Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:42

«Nə Rusiyanın, nə də ABŞ-ın müstəqil ölkəyə diktə etməyə haqqı var»


«21-ci əsrdə təsir ideyaların və mədəniyyətlərin gücündən gəlir»
«21-ci əsrdə təsir ideyaların və mədəniyyətlərin gücündən gəlir»
«Amerika inanır ki, Azərbaycan, Ukrayna, Ermənistan, Moldova və bütün müstəqil dövlətlər 21-ci əsrdə öz yolunu seçməlidirlər. Nə Rusiyanın, nə ABŞ-ın, nə də üçüncü başqa dövlətin azad və müstəqil ölkəyə diktə etməyə haqqı var».

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi aprelin 27-də Bakı Slavyan Universitetində «Amerika-Rusiya münasibətləri» ilə bağlı çıxışında bildirdi ki, Rusiya və Britaniya imperiyası Azərbaycandan, Qafqazdan başlayaraq Orta Asiyaya qədər olan əraziləri nəzarətdə saxlamaq üçün həmişə rəqabət aparıb:

«Hətta indi də xarici müxbirlər Rusiya, ABŞ və İranın rəqabət apardığı yeni «böyük oyun» haqqında mülahizələr irəli sürür. Mən bildirmək istəyirəm ki, heç bir «böyük oyun» yoxdur. Azərbaycanın və bu bölgənin bütün müstəqil və suveren dövlətlərinin gələcəyi bir oyundan asılı ola bilməz. Siz gələcəyinizi özünüz müəyyən etməlisiniz, bunu nə Moskva, nə Vaşinqton, nə də bir başqası edə bilər».

Səfirin fikrincə, ancaq bu, o demək deyil ki, Azərbaycan adadır və nə Amerika, nə də Rusiya bura heç bir təsir göstərə bilməz:

«21-ci əsrdə təsir ideyaların və mədəniyyətlərin gücündən gəlir. Ticarət, sərmayə, təhsil və əməkdaşlıq, bunlar təsir qüvvələridir».

Politoloq Hikmət Hacızadə isə deyir ki, səfirin bu çıxışı Rusiyanın Azərbaycanı təsir altına almaq istəyindən və bu istəyin gerçəkləşmə ehtimalından narahatçılığı ifadə edir:

«Bu, etirazdır. Rusların yaxın qonşuluq adlı konsepsiyası var. Yəni keçmiş sovet respublikaları bizim nüfuz dairəmizdir və biz burda prioritetdəyik. Buna etiraz olaraq amerikalılar mütəmadi deyirlər ki, biz bu konsepsiyanı tanımırıq, bu ölkələr azaddır».

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə başqa cür düşünür:

«Mən düşünmürəm ki, Azərbaycan hökuməti Rusiyaya meyllənib. Nəyə görə, Rusiya Azərbaycana, Azərbaycan Rusiyaya nəsə deyirsə, bu, Azərbaycanın kursunun dəyişməsi olur. Azərbaycan balanslaşdırılmış kursdan geri çəkilsə, bu, Azərbaycanın hərtərəfli inkişafına da, gələcək təhlükəsizliyinə də ziyandır. ABŞ istəyir ki, Rusiya üzərinə belə bir öhdəlik götürsün ki, Rusiya heç bir dövlətin daxili işlərinə qarışmayacaq».

Enn Dersi ABŞ-Rusiya münasibətlərinin inkişafından danışanda isə tərəfdaşlığın bir neçə sahəsini açıqladı:

«Nüvə silahlarının sayını azalda bilərik. Strateji Silahların Azaldılması Sazişinin müddəti bu ilin sonunda başa çatır. Prezident Obamanın və prezident Medvedevin gündəliyində ilkin məsələlərdən biri bu sazişin yenidən imzalanması və silahların sayının azaldılmasıdır. Dünyada mövcud olan nüvə silahlarının 95 faizi məhz Rusiya və ABŞ-a məxsusdur. İkincisi, biz nüvə silahlarının yayılmasının qarşısını ala bilərik. Üçüncüsü, Əfqanıstana dair birgə marağı bölüşürük».

E.Dersi bildirib ki, bütün bunlar hələ o demək deyil ki, iki ölkə hər bir şeyə dair razılıq əldə edəcək:

«Arada bir neçə real fikir fərqliliyi və ciddi narahatlıqlar var. Misal üçün, ABŞ Rusiyanın ötən ilin avqustunda Gürcüstanda həyata keçirdiyi fəaliyyətini, Cənubi Osetiya və Abxaziya rejimlərini tanımasının əleyhinə çıxış etməkdə davam edir. Biz Rusiyanı atəşkəs rejiminə hörmətlə yanaşmağa, bütün hərbi qüvvələri geri çəkməyə, humanitar yardımın Gürcüstanın bütün bölgələrinə çatdırılmasına imkan yaratmağa çağırırıq».
XS
SM
MD
LG