Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 16:37

«Bir təqaüdçüyə 4 ilə doqquz cüt corab»


Sənəddə il ərzində pensiyaçılar üçün 17 kiloqram ət və ət məhsulları norma hesab edilir
Sənəddə il ərzində pensiyaçılar üçün 17 kiloqram ət və ət məhsulları norma hesab edilir
«Bir təqaüdçüyə 4 ilə doqquz cüt corab» - bu, yeni təsdiqlənən minimum istehlak səbətində qeyri-ərzaq mallarından bir təqaüdçüyə hesablanan normadır. Aylarla ət üzünə həsrət qaldığını deyən təqaüdçü Qəmbər Əbilova görə, ona heç doqquz cüt corab da lazım deyil.

«Lazım deyil, Allah xatirinə doqquz cüt də biz alıb verək Nazirlər Sovetinə əl çəksin bizdən. Elə bil çatdım evə, evdə mənə nə verəcəklər? Bir məsəl var deyir «nə istəyirsən bacından, bacın da ölür acından...»

Hökumətin yeni təsdiqlədiyi minimum istehlak səbətinin tərkibi əvvəllər olduğu kimi, üç qrupdan ibarətdir: ərzaq, qeyri-ərzaq malları və xidmətlər.

Birinci iki qrup üzrə tərkib 2005-ci ildə olduğu kimi qalıb, üçüncü qrupa isə ilk dəfə olaraq yeni bir xidmət-internet xidmətləri əlavə olunub. İnternet xidmətləri səbətə bir ailə üçün günə bir saat hesabı ilə daxil edilib.

Səbətdə tərəvəz və bostan bitkiləri, kartof, süd, süd məhsulları və yumurtanın çəkisi artırılıb. Misal üçün əvvəllər əmək qabiliyyətli bir adam üçün bir ilə 40 kq kartof norma hesab edilirdisə, indi bu rəqəm daha 7 kq-a yaxın artırılıb. Bundan başqa əvvəllər bir adam üçün il ərzində 127 ədəd yumurta norma hesab edilirdisə indi bura daha 8 yumurta əlavə edilib. Qənd və qənnadı məmulatları isə azaldılıb.

Sənəddə il ərzində əmək qabiliyyətli əhali üçün 30 kiloqram, pensiyaçılar üçün 17 kiloqram, 15 yaşınadək uşaqlar üçün 25 kiloqram ət və ət məhsulları norma hesab edilir. Minimum istehlak səbətində balıq və balıq məhsullarının miqdarı isə 5 kiloqramdır. Həmsöhbətim Qəmbər Əbilova görə, bu normaları, xidmətləri harda qəbul edirlər, necə qəbul edirlər məlum deyil:

«Mircəfər Bağırovun vaxtında 19 manat idi qara kürü. Mən hər gün 50 qram kürü, 50 qram da yağ yeyirdim. Axır ki, ac qalmırdım. Amma indi ürəyim çəkilir acından, evə getməyə taqətim qalmır.. Qara meşin qapıların arxasında özləri qərar qəbul edirlər, necə deyərlər özləri doğur, özləri bələyirlər. Ləbbeydən başqa biz nə deyə bilərik. Biz ancaq öyrəşmişik əl çalmağa vəssəlam”

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev minimum istehlak səbətində bəzi ərzaq normalarının artırılmasını müsbət qiymətləndirsə də, hesab edir ki, dəyişikliklərdə xeyli çatışmazlıqlar var.

İqtisadçıya görə, Azərbaycanda indiyə qədərki normalar daha çox yoxsul ölkələrin standartına uyğun idi. Rövşən Ağayevə görə, bu baxımdan da hökumət həmin normaları artırmaq yolu tutub və bu yaxşıdır, amma yenə də keçmiş sovet ölkələrindəki normalarla müqayisə aparanda görünür ki, Azərbaycanda göstəricilər yenə aşağıdır:

«Tutaq ki, bizdə bir ay üçün bir adama 2,5 kq ət düşürsə, bu, Qazaxıstanda 4,2 kq.-dır, Belorusda 4,5, Moldovada 2,7, Rusiayada 2,9, Qırğızıstanda 3,4 kq.-dır. Görün ən vacib ərzaq normalarımız MDB səviyyəsindən aşağıdır».

«Bizim Yol» qəzetinin əməkdaşı Məmməd Süleymanov isə apardığı araşdırmalarda üzə çıxarıb ki, Azərbaycanın indiki ərzaq norması 2-ci dünya müharibəsində SSRİ-də alman əsirlərinə ayrılan ərzaq normasından azdır. Məmməd Süleymanova görə, həmin sənədlərdə bir əsirə bir ayda 1,2 kq ət, 3,6 kq balıq verilirmiş. Məmməd Süleymanova görə, nasist əsirə bir aylıq çörək norması 21,6 kq idisə, Azərbaycanın minimum istehlak səbətində bir nəfərin bir aylıq çörək norması 13 kiloqramdır. Məmməd Süleymanova görə, belə çıxır ki, gur inkişaf edən Azərbaycanda hər bir işləyən Azərbaycan vətəndaşı 2-ci dünya müharibəsindəki nasist əsirlərdən az yeyir:

«Onda elə çıxır ki, həmin vaxtdan indiyə qədər bizim istehsalımız artsa da, istehlakımız azalıb. Bu absurddur. Onda elə çıxır ki, son 60-70 ildə Azərbaycanda adamlar maddi, fiziki və istehlak cəhətdən o qədər deqredasiyaya uğrayıb ki indi o vaxtkı dəyərlərdən də aşağı həyat sürmək tamamilə mümkünləşib».

Məmməd Süleymanov hesab edir ki, indi kim Nazirlər Kabinetinin qərarına əməl edib yaşayırsa onun üçün heç bir qlobal böhran qorxulu deyil:

«30 kilo ət, 1 kilo balıq, 1 kilo çay-vəssalam. Deməli yaşamağa dəyər».

İqtisadçı Pərviz Heydərovun minimum istehlak səbətilə bağlı razılaşmadığı məqam isə həmin sənədə üç ildən bir baxılmasıdır. İqtisadçıya görə, bazar iqtisadiyyatı dövründə əslində üç il əvvəlki qiymətlər indikindən xeyli fərqlənir. O hesab edir ki, bu baxımdan da hökumət bu sənədə hər il baxsa, bu daha real nəticələr verər.

«Azərbaycan Respublikasının 2009-cu il üçün yaşayış minimumu haqqında» Qanuna görə, 2009-cu ildə yaşayış minimumu orta hesabla 70 manatdan 84 manata qədər artırılıb.
XS
SM
MD
LG