Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:53

MTN-ə çağırılıb. Amma «Eurovision»a görə yox


İctimai Teleradionun təmsilçisi Tahir Məmmədov
Bəs nəyə görə? Bu sualı İctimai Teleradionun təmsilçisi Tahir Məmmədov ona yox, MTN-ə yönəltməyi məsləhət görür. Əlavə edir ki, daldan atılan daş topuğa dəyər.

- Tahir bəy, Avropa Yayım Birliyinin qərarı ilə tanışsınızmı?


- Bəli və qeyd edim ki, bundan öncə də Avropa Yayım Birliyinin müsabiqə ilə, səsvermənin keçirilməsi ilə bağlı prosedura şərtlərində kifayət qədər aydın prosedura qaydaları var idi. Və İctimai Teleradio elə həmin qərarda göstərildiyi kimi daim bu qaydalara hörmətlə yanaşıb. Bu qaydalar davamlı olaraq keçərlidir və Avropa Yayım Birliyinə üzv olan bütün teleradio şirkətləri, bütün ölkələrin hər biri bu qaydalar üzrə fəaliyyət göstərir.

- Kimin anonimlik hüququnu pozduğu hələ də bəlli deyil. Biz də araşdırmağa çalışdıq, Azercell şirkətinə müraciət etdik, onlar dedilər biz deyilik. MTN-dən isə ümumiyyətlə fərqli cavablar aldıq, biz və BBC. Bəs sizə bəllidirmi ki, telefon nömrələrini kim verib Milli təhlükəsizlik nazirliyinə?

- Xeyr, əslində belə bir informasiya bizə bəlli deyil və əgər nəzərə alsaq ki, qaydalarda bu cür informasiyaların verilməsi bu gündən sonra qadağan olunmasına baxmayaraq bu günə qədər də belə informasiyaların konfidensial olduğu və bunun heç kim üçün maraqlı olmadığını nəzərə alsaq – xeyr belə bir məlumat bizdə yoxdu. Ümumiyyətlə deyim ki, bu mahnı yarışmasında bütün ölkələrdə, o cümlədən Azərbaycanda da bu günə qədər olduğu kimi, bu gündən sonra da vətəndaşlar öz ölkəsindən başqa istədiyi mahnıya səsvermə hüququnu özündə saxlayır və səs verə bilərlər.

- Və siz güman edirsiniz ki, bir daha belə hal baş verməyəcək.

- Hər halda bu günə qədər gedən proseslərdə səsvermənin özündə həm texniki, həm də hüquqi baxımdan Azərbaycan tərəfindən heç bir problem yaranmayıb və yaşanmayıb və ümid edirik ki, bəli, bu gündən sonra da bu mahnı yarışmasında, bu mədəniyyətlərin inteqrasiyası məkanında hər hansı bir konfliktə səbəb olacaq hadisə baş verməyəcək.

- Rövşən Nəsirli dedi ki, ona heç kim müraciət etməyib, soruşmayıb ki, səni hara çağırmışdılar və kim çağırmışdı. Siz o araşdırmanı aparıb, çağırılan adamlara müraciət etmisinizmi?

- Sizə deyim ki, biz məsələnin rəsmi tərəfini araşdırmışıq və siz özünüz də qeyd etdiniz ki, Avropa Yayım Birliyinin açıqlamasında öz əksini tapıb ki, Azərbaycanda bu məsələ ilə bağlı rəsmi ya qeyri-rəsmi şəkildə dindirilməyə dəvət olunma olmayıb, ona görə də qeyd edim ki, İctimai Teleradio olaraq biz yayım qurumuyuq və «Eurovision» mahnı yarışmasında təmsilçi tərəfik və biz bir ictimai yayımçı olaraq bu müsabiqədə iştirakı və onun yayımını təmin edirik. Avropa Yayım Birliyinin bu məsələdə birbaşa qaydalarla bağlı olduğuna görə, onların birbaşa prioritet fəaliyyəti oldu üçün onların araşdırması və bunun nəticəsi kimi verdiyi qərar oldu. Və biz də bu qərarı alqışlayırıq və dəstəkləyirik. Qeyd etdiyim kimi İctimai Teleradio bu günə qədər Avropa Yayım Birliyində kifayət qədər qaydalara əməl edən və layiqli üzv kimi tanınıb. Qısa müddətdə həqiqi üzv kimi Avropa Yayım Birliyində uzun müddət yayımçı üzv olan ölkələrlə birlikdə bütün layihələrdə çox uğurla iştirak edib. Bunun bir səbəbi də ondan ibarətdir ki, İctimai Teleradio Avropa Yayımçıları ailəsinin üzvü kimi müəyyən olunmuş prosedura qaydalara həmişə çox ciddi əməl edib. Və güman edirəm ki, bu gündən sonra da belə davam edəcək.

- Dinləyicimiz Ayaz yazır ki, əgər doğru eşitdimsə, qərarda deyilir ki, adamlar MTN-ə çağırılıb, amma onları «Eurovision»la bağlı sorğu-sual etməyiblər. Elə isə niyə çağırıblar, bəs nə soruşublar?


- Sualı mənə ünvanlayırsız?

- Belə çıxır.

- Yox orada deyilən ifadəni təhrif etmək lazım deyil. Ola bilər dinləyicinin sizin dediklərinizdən və ya birbaşa mənbəyindən dəqiq məlumatı yoxdu. Mən sizə qeyd etdiyim kimi, bizdə olan rəsmi məlumatı, bu araşdırmanın nəticəsini bizə göndərilən sorğu əsasında qeyd etmişik. Mən elə başa düşürəm ki, sual birbaşa lazım yerə ünvanlanmayıb.

- Yəni demək istəyirsiniz ki, Milli təhlükəsizlik nazirliyinə ünvanlayaq...

- Hər halda bizim araşdırmamızın nəticəsi olaraq Milli təhlükəsizlik nazirliyinin rəsmi məlumatıdır ki, bu məsələ ya birbaşa ya qeyri-rəsmi olaraq dindirilmə üçün olmayıb. Ola bilər ki, hansısa kontekstdə bu söhbət olub. Amma siz dediyiniz məqamlar bizim səlahiyyət çərçivəsində olan araşdırma deyil. Biz rəsmi müraciətimizə rəsmi cavab almışıq və bunu da Avropa Yayım Birliyi də bilir və bu barədə press-reliz olub.

Ümumiyyətlə isə mən demək istəyirəm ki, və istərdim ki, dinləyicilər də mənim bu mövqeyimi bilsinlər: məsələnin hal-hazırda bizim sizinlə müzakirə etdiyimiz hissəsi artıq arxada qalan hissəsidir. Önəmli olan məsələ nədir? Bu barədə Avropa Yayım Birliyi qərar qəbul edib və bu qərar kifayət qədər ədalətli bir qərardır. Və bu qərar bu günə qədər mövcud olan prosedura qaydalarının bir az da ciddi və aydın şəkildə ortaya qoyur və önəmli olan bu qaydaya bu gündən sonra əməl olunmasıdır. Digər məsələlər isə, necə deyərlər - daldan atılan daş topuğa dəyər - yəni bu məsələlər artıq dönə-dönə həm sizin efirinizdə, həm digər Azərbaycan və beynəlxalq media qurumlarında müzakirə olunub və mənə elə gəlir ki, bu bir qədər köhnəlmiş bir mövzudur.
XS
SM
MD
LG