Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:26

«Alternativ pensiya fondu yaradılmalıdır»


2010-cu il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılır
2010-cu il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılır
«Yaşım çatanda təqaüdə çıxmışam. Özüm də kitabxana müdiri işləmişəm. Amma evdar qadınlar kimi cəmi 75 manat təqaüd alıram. İstəyirəm artırsınlar təqaüdümü, amma artırmırlar. Ona görə də məcburam işə gedəm, işdə də çətinlik çəkirəm».

90-cı illərin əvvəllərində təqaüdə çıxmış Şərqiyyə Məmmədova belə deyir. O bildirir ki, əmək fəaliyyəti ilə müqayisədə təqaüdünün az olduğunu hamı etiraf etsə də, heç kim ona kömək edə bilmir.

Dövlət Sosial Müdafiə Fondundan isə bildirirlər ki, sonrakı dövrlə müqayisədə o vaxt təqaüdə çıxanların pensiyası az hesablanıb. Ancaq bunu yenidən hesablamaq da mümkün deyil, çünki böyük vəsait edir. Bununla dövlət hər il ümumən təqaüdləri artırmaqla həmin şəxslərin də vəziyyətini yaxşılaşdırmağa çalışır.

PREZİDENT SƏRƏNCAMI

Fevralın 17-də prezident İlham Əliyev 2009-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2010-cu il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə sərəncam verib.

Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri İdris İsayev deyir ki, fond sığorta pensiyası sahəsində xeyli islahatlar aparıb. Bu islahatlar uzun müzakirələrdən sonra, geniş həcmli hesablamalara dayanaraq aparılıb.

İdris İsayev
İdris İsayev deyir ki, problemləri birdən-birə köklü surətdə həll etmək mümkün deyil. Ona görə də islahatlar bütün maraqların qorunması nəzərə alınaraq mərhələli şəkildə aparılır.

Cənab İsayevə görə, problemlər olsa da, az iş də görülməyib. Dövlət hətta çox cüzi sosial sığorta ödəyənlərə də təqaüd verir:

«Əhalinin 1 milyon yarımı kənd təsərrüfatında çalışır və onların ödədiyi sosial sığortanın həcmi ildə 5 manatı keçmir. Lakin bizdən 50 dəfə artıq pensiya alır. Bu o deməkdir ki, bizim pensiya sistemimizdə sosial elementlər hələ ki, mövcuddur. Biz bunu saxlayırıq. Bu, dövlətin siyasətidir. Dövlət öz üzərinə minimum öhdəliklər götürüb və bu öhdəliklərdən biri də odur ki, insanlar pensiya ilə təmin olunsun. Məhz bu səbəbdən də məcburi dövlət sosial sığorta sistemi mövcuddur».

2006-cı ildən ölkədə yeni pensiya sistemi mövcuddur. Bu sığorta pensiya sistemi adlanır.

İdris İsayev deyir ki, 2009-2015-ci illər üçün sığorta pensiya sisteminin inkişafına dair dövlət proqramı qəbul edilib. Aparılacaq islahatların nə qədər böyük olacağı həmin proqramda əksini tapır.

NƏ KEÇMİŞ SOVETLƏR, NƏ DƏ MÜASİR AVROPA…

Bəzi müstəqil ekspertlər isə hesab edirlər ki, hər hansı proqramın qəbul edilməsi hələ heç də problemin həll olunacağına təminat vermir. Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayılın fikrincə, Azərbaycanda mövcud olan pensiya sığortasının fəlsəfəsi anlaşılan deyil. Bu, nə keçmiş sovet dövrünün, nə də müasir Avropanın sığorta sistemidir. İslahatlar dəyişiklik xatirinə yox, islahat naminə aparılmalıdır.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, YAP-dan deputat Nazim Məmmədov isə bu fikirlərlə razılaşmır.
Vahid Əhmədov
O, problemlərin olduğunu inkar etməsə də, aparılan islahatları müsbət dəyərləndirir və onların birmənalı olaraq davam etdirilməsini zəruri sayır.

Həmin komitənin digər üzvü, millət vəkili Vahid Əhmədov isə hesab edir ki, bir sıra islahatlar Azərbaycan əhalisinin həyat şəraitini yaxşılaşdırmağa yox, gərginləşdirməyə aparıb çıxarır. 40 il işləyib canını qoyan adam hansısa mərkəzi aparatda və digər bu kimi işlərdə çalışanlardan az pensiya alır. Deputat deyir ki, bu, təqaüd məsələsində vətəndaşlara ikili standartla yanaşmadır. Əsl islahat o olar ki, alternativ pensiya fondu yaradılsın və vətəndaş gələcəyi üçün yığdığı pulu hara qoymağı özü seçsin.

ALTERNATİV PENSİYA FONDU YARADILMALIDIR…

«Niyə yaradılmır alternativ fond? Bir vaxtlar sığortada da eyni problem vardı. Bir sığorta fondu var idi, nə istəyirdi edirdi. İndi 40-a yaxın sığorta fondu yaradılıb və pis-yaxşı bu bazar fəaliyyət göstərir. Niyə sosial müdafiə fondunda bu bazar fəaliyyət göstərmir? Görünür, dövlətin bu strukturunu təmsil edən insanların maraqları yoxdur».

Vahid Əhmədov deyir ki, Azərbaycanda alternativ fond yaranmasa, pensiyalarla bağlı vəziyyəti həll etmək mümkün olmayacaq.

Deputat deyir ki, pensiyaların sığorta hissəsini hələlik yaddan çıxartmaq lazımdır. Yəni 10 ildən sonra pensiyaya çıxan insanlar ola bilsin ki, həmin sığorta hissəsindən müəyyən qədər istifadə edə biləcəklər. Bəs bu 10 il müddətində insanlar nə etməlidir? V.Əhmədov deyir ki, əslində bütün bunlar «Pensiya haqqında» qanun qəbul edilərkən nəzərə alınmalı idi. Amma həmin vaxt parlamentdə onun qaldırdığı məsələ təklif olaraq da qaldı.
XS
SM
MD
LG