Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:19

Rusiya-Gürcüstan müharibəsi Qafqazda nəyi dəyişdi?


Mamuka Areşidze
2008-ci ilin avqustundakı Rusiya-Gürcüstan müharibəsindən sonra üç Qafqaz ölkəsinin münasibətləri necə dəyişib? Bu sual öz aktuallığını qoruyub saxlayır. Çünki müharibədən sonra Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətləri intensivləşib, siyasi meydanda öz maraqları olan daha bir oyunçu - Türkiyə peyda olub. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində müəyyən irəliləyişlər nəzərə çarpır.

Qafqazda yaranmış mənzərəni təsvir edən gürcü ekspertləri deyirlər ki, üç ölkənin münasibətlərində dəyişikliklər müşahidə olunur.


Qafqaz məsələləri üzrə ekspert Mamuka Areşidze regionda liderlik uğrunda mübarizəni dəyişikliyin ilk əlaməti adlandırır:

«Gürcüstan region liderliyinə iddialıydı. Müharibədən sonrakı ilk aylarda - Gürcüstan durğunluq dövründə olanda - Qafqazda liderlik uğrunda sərt mübarizə başladı».

Müharibədən dərhal sonra Türkiyə fəallaşdı, xüsusilə də Ermənistanla münasibətdə.

Areşidze deyir: «Görünür, regionda mövqeləri gücləndirmək üçün Cənubi Qafqazdakı proseslərə fəal müdaxiləni tələb edən rejim yaranıb. Ermənistanla münasibətlərin düzəlməsi hələ müharibədən əvvəl başlayıb. Ancaq müharibədən sonra vəziyyət o qədər fəallaşdı ki, Azərbaycanda qəzəb və qıcıqla qarşılandı».

Areşidze düşünür ki, Türkiyənin məqsədi Rusiya ilə birlikdə Qafqazdakı vəziyyətə nəzarət etməkdir. Ancaq birinci istəyinə çatmayıb. Bununla yanaşı, Ermənistanın Türkiyə ilə bahəm Rusiya ilə də əlaqələri fəallaşıb:

«İl ərzində Ermənistan yaxşı mənada uğurlu ticarət aparıb. O, özü Qərblə Rusiya arasında ticarət obyektinə çevrilib».

Rusiya Azərbaycanla da bu il intensiv məsləhətləşmələr aparıb. Amma onun siyasi oriyentiri tamamilə Rusiya ilə məhdudlaşmayıb. Areşidze deyir ki, Gürcüstan 8 ay ərzində bu proseslərdən kənarlaşdırılıb:

«Azərbaycanın vəziyyəti enerjidaşıyıcılar baxımından daha möhkəmdir. Bir tərəfdən, o, Rusiya ilə hesablaşıb və müəyyən miqdarda ona enerjidaşıyıcı verib, digər tərəfdən, «Nabucco» layihəsində də fəal iştirak etdiyini bildirib».

Paata Zakareişvili
Konfliktoloq Paata Zakareişvili da hesab edir ki, avqust müharibəsi hər iki Cənubi Qafqaz ölkəsini oyadıb:

«Rusiya-Gürcüstan müharibəsi Ermənistan və Azərbaycanı düşünməyə vadar edib ki, məsuliyyətsiz siyasət ölkəni hara apara bilər. Müharibədən sonra Qarabağ məsələsində müəyyən dinamika yaranıb və Rusiyanın rolu bu inkişafda dəqiq ifadə olunur. Moskvada Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi və belə demək olar ki, onlar «ağ vərəq»ə imza atdılar. Aydın oldu ki, Medvedevin maraqları tək Gürcüstana yox, həm də öz təsirini Ermənistanla Azərbaycana yaymaqdır. Ermənistan və Azərbaycan prezidentləri hansısa tutqun memorandumu imzaladı. Onu «boş vərəq» də adlandırmaq olar, çünki orada normal heç nə yazılmayıb».

Zakareişvili deyir ki, Gürcüstan-Azərbaycan münasibətlərində dəyişiklik olmayıb, lakin Mixail Saakaşvilinin Azərbaycanda keçirdiyi görüşdə müəyyən gərginlik olub. Ekspert Saakaşvilinin Ermənistana səfərini isə vəziyyəti düzəltmək cəhdi kimi qiymətləndirir:

«Yəqin, siz Saakaşvilinin Ermənistan iqtisadiyyatının çökməsi və Ermənistanın Rusiyayla birləşməsi haqda sərt bəyanatını xatırlayırsınız. Saakaşvilinin Ermənistana səfəri vəziyyəti düzəltməyə bir cəhd idi. Bu, yaxşıdan pisə yox, əksinə, pisdən yaxşıya atılan addım idi. Demək istəyirəm ki, Ermənistan, Azərbaycan və Gürcüstan arasında münasibətlər qonşu dövlətlərə xas münasibətlər deyil. Gərginlik hiss olunur və çoxlu işlər görülməlidir».

Zakareişvili deyir ki, bir vaxtlar ermənilər Gürcüstan-Osetiya münasibətlərinin girovuna çevrilmişdilər:

«Gürcüstan hədə-qorxu gəlirdi ki, Rusiya ilə viza rejimi aradan qaldırılmayana kimi «Lars» gömrük buraxılış məntəqəsini açmayacaq. Faktiki olaraq, Ermənistan şantaj olunurdu. Belə alındı ki, Ermənistanın maraqları Gürcüstan-Osetiya münasibətlərinin girovuna çevrildi. Bu da münasibətlərin gərginləşməsinə gətirdi. Saakaşvili Ermənistana səfərində «Lars»ın açılacağını, Qara dəniz sahillərindən və Rusiyadan yüklərin daşınacağını bildirdi. Bu da Ermənistanın vəziyyətini yüngülləşdirdi».

Andro Barnov
Politoloq Andro Barnov da razılaşır ki, son illər Qafqaz qonşuları arasında münasibətlər pisə doğru dəyişməyib. Ancaq müharibəyə qədərki münasibətlər bu günün reallıqlarından fərqlidir:

«Biz Ermənistan və Azərbaycanla münasibətlərdə pisləşmə görmürük. Heç bir vacib hadisə olmayıb. Ola bilsin, gərginlik, qeyri-müəyyənlik, Gürcüstanın rolunun azalması var, ancaq münasibətlər pisləşməyib».

Hazırda Azərbaycanla Ermənistan ehtiyatlı siyasət yürüdürlər:

«Aydındır ki, müharibədən sonra gərginlik artıb, dövlətlər və onların liderləri eyni hadisənin öz evlərində baş verməməsi üçün ehtiyatlıdırlar.

Barnov deyir ki, hələlik siyasi vəziyyət sonacan aydın deyil və ilkin nəticələr sual altında qala bilər, o cümlədən Cənubi Qafqazın lideri kimi Gürcüstanın mövqeyi də. Bu da son nəticədə Rusiyanın fəaliyyətindən asılıdır.

O ki, qaldı Ermənistan və Azərbaycana, ekspert hesab edir ki, vəziyyətin gərgin olmasına baxmayaraq, Gürcüstanla münasibətlərin pisləşməsi ehtimalı yoxdur:

«Biz qonşularımızdan pis münasibət, vəziyyəti qızışdıracaqlarını gözləməməliyik. Ancaq belə bir hal baş versə, Rusiya öz mövqelərini gücləndirsə, onları prinsipial mövqeyə çağırmaq çətin olacaq. Çünki son anda hər kəs öz canını düşünür. Ancaq ötən ilə baxsaq, buna bənzər heç nə baş verməyib».
XS
SM
MD
LG