Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 11:29

«Hakimiyyət vətənpərvərliklə alver etməməlidir»


Ərəstun Oruclu və Fəridə Əsgərova
Ərəstun Oruclu və Fəridə Əsgərova
«Hakimiyyət vətənpərvərliklə alver etməməlidir».

Bunu «Panorama» verilişində politoloq Ərəstun Oruclu deyir. O hesab edir ki, «Eurovision» mahnı müsabiqəsində Ermənistan təmsilçisinə səs verən azərbaycanlıların təqib olunması siyasi riyakarlıqdır:

«Səs verənlərdən biri də mənim oğlumdur. O, 4 xarici dildə mükəmməl danışır. Artıq Mayami Universitetinə daxil olub və iki günə Azərbaycandan getməlidir. Oğlum Ermənistan təmsilçisinə səs verməklə Azərbaycanın beynəlxalq imicini yüksəltmək istəyib. Çünki Azərbaycana qarşı bir çox vəhşiliklər törədilsə də, bizim bütün dünyada mənfi obrazımız formalaşdırılır. Biz də aqressiv davranışımızla bu təbliğatın güclənməsinə səbəb oluruq. Oğlum isə bunun əksini sübut etməyə çalışıb. Dövlət siyasi riyakarlıq etməməlidir. Azərbaycanın dövlət rəsmiləri açıqca bəyan edirlər ki, Qarabağ münaqişəsinin həlli qarşılıqlı kompromislərdən keçir. Biz ermənilərlə birlikdə yaşamalıyıq. Bəs onda MTN Ermənistan təmsilçisinə səs verən gəncləri niyə təqib edir?».

Ərəstun Oruclu deyir ki, Ermənistan təmsilçisinə səs verən gəncləri sorğu-sual etmək MTN-nin işi deyil:

«Mənim oğlumu MTN Nəsimi rayon şöbəsi çağırıb. Bir neçə ay əvvəl bu şöbənin 10-15 addımlığında Azərbaycan Dövlət Neft Akademiyasının binasına girib 10-dan çox gənci qətlə yetirdilər. Həmin vaxt hara baxırdılar? MTN dövlətin, xalqın təhlükəsizliyi ilə məşğul olmalıdır».

Ərəstun Oruclunun fikrincə, vətənpərvərliklə də alver edilməməlidir:

«Mənim həyat yoldaşım Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan ilk iş udan vəkildir. O vaxt bəzi məmurlar deyirdilər ki, bununla bütün dünyada Azərbaycan rüsvay olur. Mən başa düşmürəm. Ölkə daxilində öz vətəndaşını haqsız yerə tuta bilərsən, işgəncə yolu ilə öldürə bilərsən, ancaq səsini çıxarıb buna etiraz etmək olmaz. Çünki Azərbaycan rüsvay olacaq. Azərbaycanı məhz elə belə əməllər və belə təfəkkürlə rüsvay edirlər».

Qarabağ Azadlıq Təşkilatının sədr müavini Fəridə Əsgərova isə deyir ki, işğal edilən ərazilər geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etmək olmaz:

«Mən başa düşürəm Azərbaycanda böyük ədalətsizliklər baş verir. Ancaq yaxşı bir atalar sözü var - «Konduktorun acığına bilet alıb piyada getmək olmaz». Ermənistan Azərbaycanın ərazisini işğal edib, bizi bütün dünyada gözdən salmaqla məşğuldur. Biz onlara necə səs verə bilərik? Ermənistan təmsilçisinə səs vermək nə sənət dəyərləri baxımından, nə də vətənpərvərlik baxımından doğrudur. Məndən inciməyin, nə bütünlükdə Azərbaycanda, nə də sizin ailənizdə təlim-tərbiyə işlərinə fikir verilib».

Fəridə Əsgərova MTN-ə də müəyyən mənada haqq qazandırır:

«Düzdür, gənclər təqib edilməməlidir. Ancaq bu məsələ araşdırılmalıdır. Bəlkə, Ermənistan təmsilçisinə səs verən elə Fərda Qədirov kiminin biridir?».

MÖVZUNU FORUMDA ŞƏRH EDƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG