Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 18:25

Ağır faciə, yoxsa terror?


Tələbələr silahlının hücumundan sonra şokdadırlar, Bakı 30 aprel2009
Tələbələr silahlının hücumundan sonra şokdadırlar, Bakı 30 aprel2009
Hüquq mühafizə orqanları Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisəylə bağlı ilkin məlumat yayıb. Məlumatda deyilir ki, Gürcüstan vətəndaşı olan Fərda Qədirov «Makarov» tipli tapança ilə akademiyanın ikinci korpusunda, birinci mərtəbədən altıncı mərtəbəyə qədər qarşısına çıxan şəxslərə atəş açıb.

Nəticədə 13 nəfər ölüb, 13 nəfər də yaralanıb. Faktla bağlı xuliqanlıq niyyəti ilə adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə, iki və daha çox şəxsi öldürmə və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə maddələri ilə cinayət işi açılıb. Rəsmi məlumatda məhkəmə-tibbi, məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertiza keçirildiyi bildirilsə də, cinayətin motivi barədə danışılmır.

Prezident İlham Əliyev isə həlak olanların ailəsinə baş sağlığı verərkən hadisəni faciə adlandırıb. O nə terrora nə də, ölkədə sabitliyi pozmaq istəyən hər hansı bir qüvvəyə işarə vurub. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə hadisəni təsadüf adlandırıb. Əli Həsənovun fikrincə bu ölkədə ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrin əməli deyil.

Ekspertlər isə rəsmi məlumatları həm yarımçıq, həm də bir sıra hallarda ziddiyyətli adlandırırlar. Vaxtilə Mili Təhlükəsizlik Nazirinin müavini işləmiş Sülhəddin Əkbər deyir ki, baş verən hadisənin xuliqanlıq məqsədilə törədildiyini söyləmək yanlışlıq olardı:

«Diqqəti çəkən məqam cinayətkarın sərrast atəşlər açmasıdır. Qurbanlar əsasən başlarından güllə alıblar. Xüsusi diqqəti çəkən bir məqam da silahın xüsusi olaraq hazırlanmasıdır. Cinayətkar xuliqanlığa belə hazırlıq görməzdi».

Sülhəddin Əkbər düşünür ki, qatilin üzərindən tapılan sənəd saxta da ola bilər. Onun fikrincə cinayətin motivinin müəyyənləşməsi üçün qatilin həm şəxsiyyəti, həm də sağlıq durumu dəqiq aydınlaşdırılmalıdır. Sülhəddin Əkbər düşünür ki, ilkin rəsmi məlumatlar daha çox siyasi xarakter daşıyır:

«Terror olan ölkədə sabitlikdən danışmaq yersizdir. Ona görə də onlar bəzən terror olduqda belə ehtiyatlı mövqe sərgiləyirlər. Daha çox cinayətləri başqa maddələrlə tövsif edirlər. Çünki siyasi məqsədlər güdülür».

Bakı Dövlət Universitetinin Kriminalistika kafedrasının müdiri Kamil Səlimov isə rəsmi məlumatda baş verən hadisənin terror kimi xarakterizə edilməməsini təbii qarşılayır:

«Təhqiqat və axtarış orqanları hələ ki, ilkin istintaq aparırlar. Bu cinayət işi də ilkin istintaqa əsasən açılıb».

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, bu faciə həm ölkədə, həm də bölgədə çox ciddi siyasi hadisələrin cərəyan etdiyi bir dövrə təsadüf edir. Azərbaycanda artıq siyasi mübarizəyə imkan verilməməsi bir yana, məscidlər də bir-birinin ardınca bağlanmaqdadır. Bu baxımdan o ölkədə ağır terror hadisələrinin törənə biləcəyini istisna etmir. Bununla belə Azər Rəşidoğlu düşünür ki, hələ bu hadisəyə qiymət vermək çox tezdir. Ancaq o düşünür ki, bu faciənin arxasında çox ciddi siyasi səbəblərin durub-durmadığı hələ məlum olmasa da, ondan bəzi qüvvələrin bəhrələnmək istəməsi göz önündədir:

«Nəzərə alın ki, bu məlumat yayılan kimi şəhərin başqa yerlərində də ağır terror hadisələrinin olması ilə bağlı məlumatlar yayıldı. Bu əhalini vahiməyə salmaq idi. Şübhəsiz ki, bundan Azərbaycana dost olmayan ölkələrin xüsusi xidmət orqanları da istifadə edirdilər».

«Femida-007» qəzetinin redaktoru Əyyub Kərimov isə düşünür ki, bu faciənin bütün halda məsuliyyəti hüquq mühafizə orqanlarının üzərinə düşür:

«Ona görə də prezident qarışdı-qarışmadı hüquq mühafizə orqanlarının rəhbərləri istefa verməlidir».

Əyyub Kərimov yada salır ki, rəsmi məlumatlara görə, jurnalist Elmar Hüseynovu da Gürcüstan vətəndaşı olan azərbaycanlılar qətlə yetirilib. Onun fikrincə, nə qədər ki, siyasi qətl və terror hadisələrinin üstü açılmır Azərbaycan hüquq mühafizə orqanlarına arxayın olmaq mümkün deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG