Keçid linkləri

Təcili xəbərlər

Bunu unutmaq olarmı?..


Bursada Azərbaycan və Türkiyə bayraqları yan-yana
Bursada Azərbaycan və Türkiyə bayraqları yan-yana
AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA BAYRAQ SAVAŞI

Bir neçə ay bundan əvvəl heç kim təsəvvür etməzdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər bu qədər gərginləşə bilər. Tərəflər zahirən təmkinli görünsələr də, biri-birinə incə diplomatik mesajlar göndərməkdə davam edirlər. Artıq bir dəfə qeyd etmişdik ki, futbol matçının səhərisi günü Türkiyənin Bakıdakı təmsilçisi Xarici İşlər Nazirliyinə çağırıldı və ona Azərbaycan bayrağı ilə təhqiramiz davranışa görə etiraz bildirildi. Amma məsələ bununla bitmədi. İndi bayraq məsələsinin yeni təfərrüatları açıqlanır. Məlum olur ki, FİFA-nın məsələyə qarışması əslində Türkiyə hökumətinin təhriki ilə baş verib və Azərbaycan bayrağının stadiona aparılmasını qadağan etməyə heç FİFA-nın hüququ da yox idi. Yəni Türkiyə hökuməti istəsəydi, məsələni bu qədər mürəkkəbləşdirməzdi. İndi buna cavab olaraq Azərbaycanda Türkiyə bayraqlarını endirirlər. Rəsmi orqanlar bunu «Xarici ölkələrin bayraqları haqqında» qanunun icra edilməsi ilə bağlayırlar. Amma hamıya aydındır ki, məsələ məhz Türkiyəyə cavab reaksiyasıdır.

QAZ MÜHARİBƏSİ QAFQAZA DA YOL TAPDI

Onu da qeyd etmək lazımdır ki, münasibətlər təkcə bayraq məsələsi ilə məhdudlaşmayıb. Qaz müharibəsi indi də Qafqaza yol tapıb. Azərbaycan öz qazının ixracı üçün yeni nəql marşrutları axtarır. Məsələ bundadır ki, artıq bir neçə ildir ki, Azərbaycan qazı Türkiyəyə dünya bazarındakı qiymətdən 3 dəfə aşağı qiymətə satılır. Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bununla bağlı danışıqların il yarımdır davam etməsini desə də, məsələnin bu qədər aktuallaşması məhz Türkiyəyə təzyiq məqsədi güdür. Məlum olduğu kimi, artıq Azərbaycan Rusiyanın «Qazprom» şirkəti ilə də saziş bağlayıb və hətta alternativ nəql marşrutu kimi İranı da nəzərdən keçirir.

Göründüyü kimi, vəziyyət çox mürəkkəbdir. Oktyabrın 21-nə isə bir gün qalıb. Ola bilsin, parlament birinci oxunuşdan protokolları ratifikasiya etməyəcək. Amma qarşıda iki ay var və sanballı siyasi analitiklər belə hesab edirlər ki, protokollar gec-tez ratifikasiya ediləcək. Vəziyyətin Ermənistana təsiri elə prezidentlərin Kişinyov görüşündə özünü biruzə verdi, Ermənistan yenidən danışıqlarda öz mövqeyini sərtləşdirdi. Məhz bunun nəticəsidir ki, Kişinyov görüşü tamamilə sönük sonluqla bitdi və heç bir razılıq əldə olunmadı.

Etiraf etmək lazımdır ki, Türkiyəyə də müəyyən təzyiqlər var. Ermənistanla sərhədlərin açılmasını Avropa Birliyi də tələb edir və Türkiyə üçün bu Birliyə üzv olmaq müstəsna əhəmiyyət kəsb edir.

ƏGƏR TÜRKİYƏ OLMASAYDI...

Amma dünyada siyasətdən də müqəddəs məqamlar var. Hər halda iki dövlət arasında bayraq savaşı bir o qədər də ürəkaçan deyil. Biz Türkiyə ilə münasibətlərimizi necə qurmalıyıq? Türkiyədən uzaqlaşmalıyıqmı? Bu sualların cavabı yaxın müddətdə bilinəcək. Amma «Türkiyə bizim üçün nə edib?» sualına indi də cavab vermək olar. Türkiyə olmasaydı, Bakı bəlkə də Azərbaycan şəhəri olmayacaqdı! Məlum olduğu kimi, 1918-ci ildə Demokratik Respublika müvvəqqəti olaraq Gəncədə yerləşmişdi. Türkiyə qoşunları Bakını azad edəndən sonra mərkəz və paytaxt Bakıya köçürüldü.

Hər halda bunu unutmaq olmaz...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN

Ən son yazılan

XS
SM
MD
LG