Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:38

İşləmişəm, pulumu verin...


«Bizdə bankomat kartlarıdır, biz bankomata baxırıq, hələ heç nə yoxdur»
«Bizdə bankomat kartlarıdır, biz bankomata baxırıq, hələ heç nə yoxdur»
Bir aya yaxındır ki, bəzi Dairə və Məntəqə Seçki Komissiyalarının üzvləri əmək haqlarını ala bilmirlər. Yanvarın 12-dən fevralın 2-dək seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı iş günlərinə görə hesablanan əmək haqları qeyri-müəyyən səbəblərdən gecikir. Bunu 30 saylı Suraxanı 1-ci Seçki Dairəsinin 11 saylı məntəqə seçki komissiyasının katibi Valəddin Əhmədov deyir.

Onun sözlərinə görə, maaşların gecikməsi məntəqə komissiya üzvlərində narazılıq yaradıb:

«Əlbəttə ki, narazılıq var, bütün məntəqə üzvləri, katiblər, hələ də maaşlarını ala bilməyiblər. Deyirlər, problem Maliyyə Nazirliyindədir, guya yeni ilin büdcəsinə pul ayrılmayıb, ona görə gecikmə var».

Mərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanov da bu barədə ona müraciətlər edildiini deyir:

«Məndə olan məlumata görə, bununla bağlı MSK üzərinə düşən sənədləri Maliyyə Nazirliyinə təqdim eləyib. Komissiya üzvləri bununla bağlı mənə də müraciət etmişdilər».

«PULLAR BANKOMATLARA OTURDULUB»


Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, maaşların ödənilməsi ilə bağlı aidiyyatı üzrə bütün qurumlar öz işlərini görüblər.

Maaşlar bankomat kartlarına oturdulub və bəzi dairə və məntəqə seçki komissiyalarının üzvləri artıq maaşlarını alıblar:

«Fevralın 5-də onların iş vaxtı başa çatıb. Ondan sonra biz bütün sənədləri hazırlayıb Maliyyə Nazirliyinə vermişik, MSK tərəfindən həyata keçirilməli olan bütün proseduralar bitib. Ancaq digər müvafiq qurumlar ki, var, qalanı onlardan asılı olan məsələlər idi, dünən də dedilər ki, artıq karta oturdulub pullar, komissiya üzvlərini pullarını ala bilərlər».

Maliyyə Nazirliyinin büdcə şöbəsindən bildirdilər ki, nazirlik tərəfindən pulların gecikdirilməsi mümkün deyil:

«Ola bilməz, əgər MSK sifarişini veribsə, o pul büdcədə nəzərdə tutulub onlar üçün. Yəni seçki siyahılarının dəqiqləşdirilməsi məsələsinə görə, qrafiklə də gedir. Əgər sifariş veribsə, xəzinəyə tapşırıq veribsə, ola bilməz ki, o pul dayansın».

Beynəlxalq Bankın mətbuat xidmətindənsə söz verdilər ki, məsələni araşdıracaqlar.

«BALANSIMDA PUL YOXDUR»

Valəddin Əhmədovsa deyir ki, bankomat hesabını sonuncu dəfə fevralın 25-də günün ikinci yarısı yoxlayıb. Balansına pul köçürülməyib:

«Bizdə bankomat kartlarıdır, biz bankomata baxırıq, hələ heç nə yoxdur».

Azərbaycanda 125 Dairə Seçki, 5 minə yaxınsa Məntəqə Seçki Komissiyası var. Hər məntəqədə 6, hər dairədə isə 9 işçi fəaliyyət göstərir. Komissiya üzvlərinə ödənilməli olan maaşların məbləği təqribən 80 manatdır.
XS
SM
MD
LG