Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

«Bu il İslam Universitetinə qəbul tam qanuni olacaq»


Hacı Sabir Həsənli deyir ki, gələcəkdə imtahanı TQDK-nın aparması mümkündür
Təhsil Nazirliyi Bakı İslam Universitetinə 5 illik müddətə lisenziya verib. Bu haqda AzadlıqRadiosuna Universitetin rektoru Hacı Sabir Həsənli məlumat verib. Bu lisenziya ilə Azərbaycan təhsil tarixində ilk dəfə olaraq dini təhsil dövlət standartlarına uyğunlaşdırılıb. Bakı İslam Universitetinin təsisçisi Qafqaz Müsəlmanları İdarəsidir, indiyə kimi universitet lisenziyasız fəaliyyət göstərirdi.

Lisenziyalı ali məktəblər üçün tələbə qəbulunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) həyata keçirir, amma Hacı Sabir Həsənli deyir ki, Bakı İslam Universiteti bu il bu prosesi daxili testlə özü aparacaq:

«Çünki TQDK işini artıq başa çatdırıb. Buna baxmayaraq bizim həyata keçirdiyimiz qəbul tam qanuni sayılacaq».

Universitet indiyə qədər də tələbə qəbulunu daxili testlə aparırdı. Hacı Sabir Həsənli deyir ki, gələcəkdə imtahanı TQDK-nın aparması mümkündür.

Rektor bildirir ki, lisenziyanın verilməsi müsbət haldır:

«Çünki lisenziyanın olmaması məzunlarımızın həm elmi fəaliyyətlə məşğul olmasına, həm də əmək bazarında yer tutmasına mane olur. Prezident yanında Ali Attestasiya Komissiyasında bizə davamlı olaraq bildirirlər ki, tələbələrinizin elmi işlərinin təsdiqi mümkün deyil, çünki universitetin adı Təhsil Nazirliyinin siyahısında yoxdur».

Lisenziyaya uyğun olaraq, Bakı İslam Universitetində bakalavr pilləsi 4 il, magistr pilləsi isə 2 illik olacaq.

Rektor bildirib ki, bu ildən ilk dəfə olaraq magistr pilləsinə qəbul aparılacaq.

Bu ildən universitetin Mingəçevir, Zaqatala, Lənkəran və Sumqayıt filiallarına qəbul dayandırılıb. Hacı Sabir Həsəni deyib ki, filialların fəaliyyətinin bərpası gündəmdə deyil, onlar mədrəsə kimi fəaliyyət göstərəcək, ali yox, orta dini təhsil verəcəklər:

«Amma bu vaxta qədər qəbul olunan bütün tələbələr təhsilini davam etdirəcək və təhsilini müvəffəqiyyətlə başa vuran tələbələr diplomla təmin ediləcək».

Bakı İslam Universitetində 490 tələbə, universitetin Mingəçevir, Zaqatala, Lənkəran və Sumqayıt şöbələrində 650 tələbə təhsil alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG