Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:12

«Əbiyev vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb»


Eldar Sabiroğlu Səfər Əbiyev barədə yayılan xəbəri «böhtan, təxribat, uydurma» adlandırıb

Eldar Sabiroğlu Səfər Əbiyev barədə yayılan xəbəri «böhtan, təxribat, uydurma» adlandırıb

«Yeni Müsavat»: «Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin evinin yaxınlığında qətlə yetirilməsindən 7 gün keçir. Xəbər verdiyimiz kimi, qətllə bağlı Hərbi Prokurorluqda qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah gəzdirmə, daşıma, istifadə etmə maddələri ilə cinayət işi başlanıb. Lakin bu günə kimi general-leytenantın qətlinin təfərrüatları, onun kim tərəfindən sifariş edilməsi, ümumiyyətlə hadisənin hansı zəmində baş verməsi barədə rəsmi açıqlama yoxdur.

Redaksiyamıza daxil olan xəbərlərdə S.Əbiyevin qanuna müvafiq olaraq, qətldən sonra tutduğu vəzifədən müvəqqəti olaraq uzaqlaşdırıldığı qeyd olunur. Bildirilir ki, yalnız istintaq bəzi suallara cavab tapandan sonra S.Əbiyevin vəzifəsinin icrasına başlayacağı mümkün olacaq.
Bu məsələ və ortaya çıxan suallarla bağlı ilkin olaraq Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq. E. Sultanov rəhbərlik etdiyi xidmətdə bu barədə hər hansı bir məlumatın olmadığını dedi.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə nazir Səfər Əbiyevin istintaq dövründə müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılması xəbərini təxribat adlandırdı: «Yayılan xəbərlər böhtan, təxribat, uydurmadır. Kim bunu özündən çıxarıb, çox maraqlıdır. Əsası olmayan bir məsələnin bu şəkildə uydurulması acı təəssüf doğurur. Səfər Əbiyev bu həftə ölkəyə qayıdacaq. Gələn kimi bu barədə mətbuata açıqlama verəcəyik. Səfər Əbiyev ölkəyə qayıdandan sonra görəcəksiniz ki, bu məsələnin heç bir əsası yoxdur.

Suallarımız sona çatandan sonra E.Sabiroğluna təşəkkür edib dəstəyi asmaq istəsək də, xidmət rəhbəri «mənə elə gəlir ki, bu xəbər daha çox sizin qəzetin uydurmasıdır» deyib, bu replikasının da çap olunmasını istədi.

«Azadlıq»: «Generalın qətlində Türkiyə izi ola bilərmi?» Deyilənlərə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu versiyanı inandırıcı hesab etmir. Ergenkonun özünün nə günlərə qaldığı bir vəziyyətdə bir-birinin ardınca həbslər aparılan vaxtda kimisə göndərib burda nəsə etməyi inandırıcı görünmür. Rail Rzayev nəyi aça bilərdi? Kim onun izinə düşə bilərdi? Sadəcə olaraq, bu versiyalardan biridir. Düzdür bu versiya tam sıradan çıxmır. Bəlkə Türkiyədə kimlərsə fikirləşib ki, həqiqətən də gəlib Rail Rzayevi danışdırsınlar, danışmazdan əvvəl də onu aradan götürüblər. Deyirlər ölümdən bir gün əvvəl də hərbi prokurorluğa çağırılıb. Hər şey mümkündür. Harada ki, həm pul, həm də çəkişmələr var, nə desən ortalığa çıxa bilər. Amma qətlin məhz Ergenkonla bağlı olması inandırıcı görünmür».

«Bizim yol»: «Bölgə yeni Türkmənçaya doğru gedir». Bunu qəzetə müsahibəsində Həmid Herisçi deyib: «Əvvəla mövzu mənim üçün gözlənilməz olmadı. Ona görə ki, generalın qətli ilə əlaqədar məqalə yazmışam. Maraqlı odur ki, bu qətl ilə əlaqədar məqalə yazıram, bir həftə sonra dərc olunacaq və qəfil xəbər çıxır ki, generalı masonlar öldürüb. Düşünürəm ki, Türkiyə xüsusi xidmət orqanları generalın öldürülməsi ilə əlaqədar Azərbaycana təzyiq göstərmək istəyirlər. Ona görə ki, belə bir iddia var idi, qonşu ölkə, Rail Rzayevin yerinə öz adamın qoymaq istəyir. Əvvəl mövzu ondan başladı ki, Rail Rzayevin yerinə bir türk hərbçisi təyin edilməlidir. Hələlik bu iddiaya «bəhanə» də demək olar. Məncə, Türkiyə mətbuatının son iddiası da siyasi sifarişdir. Yeni Türkmənçay müqaviləsinə doğru gedirik. Türkmənçayda müəyyən edilmiş nüfuz dairəsi indi Qarabağ konusu ilə əlaqədar yeni geostrateji cizgilər alacaq».

«Yeni Azərbaycan»: «Yeni Azərbaycan» təşviqat qrupunun əsas şüarı «Güclü dövlət naminə»dir. Bu haqda Mübariz Qurbanlı öz fikirlərini bildirib: «Bizim təşviqat materiallarımız faktiki olaraq hazırdır və kampaniya başladığı andan onlar geniş şəkildə əhaliyə çatdırılacaq.
«Yeni Azərbaycan» təşviqat qrupunun yerli rəhbərlərinin ümumrespublika müşavirəsini keçirmiş və həmin müşavirədə qarşıda duran vəzifələri müəyyən etmişik. Bir daha qeyd edim ki, «Yeni Azərbaycan» təşviqat qrupu cəmiyyətin əsas siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaratdığı təşviqat qrupu olaraq, partiyanın bütün fəallarının fəaliyyətindən və onların bu işə verəcəkləri töhfədən tam şəkildə yararlanacaq. Hamıya bildirilib ki, YAP-ın 500 mindən artıq üzvü var və cəmiyyətin ən intellektual nümayəndələri bu partiyada birləşiblər».

«Üç nöqtə»: Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov maliyyə probleminin sahibkarlar arasında ciddi narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, sahibkarlıq subyektləri artdıqca maliyyə çatışmazlığı yaranır ki, bu da nəticə etibarı ilə sahibkarlığın inkişafına mənfi təsir göstərir.

Sahibkarları ən çox maliyyə probleminin narahat etdiyini deyən qurum nümayəndəsi bunun həm subyektiv, həm obyektiv səbəblərinin olduğunu bildirdi: «Qlobal maliyyə böhranı kommersiya banklarından kreditlərin ayrılmasını dayandırıb. Sahibkarlığa Kömək Milli Fondundan ayrılan vəsaitlərin həcminin aşağı olması isə iş adamlarının fəaliyyətlərini genişləndirməyə kifayət etmir. Bunun üçün ayrılan maliyyənin həcmi artırılmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG