Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:30

İkiqat siyasi məhbus


Azərbaycanda siyasi məhbusları rəmzləşdirən stolüstü postament

Azərbaycanda siyasi məhbusları rəmzləşdirən stolüstü postament

«Əvvəlcə 2000-ci ildə həbs elədilər, 5 il 3 ay həbsdə oldu. Əfv elədilər, evdə cəmi 5 ay oldu. 5 aydan sonra yenə həbsə atdılar. Bir adamı həbs eləyəndə onun ailəsini, uşaqlarını da düşünsünlər. İnsan nə qədər «türmə» qapısına gedib-gələ bilər? Mən 9 ildən artıqdır ki, «türmə» yollarındayam...»

Bunu yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının siyasi məhbus kimi tanıdığı Natiq Əfəndiyevin həyat yoldaşı Səltənət Əfəndiyeva deyir.

«ƏVVƏLCƏ 15 SUTKA VERDİLƏR, SONRA HƏYƏTİMİZDƏN SİLAH-SURSAT ÇIXDI...»

Onun həyat yoldaşı ilk dəfə 2000-ci ildə həbs olunub. 1994-cü ildə baş vermiş dövlət çevrilişində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib. Avropa Şurasının tələbiylə 2005-ci ilin martında əfv fərmanıyla azadlığa çıxıb. 2005-ci ilin oktyabrın 17-də parlament seçkiləri ərəfəsində isə o yenidən həbs olunub. Qanunsuz silah saxlamaq maddəsi ilə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib.

«Onda parlament seçkiləri ərəfəsiydi. Rəsul Quliyevin Azərbaycana qayıdacağı gözlənilirdi. Natiq əfv olunandan sonra onsuz da daim nəzarət altındaydı, izlənirdik. İkinci həbsində, tutulanda əvvəlcə dedilər ki, polisə müqavimət göstərib, 15 sutka verdilər. Sonra isə həyətimizdən silah-sursat çıxdı. Silahı həyətimizə qoymuşdular. Bu ittihamla da həbs elədilər».

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, Natiq Əfəndiyev Azərbaycandakı siyasi məhbuslar arasında iki dəfə siyasi məhbus adını almış yeganə məhbusdur. Beynəlxalq təşkilatlar da onu ikiqat siyasi məhbus kimi tanıyır:

«Natiq Əfəndiyevin adı 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olanda da 716 nəfərlik siyasi məhbus siyahısındaydı. Həbsdən çıxdı. Ancaq 2005-ci ildə yenidən bu siyahıya düşdü. Çox acı təsadüfdür. Bu bir daha Azərbaycanda məhkəmənin sifarişlə işlədiyinə sübutdur».


«AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR VAR»

Natiq Əfəndiyevin həbsinin qanunsuz olmasıyla bağlı onun vəkili Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edib. Vəkil Vüqar Xasayev deyir ki, beynəlxalq məhkəmənin qərarının ədalətli olacağına ümid edir.

Həm yerli, həm də beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətindən həbsdə olan siyasi məhbusları azad etməyi tələb eləsələr də, Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını bildirir. 9 ildir həbsxana yolu gedən Səltənət Əfəndiyeva isə deyir ki, ölkədə siyasi məhbusların olmasını inkar edənlərə bunu demək istəyir:

«Azərbaycanda siyasi məhbuslar var. Mən də o siyasi məhbuslardan birinin həyat yoldaşıyam».

Şərhləri göstər

XS
SM
MD
LG