Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19

Bakı Yerevanı da, Vaşinqtonu da geridə qoyur ... bahalığa görə


Bakıda ailə başçısı minimum istehlak xərcləri üçün maaşından savayı ayda 24 manat da tapmalıdır

Bakıda ailə başçısı minimum istehlak xərcləri üçün maaşından savayı ayda 24 manat da tapmalıdır

Bakıda orta aylıq əməkhaqqı ilə dördnəfərlik ailənin minimum ərzağını almaq mümkün deyil. Amma Tbilisi və Yerevanda orta aylıq maaşla aylıq ərzağı almaq olur, əlavə pul da qalır

Azərbaycanın son illərdəki iqtisadi inkişafı rəsmi dairələrin ən çox müraciət etdiyi arqumentlərdən biridir. Rəsmi media gündəlik olaraq əhalinin rifahının artması, ölkədə tərəqqi yaranması haqqında məlumatlar yayır, bunu ölkə rəhbərliyinin bacarığı ilə izah edir.

AzadlıqRadiosunun Rusiya, Belarus, Ermənistan və Orta Asiyadan olan əməkdaşları deyirlər ki, eyni məzmunda təbliğat onların ölkələrində də aparılır.

Bakıda və Azərbaycanın yaxın və uzaq xaricindəki ölkələrdə ərzağın qiyməti ilə orta aylıq əməkhaqqını müqayisə edib kimin necə dolandığını öyrənmək fikrinə düşdük.

BAKI DÜNYANIN BAHALI ŞƏHƏRLƏRİ İLƏ RƏQABƏT APARA BİLƏR

AzadliqRadiosunun Azərbaycanın birbaşa qonşularında, eləcə də Vaşinqtonda və Berlində olan əməkdaşlarından xahiş etdik yaşadıqları şəhərlərdə ərzağın qiymətini öyrənib bizə yazsınlar.

Azərbaycan mətbəxində ən çox istifadə olunan bir neçə malın Bakıda və başqa şəhərlərdəki qiymətlərinə nəzər salaq: (Qiymətləri manata çevirmişik.)


(Dünyanın 10 böyük şəhərində 27 növ ərzağın qiymətləri ilə burada tanış ola bilərsiniz)

Bakıda ərzağın qiyməti beynəlxalq təşkilatların dünyanın ən bahalı şəhərləri sırasında adı çəkilən Moskva ilə təxminən eynidir.

Əhalinin gəlirlərinin olduqca yüksək olduğu Vaşinqtonda qiymətlər Bakıdakından daha ucuz, Berlindəki qiymətlər isə Bakıdan çox cüzi şəkildə bahadır.

Bakıda ən ucuz ərzaq məhsulu soğan, ən bahalı ərzaq isə qoyun ətidir (8 manat).

Vaşinqtonda kələmin qiyməti olduqca baha – bir kilosu 4 manatadır. Çünki orada kələmi demək olar heç kim almadığından arası-sıra satılır, o da Azərbaycan valyutası ilə 4 manata.

Türkmənistanda su, duz, qaz və elektriki camaata pulsuz verirlər. Amma onları pulsuz əldə etmək təkcə rəsmilərin hesabatındadır, reallıqda isə vətəndaş onu məmurdan pulu ilə - rüşvətlə alır.

Yerevanda ən ucuz duz (30 qəpik), ən baha isə toyuq ətidir (4.2 manat). Bakıda ən baha olan qoyun ətini Yerevanda iki dəfə ucuza – 3.8 manata satırlar.

Bakıda ərzağın qiyməti təxminən Moskva və Berlindəki qiymətlərlə eynidir.


BAKIDA YAŞAMAQ ÜÇÜN ƏN AZI NƏ QƏDƏR PUL LAZIMDIR

Azərbaycanın parlamentinin qəbul etdiyi 2009-cu il üçün yaşayış minimumu haqqında qanuna görə işləyən adam bir ay ərzində ən azı 92 manatlıq yemək yeməlidir. Rəsmi hesablamaya görə pensiyaçının ayı acından ölməməsinə 65 manatlıq, uşaqlar üçünsə 69 manatlıq ərzaq almaq lazımdır.


Rəqəmləri asan başa düşmək üçün dörd nəfərlik bir ailə modeli götürək. Azərbaycanda ən çox yayılan qaydada bu ailədə yalnız ata işləyir, ana evdə uşaqlara baxır. Bunun adımı Şərti Ailə qoyaq.

Azərbaycanın Nazirlər Kabineti bu il aprelin 9-da təsdiq etdiyi «minimum istehlak səbətinin tərkibi haqqında» qərarında insanın bir ildə yaşaması üçün ərzaq, paltar, nəqliyyat, kommunikasiya və kommunal xərcləri hesablansa da orada tibbi xidmətlərə görə ödədiyi pullar nəzərə alınmayıb. Doğrudanmı insanlar ildə bircə dəfə də olsa, həkimə, ya dərmana pul vermirlər? Ya da Azərbaycan insanın həyatının bir hissəsinə çevrilmiş xeyir-şər xərclərini niyə nəzərə almamaq lazımdır?

Hökumətin dediyi fikirləşib də həkim və xeyir-şər xərclərini bir kənara qoysaq, şərti ailəmizin bir aylıq minimum ehtiyac səbəti 322 (92 manat ataya + 92 manat anaya + 69 manat bur uşağa + 69 ikinci uşağa) manat edir.


QAZANMAĞA BAŞQA DİYAR YAXŞI

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2009-cu ildə Azərbaycanda işləyən adamların ölkə üzrə orta aylıq əməkhaqqı 298 manatdır.


Həmkarlarımızdan yaşadıqları ölkələrdə orta aylıq əməkhaqqını da soruşmuşuq. Onlara da şərti ailəmizin uşağa müavinətlər və başqa gəlirlərini nəzərə almadan yalnız atanın orta aylıq əməkhaqqını hesablamağı xahiş etdik.

Azərbaycandakı kimi atanın quruca maaşı ilə müxtəlif şəhərlər üzrə orta aylıq əməkhaqqı cədvəli bu şəkildədir:
Azərbaycan – 298
İran – 65
Gürcüstan – 268
Ermənistan – 248
Türkmənistan – 120
Qazaxıstan – 371
Rusiya – 565
Türkiyə – 640
Almaniya – 2637
ABŞ – 2600

ORTA MAAŞDAN ƏRZAĞI ALANDA YERDƏ NƏ QALIR?

Qeyd etdiyimiz şərti ailənin təkcə ən aşağı aylıq ərzaq, paltar və kommunal xidmətləri – yaşayış minimumu - Bakıda 332, Moskvada 336, Vaşinqtonda 309 manatdır. Yəni, bu xərclər arasında çox da ciddi fərq yoxdur.


Amma gəlirlər… Bakıda işləyən adamın orta aylıq əməkhaqqı Moskva və İstanbuldan 2 dəfə, Berlin və Vaşinqtondan 9 dəfə aşağıdır.


Bu qrafikdən göründüyü kimi, İstanbulda ailə başçısı orta əməkhaqqı ilə minimum aylıq xərclərini ödəyir, əlavə də aya başqa xərcləri üçün 305 manatı qalır. Moskvada o, istəsə aya ən çoxu 229, Astanada 158, Tbilisidə 4 manat qənaət edə bilər.

Bakıda isə şərti ailəmizin başçısı nə qədər qənaət etsə də hər ayı borcla başa vurur. Onun gəliri 298 manat, ailəsi üçün bir aya lazım olan minimum ərzağın qiyməti isə 322 manatdır (298-322 = - 24). Beləliklə, bütün maaşını yeməyə - ailəsinin fiziki mövcudluğunu saxlamağa xərcləyən bakılı maaşdan savayı hələ aya 24 manat da haradansa əlavə gəlir yeri tapmalı olur.

Azərbaycanın qonşularından yalnız İranda və Türkmənistanda vəziyyət Bakıdan ağırdır. Aşxabadda şərti ailənin təkcə «boğazını saxlamağa» hər ay maaşdan savayı 37 manat, Tehranda isə 214 manat lazım gəlir.

QAFQAZDA DOLANIŞIQ


Ərzağın qiyməti barədə məlumatların analizi Bakıda dolanışığın qonşu Yerevan və Tbilisidən daha çətin olduğunu göstərir. Şərti ailənin başçısı Yerevan və Tbilisidə orta aylıq maaşla ailəsinin minimum ərzaq ehtiyacını ödəyə bilir, Yerevanda 12, Tbilisidə 4 manat da artıq pulu qalır. Bakıda isə bu ailənin başçısı təkcə minimum istehlak xərcləri üçün maaşından savayı haradansa, ayda 34 manat da tapmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG