Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:05

Bayraq niyə endirilmişdi, niyə qaldırıldı...


Bir gecənin içində endirilən, dirəkləri sökülən Türkiyə bayraqları elə bir gecənin içində də yerinə qaytarıldı
Bir gecənin içində endirilən, dirəkləri sökülən Türkiyə bayraqları elə bir gecənin içində də yerinə qaytarıldı
Bir gecənin içində endirilən, dirəkləri sökülən Türkiyə bayraqları elə bir gecənin içində də yerinə qaytarıldı. Söhbət Bakının Şəhidlər Xiyabanında türk əsgərinin şərəfinə ucaldılan abidənin yanındakı bayraqlardan gedir.

BAYRAQ NİYƏ ENDİRİLMİŞDİ?

Hakimiyyətdən bir neçə günün içində müəyyən arqumentlər səslənmişdi, məsələn, Bakı Şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, Şəhidlər Xiyabanında təmir-bərpa işləri aparılır, bunun üçün də bayraq dirəkləriylə birgə götürülüb. Az sonra Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata dedi ki, Türkiyənin bayraqları «Bayraq haqqında qanun»a görə götürülüb. Elə Milli Məclisin sədr müavini Bahar Muradova da bu arqumenti əsas gətirmişdi:

- Azərbaycanda «Bayraq haqqında» qanun var və onun tələbləri ölkənin bütün ərazisində yerinə yetirilməlidir. Çox təəssüf ki, biz qanunları onu qəbul etdiyimiz andan icra etdirmirik.

Ancaq müxalifət partiyaları, bir çox ekspertlər Türkiyə bayrağının endirilməsini səhv siyasi qərar saymış və bunu Türkiyə-Ermənistan arasında imzalanan protokollarla bağlamışdılar. Onlar hesab etmişdilər ki, əslində, Bursada bir polis əməkdaşının Azərbaycan bayrağını zibil qutusuna atması adekvat addım atmağa bəhanə olmuşdu.

Türkiyənin Azərbaycandakı səfirliyi isə bayraqların yerinə qaytarılmasıyla bağlı rəsmi danışıqlar apardığını bildirmişdi.

XOŞ SÜRPRİZ

Oktyabrın 27-si axşamı isə bayraqlar yerinə qaytarıldı. Elə həmin gün Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatı Azərbaycana gəlirdi. Nümayəndə heyətinin rəhbəri Murad Mərcan deyir:

Murad Mərcan
- Azərbaycan torpağına ayaq basdığımız zaman bizi çox xoş bir sürpriz gözləyirdi. Enər-enməz Türkiyə bayraqlarının Azərbaycan torpağında yenidən dalğalanmasını duyanda bunu səyahətimizin nə qədər gözəl olacağına ilk işarə kimi qəbul etdik.

HÜQUQŞÜNAS QANUNA DƏYİŞİKLİK İSTƏYİR


Ancaq türk əsgəri abidəsini türkiyəli qonaqlardan öncə bəzi Azərbaycan millət vəkilləri, ictimaiyyət nümayəndələri ziyarətə gəldi. Məsələn, vəkil Aslan İsmayılov niyə sevinir, məgər, o bir hüquqşünas kimi qanunun dilini sevmirmi? Müsahibimiz deyir ki, xəbəri eşidən kimi abidəni bir daha ziyarət etməyi özünə borc bilib, amma bayraq endirilməsində hüquqi arqument gətirilməsiylə hec cür razı deyil:

- Bu gün ölkəni qanun yox, ayrı-ayrı adamlar idarə edir. Konkret bu hala gəlincə, hesab edirəm ki, «Bayraq haqqında» qanuna dəyişiklik edilməlidir.

CİDDİ TƏXRİBAT


Milli Məclisin üzvü Gültəkin Hacıbəyli isə deyir ki, qanunu onlar qəbul ediblər, lazım gəlsə, istisna hallar olmasıyla bağlı dəyişiklik də edərlər. Müsahibimiz bayrağın endirilməsinə yeni bir arqument gətirdi, dedi ki, Türkiyə-Azərbaycan münasibətlərində gərginlik istəyənlər araya fitnə-fəsad saldılar. O, fitnə-fəsad salanların adını çəkmir, deyir ki, bu qüvvələrin adı-soyadı olmur:

- Onlar hansısa formada əsəbləri tarıma çəkdirirlər, münasibətlərin kəskinləşməsinə səbəb olan addım atırlar, onlar hər iki ölkədə olan qüvvələrin hesabına təxribat törətməyə çalışırlar. Bu mənada mən hesab edirəm ki, ciddi təxribatıydı.

GÜNDƏMDƏ DAHA VACİB MƏSƏLƏLƏR VAR

YAP Siyasi Şurasının üzvü Mübariz Qurbanlı isə deyir ki, təmir işləri qurtarıb, ona görə də bayraq geriyə qaytarılıb. O deyir ki, Əli Həsənovun bayrağın qanunun icrasına görə endirilməsiylə bağlı açıqlamasından xəbərsizdir:

Zəfər Quliyev
- Mən Əli Həsənovun o sözlərini eşitməmişəm, ona görə də şərh verə bilmərəm, amma bircə onu bilirəm ki, bu bayraq söhbəti artıq gündəmdə deyil. Gündəmdə daha vacib məsələlər var.

BÖHRANI NƏ SOVUŞDURUB?


AXCP-nin sədri Əli Kərimli isə deyir ki, əslində, hakimiyyət öz səhvini düzəldib. Onun fikrincə, ölkə iqtidarı ictimai təzyiqlə üzləşdi və ona aydın oldu ki, heç kəs, hətta hakimiyyətdə təmsil olunanların bəziləri belə bu məsələdə onun bu addımını dəstəkləmir.

Ekspert Zəfər Quliyev isə hesab eləyir ki, bayraq böhranını Türkiyənin Qarabağla bağlı qəti mövqe tutması sovuşdurub:

- Məncə, həm Türkiyə ictimaiyyətinin, həm də hakimiyyətinin Qarabağ problemində irəliləyiş olmasa, protokolların parlamentdə ratifikasiya edilməyəcəyilə bağlı mövqe bildirməsi indiki mərhələdə gərginliyi götürdü.

Türkiyədən gələn millət vəkilləri də hesab edirlər ki, «bir millət, iki dövlət» şüarına heç vaxt xələl gəlməyəcək.
XS
SM
MD
LG