Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:30

Naxçıvanski küçəsindəki partlayışın düyünə düşmüş kələfi


Naxçıvanski küçəsindəki 34 saylı beşmərtəbəli yaşayış binası, dekabr 2008

Ötən il dekabrın 13-də Nizami rayonu, Naxçıvanski küçəsindəki 34 saylı beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. 3 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnmiş partlayışla əlaqədar tutulanlar həmin binadakı 27-ci mənzildə təmir işləri aparmış fəhlələr olub.

FƏHLƏLƏR ÖZLƏRİNİ TƏQSİRLİ BİLMİRLƏR


Elman Niftəliyev və Rəşad Şıxməmmədov təmir işləri apararkən təhlükəsizlik qaydalarını pozmaqda təqsirləndirilərək həbs ediliblər. Rəşad Şıxməmmədov hələ istintaq dövründə zaminə buraxılıb.

Hazırda bu iş üzrə Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə məhkəmə qurulub.

Təqsirləndirilənlər, zərərçəkmişlər, şahidlər dindirilib. Prokuror Elman Niftəliyevə 8 il 6 ay, Rəşad Şıxməmmədova isə 5 il həbs cəzası təyin olunmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxslər və onların vəkilləri isə prokurorun mövqeyi ilə razılaşmayıblar və məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər. Çünki fəhlələr ittiham üzrə özlərini təqsirli bilmirlər.

Elman Niftəliyevin vəkili Türkel Süleymanlı deyir ki, nə istintaq, nə də məhkəmə təqsirləndirilənlərin partlayışda günahını sübuta yetirə bilib. Müdafiə tərəfi isə həmin şəxslərin partlayışda təqsirsizliyini sübuta yetirən çoxsaylı faktlar ortaya qoyub:

«Bizim məhkəməyə təqdim etdiyimiz sübutlardan biri diskdir. Həmin diskdə ATV və «Xəzər» telekanallarında dekabrın 15-16-da getmiş süjetlər var. Bu süjetlərdə zərərçəkənlərdən birinin oğlu - sonradan xəstəxanada vəfat etmiş Növrəstə Qurbanovanın oğlu deyir ki, anam yuxudan durdu və kibrit çəkdi. Bu an qaz partladı. Yəni əslində partlayış 29 saylı mənzildə olub. Məhkəmə işində 158 saylı ekspertiza qərarı var.
vəkil Türkel Süleymanlı Foto: Media Forum
Orda ekspert yazır ki, sonradan dünyasını dəyişmiş Növrəstə Qurbanova xəstəxanaya daxil olarkən ondan soruşublar ki, siz nədən yaralanmısınız? Deyib ki, öz evimdə baş verən partlayışdan. Bundan artıq nə sübut olmalıdır».

ŞAHİDLƏR MƏHKƏMƏDƏ İŞGƏNCƏLƏRDƏN DANIŞIBLAR

Vəkil məhkəmədə vaxtilə ittihamın əsas şahidlərindən sayılan və Elman Niftəliyevin üzünə dayanan Pərviz Zülfüqarovla Samir Qəhrəmanova ibtidai istintaq dövründə işgəncələr verildiyini söyləyir:

«Həmin şəxslər məhkəmədə bildirdilər ki, onları 24-cü Polis Bölməsində döyüblər. Biz məhkəməyə Daxili İşlər naziri cənab Usubovun əmrini təqdim elədik. Həmin əmrlə bu şəxslər bir sutka qeydiyyat kitabında qeydiyyat aparılmadan, qeyri-qanuni bölmədə saxlandıqlarına görə bölmə rəisi və məsul növbətçi şiddətli töhmət alıblar».

Daxili İşlər Nazirliyindən isə AzadlıqRadiosuna bildirdilər ki, həmin vaxt polis bölməsində işgəncələrlə bağlı iddialar təsdiqini tapmayıb.

Ancaq Pərviz Zülfüqarov və Samir Qəhrəmanov bölmədən buraxılandan sonra mətbuat konfransı keçirib, məruz qaldıqları işgəncələrdən danışmışdılar. Onlar həm də təqsirləndirilən fəhlələrin köməkçiləri olublar.

Vəkilin sözlərinə görə, bu şəxslər istintaq dövründə saxlanıldıqları Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən buraxıldıqdan sonra xəsarətlərini müalicə etdirmək üçün bir neçə xəstəxanaya müraciət ediblər.

HƏMİN MƏNZİLDƏ ƏVVƏLLƏR QAZ OLUB. AMMA...

Vəkil Türkel Süleymanlı:

«Bunlar rəngsaz olduqları üçün təmirə başlayanda divarları tamam azad etmək məqsədilə borunu mənzilin girişində kəsiblər, boruya «probka» vurublar ki, təmir qurtarandan sonra yenidən qaz çəksinlər».

Zərərçəkənlərdən biri partlayış baş verdiyi iddia olunan 27-ci mənzillə üzbəüz mənzilin sakini Sitarə Qurbanova olub. O, partlayışda fəhlələrin günahkar olduğuna şübhə ilə yanaşdığını bildirib:

«Sitarə Qurbanova məhkəmə istintaqında ifadə verdi, bildirdi ki, hadisə günü səhər saat 8-də çıxıb ərini yola salıb, əri pilləkənlərin başında durub siqaret yandırıb. Həmin 27 saylı mənzilin qapısının üstündə böyük bir deşik vardı. Bunu fəhlələr elektrik şiti qurmaq üçün qoymuşdular. Əgər bütün gecəni həmin mənzilə qaz dolmuş olsaydı, təbii ki, bu adam qapını açan kimi blokda qaz iyini hiss edərdi.
Samir Qəhrəmanov deyir ki, polis bölməsində işgəncələrə məruz qalıb
Dedi ki, xeyr, mən qaz iyi hiss eləmədim. Ərinin siqareti yandırması da sübut edir ki, bloka qaz dolmuş olsaydı, o, siqareti yandıran zaman partlayış baş verərdi».

QÜSURLU RƏY YAXUD BƏRAƏT...

Vəkil təyin olunmuş ekspertizanın yekun rəyinin qüsurlu olduğunu iddia edir:

«Ekspertiza rəy verir ki, 27 saylı mənzildə partlayış baş verib. Amma partlayışın mənbəyini göstərmir. Tutaq ki, mənzilin içərisinə qaz dolub, ancaq bu qazın partlaması üçün mütləq qığılcım olmalıdır. O qığılcımın mənbəyi rəydə göstərilməyib. İstənilən qazın partlaması üçün mütləq orda kibrit və yaxud işıq, qığılcım lazımdır. Ekspertiza isə onu müəyyən edə bilməyib. Bu cür yarımçıq sübutlarla insanı məhkum eləmək olmaz».

Türkel Süleymanlı müdafiə etdiyi şəxsə məhkəmədən bəraət istəyir.

Noyabrın 2-də məhkəmənin hökmü elan edəcəyi gözlənilir.
XS
SM
MD
LG