Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Generalın qohumunun həbsi ilə bağlı detallar niyə açıqlanmır?


Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib

Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib

2009-cu il fevralın 11-də öldürülən Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin yaxın qohumunun həbs edilməsi haqda yayılan xəbər rəsmən təsdiq edilsə də, detallar açıqlanmır. Məlumatı Azərbaycan mətbuatı yaymışdı. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev yalnız faktı təsdiqləyə biləcəyini bildirir:

«Fuad Ağarzayev saxlanıb. Biz bu faktı təsdiq edirik. İndi faktla bağlı araşdırma aparılır. O, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında Təşkilat Səfərbərlik İdarəsinin zabitidir, polkovnik-leytenantdır. Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırma bitsin, təfərrüatlar bütünlüklə bəlli olsun, məsələ ilə bağlı açıqlanma veriləcək».

Teymur Abdullayev Fuad Ağarzayevin hansı hüquq-mühafizə orqanının keçirdiyi əməliyyat zamanı və nə zaman həbs edilməsi ilə bağlı suallarımızı da cavabsız qoydu.

MTN SUSQUNLAR SIRASINDA…

Rail Rzayevin qətli ilə bağlı açılan cinayət işinin istintaqı ilə bağlı yeniliklər haqda MTN-dən də açıqlama verilmir. Nazirliyin mətbuat xidmətinin başçısı Arif Babayevin sözlərinə görə, istintaqla bağlı bütün açıqlamaları ictimaiyyətə Respublika Prokurorluğu açıqlayacaq.

ÖLKƏ PROKURORLUĞU ZAMANA EHTİYAC DUYUR…

Ölkə prokurorluğunun mətbuat katibi Eldar Sultanov isə hələlik ictimaiyyətə yeni informasiyaların açıqlanması zamanının çatmadığını bildirir. Eldar Sultanov onu da deyir ki, generalın qətli ilə bağlı mətbuatda gedən informasiyaların heç də hamısı dəqiq deyil. Ziddiyyətli məqamlara isə istintaq qrupunun növbəti açıqlamasında aydınlıq gətiriləcək:

«Qısaca onu deyə bilərəm ki, bu işin istintaqını aparan hüquq-mühafizə orqanları uyğun açıqlama verəcək».

AĞARZAYEV GENERALIN QƏTLİNƏ GÖRƏ SAXLANMAYIB?

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə bildirir ki, Fuad Ağarzayevin haqqında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı xəbərləri mayın 21-də alıb. Ü.Cəfərovun sözlərinə görə, Fuad Ağarzayevlə yanaşı MN-nin daha bir neçə yüksək rütbəli zabitini istintaqa cəlb edilib. Onların bir neçəsi haqda 1 aylıq həbs tədbiri də seçilib. Ancaq bu həbslərin Rail Rzayevin ölümü ilə heç bir bağlılığı yoxdur. MN-nin xəbərləri ictimaiyyətdən gizli saxlaması faktla bağlı dəqiq olmayan informasiyaların yayılmasına səbəb olub.

«Ağarzayevin həbsi generalın ölüm işini araşdıran istintaq qrupunun əlavə xüsusatları ortaya çıxarmasının nəticəsidir. Həbslər həqiqi hərbi xidmətə çağırış zamanı bəzi çağırışçıların müəyyən maraqlar çərçivəsində konkret hərbi hissələr yerləşdirilməsi, konkret desək rüşvət faktı ilə bağlıdır. Burada Fuad Ağarzayevin generalın ölümünün sifarişçisi, yaxud sifarişçilərindən biri olmasından söhbət gedə bilməz».

Ü.Cəfərov fikirlərini onunla əsaslandırır ki, generalla qohumluq əlaqələrinə görə Fuad Ağarzayev MN sistemində nüfuz qazanmışdı və onun özünü belə bir dayaqdan məhrum etməsi ağlabatan deyil.

GENERALIN YAXINLARI ARASINDA DAHA KİMLƏR VAR?

Üzeyir Cəfərovun sözlərinə görə, istintaqçılar Fuad Ağarzayev və başqa zabitləri generalla yaxın münasibətləri olan bir neçə şəxsi dindirdikdən sonra həbs edib. Bu şəxslər arasında bir qadının olduğu haqda da versiyalar var.

Bir müddət öncə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov qətlin istintaqı ilə bağlı mediaya açıqlamasında bildirmişdi ki, istintaqçılar əsasən 4 versiya üzərində işləyir. Faktla bağlı indiyə qədər yalnız Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev həbs edilib.
XS
SM
MD
LG