Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

GİRİŞ QADAĞANDIR?


...“Məsumiyyət muzeyi” üçün satın alınan 3 mərtəbəli ensiz binanın içərisi tamamilə sökülüb. İçəridə işləyən ustalarla 3 dəfə vədələşsək də, binanın memarı ilə görüşmək mümkün olmadı.

Ustaların şefi dedi ki, binanın sahibi heç kimi içəriyə qoymamağı tapşırıb. İçəridə görmək üçün heç nə yoxdur.

Kefləri istəyəndə binaya gələn ustalar karkasları təzələmk üçün qaynaq işləri görürlər. Çukurcumada “Məsumiyyət muzeyi” barədə hamının məlumatı olsa da, qonum-qonşunun oraya ilgisi sıfır dərəcəsindədir...


"Məsumiyyət muzeyi" Orhan Pamukun sayca 9-cu romanıdır. Əsər keçən il nəşr edilib və artıq dünyada bestsellerə çevrilib. "Washington post" qəzeti romanı 2009-cu ilin ən yaxşı 10 kitabı sırasına daxil edib.

"Həyatımın ən xoşbəxt anlarıymış, xəbərim yoxmuş" cümləsi ilə başlayan romanın baş qəhrəmanı Kamal bir zamanlar sevdiyi Füsun adlı qızın sevgisini başından ata bilmir.

2010-cu il üçün Avropanın mədəniyyət paytaxtı elan edilən İstanbulda müxtəlif səpkili layihələr həyata keçirilməyə başlanıb.

Bunlardan biri - Nobel mükafatı laureatı Orhan Pamukun tarixi Çukurcuma səmtində “Məsumiyyət muzeyi”nin yaradılmasıdır.

Bu il açılacağı gözlənilən muzeydə İstanbulun 1950-ci illərdən indiyəcən olan tarixi və mədəni həyatı məişətdə istifadə edilən müxtəlif əşyalar, rəsmlər və fotolarla canlandırılacaq.

Nobel mükafatı alana qədər Türkiyənin insan hüquqları mənzərəsini tez-tez tənqid edən və buna görə də cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlarla fikir ayrılığına düşən Orhan Pamuk indi ölkəsi ilə bağlı tənqidi fikirlərini dərs dediyi Harvard Universitetindən davam etdirir.

Pamukun getdikcə bir-birini təkrarlayan fikirlərinə Türkiyənin ziyalı təbəqələrindən gələn reaksiyaların çoxalması, əlbəttə, yazşçı kimi onun dəyərindən heç nəyi əksiltmir.

QİYMƏTİ - 250-750 MİN AVRO ARASI

Məhz Pamukun yazıçı dəyəri 2010-cu il Avropanın mədəniyyət paytaxtının mərkəzində onun “Məsumiyyət muzeyi”nin yaradılması üçün müəyyən qədər pul ayrılmasına səbəb olub.

Pulun miqdarı barədə, hələ ki, dəqiq məlumat əldə etmək nəsib olmasa da (250 min ilə 750 min Avro arasında bir rəqəmdən söhbət gedir), “Məsumiyyət muzeyi”ndə işlərin başladığını öz gözümüzlə gördük.

“Məsumiyyət muzeyi”nə Orhan Pamukun İstanbulun Bəyoğlu və Cahangir səmtləri ilə bağlı düşüncələrini əks etdirən bir konsepsiya hakim olacaqdır.

2006-cı ildə Nobel mükafatı alan yazıçının uzun illər Cahangirdə çalışma ofisi vardı - hər gün səhər saat 8.30-da ofisinə gələn Pamuk orada karandaşla gündə 2 səhifə yazar, günün bir bölümünü İstanbul boğazından keçən gəmiləri saymağa həsr edərdi.

Ta ki, 2004-cü ilin oktyabrında AB-nin İstanbulda keçirdiyi iclasda kürsüyə çıxaraq “Hər gün Türkiyədə yaşamaq daha da çətinləşir” - deyənə qədər.

Ondan sonra bir neçə dəfə məhkəmə salonlarında “düşüncə suçu” ilə mühakimə edilən Pamuk (“Aqos” qəzetinin keçmiş baş redaktoru Hrand Dinkin də eyni ittihamlarla mühakimə edildiyi məhkəmələrdə) 2007-ci il yanvarın 19-da qətl edilən Dinkə dəstək verdi.

2006-cı ilin oktyabrında Nobel mükafatına layiq görüləndən sonra Türkiyəyə qayıdarkən Pamukun aeroportdakı tənhalığı gözlərdən qaçmamışdı.

Stokholmdakı Nobel nitqi isə şəxsən mənim üçün humanist və hərarətli bir mətn idi.

“Məsumiyyət muzeyi”nə pul ayrılması barədə qəbul edilən qərar Pamukla bağlı mübahisələri yenidən özü ilə gətirib-gəldi.

