Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:40

Pensiyalar niyə gecikir?


Bankomatlarda xırda pul olmur. Həm pensiyaları yubadırlar, həm də qalıqları vermirlər.
Bankomatlarda xırda pul olmur. Həm pensiyaları yubadırlar, həm də qalıqları vermirlər.
- Bir neçə ildir pensiyaçıyam. Ötən ilin ortalarından pensiyamı yubanmalarla alıram. Hər ayın 10-15-i pensiyalar ödənirdi. 2009-cu ilin noyabrın 25-i, dekabrın 23-ü pensiyamı ala bildim. Hər dəfə də bankomatlarda böyük növbə gözləyərək.

Bu sözləri Bakının Sabunçu rayonunda yaşayan Aliyə Məmmədli deyir. Pensiyaçını narahat edən başqa bir məqam isə hesabında olan vəsaiti bütünlüklə ala bilməməsidir:

- Pensiyam 121 manatdır. Artıq 5 aydır 1 manatlarımı ala bilmirəm. Bankomatlarda xırda pul olmur. Həm pensiyaları yubadırlar, həm də qalıqları vermirlər. Bu pensiyada 1 manatlar toplanıb artıq 5 manat olacaq. Bəlkə bu dəfə ala bildim.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sektor müdiri Elşən Məmmədəliyev isə bildirir ki, bu, vəsait çatışmazlığı ilə bağlı deyil:

- Fondda yetərli vəsait var. Artıq ölkə üzrə pensiyaların ödənməsinə başlanıb.

«2010-CU İLDƏ DƏ PENSiYALAR YUBANACAQ»


DSMF rəsmisinin sözlərinə görə, 2010-cu ildə ödəmələrlə bağlı hər hansı problem gözlənilmir.

İqtisadçı Azər Mehtiyev isə məsələyə Elşən Məmmədəliyev qədər nikbin baxmır.
Azər Mehtiyev
Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsinə daxilolmalarla bağlı yaranan problem və onun yaratdığı fəsadlar yaxın aylarda da davam edəcək:

- Ötən il bir sıra sahələrdə ciddi vəsait qıtlığı yarandı. Hətta aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi belə dayandırıldı. Hökumət pensiyaların ödənməsində müəyyən növbəlilik yaratmağa məcbur oldu. Vəsait qıtlığı Dövlət Sosial Müdafiə Fondunun banklara ödəniş etməsini yubatdı. Ardınca istirahət, bayram günləri bankların həmin vəsaiti pensiyaçıların hesablarına yerləşdirməsini ləngitdi. Bu texniki məsələlər indi bəzi qurumlarda yanvar ayı üçün əmək haqlarının ödənməsilə bağlı problem yaradıb. Bir sıra qurumların işçilərinə yanvar ayında əməkhaqqı verilməyəcəyi gözlənilir.

ETİRAF EDİLMƏYƏN BÖHRAN

İqtisadi Tədqiqatlar Mərkəzinin başçısı Qubad İbadoğlu isə problemin ölkədə vəsait qıtlığı ilə bağlı olmadığını deyir. İqtisadçı düşünür ki, dövriyyədə yetərincə pul var, problem Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların azlığındadır:

Qubad İbadoğlu
- Sosial Müdafiə Fondu büdcəsini işləyənlərin ödədiyi sığorta ayırmaları hesabına formalaşdırır. Ancaq ötən il qlobal iqtisadi böhranla bağlı biznes qurumlarının maliyyə durumunun pisləşməsi toplanan vəsaitlərin həcmində ciddi azalmalara səbəb oldu.

Qubad İbadoğlunun sözlərinə görə, pensiyaların ötən ilin son iki ayında yubanmasının daha bir səbəbi pensiyaçıların sayının noyabr, dekabr aylarında kəskin şəkildə artmasıdır:

- Pensiyalarla bağlı yeni qanunvericilik vətəndaşların yaş həddini artırmaqla yanaşı onların bir sıra imtiyazlarını da ləğv edib. Məsələn, qabaqlar 3 uşaqlı qadınların digər qadınlardan daha erkən yaşda pensiyaya çıxmaq hüququ vardısa, indi bu hüquq 5 uşaqlı analara verilir. Yeni qanunvericiliklə bağlı bu məqamlar pensiya orqanlarında rüşvət və korrupsiya imkanları yaradıb. Statistika aşkar şəkildə göstərir ki, dekabrda pensiyaçıların sayı xüsusilə artıb və bu artımda çoxluqda qadınlardır.

Qubad İbadoğlunun sözlərinə görə, rəsmilər etiraf etməsələr də, ötən il qlobal iqtisadi böhranın ən üzdə olan tərəfi elə əməkhaqqı və pensiyaların ödənişlərində yubanmalardır. Ekspertin proqnozlarına görə, bu proses 2010-cu ildə də davam edə bilər.

GÖZLƏNİLƏN ARTIM 3 MANAT 75 QƏPİK


Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə mediaya açıqlamasında 2009-cu ildə pensiyaların ödənilməsi ilə bağlı ciddi problemlər yaşanmadığını deyib. Fondun büdcəsində azalmalarla bağlı iddialara cavabında isə, Müslümov bildirib ki, əksinə, ümumi icmal büdcəsində 2010-cu il üçün ayrılan vəsait çoxalıb. Buna görə də hökumət 2010-cu ildə pensiyaların baza hissəsini 5 faiz, sığorta hissəsini isə 7-8 faizə qədər artırmağı planlaşdırır.

Azərbaycanda pensiyaların baza hissəsi 75 manatdır. 5 faiz təxminən 3 manat 75 qəpik deməkdir.
XS
SM
MD
LG