Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:21

Röya Tağıyeva: «Quba xalçalarını, sadəcə, Qafqaz xalçaları kimi tanıdırlar...»


Quba xalçası
Quba xalçası

«İz» bu dəfə dünya muzeylərinin Azərbaycan xalçalarına marağından söz açır. Bələdçi Dövlət Xalça və Tətbiqi Sənət Muzeyinin direktoru Röya Tağıyevadır.


AZADLIQ: Röya xanım, dünyanın ən nadir muzeylərindən birinə rəhbərlik edirsiniz. Həmin muzeyin yaranma tarixçəsini «Azadlıq» radiosu dinləyicilərinə qısaca xatırlada bilərsinizmi?


RÖYA TAĞIYEVA: Dövlət Xalça Muzeyi 1967-ci ildə yaradılıb. Gələn il 40 yaşı tamam olur. Yarandığı gündən beynəlxalq aləmdə maraq doğurub və indiyədək bu muzeyin çox geniş əlaqələri formalaşıb.


AZADLIQ: Son aylar muzeyinizə yeni binanın tikilməsi barədə xəbərlər yayılıb. İndiki yeriniz darısqaldır, yəqin...


RÖYA TAĞIYEVA: Tamamilə doğrudur. Paytaxtın lap mərkəzində ayrıca bina ayrılıb. İnşallah, 40 illik yubileyi də orada qeyd edəcəyik. Həm elmi bilgilər, həm xalça-xalı örnəkləri, həm toxuculuq sənətinin incəliklərini, Azərbaycandakı özəlliklərini, bir sözlə, milli xalçaçılıq sənətinə dair dolğun faktları sərgiləyəcək bir muzey olacaq. İnformasiya texnologiyası baxımından da problemimiz olmayacaq.


AZADLIQ: Azərbaycan xalçaçılıq məktəbləri və onların özəllikləri barədə bilgilərimizi artırmağa yardım edin. Məsələn, Quba xalçası ilə Təbriz xalçasının nə fərqi var?


RÖYA TAĞIYEVA: Quba, Qazax, Şirvan, Təbriz məktəbləri öz təbii özəlliklərinə görə fərqlənir. Başqa sözlə, regionun dağlıq, dağətəyi, aran zonasında olması, xalça ipliyinin alınmasında istifadə olunan qoyun yununun xassələri toxunan xalçaya da iz salır. Soyuq iqlimdə toxunan xalçalar, kilimlər daha xovlu və daha qalın olur. Bəlkə daha qaba və daha sərt də deyə bilərik. Bakı-Quba zonasının xalçaları nisbətən zərif olur, deməli, daha nazik, daha incə. Bu baxımdan Quba xalçası ilə Təbriz xalçası arasındakı fərq də ilk baxışda gözə çarpır. Urbanizasiyanın yüksək səviyyəyə çatdığı, miniatür məktəbi ilə bütün dünyada ad çıxaran Təbrizin, təbii ki, xalça məhsulları da öz naxışına, kompozisiyasına, ölçüsünə, rəng və rəsmlərin mürəkkəbliyinə görə diqqəti cəlb edir. Sadəcə, istifadə və ya əsasən satış üçün hazırlanan yüksək zövqlü xalçaların fərqi danılmazdır.


AZADLIQ: Muzeyinizin tamaşaçı sarıdan problemi yoxdur ki? Daha çox kimlər təşrif buyurur?


RÖYA TAĞIYEVA: Yer və şərait öz təsirini göstərir. Əsasən xaricilərin gəldiyi danılmazdır. İnşallah, yeni binamız olandan sonra elmi əməkdaşların, tələbələrin, bütövlükdə gənclərin, eləcə də xalça toxumağa başlayanların sevimli yeri olacaq bizim muzey.


AZADLIQ: Röya xanım, gələk ötən həftə yayılan şad xəbərə: Vaşinqton Toxuculuq Muzeyi ilə əməkdaşlıq nə verəcək bu muzeyə?


RÖYA TAĞIYEVA: Xalçalarımız öz adı ilə tanınacaq. İndi dünya muzeylərinə getsəniz, tutalım, Quba xalçasını Qafqaz xalçası, Təbriz xalçasını isə İran xalçası kimi tanıdırlar. İndentifikasiya problemi həllini tapacaq. Birgə əməkdaşlıq dünya muzeylərində saxlanan nadir abidələrimizi öz vətənimizdə də tanıtmaq imkanı yaradacaq. Nəticə etibarilə, söhbət Azərbaycan mədəniyyətinin danılmaz və misilsiz qolu olan xalçaçılığın daha dərin öyrənilməsindən, birgə araşdırmalardan, milli identifikasiya problemini çözmək cəhdlərindən gedir. Xalçalarımızın qorunma, saxlanma problemləri də həllini tapır.


AZADLIQ: Son sual, Röya xanım: Azərbaycan xalçaları olmasaydı, sizcə, mədəniyyətimiz nə itirərdi?


RÖYA TAĞIYEVA: Toxuculuq sənəti mədəni inkişafın bəlli mərhələsidir. Hər bir xalça tarixdir, xalqın mental tarixidir, onun mədəniyyət güzgüsüdür. Azərbaycan xalçaları təkcə bizim deyil, bütün mədəni dünyanın danılmaz sərvətidir. Onun olmaması dünyanın mədəni simasında diləgəlməz boşluq yaradardı.


Buna da bax:

XS
SM
MD
LG