Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:39

Dövlət Neft Şirkətinin müəssisələrində ixtisarlar aparılır


«Makdermot» şirkətinin işçiləri, noyabr 2005
«Makdermot» şirkətinin işçiləri, noyabr 2005
«Bu biabırçılığın sonu sosial partlayış olacaq. İş yoxdursa, nə etməlisən…»

Bu, xarici neft şirkətlərindən birinin keçmiş işçisi Şadkamal Bağırovun fikirləri idi. O deyir ki, 2008-ci ilin sentyabrında 600-dək işçi «Makdermot» şirkəti ilə birlikdə axırıncı işi təhvil verəndə onlara tezliklə başqa layihələr olacağını vəd etmişdilər. Ancaq son vaxtlar Dövlət Neft Şirkətinin (DNŞ) müəssisələrində gedən ixtisarlar, işçilərin təqaüdə göndərilməsi, iş günlərinin və ya əməkhaqlarının azaldılması xəbərləri onların bu ümidini puça çıxarıb.

Neft şirkətinin müəssisələrindən birində - Neft Kəmərləri İdarəsində hələlik işləyən, adının çəkilməsini istəməyən bir nəfər isə deyir ki, keçən ay müəssisədə 50-dən çox adamla müqavilənin müddəti uzadılmayıb. Bu günlərdə isə 100-ə yaxın işçiyə rəsmi bildirilib ki, ixtisara ehtiyac yaranıb. Bu səbəbdən də onlar may ayının sonunadək işləyəcəklər. Bundan sonra isə bir ay müavinət alacaqlar. Xəbərdarlıq edilən işçilərin anonim danışmalarının bir səbəbi də heç olmasa həmin o müavinəti almaqdan məhrum olmamaqdır.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da deyir ki, bugünlərdə onlara Dövlət Neft Şirkətinin İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin işçiləri əməkhaqlarının bir neçə dəfə azaldılması ilə bağlı müraciət ediblər. Ancaq onlar da adlarının çəkilməsindən ehtiyatlanırlar.

DNŞ-in mətbuat xidmətindən bu deyilənlərə cavab almaq istəyimiz nəticəsiz qaldı. İqtisadçı ekspert İlham Şaban isə deyir ki, əslində DNŞ-in özündə və ya müəssisələrində baş verənlərdə qeyri-adi heç nə yoxdur. Bu şirkətin işçilərinin sayı onsuz da lazım olandan çox idi. Ona görə də indiki halda - yəni neftdən gələn gəlirlərin azaldığı bir dövrdə belə addımların atılması təəccüblü olmamalıdır:

«Söhbət maliyyənin azalmasından gedir. Dünyada neftin qiyməti 3 dəfə aşağı düşüb. DNŞ istəsə əvvəlki qaydada işçilərin maaşını verə bilər. Çünki bu milyardlarla ölçülən rəqəm deyil. Sadəcə məsələ ondadır ki, şirkət indinin özündə də dövlət üçün onlarla respublika əhəmiyyətli layihələr həyata keçirir. Nəyisə saxlamalıdır».

Bu yaxınlarda DNŞ-in prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamalarından birində demişdi ki, dünyada gedən maliyyə böhranı onların işinə ciddi təsir etməyib. Ancaq başlanan bütün layihələr həyata keçirilməkdədir.
XS
SM
MD
LG