDİR

Ancaq MSK-nın mühasibatlığından AzadlıqRadiosuna bildiriblər ki, maaşların gecikməsinə səbəb Maliyyə Nazirliyidir:

- Maaşlar bizdən çıxıb, Maliyyə Nazirliyində yeni sistemlə bağlıdır, işləyirlər. Çox güman ki, həftənin axırına kimi maaşlar olacaq.

Xəzinə əməliyyatları şöbəsinin müdiri Abbas Salmanovsa sistemdə hər hansı problemin yarandığını inkar edir:

- Heç bir problem yoxdur. Maliyyələşmə də normal gedir.

Beləliklə, Mərkəzi Seçki Komissiyası və Maliyyə Nazirliyi deyir ki, problem yoxdur, getsinlər pullarını alsınlar. Komissiya üzvü isə and-aman eləyir ki, almağa pul yoxdur. Beynəlxalq Bank da komissiya üzvünün dediyini təsdiqləyir. Deyir, əvvəl gərək adamın maaşı bank hesabına köçürülsün və banka tapşırıq verilsin ki, bank da adamın maaşını bankomat hesabına oturtsun.

Azərbaycanda 125 dairə seçki, 5 minə yaxınsa məntəqə seçki komissiyası var. Hər məntəqədə 6, hər dairədə isə 9 işçi fəaliyyət göstərir. Hər bir komissiya üzvünə ödənilməli olan maaşların məbləği təqribən 80 manat civarındadır.

Şərhləri göstər

XS
SM
MD
LG