Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:25
Birinci yazıda Həsən Bəyin Vətənə ölçüyəgəlməz xidmətlərindən söz açmışdım. Özünə üz tutub söyləmişdim. Və ondan təvəqqe etmişdim ki, bundan sonrasına qulaq asmasın. Bundan sonrasını indiki gənclərə ünvanladım…

H.Zərdabi 1907-ci il noyabrın 28-də çərşənbə axşamı dünyasını dəyişdi. Hənifə xanımın yazdığına görə, həmin gün ailə üzvləri nə qədər dilə tutsalar da, o, «Kaspi» qəzetinin redaksiyasına baş çəkmişdi. Ölüm xəbəri şəhərə tez yayıldı. Yağışlı noyabr səhəri idi. Saat 9-dan onun yaşadığı evin ətrafı (Həsən bəy Qoşa Qala Qapısının girişindəki «Poçtovı» küçəsində yaşayırdı) saysız-hesabsız adamla dolmağa başlamışdı. Şəhərdə yaşayan müxtəlif millətlərin təmsilçiləri burada idi. Bakının bütün məktəblərinin müəllim və şagirdləri gəlmişdi. Müsəlman Cəmiyyətlərinin üzvləri, mətbuat nümayəndələri, Şəhər İdarəsinin təmsilçiləri və başqaları. Həsən Bəyin cənazəsi böyük təntənə ilə qaldırılıb Qasım bəy məscidinə yol aldı. Öndə şəhər müsəlman gimnaziyasının tələbələri onun böyük portretini aparırdılar. «Əkinçi» qəzetinin ilk nömrəsinin çərçivəyə salınmış, güllərlə bəzədilmiş rəsmi və Həsən Bəyin bioqrafiyası da əllərdə idi.

Məsciddə keçirilən bəlli dini ayinlərdən sonra elə oradaca ilk matəm mitinqi düzənləndi. Əhməd bəy Ağayev (Ağaoğlu), Qara bəy Qarabəyov, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Rayevski və b. çıxış etdilər. Sonra dəfn karvanı «Bazarnı» küçəsindən (İndiki Azərbaycan) keçib «Kaspi» qəzetinin redaksiyasına tərəf yol aldı. («Kaspi» Sabirin heykəlinin yanında yerləşirdi). Burada növbəti matəm mitinqi keçirildi. «Nikolayevski» küçəsindən (İstiqlaliyyət) yuxarı qalxıb uzun illər mərhumun deputatı olduğu Bakı şəhər Dumasının binasında dayandılar (indiki Bakı şəhər İcra Hakimiyyəti).

Dumanın qarşısında daha bir mitinq keçirildi. Eyvandan İsa Bəy Aşurbəyovun, Məhəmməd Sadıq Axundovun, Jinoridzenin və b.-nın nitqləri səsləndi. Mərhumun Vətən qarşısındakı xidmətləri sadalandı. Sonra «Sadovı» küçəsindən (Niyazi) bulvara tərəf dönüb indiki «Azneft» meydanında mərhumla vidalaşdılar. Bundan sonra heç də az olmayan kütlə Bibiheybət Məscidinə tərəf yol aldı. Millətin Mənəvi Atası burada -- ən say-seçmə adamların dəfn edildiyi məscidin həyətində torpağa tapşırıldı…

BAKI QƏZETLƏRİ DƏFNDƏN NƏLƏR YAZDI?

Bakı qəzetləri bir neçə gün bu möhtəşəm dəfndən yazdılar. Ona şeirlər, yazılar həsr olundu. Mərasimdə çıxış edənlərin nitqləri təzədən çap edildi. Ən təsirli matəm sözü İsa Bəy Aşurbəylinin söylədiyi nitq hesab olundu. İsa bəyin dedikləri bizə çatmasa da, yuxarıda adını sadaladıqlarımın söylədikləri tarixdə qalır. Bu söylənilənlərin içində məni ən təəccübləndirən bilirsinizmi nədir? Başqa millətlərin Həsən Bəy haqqında dedikləri! Onlar eynən bizim kimi, belə böyük şəxsiyyətin sadə bir daxmada («laçuqa»da) quru taxtın üstündə canını tapşırmasına yanırlar! Eynən bizim kimi, onun Bakıya gəldiyi dönəmi xatırlayır, «o, istəsəydi nələrə sahib olmazdı» - deyirlər. «Sənin ölümün bizə Vətən üçün necə işləməyin, onu necə sevməyin yolunu göstərdi» --deyirlər. «Belə insanlar müsəlmanların içində azdır, hətta yoxdur» - yazırlar! «Sənin adın unudulmamalıdır!» - deyə vurğulayırlar…

HƏSƏN BƏYİN KİMİ QALMIŞDI?

Həsən bəy Aprel inqilabına qədər xatırlandı. Hər il xatirə günü qeyd olundu. Hətta Sovetlər dönəmində «Əkinçi»nin 50 illiyi də yada düşdü. Hənifə xanım «Həsən Bəy Zərdabi və «Əkinçi»» adlı xatirələrini də yazdı. Sonra bəlalı illər gəldi. 1937-ci ildə yeni çəkilən Salyan şosesinin Şıx kəndindəki Bibiheybət məscidindən keçəcəyi məlum oldu… «Kim istəyir, yaxınının məzarını köçürə bilər» xəbəri yayıldı. Kim istəsin? Zərdabinin yurdunda kim qalmışdı ki?

Hənifə xanım çoxdan vəfat etmişdi. 4 uşaqdan biri sağ idi, daha doğrusu, Bakıda idi.

Həsən Bəyin böyük qızı Pəri xanım Əlimərdan Topçubaşovun xanımı idi. Onunla məşhur Paris səfərinə getmiş və sonra qayıda bilməmişdi. Bolşeviklər Bakını almışdılar. Pəri xanım ömrü boyu Vətən həsrəti ilə yanmış, Parisdə də dünyasını dəyişmişdi...

Həsən bəy Zardabi
Oğlu Midhət Almaniyada oxumağa göndərilən Cümhuriyyət tələbələrindən idi. Təhsilini bitirəndən sonra gəlməyə çəkinmiş, Türkiyədə yaşamağa başlamışdı…

O biri oğlu Səfvət Bakıda idi. Gözdən uzaq olmaq üçün Gəncədə işləyirdi. Tutub güllələmişdilər…

Ancaq Qərib Sultan qalmışdı. Əsəbləri pozulmuş, cavan yaşda dünyanın hər üzünü görmüş Qərib Sultan…

İKİ FƏHLƏ MİLLƏTİN MƏNƏVİ ATASINI TRAMVAYDA NECƏ APARDI…

Qərib Sultan xəbəri eşidəndə nə edəcəyini bilmədi. Nəhayət, 2 nəfər fəhlə tapıb cənazəni qəbirdən çıxarmağa göndərdi. 1937-ci ilin payızında, o möhtəşəm dəfndən 30 il sonra pulla tutulmuş iki fəhlə Həsən Bəyin qalıqlarını bir yeşiyə qoyub (!) yola çıxdı. Bayıla qədər çiyinlərində gətirdilər. Bayılda tramvaya qoydular… Nə filmə mövzu olacaq bir lövhədir, deyilmi? Kaş, heç olmasa, bir sənədli film çəkmək imkanım olaydı! Tramvay taq-qa-tukla gedir, pəncərələrinə yağış çırpır, kimi apardıqlarını anlamayan fəhlələr yuxulanır, Millət Atası da ayaqlarının altında! Düşən kim, çıxan kim… «Bir az o tərəfə keç» qışqıran kim…

Qoy hamı bu filmə baxsın! Qoy görk olsun! Qoy bizim nələrdən keçdiyimizi görsünlər!

Əziz oxucum! İllərdir, indi sənə təsvir elədiyim bu həyat lövhəsi qəlbimi göynədir. İndiyəcən kimə danışmışam, göz yaşımı saxlaya bilməmişəm. Elə indi də o durumdayam. Məni bağışla…

HƏSƏN BƏYİN QƏBRİ? O HARADADIR?

Aradan illər keçdi…50-ci illər gəldi. İlıqlaşma dövrü başladı. Millət yolunda çalışanlar təzədən yada düşdü. Həsən Bəyin ölümünün 50 illiyi tamam olurdu. Görkəmli ədəbiyyatçı-alim Abbas Zamanov bu tarixi araşdırıb bir yazı hazırlamışdı. Nə yaxşı ki, Abbas müəllim bu yazı ilə kifayətlənməyib məsələni Mərkəzi Komitəyəcən aparıb çıxarır. MK-nın şöbə müdiri Şıxəli Qurbanovla söhbətdən sonra qərara alırlar ki, Həsən Bəyin xatirə günü qeyd olunsun. Yubiley komissiyası yığışır. Layihə hazırlanır. Layihədəki «Qəbri abadlaşdırılsın» bölümünə çatanda, hamı qalır mat. Bəs Zərdabinin qəbri hanı? Heç kim bilmir…Əlac qalır Zərdabinin yurdunda qalan yeganə qızı Qərib Soltana. Abbas müəllim bütün bunları yerli-yataqlı tələbəsi Tahir Aydınoğluna danışıb. Mən də Sizə çatdırıram.

QƏRİB SOLTAN GƏLƏNLƏRİ NECƏ QARŞILADI?

«Məzar» sözünü eşidən kimi, əlinə keçən hər şeyi onların üstünə atır, «Atamın hər şeyini məhv etdiniz, indi də gəlmisiniz sümüklərini aparmağa? Bir də bu evə ayaq basmayın!» – deyir.

Anasını itirən, qardaşı güllələnən, o biri qardaşından ömrünün sonunacan xəbər ala bilməyən, bacısının Parisdə başına nə gəldiyindən xəbərsiz, atasının sümükləri ilə təkbətək qalan bir qadın başqa nə cür reaksiya verməliydi ki? Üstəlik, Qərib Soltan xanım müəllim işlədiyi Şəmkirdə ölüm qorxusu keçirmişdi. Onu qorxuzub kənddən qaçırmaq istəyirlərmiş. O gündən əsəbləri pozulmuşdu. Qızından heç nə öyrənə bilməyəcəyini başa düşənlər araşdırma aparırlar. Məlum olur ki, Qərib Soltan xanım bəstəkar Rauf Hacıyevin anası ilə bir yerdə yaşayır. Bilirsiniz ki, Həsən Bəy həmişə evində imkansız uşaqlar saxlayıb oxudurdu. Onların biri də Rauf Hacıyevin anası Nanə xanım olub. Nanə xanım Qərib Soltanla bir evdə bacı kimi böyümüşdü. Və o, tək qalanda da Nanə xanım ona arxa olmuşdu. Rauf Hacıyevə üz tuturlar. Qəbrin yerini öyrənməsini xahiş edirlər.

Qərib Soltan dilə gəlir, atasının 37-ci ildə anasının şəhər qəbiristanlığındakı məzarında basdırıldığını deyir…

ABBAS MÜƏLLİM HƏNİFƏ XANIMIN MƏZARINI AÇIR!

Nə qədər qazırlar bir şey çıxmır. Axırda bel Hənifə xanımın ayağı altında bir yeşiyə ilişir… Yeşiyi açanda gözlərinə inana bilmirlər. Sən demə, o Böyük Kişi düz 20 il həyat yoldaşının ayağı altında qorunubmuş. Kiçik kvadrat qutu qəbirdən çıxarılır və müəllimli-tələbəli hamı yeşiyi qucaqlayıb göz yaşı axıdır…

Və Həsən Bəy üçüncü dəfə Fəxri Xiyabanda dəfn olunur.

EY HƏSƏN BƏY! EY BÖYÜK MÜƏLLİM! BİZİ BAĞIŞLA!

Bundan sonra nə isə yazmağa ehtiyac varmı? Yox. Sözü sizə buraxıram. İndi siz deyin, bizi bağışlamaq olarmı?

Şərhləri göstər

XS
SM
MD
LG