Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:40

«Həbsxana və hərbi hissələrdə demokratik seçki keçirmək mümkün deyil»


Seçki mütəxəssisi Anar Məmmədli
Seçki mütəxəssisi Anar Məmmədli
HƏBSXANA VƏ HƏRBİ HİSSƏLƏRDƏ SEÇKİ

«Həbsxana və hərbi hissələrdə demokratik seçki keçirmək mümkün deyil». Bunu Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təşəbbüsü ilə Seçki Məcəlləsinə zəruri dəyişikliklərlə bağlı keçirilən müzakirələrdə hüquqşünas Erkin Qədirli dedi. Onun fikrincə, ciddi nəzarətin hökm sürdüyü və əmrə tabe insanlar arasında keçirilən seçkilərdə saxtakarlıqlar baş verir. Hüquqşünas hesab edir ki, nə dustaqlara, nə də sıravi hərbçilərə seçkidə iştirak hüququ verilməlidir. E.Qədirlinin başqa bir təklifinə görə isə seçici siyahıları da yeni qaydada tərtib edilməlidir. Yalnız seçki ərəfəsində yenidən qeydiyyata düşən insanların səsvermə hüquqları tanınmalıdır:

- Çünki seçkiyə maraq göstərməyən insanlar, onsuz da seçkiyə gələsi deyil. Onların yerinə əslində seçkilər saxtalaşdırılır.

PROPORSİONAL SİSTEMƏ QAYIDIŞ

Erkin Qədirli seçki qanunvericiliyinin təkmilləşdirilməsi baxımından proporsional sistemə qayıdışı da zəruri sayır. Mövcud majoritar sistemdən fərqli olaraq proporsional sistemdə insanların partiya siyahısından namizədlikləri irəli sürülür. Ancaq hüquqşünas etiraf edir ki, əgər parlament seçkilərinin nəticələri hökumətin formalaşmasına təsir etməyəcəksə, proporsional sistemin heç bir əhəmiyyəti qalmır. Üstəlik, bu təklifin reallaşması yalnız Konstitusiyaya dəyişikliklərdən sonra mümkündür.

KOMİSSİYALARIN PARİTET ƏSASDA FORMALAŞMASI

Müzakirələrin təşkilatçılarından seçki mütəxəssisi Anar Məmmədli isə dedi ki, onlar beynəlxalq təşkilatların komissiyaların paritet əsasda formalaşması ilə bağlı tövsiyəsini də müdafiə edirlər. Onun fikrincə, bu, həm saxtakarlıq imkanlarını azaldar, həm də rəqabət mühitini gücləndirər:

- Bunun mexanizmi necə olmalıdır? Bu, gələcək müzakirələrdən və beynəlxalq təcrübədən asılıdır. Məsələn, Albaniya və Ukraynada seçki komissiyaları siyasi partiyaların təmsilçiliyi ilə formalaşır.

SEÇKİNİN DEMOKRATİK KEÇİRİLMƏSİ YALNIZ QANUNVERİCİLİKDƏN ASILIDIR?


Ancaq təklif müəllifləri də hesab edirlər ki, azad və ədalətli seçkilər tək qanunvericilikdən asılı deyil. Bundan ötrü hakimiyyətin iradəsi olmalıdır. Üstəlik, məhkəmələrin müstəqilliyi, azad mətbuat və güclü vətəndaş cəmiyyəti bunun qarantı olmalıdır. Hüquqşünas Ələsgər Məmmədli deyir ki, insanların sərbəst toplaşmaq azadlığı da tanınmalıdır:

- Sərbəst toplaşmanın yerləri müəyyən edilə bilməz. Bizdə isə icra hakimiyyəti yer ayırır. Əslində, sərbəst toplaşmanın icazə verilmədiyi yerlərin adları açıqlanmalıdır.

Ə.Məmmədlinin fikrincə, üstəlik, ötən il kampaniya müddətinin azaldılması da qeyri- bərabər mühitdə rəqabət imkanlarını bir qədər də azaldıb.

SİYASİ PARTİYALAR NƏ DÜŞÜNÜR?

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev isə komissiyaların paritet əsasda formalaşmasını yolverilməz sayır. O, rəsmilərin dilindən hər müzakirə vaxtı eşidilən bir tezisi yada salır: «Bu, seçkiləri pozar».

M.Quliyev əsgərlərin, məhbusların səsvermədən kənarlaşdırılması və seçici siyahılarının hazırlanma qaydasının dəyişdirilməsi haqda təklifləri də insan hüquqlarının pozulması sayır:

- Seçki hüququ elə bir hüquqdur ki, vətəndaş istəsə ondan istifadə edər, istəməsə etməz. Bunu məhdudlaşdırmaq və ya onun üzərinə vəzifə kimi qoymaq demokratik hal deyil.

Müsavat Partiyasından millət vəkili Nəsib Nəsibli isə düşünür ki, əksinə hakimiyyət keçmiş Sovetlər sisteminə qayıdış yolunu tutub:

- Hökumət artıq fərqində deyil. Qırmızı xətti keçib. Əgər vint bir qədər də burulsa, o xarab olacaq.

Nəsib Nəsiblinin fikrincə, əgər hakimiyyət qarşıdan gələn parlament seçkilərini də saxtalaşdırsa, artıq onun alternativi indiki müxalif partiyalar olmayacaq. İndidən bunun fərqində olmaq lazımdır.
XS
SM
MD
LG