Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Ey Həsən Bəy!...(Yoxluğunun 102-ci ilinə yazdım)


«Ey Həsən Bəy! Elə bir işə girişdin ki, onu heç kəs tarixdən yox edə bilməz»

«Ey Həsən Bəy! Elə bir işə girişdin ki, onu heç kəs tarixdən yox edə bilməz»

Qəribə taleyi var bu Kişinin. Nə doğulduğu gün əməlli-başlı qeyd olunur, nə dünyasını dəyişdiyi. Doğulduğu günü uzun zaman 27 iyuna bağlayıblar. Sonra ömür yoldaşı Hənifə xanımın xatirələri çıxdı və məlum oldu ki, Həsən bəy elə öldüyü ayda--noyabrda doğulubmuş. Öldüyü il də mübahisəlidir. Bəzi Zərdabişünaslar 1842-ci il yazırlar. Hənifə xanım isə ərinin 1837-ci il noyabrın 12-də doğulduğunu deyir. Və mən Hənifə xanıma daha çox inanıram. Ən azından, o üzdən ki, mən də həyat dostumun hansı tarixdə doğulmasını hamıdan yaxşı bilirəm. Amma insafən, «Əkinçi»ni çıxardığı tarix həmişə yad edilib, son illər isə Milli Mətbuat Günü kimi bayram edilir. Həmin gün - 22 iyul Zərdabi Günüdür, Zərdabi bayramıdır.

Nə xoşbəxt adammış Həsən Bəy! Elə bir iş yapıb ki, dünya durduqca xatırlanacaq. Görəsən, Həsən Bəy də, başqaları, lap elə Nobellər kimi, X1X əsrin ortalarında Bakıya gələndə, sajeni 3 qəpiyə torpaq sahəsi alıb buruq qazdırsaydı, nə olardı? Milyonçuların biri də artıq olardı! Nə dəyişərdi? Heç nə! Uzaqbaşı, Bakıda bir-iki bina yapdırardı. Onu da yəqin, eynən Qız Qalasının böyründəki bina kimi, Neftçilər prospektindəki silsilə binalar kimi «qəzalıdır» deyib sökər, yerinə bir göydələn tikərdilər...Amma o, elə bir iş yapdı ki...

Ey Həsən Bəy! Elə bir işə girişdin ki, onu heç kəs tarixdən yox edə bilməz, o heç bir məmurun tamahına tuş gələ bilməz! Q ə z e t çıxarmağa girişdin! Lap yarım əsr sonra Gümhuriyyət fədailərinin etdikləri kimi, heçdən bir qəzet yaratdın!

Ondan əvvəl vətən övladlarına məktəbdə Dərs dedin. Müsəlman uşaqlarına kömək üçün ilk Xeyriyyə Cəmiyyəti yaratdın. Cəmiyyətə pul vermək istəməyən soydaşlarını görüb ürəyin para-para oldu. Başqa millətlərdən Cəmiyyətə yardım əlini uzadanları görüb təskinlik tapdın. Dərs dediyin məktəbdə uşaqları başına toplayıb, Teatrın əsasını qoydun!

Və daha bir ilkə əl atdın: Təhsilli Qadınla ailə qurdun. Onu Tiflisdən Bakıya gətirdin. Hənifə xanımla - Üzüaçıq Qadınla İçərişəhərdə daşlana-daşlana gəzməyə çıxdın! O qadınla ki «Əkinçi»nin 50 yaşı olanda, artıq 18 ildir dünyada olmayan ərinə bioqrafiya yazacaqdı!

Ey Həsən Bəy! Yaratdığın qəzet «elektrik cərəyanı kimi bütün müsəlman aləminə yayıldı» (Hənifə xanım). 4 il sonra Krımda İsmayıl bəy Qaspralı «Tərcüman» qəzetini çıxarmaq üçün zati-alinizdən izn istəyəndə, uşaq tək sevindiyinizi yazır Hənifə xanım: “Bizim başqa bir qəzetimiz olur. Gələcəkdə üçüncü, dördüncü...də olacaqdır”.

Qəzetin yolunda nə zülümlər gördün, nə əziyyətlər çəkdin?! Qəzetə iki senzor baxırdı, üstəlik qubernator özü oxuyur, hər bir kəlməyə etiraz edirdi. Qəzeti bağlamağa məcbur oldun. Bir hökumət işçisinin haqqınızda dediyini xatırlayırsınızmı? «Başınızdan neft töküb sizi diri-diri yandırmaq istərdik. Siz olmasaydınız bu dilsiz-ağızsız qoyun sürüsü ilə işimiz asan olardı».

Düz 15 il sürgünə göndərildin. Halbuki Bakıda sənə çox böyük ehtiyac vardı. Şəhər təsərrüfatı hökumətdən alınıb daxili idarəçiliyə verilirdi. Sakinlər təzəcə Şəhər Dumasına üzv seçmək hüququ qazanmışdılar. Əhalisinin çoxu müsəlman olan şəhərdə ancaq 5/1 deputat seçilə bilərdi və s. Bütün bunlardan uzaqlaşdırılmaq üçün Zərdabın yayı isti, ağcaqanadlı, qışı soyuq düzlərində yaşamağa məhkum oldun. Orada da əməlindən, işindən qalmadın. Kəndlilərin hüququnu zalımlardan qorudun. Xalqın haqqını yeyənlərlə amansız oldun, onlara yerini göstərdin. «Tərcüman» qəzetini gətirib kəndlilərə oxudun, onlara hətta «bədəni salamat saxlamağın» yollarını öyrətdin. Oradan «Kaspi» qəzetinə məqalələr göndərdin.

Ey Həsən Bəy! Nəhayət, Bakıdan gələn elçilər sızıldayaraq Dumadakı deputatların xalqa gün ağlamadıqlarından gileylənib Sizi Bakıya çağırdılar. Bakıya gedib gördün ki, Dumanın iclasında 5 deputatdan 3-ü ayaqlarını altına qısıb sakitcə yatıb...(nə tanış mənzərə!). Qəzəblənib həmin axşam şəhər rəhbərliyinə müraciət etdin. Müsəlman deputatların yalnız öz maraqlarını güdməsindən xəcalət çəkdiyini, Dumaya layiqsiz, pullu adamların seçildiyini,( nə tanış durum?) müsəlman şəhərinin deputatlarının beşdən birinin seçilməsi haqqında qanundan şikayət verəcəyinizi açıqladın. Aləm qopdu! Sonda Qanunu dəyişdirə bildin! Deputatların yarısı müsəlmanlardan seçildi. 1906-cı ilə kimi bu davam etdi. Sizin xəstəliyinizdən istifadə edib təzədən köhnə qaydaya keçdilər. Son seçkidə sizi bu səbəbdən Dumaya seçmədiklərindən ölənə qədər xəbəriniz olmadı. Elə hey Dumanın iclaslarına gedə bilmədim – deyibən canınızı tapşırdınız. İçərişəhərdə...Qoşa Qala Qapısının yaxınlığında...Quru taxtın üstündə...

Ey Həsən Bəy! Mən çox üzülərək söyləyirəm ki, uzun illərdən bəri zati-alinizi bizim orta məktəblərdə gərəyincə sevdirmirlər. Sizi yalnız ilk qəzetin yaradıcısı kimi tanıtmaq, sözün yaxşı mənasında damğalamaq günahdır. Orta məktəbdə oxuduğum illərdə şagird yoldaşlarımın «Ey Həsən Bəy, ey müəllimi-dana!» misralarına (Seyid Əzim Şirvani) güldükləri hələ də qəlbimi ağrıdır. Siz layiq olduğunuz ucalığa hələ də yetişməmisiniz. «Həsən Bəydən Bizim tariximiz başlayır» - deyən Rəhman Bədəlov nə qədər haqlıdır. Nə yazıq ki, Sizin böyüklüyünüzü indiyədək övladlarımıza çatdıra bilməmişik. Bakıda ilk Nəcib Qızlar Gimnaziyasının açılması da Sizin adınızla bağlıdır. Şəhər İdarəsində məktəb komissiyasının üzvü olduğunuzdan, ibtidai şəhər məktəblərinin hamısı Sizin əlinizlə açılmışdı...Dediklərim etdiklərinizin mində biridir...

Ey Həsən Bəy! Siz ölümünüzlə də bir ilkə imza atdınız! 1907-ci il noyabrın 28-də Bakını matəmə çevirdiniz. Bakı hələ yaranışından belə izdiham, belə təntənə görməmişdi! O tarix şəkillərə də köçüb. Həmin gün Bakıda yaşayan bütün millətlər Sizdən danışdı, Sizə ağladı, Sizə rəhmət dilədi...

Ey Həsən Bəy! Ey Böyük müəllim! Burada Sizə müraciətim bitir! Hələlik bitir. Bundan sonra dediklərim indiki nəslədir. Lütfən, siz eşitməyin!

Bizlər o Böyük Kişiyə nələr yapdıq? Sabah AzadlıqRadiosu.az saytında yazının davamını oxuyun.

Şərhləri göstər

XS
SM
MD
LG