Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:04

«Gürcüstana təcavüzdən sonra Azərbaycanın Rusiyadan gözü qorxub»


Vəfa Quluzadə
Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən bir il ötür.

Politoloq Vəfa Quluzadə deyir ki, Rusiyanın Gürcüstana qoşun yeritməsi vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyırdı. Bu yolla iqtisadiyyatı sürətlə çökməkdə olan Rusiya çalışırdı ki, daxildə hələ də qüvvətli olması haqda mif yaratsın:

«Rusiya indi böyük bir aqoniya içərisində olan brontozavrdır. Onun hər bir hərəkəti təhlükəlidir. Azərbaycan mümkün qədər ehtiyatlı davranmalıdır. O ki, qaldı Ermənistana, Ermənistan Rusiyanın bir hissəsidir. Ermənistan Rusiyadan kənarda heç bir addım ata bilmir. Ermənistan Türkiyəyə ümid edirdi. Düşünürdü ki, bu ölkə sərhədləri açacaq və o, Rusiyadan asılılığını bir qədər azaldacaq. Ancaq bu, baş vermir. Bu anlamda, Ermənistanın durumu Gürcüstanınkından daha acınacaqlıdır».

Politoloq Xaləddin İbrahimli isə düşünür ki, Rusiyanın ötən ilin yayında Gürcüstana hücum etməsinin daxili səbəblərlə bağlılığı olsa da, bu, həlledici amil olmayıb:

«Rusiya beynəlxalq birlikdən çəkinsəydi, daxildə durumu stabilləşdirmək xatirinə böyük risk altına girərək Qərbin açıq dəstək verdiyi bir dövlətin ərazisinə qoşun yeritməzdi. Region dövlətləri bu təcavüzdən sonra Rusiyaya qarşı ehtiyatlı yox, daha çox qorxaq davranmağa başlayıb».

Rusiya indi də Gürcüstanda daxili gərginliyi artırmaq istiqamətində addımlar atır, separatçı rejimlərə dəstək verir. X.İbrahimli bildirir ki, bu, ötən il Avropanın Rusiyanın təcavüzünə adekvat reaksiya verməməsinin nəticəsidir. X.İbrahimli düşünür ki, Rusiyanın Gürcüstanı faktiki olaraq iki hissəyə bölməsinə Qərb çox gec münasibət bildirdi. Bu səbəbdən Rusiya indi də regionda öz maraqlarını sərbəst ifadə edə bilir.

Xaləddin İbrahimli
Siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, Azərbaycan və Ermənistan müstəqillik əldə edəndən sonra həmişə Rusiya ilə mümkün qədər ehtiyatlı davranmağa üstünlük verib. Yalnız Azərbaycanda Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Rusiya-Azərbaycan münasibətlərində ciddi gərginlik yaranmışdı. Rusiyanın ötən il qərbyönümlü siyasət yürüdən Gürcüstanı cəzalandırmasından sonra isə həm Ermənistanın, həm də Azərbaycanın Rusiya siyasətində qorxaqlıq və təşviş tonları sezilir:

«Ən maraqlısı odur ki, Rusiyanın regiondakı ən sadiq müttəfiqi olan Ermənistanda da qorxu hissi yaranıb. Gürcüstana hərbi müdaxilə ilə Rusiya hakimiyyəti açıq şəkildə göstərdi ki, o, istədiyi an region dövlətlərindən istədiyini ilhaq edə bilər. Ona görə də həm Azərbaycanın, həm Ermənistanın Rusiya ilə bağlı siyasətində maksimum ehtiyatlılığı görməmək mümkün deyil».

Politoloq Vəfa Quluzadə deyir ki, Güney Qafqaz dünyanın enerji təhlükəsizliyi üçün önəmli regiondur. Bu səbəbdən Avropanın enerji təhlükəsizliyində maraqlı olan dövlətlər regionda sabitliyin hökm sürməsi üçün davamlı siyasi iradə nümayiş etdirməlidirlər. Region dövlətlərinin vəzifəsi isə siyasi situasiya ilə bağlı ən kiçik detalları belə «böyük dost»larla davamlı müzakirə etməkdir.

Siyasi şərhçi Rauf Mirqədirov bildirir ki, Rusiyanın Gürcüstana hücum etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da təsirsiz ötüşməyib:

«Rusiyanın qəflətən Gürcüstana qoşun yeritməsindən sonra həm Ermənistan, həm də Azərbaycan anladı ki, regionda hər hansı münaqişə ocağının qalması onların müstəqillikləri üçün təhlükədir».

Rauf Mirqədirov
R.Mirqədirov deyir ki, Rusiya Gürcüstana müdaxilə etməsinin səbəblərini əsasən Cənubi Osetiyadakı konfliktlə izah edirdi. Bu səbəbdən Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi nizamlanmayana qədər Rusiyanın yalnız özünə bəlli olan səbəblərə görə bu ərazilərə qoşun yeritməyəcəyinə heç bir qarantiya yoxdur.

Bakı sakinləri arasında keçirdiyimiz sorğu isə onu göstərdi ki, çoxları Rusiyanı hələ də Azərbaycan üçün təhlükə hesab edir:

- Ötən il Rusiya Gürcüstana hərbi müdaxilə etdi. Sizcə, bu, Azərbaycan üçün də gözləniləndirmi?

- Əlbəttə ki, Rusiya Azərbaycan üçün çox böyük təhlükədir. Qərb nə qədər Azərbaycanı dəstəkləsə də, o, çox uzaqdadır. Rusiyada yenə imperiyanı bərpa etmək istəyən qüvvələr qalmaqdadır. Ona görə də Rusiya Azərbaycan üçün hər zaman böyük təhlükədir...

- Rusiya böyük dövlət olsa da, məncə, Azərbaycanla münasibətləri o qədər də pis deyil. Bütün məsələlər Azərbaycan hökumətindən daha çox asılıdır...

- Rusiya Azərbaycanın ərazilərinə daxil ola bilməz. Onların Gürcüstan hökuməti ilə bir, Azərbaycan iqtidarı ilə isə tamamilə başqa münasibətləri var...

- Azərbaycan iqtidarı Rusiya ilə Qərb arasında tarazlığı qorumağa çalışır. Düzdür, bu, Rusiyaya o qədər də sərf etmir. Ancaq düşünürəm ki, Azərbaycan-Rusiya münasibətlərinin indiki iqtidarın dönəmində gərginləşəcəyi gözlənilən deyil. Baxmayaraq ki, Rusiya davamlı təhlükə deməkdir...

Şərhləri göstər

XS
SM
MD
LG