Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:40
Bundan sonra daha çox Azərbaycan nefti Rusiya vasitəsilə dünya bazarına çıxarıla bilər – «Trend» agentliyi xəbər verir ki, Moskvada Rusiya prezidenti Medvedevlə görüşündən sonra Azərbaycan rəhbəri İlham Əliyev deyib ki, Bakı-Novorossiysk kəməri ilə nəql edilən neftin həcmi gələcəkdə artırılmasına ümid edir. Bu həmin Bakı-Novorossiysk kəməridir ki, Bakı-Ceyhan kəməri işə düşəndən sonra onun «fatihə»sinin verildiyini deyənlər vardı. İlham Əliyev deyib ki, Rusiya ilə qaz sahəsində də əməkdaşlıq genişlənə bilər.

«Bizim tərəfimizdən qaz sahəsində əməkdaşlıq məsələsində heç bir məhdudiyyət yoxdur və ola da bilməz. Azərbaycan üçün bu sahədə əməkdaşlıq həm də qaz ixracı yollarının müxtəlifləşdirilməsi elementidir. İndi bizim qaz qərb istiqamətində dünya bazarına çıxarılır. Bu baxımdan bütün ölkələr kimi bizim üçün qazımıza yeni bazarlar tapmaq böyük maraq kəsb edir».

Medvedev isə öz növbəsində deyib ki, Azərbaycan qazının alınması ilə bağlı sövdələşmənin baş tutması ehtimalı çox böyükdür. Azərbaycanın Rusiya ilə neft-qaz sahəsində yeni intensiv danışıqlara başlamasını təsadüf saymayanlar da var. Bəzi ekspertlər bunu Ermənistanla sərhədlərin açılması istiqamətində danışıqlar aparan Türkiyəyə və buna dəstək verən Qərb ölkələrinə cavab olduğunu da deyirlər.

Amma Rusiya ilə Azərbaycanın münasibətlərində yeni məqamlar sərhəd qalmaqalının davam etdiyi axır həftələrdə ortaya çıxmayıb.

Keçən ilin payızında – Cənubi Osetiya münaqişəsindən sonra Medvedevin təşəbbüsü ilə
Rusiyanın, kobud desək, Ermənistanı satmadan beynəlxalq hüquq normaları çərçivəsində Qarabağ problemini həll etmək, Qarabağı Azərbaycana qaytararaq bu razılaşmanın əsas hamisi rolunda çıxış etmək imkanları var
Azərbaycan və Ermənistan liderləri Moskvada görüşüb Qarabağ münaqişəsinin dinc yolla həlli haqda bəyannamə imzaladılar.

Məhz buna görə də «böyük alver» - Azərbaycanın Rusiyaya enerji sahəsində güzəştləri əvəzində Moskvanın da Qarabağ probleminin həllinə kömək edəcəyi haqda ehtimallar səslənməyə başlayıb.

Politoloq Zərdüşt Əlizadə deyir ki, belə bir alver nəzəri cəhətdən mümkündür, çünki Rusiya həm Qarabağ münaqişəsi, həm iqtisadi rıçaqlar, həm hakimiyyətdə olan «Qarabağ klanı» vasitəsilə Ermənistana ciddi təzyiq etmək imkanları var. Amma politoloq düşünür ki, Rusiya rəhbərliyinin buna gedəcəyi ehtimalı 50-nin 50-yədir.

«Rusiyanın, kobud desək, Ermənistanı satmadan beynəlxalq hüquq normaları çərçivəsində Qarabağ problemini həll etmək, Qarabağı Azərbaycana qaytararaq bu razılaşmanın əsas hamisi rolunda çıxış etmək imkanları var. Bunun üçün ağıl, cəsarət, uzaqgörənlik lazımdır. Əgər Rusiya bunu nümayiş etdirsə, udur. Qazı da alır, milyardlar da qazanır, Avropanın qaz inhisarçısı olaraq qalır, Mərkəzi Asiyanı da öz nəzarətində saxlayır. Bunun üçün cəsarət, uzaqgörənlik lazımdır, amma bir məsələ açıq qalır ki, Rusiya rəhbərləri buna qadirdirmi?»

Politoloq Rasim Musabəyov isə deyir ki, bəzi qəzetlərin yazdığı kimi məsələni «qaz əvəzində Qarabağ» ifadəsi çərçivəsinə yerləşdirmək «çox sadəlövh və mahiyyətdən uzaq» yanaşmadır.

O hesab edir ki, Qarabağ danışıqları elə bir mərhələyə gəlib çatıb ki, hamı konfliktin bundan sonra dondurulmuş vəziyyətdə qalmasının mümkünsüzlüyünü anlayır. Belə getsə, münaqişənin yenidən alovlanması riski arta bilər.

«Hamı anlayır ki, Qarabağ münaqişəsinin tam həlli də olmasa, indiki situasiya dəyişməli, ortada bir irəliləyiş olmalıdır və hamı bu məsələyə hansısa formada dəstək verməklə özü üçün əlavə mənfəət götürmək istəyir – Rusiya da, Qərb də. Azərbaycan isə məncə götür-qoy edir ki, nə dərəcədə o dövlətlərin maraqlarını nəzərə almaq Azərbaycan üçün məqbuldur və onların dəstəyi problemin nə dərəcədə Azərbaycanın maraqları çərçivəsində həllinə kömək edə bilər».

Həmçinin bax:

«Kommersant» qəzeti: «Rusiya Azərbaycana silah sata bilər»

Şərhləri göstər

XS
SM
MD
LG