Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:28

«NEFTİN QIYMƏTİNİN 37 DOLLARA DÜŞMƏSİ ÖLKƏDƏ HİSS OLUNMAYIB»


İlham Əliyev neftin qiymətinin qısa müddət ərzində 140 dollardan 37 dollara düşdüyünü xatırladaraq deyib:

«Azərbaycanda bir adam bunu hiss elədi?! Halbuki bu ilin büdcəsində neftin qiyməti 70 dollardan hesablanıb. Bir adam bunu hiss etmədi. Nə üçün? Çünki birincisi, Azərbaycan dövlətinin güclü sosial siyasəti var və bu sosial məsələlərin həlli prioritetdir. İkincisi, Azərbaycanın iqtisadiyyatı artıq təkcə neft-qazdan asılı deyil. Neft sənayesindən əldə edilən gəlirlərin ağılla və böyük səmərə ilə qeyri-neft sektoruna yatırılması nəticəsində Azərbaycanda kənd təsərrüfatı, tikinti, emal sektoru sürətlə inkişaf edir. Bu gün biz artıq ərzaq təhlükəsizliyinin böyük hissəsini həll etmişik. Azərbaycan özünü əsas ərzaq məhsulları ilə demək olar ki, maksimum dərəcədə təmin edir. Bu, heç vaxt belə olmayıb. Həmişə Azərbaycan ərzaq məhsullarının idxalından asılı idi. Vəzifə qoyulmuşdu ki, özümüzü əsas ərzaq məhsulları ilə təmin etməliyik və biz bu məqsədə çatırıq».

«ELMƏ AYRILMALI PULLAR BAKININ KÜÇƏLƏRİNƏ VURULAN ASFALTDADIR»

2010-cu il büdcə layihəsinin Milli Məclis komitələrində müzakirəsi zamanı deputat Rəbiyyət Aslanova elmə, təhsilə az pul ayrılmasından şikayətlənib:

«2010-cu ilin dövlət büdcəsində elmi institutlara avadanlıqların alınması üçün cəmi 1.9 milyon manat ayrılırsa, biz hansı yenilikdən, hansı innovasion cəmiyyətdən, icadlardan, kəşflərdən, uğurlardan danışa bilərik. Bu vəsaiti nəinki yeni avadanlıqların alınması, heç AMEA-nın institutlarının laboratoriyaları arasında təmir üçün də bölüşdürmək mümkün deyil».

R.Aslanova deyib ki, o başa düşür ki, büdcəyə uyğun davranmaq lazımdır:

«Ancaq necə etmək olar ki, məsələn, elmə ayrılan xərcləri artıraq. Yeni maliyyə mənbələri tapmaq olarmı?».

Deputat Gülər Əhmədova isə həmkarının bu sualına belə cavab verib:

«Mən bilirəm bunun üçün pulu haradan tapmaq olar. Pul Bakının küçələrinə vurulan asfaltdadır. Pul bu gün asfaltlanıb, 15 gün keçəndən sonra qazılıb yenidən asfaltlanan, utanmazcasına yenə qazılıb, yenə asfaltlanan küçələrdədir».

«BU GÜN AZƏRBAYCANDA ƏN ŞƏFFAF ŞEY RÜŞVƏTDİR»

Bu ifadə vəkil Adil İsmayılova məxsusdur. O, bunu «Bizim yol» qəzetinə müsahibəsində deyib.

«Bilirsiniz, Azərbaycanda bu gün ən şəffaf şey rüşvətdirsə, niyə də rüşvəti vasitəçi ilə alasan. Onsuz da kim nə alır və nə verir, hamı hər şeyi bilir».

«AZTV-YƏ AYRILAN PULLAR İTV-YƏ VERİLSİN»

Bu təkliflə büdcə layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Qəzənfəroğlu çıxış edib.

Deputat deyib ki, Azərbaycan Dövlət Televiziyası (AzTV) Milli Məclisin komissiyalarının, deputatların çıxışlarını lazımi qaydada nümayiş etdirmir, çıxışları ixtisar edib, qısa reportaj formasına salır:

«Nümayişin daha səviyyəli və daha ətraflı yerinə yetirilməsinin öhdəsindən İctimai Televiziya daha yaxşı gəlir. Fikrimcə, AzTV-yə dövlət tərəfindən ayrılan vəsait İTV-yə verilsə, həmin telekanal bu işləri daha yüksək səviyyədə həyata keçirər».

Şərhləri göstər

XS
SM
MD
LG