Keçid linkləri

2003-ün oktyabr hadisələri olmasaydı...


Bakı, 16 oktyabr 2003

Bakı, 16 oktyabr 2003

2003-cü ilin 15-16 oktyabr hadisələrindən 6 il keçir. Həmin hadisələr indi necə qiymətləndirilir?

Müsavat Partiyasının başqanı İsa Qəmbər:

«RÜŞVƏTXORLUQ OLMAYACAQDI»

İsa Qəmbər
- Seçkinin nəticələri gerçəkləşmiş olsaydı, 6 ildə Azərbaycanda korrupsiyaya böyük zərbə vuracaqdıq, rüşvətxorluq olmayacaqdı. Deyirlər bu, mümkün deyil, amma Gürcüstanda görürsünüz. Saakaşvili ən azı məişət səviyyəsində rüşvəti aradan qaldırmağa nail olub. Bu, tamamilə mümkündür. Biz də bunu edəcəkdik. Siyasi və iqtisadi azadlıqlar veriləcəkdi, iqtisadiyyat indiki kimi yox, gerçəkdən inkişaf edəcəkdi. Qarabağın işğaldan azad olunması bu 6 ildə mümkün idi.

6 il əvvəl seçkilərdə prezidentliyə namizəd olmuş İsa Qəmbər deyir ki, 2003-cü ildə hakimiyyət dəyişikliyi olsaydı, ölkədə vəziyyət daha fərqli olacaqdı. Bu, həm ictimai, həm də siyasi həyatda özünü göstərəcəkdi.

«ONA GÖRƏ DƏ İNKİŞAF YOXDUR»

İsa Qəmbərlə yanaşı həmin dövrdə prezidentliyə namizədliyini irəli sürmüş Etibar Məmmədov da hesab edir ki, müxalifətin hakimiyyətə gəlişi qanunlarla idarə olunan cəmiyyətin yaranmasına səbəb olacaqdı:

- Normal siyasət yaratmaq lazımdır ki, qanunlarla idarə olunan bir cəmiyyətdə yaşayaq. Hələlik qanunlarla yox, ayrı-ayrı şəxslərin göstərişi ilə idarə olunan cəmiyyətdə yaşayırıq.

Etibar Məmmədov
Ona görə də inkişaf yoxdur.

Ancaq «Zerkalo» qəzetinin siyasi şərhçisi İbrahim Bayandurlu hesab edir ki, hakimiyyət dəyişikliyi olacağı təqdirdə ölkədə əsas 2 sahədə dəyişiklik müşahidə olunacaqdı. Birincisi, sivil məkana inteqrasiya artacaqdı, Azərbaycan NATO-ya daha çox yaxınlaşacaqdı. İkincisi də demokratik vəziyyət – Gürcüstanda indi müşahidə olunan müsbət dəyişikliyə yaxın olardı.

Rəsmi rəqəmlərə görə, 2003-cü ilin prezident seçkisində Müsavat Partiyasının başqanı İsa Qəmbər seçicilərin təxminən 13 faizinin səsini qazanıb. Müsavat Partiyası isə həmin vaxt seçkidə 60 faiz səs topladığını bildirmişdi.

«İSA QƏMBƏR HAKİMİYYƏTƏ GƏLSƏYDİ, AVTORİTAR DAVRANMAQDAN ÇƏKİNƏCƏKDİ»

İbrahim Bayandurlu deyir ki, əgər İsa Qəmbər hakimiyyətə gəlsəydi, avtoritar davranmaqdan çəkinəcəkdi və güc mərkəzləri ilə, müxtəlif siyasi təbəqələrlə hakimiyyəti bölüşəcəkdi:

İbrahim Bayandurlu
– O, buna məhkum idi. Çünki onun hakimiyyətə gəlməsi ən müxtəlif qüvvələrin birgə fəaliyyətindən asılı idi. Ən azı 3-4 il bunlar avtoritarizmə əl ata bilməyəcəkdilər. Çünki Qərbdən asılı olacaqdılar və s.

Digər tərəfdən siyasi şərhçi 2003-cü ilin müxalifət liderlərinin vədlərinə idealistcəsinə yanaşmadığını da etiraf edir. Onun fikrincə, 2-3 ilin içində Azərbaycanda korrupsiyanı ləğv etmək mümkün olmaz. Bununla belə, İbrahim Bayandurlu müəyyən dəyişikliklərin reallaşacağını da istisna etmir.

Seçkidə qələbə çaldığını bəyan edən müxalifət 2003-cü ilin bu günündə axşam saatlarında küçələrə çıxmışdı. Bu aksiya oktyabrın 16-da da davam etdirildi. Aksiya iştirakçılarının bir hissəsi polis səddini yararaq Azadlıq meydanına daxil ola bildi. Amma qısa vaxt ərzində polis və daxili qoşunların əsgərləri aksiyaçıları zor gücünə meydandan çıxardılar. Aksiyanın qarşısı alınarkən bir nəfər öldü, yüzlərlə adam xəsarət aldı, 600-dən çox şəxs həbs edildi.

Bu zaman hakimiyyət baş vermiş hadisələri seçkinin rəsmi nəticələri elan edilməmiş iğtişaş salma cəhdlərinin qarşısını alma kimi qiymətləndirdi.

Şərhləri göstər

XS
SM
MD
LG