Muzeyin yaradılması ilə bağlı bəzi fikirləri oxucuların nəzər-diqqətinə təqdim etməyi məqsədə uyğun gördük.

“ŞİKƏSTLƏRƏ PUL TAPMAYANLAR MUZEYƏ 750 MİN AVRO VERİR”

Türkiyənin Avropada ən çox tanınan yazıçılarından biri Minə Kırıkkanat:

“Əvvəlcə “Məsumiyyət muzeyi”ni görmək istərdim.

Bu qədər pulun Orhan Pamuk kimi varlı və “Məsumiyyət muzeyi” ən yaxşı əsəri olmayan bir yazıçıya Avropanın mədəniyyət paytaxtı olduğumuza görə verilməsini çox da müsbət qarşılamadım.

Çünki o pulla daha yaxşı işlər görülə bilərdi.

Bir hadisəni xatırlatmaq istərdim:

Orhan Pamuk Nobel mükafatı aldığı ildə fransalı iki doktor biologiya və tibb sahəsində son dərəcə önəmli kəşflərinə görə Nobel mükafatı aldılar.

O alimlər Nobel mükafatı mərasimindən sonra jurnalistlərə demişdilər ki, bu mükafatdan aldığımız puldan laboratoriya çalışmalarımızda istifadə edəcəyik.

Yəni, onlar Nobel mükafatına araşdırmalarını davam etdirmək üçün bir vasitə kimi baxdılar.

Mən də Nobel mükafatı laureatı Orhan Pamukun özünün “Məsumiyyət muzeyi”ni tikmək üçün kifayət qədər pulunun olduğuna inanıram.

Kaş ki, muzeyi öz pulu ilə tikdirsəydi.

Dövlətin bu qədər pulu bir yazıçının muzeyinə verməsi mənə haqsızlıq kimi gəlir. Dövlətin bu pulu şikəstlərə xərcləməsi, məncə, daha doğru olardı.

Üstəlik, şikəstlərin problemləri ilə bağlı “2010 - Avropanın paytaxtı İstanbul proqramı”nda yaxşı layihələr də vardı.

Şikəstlərə 100 min Avronu çox görənlərin “Məsumiyyət muzeyi”ndə nümayiş etdiriləcək olan bəzi şeylərə 750 min Avro ayırmasını skandal kimi dəyərləndirirəm.

Əslində “İstanbul-2010 Avropa paytaxtı” layihəsi bizim üçün çox böyük fürsət olmasına baxmayaraq, bu layihənin büdcəsi talan edilmişdir.

Bu talandan maddi cəhətdən varlı olan yazıçı Orhan Pamukun da payına bir “Məsumiyyət muzeyi” düşmüşdür.

Bari, dövlət pul ayırırdısa, heç olmasa, “Məsumiyyət muzeyi”nin memarını burdan götürsəydilər - onu da Fransadan gətiriblər”

“HÖKUMƏT PAMUKLA ARASINDAKI BUZLARI ƏRİTMƏK İSTƏYİR”

Cengiz Aktar - İstanbuldakı Bahçeşehir Universiteti AB Araşdırmaları Mərkəzinin direktoru:

“Pul təkcə Orhan Pamuka yox, bir çox layihəyə ayrılıb.

“İstanbul-2010 Avropa paytaxtı” layihəsi 2008-ci ildən bəri həyata keçirilir.

Mən “Məsumiyyət muzeyi”nə Türk dövlətinin pul ayırmasına müsbət baxıram.

Çünki indiyə qədər Orhanın dövlətlə münasibəti yaxşı deyildi.

O, dəfələrlə məhkəmələrə düşdü.

Ancaq indi, deyəsən, dövlət onunla arasında olan buzları əritmək istəyir ki, bu da mənə görə Türkiyə üçün mühüm bir gəlişmədir”.

“Məsumiyyət muzeyi”ndəki işlər başlanğıc mərhələsində olsa da, onun ətrafındakı mübahisələr xeyli irəliləyib.

Türkiyədə - hökuməti tənqid edən yazıçıya muzey açırlar.

Azərbaycanda isə...

15 il Türkiyədə işləyib Bakıya qayıdan - dönən kimi də “narodnı” adı alan bir sənətkar hisslərini mənimlə belə bölüşmüşdü:” Alə, 70 yaşlı mənə də “narodnı”, 40 yaşında o birinə də “narodnı”? Bəs fərqimiz nə olacaq?”
Fərqimiz....

Nə olacaq?

Türkiyədə “narodnı”ya münasibət barədə daha sonra.

Gözünüz “Oxu zalı”nda olsun.

Həmçinin oxu

Məşhur yazıçının məqbərəsinə bu il konyak qoymadılar

Rusiya Yazıçılar Birliyini "faşist" deyib daşa basdılar

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG