Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:47

«Bir qrup Azərbaycan vətəndaşı siyasi islama sığınmaqdadır»


Fevralın 13-də bir qrup dindarla polis arasında baş vermiş toqquşma ilə bağlı cinayət işi qaldırılıb. İddia olunan səbəb aksiyaçıların polisə müqavimət göstərməsi və zor tətbiq etməsidir. Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə yaydığı məlumatda belə deyilir.

Özlərini Bakının müxtəlif kəndlərindən gələn dindarlar kimi təqdim edən 100-ə qədər insan dedikləri kimi, Məhəmməd peyğəmbərin ölüm günü ilə bağlı Füzuli meydanından Şəhidlər Xiyabanına yürüş etmək istəyirdilər. Polis əvvəlcə aksiyaçıların rəsmi icazə almadıqlarını əsas gətirib yürüşün qarşısını almaq istədi. Amma dindarların etirazından sonra iki tərəf arasında bir razılaşma oldu – mərkəzi deyil, ara küçələrdən keçməklə Şəhidlər Xiyabanına yürüş etmək olar, amma heç bir şüar səsləndirmədən, bayraq qaldırmadan.



RAZILAŞMAYA ƏMƏL OLUNMADI


Razılaşmaya mənzil başına çatanadək əməl olunmadı, dindarlar «Hər gün Aşura, hər yer Kərbala!», «Allahu Əkbər!» kimi şüarlar səsləndirməyə başladılar. Nəticədə polislə aksiya iştirakçıları arasında qarşıdurma yarandı, dindarlar daşa, polis isə dəyənəyə əl atdı. Hər iki tərəfdən xəsarət alanlar oldu, polis 18 nəfəri həbs etdi.

Hazırda aksiya iştirakçılarından 4 nəfər şübhəli şəxs kimi saxlanıb. 7 nəfər haqqında inzibati həbs qərarı seçilib. 5 nəfər inzibati qaydada cərimələnib, 2 nəfərə isə xəbərdarlıq edilib. Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun məlumatında deyilir ki, hadisə zamanı 5 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Məlumatda həmçinin yürüşün icazəsiz olması və aksiya iştirakçılarının polisin tələblərinə tabe olmamaları vurğulanır.

- Həm sərbəst toplaşma azadlığına qarşı çıxdılar, həm də Azərbaycanda hesab edirəm ki, dinin məhdudlaşdırılması prosesi gedir.

Vaqif Abdullayev
Aksiyada həbs olunanlar arasında İslam Partiyasının üzvləri də var. Partiyanın sədr müavini Vaqif Abdullayev rəsmi açıqlama ilə razılaşmır. Deyir, onların nəinki sərbəst toplaşma azadlığı, həm də dini fəaliyyətləri məhdudlaşdırılır. Polislə qarşıdurmaya gəlincə isə, Vaqif Abdullayevin fikrincə, aksiya iştirakçıları polisə qarşı zor işlətməyib, səslənən şüarlar isə heç bir siyasi motiv daşımayıb:

HEÇ BİR SİYASİ MOTİV OLMAYIB

- Elə bir şüarları elə hər yerdə deyirlər ki, «Hər gün Aşura, hər yer Kərbala!». Bu, dünya müsəlmanlarının şüarıdır. Burda nə böyük bir şey var ki?! Dindar uşaqlardırlar da, lal-mat da gedə bilmirlər axı. Bu şüarlar cavanların vətənpərvərlik hisslərini yüksəldən şüarlardır. Heç bir siyasi motiv olmayıb.

«Zerkalo» qəzetinin siyasi şərhçisi İbrahim Bayandurlu isə məsələyə fərqli yanaşır. O, polisin vətəndaşa qarşı dəyənəkdən istifadə etməsinin istənilən halda təəssüf doğurduğunu desə də, ehtimal edir ki, hadisədə İranın xüsusi xidmət orqanlarının da əli var. İbrahim Bayandurluya görə, hakimiyyət bu cür məsələlərə həssas yanaşmalıdır:

BİR QRUP AZƏRBAYCAN VƏTƏNDAŞI SİYASİ İSLAMA SIĞINMAQDADIR

- Burda kompleks yanaşma olmalıdır. Bu cür planlı hadisələrin törədilməsi İranın müxtəlif dairələrinə bəhanə verir ki, onlar Azərbaycanda islamın məhdudlaşdırılmasından danışsınlar. Amma çox gəldiyim qənaət odur ki, Azərbaycanda siyasi sistem sağlam olmadığına görə, Azərbaycanın siyasi iradəsi boğulduğuna görə, bir qrup Azərbaycan vətəndaşı siyasi islama sığınmaqdadır. Bu böyük təhlükədir.

İbrahim Bayandurlu
«Azadlıq» qəzetinin yazarı Natiq Güləhmədoğlu isə hələ tərəflər arasında toqquşma baş verməzdən öncə polisin aksiyaçılarla kompromisə getməsinə diqqət çəkir. Polis dindarlara şüar səsləndirməmək şərtilə ara küçələrdən keçərək yürüş etmək icazəsi vermişdi:

POLİS ONLARA KİFAYƏT QƏDƏR EHTİYATLA YANAŞIR

- Polisin bu cür davranışı siyasi aksiyalar üçün xarakterik deyil. Mən 12 illik təcrübəmdə bunu çox az, istisna hallar kimi yadıma sala bilirəm. Amma dindarlarla münasibətdə polisin davranışı yeni bir davranışdır. Polis onlara kifayət qədər ehtiyatla yanaşır.

Məsələyə Qafqaz Müsəlmanları İdarəsindən münasibət almaq cəhdlərimiz baş tutmadı. Hazırda şübhəli şəxs kimi saxlanan 4 nəfər haqqında istintaq aparılır. Vəkilləri isə ittihamı əsassız hesab edirlər. Deyirlər ki, lazım gələrsə bütün məhkəmə instansiyalarına müraciət edəcəklər.
XS
SM
MD
LG