Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:07

«Avtoritar rejimin möhkəmləndirilməsi prosesi baş verir»


Dindarların yürüşü, 13 fevral 2010

«Azərbaycan hakimiyyəti peyğəmbərin şəhadət günü Şəhidlər Xiyabanına gedəndə şəxsən mənim başıma «dubinka» vurdu. Mən sakit dururdum. Səbəbi İslama qarşı çıxmaqlarıdır».

Nemət fevralın 13-də dindarların Şəhidlər Xiyabanına yürüşü zamanı polis tərəfindən döyüldüyünü, günahsız olduğunu deyir.

Hazırda polislə qarşıdurma zamanı həbs olunan dindarların işi üzrə cinayət işi açılıb, araşdırma davam edir. Faktla bağlı 4 nəfər barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Onlara polisə müqavimət və xuliqanlıq üzrə ittiham irəli sürülüb. İttiham sübuta yetiriləcəyi təqdirdə onları 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Hərçənd dindarlar bu ittihamlarla razılaşmırlar.

DİNDARLAR POLİSƏ MÜQAVİMƏT GÖSTƏRİBMİ?

Həbs olunanlardan Elçin Abbasovun vəkili Fəxrəddin Mehdiyev:

«Elçin Abbasov ifadələrində deyib ki, heç bir polis işçisinə müqavimət göstərməyib, Şəhidlər Xiyabanına doğru hərəkət ediblər. Nərimanov heykəlinin yanında polislə qarşıdurma olub. Polisə müqavimət göstərməyibsə, zor tətbiq etməyibsə, hesab edirəm ona qarşı ittiham əsassızdır».

Vaqif Abdullayev
Bu arada Qafqaz Müsəlmanları İdarəsi də Məhəmməd peyğəmbərin vəfatı günü polislə dindarlar arasında baş verən hadisəni pisləyən bəyanat yayıb.

QMİ-DƏ POLİS KOBUDLUĞUNU PİSLƏYİR?

Bəyanatda deyilir ki, «asayişi qorumaq polislərin vəzifə borcudur, lakin, icazəsiz aksiya olsa belə, aksiyanın qarşısının alınması zaman vətəndaşlara qarşı kobudluq göstərilməsi yolverilməzdir». Qafqaz Müsəlmanları İdarəsi «tərəfləri gələcəkdə belə əməllərdən çəkinməyə çağırıb». Bəyanatda həmçinin deyilir ki, ülvi məramla belə yürüş etmək niyyətində olan dindarlar müvafiq hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etməli idilər.

Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayev isə hesab edir ki, dindarlar günahkar deyil və hadisədə qarşı tərəf – yəni polis məsuliyyət daşıyır. Qafqaz Müsəlmanları İdarəsi kimi, partiya da hadisədə siyasi motiv görmür.

İMAM HÜSEYN AZƏRBAYCANDA AZADLIQ SİMVOLUDURMU?


«Tutulan gənclərin siyasətə heç bir qarışacaqları yoxdur. Peyğəmbərin, İmam Hüseynin əzadarlığı hər zaman keçirilib, dinsiz sovet rejimində də keçirilib. Onun nə İran, nə Türkiyə, nə də digər müsəlman dövlətlərinə aidiyyatı var. Bu uşaqlar İmam Hüseyn məktəbindən bəhrələnib, cavanlar öz torpaqlarını qorumaq məqsədini güdüb. İmam Hüseyn məktəbi bir növ azadlıq simvolu olduğuna görə bu şüarlardan istifadə olunub. Nə vaxtdan «Allahu Əkbər!» təxribat şüarı olub?»

Azər Rəşidoğlu
İslam Partiyasının rəsmisi inanmır ki, məhkəmə həbs olunanlara iş kəsə bilər.

Ancaq siyasi şərhçi Azər Rəşidoğlu bir o qədər də nikbin deyil. O, baş verənləri cəmiyyəti qorxutmaq tendensiyasının davamı kimi qiymətləndirir. Onun fikrincə, milli-demokratik siyasi qüvvələr, liberal dəyərlərə üstünlük verənlər iflasa uğrayıblar. Odur ki, boşluğu dindarlar doldura bilər. Bu cür qabaqlayıcı addımlar atmaqla, inanclı insanların da gözünü qorxutmağa çalışırlar.

Azər Rəşidoğlu hesab edir ki, hazırda dindarların hüququnun pozulmasından, həbsindən söhbət getmir, bütövlükdə Azərbaycan cəmiyyətinin hüququ pozulub və ona qorxu aşılanır:

«Avtoritar rejimin möhkəmləndirilməsi prosesi baş verir. Bütün addımlara o rakursdan baxılmalıdır. Əgər bu gün dindarlara qarşı addım atılırsa, sabah solçulara, sağçılara, ziyalılara atıla bilər. Hesab edirəm ki, həmin insanların bir qismi həbs olunacaqlar. Bu, məhz sonuncu aksiya ilə bağlı deyil. Ümumiyyətlə, cəmiyyətdə qorxu xofunun yaradılmasına xidmət edən qabaqlayıcı tədbirlərdir. Məşhur filmdə olduğu kimi, solçuları həbs edəndə sağçılar susurdu, sağçıları həbs edəndə solçular susurdu. Sonra artıq etiraf edən adam da qalmadı».

13 fevral hadisəsində həbs olunan dindarların işi ilə bağlı artıq apellyasiya şikayəti verilib. Vəkillər təqsirləndirilən şəxslərin Bakı İstintaq Təcridxanasına köçürüləcəyini bildiriblər.
XS
SM
MD
LG