Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:48

Hərbi çağırışda yeniliklər


Müdafiə Nazirliyində bildirirlər ki, hərbi çağırışla bağlı bütün yeniliklər haqda ictimaiyyətə mayın 1-də xəbər veriləcək.
Müdafiə Nazirliyində bildirirlər ki, hərbi çağırışla bağlı bütün yeniliklər haqda ictimaiyyətə mayın 1-də xəbər veriləcək.
Rəsmilər «Hərbi çağırış haqqında» qanuna hər hansı dəyişikliyin nəzərdə tutulmadığını bildirsələr də, vətəndaşlar deyir ki, orduya çağırış qaydaları dəyişdirilib. Başqa sözlə, indiyə qədər olduğu kimi daha çağırışçıların hərbi hissələrə yerləşdirilməsini hərbi komissarlıqlar deyil, Müdafiə Nazirliyi həyata keçirir.

Oğlu aprel çağırışında hərbi xidmətə yollanan Fəridə Qocayeva deyir ki, övladının daha normal şərtləri olan hərbi hissəyə yerləşdirilməsi üçün rüşvət vermək istəsə də, onların bu təkliflərinə gözləmədikləri halda qanunla cavab veriblər:

- Hərbi komissarlıqlarda heç kim pul götürmür. Bizə dedilər ki, Müdafiə Nazirliyində bütün proses elektronlaşdırılıb. Kompyuterlər necə böləcəksə, çağırışçılar həmin hərbi hissələrdə xidmət keçəcəklər. Yəni hamı Allah ümidinə qalıb. Pul işləmir bu il.

Müdafiə Nazirliyində (MN) isə bildirirlər ki, hərbi çağırışla bağlı bütün yeniliklər haqda ictimaiyyətə mayın 1-də xəbər veriləcək. İndiyə bəlli olan odur ki, nazirlikdə qaynar xətt yaradılıb. Hər hansı vətəndaşın hərbi komissarlıqlarda çağırış prosesi ilə bağlı problemi varsa, Müdafiə Nazirliyinə operativ informasiya ötürə bilər. MN-in mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu:

- Qaynar xətt yaradılıb. Tərbiyəvi İşlər İdarəsində müraciətləri, şikayətləri qəbul edib ciddi araşdırırıq. Qaynar xəttimizə isə yüzlərlə şikayətlər gəlir.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Pənah Hüseyn isə deyir ki, Müdafiə Nazirliyinin hərbi çağırış qaydalarına dəyişiklik etməsi qanun pozuntusu deyil. Bu məsələlər Nazirlər Kabinetinin təsdiq etdiyi normativ aktlar əsasında aparılır. P.Hüseyn deyir ki, indiyə qədər cəmiyyətdə hərbi çağırışda korrupsiya faktlarının olması ilə bağlı ciddi söhbətlər gedib və bu faktlar həqiqətən var. Ancaq deputat proqnozlaşdırır ki, yeni modeldə rüşvət faktoru nisbətən azala bilər:

- Builki çağırış haqda gələn xəbərlərdə də bir sıra hallarda rüşvət faktorunun olması yer alır. Belə görünür ki, Azərbaycanda indiki siyasi rejimin dönəmində bu öldürülməsi mümkün olmayan əjdahadır. Ancaq yeni modelin korrupsiya faktlarını bir qədər azaltması haqda da xəbərlər var. Bunu da mən hələlik yeni əlaqələrin, yeni münasibətlərin, yeni tanışlıqların qurulmaması ilə bağlayıram.

P.Hüseyn bildirir ki, qarşıdakı çağırışlarda hökumətin hərbi çağırış qaydalarına məhz hansı məqsədlə dəyişiklik etməsi bəlli olacaq.

Hərbi ekspert Üzeyir Cəfərov isə düşünür ki, bu, daha çox siyasi qərardır və rüşvət faktorunun mərkəzləşdirilməsi məqsədi daşıyır:

- Heç kim şübhə etməsin ki, bu gün hərbi komissarlıqlara gedən valideynlər çox asanlıqla öz övladlarının şəraitini yaxşılaşdırmaq üçün Müdafiə Nazirliyinin yerlərdəki hərbi hissələrinin komandirləri ilə anlaşacaqlar. Hərbi hissələrdə rüşvət faktoru onsuz da var idi, indi bir qədər də artacaq. Bir qrup mütəşəkkil dəstə bu məsələləri yenə də həyata keçirir. Ona görə də bu işlərin hərbi komissarlıqlardan alınıb Müdafiə Nazirliyinin birbaşa tabeliyinə verilməsinin bu sahədə rüşvəti azaldacağını düşünmək sadəlövhlükdür.

Ü.Cəfərov düşünür ki, imkanlı şəxslərin övladlarının Müdafiə Nazirliyinin ümumi bölgüsü üzrə hərbi xidmət keçəcəyi inandırıcı deyil. Ekspert bu məsələnin ciddi araşdırılması üçün cəmiyyətin orduya şəffaf nəzarət mexanizminin yaradılmasını vacib sayır. Onun sözlərinə görə, əgər çağırışdan 2-3 ay sonra hərbi hissələrdə şəxsi heyətin siyahısının yoxlanması üçün ictimai qurumlara şərait yaradılsa, o zaman hərbi çağırışda hansı qanun pozuntularının olduğu dəqiqliklə ortaya çıxar.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG