Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:16

Ekspertlər bələdiyyələrin tam asılı quruma çeviriləcəyini deyirlər


Rövşən Ağayev
Rövşən Ağayev
«Pullu adamların işini tez görürlər, kasıbı eşitmirlər. Əslində bələdiyyələr camaatı eşitməlidirlər, mən bu qurumun işinin faydasını görmürəm, icra hakimiyyəti göstəriş verəndə onun dediyini dərhal yerinə yetirirlər, bizi isə süründürürlər...»

Sahibə Vəliyeva deyir ki, bu vaxta qədər bələdiyyəni asılı qurum kimi tanıyıb, bundan sonrasını isə təsəvvür eləmir.

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumdan sonra bələdiyyələrin müstəqilliyinin təminatı ilə bağlı 146-cı maddəyə əlavələr olundu. Bu əlavələrə görə, bundan sonra dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edəcək, bələdiyyələr öz fəaliyyətləri ilə bağlı Milli Məclisə hesabat verəcəklər.

Ekspertlər deyirlər ki, əgər bələdiyyələr bundan əvvəl az-çox müstəqildilərsə, bu dəyişikliklərdən sonra tamam asılı olacaqlar. Yasamal bələdiyyəsinin sədr müavini Əli Əkbərli isə deyir ki, dəyişikliklərdən sonra onlar özlərində asılılıq yox, məsuliyyət hiss edirlər:

«Bələdiyyə yaranan gündən biz dövlətin nəzarətini üstümüzdə hiss edirdik. Bundan sonra da necə varıqsa elə də qalacağıq, sadəcə olaraq, bu dəyişiklik məsuliyyət hissimizi bir daha artırır. Bu, o demək deyil ki, bu vaxta qədər məsuliyyətsiz olmuşuq, sadəcə indi bilirik bələdiyyələr öz işini düzgün qurmalıdır».

Milli İstiqlal Partiyasının seçki və bələdiyyələrlə iş üzrə katibi Elşən Mustafayev isə deyir ki, dəyişikliklər bələdiyyələri daha çox nəzarət altında saxlayacaq:

«Bu vaxta qədər də bələdiyyələrə dövlətin nəzarəti var idi, ancaq bu, inzibati nəzarət idi. Bu dəyişikliklərsə dövlət məmurlarına istədikləri kimi bələdiyyələri nəzarətdə saxlamaq imkanı verəcək. Bundan öz xeyirlərinə istifadə edəcəklər, bir az müstəqil olan bələdiyyə sədrini, üzvünü asanlıqla kənarlaşdıracaqlar».

Yan Mikallef
Avropa Şurasının Yerli Hakimiyyətlər Konqresinin Bürosu az əvvəl elə bu 146-cı maddəyə görə referendumu təxirə salmağı çağırmışdı. Qurumun prezidenti Yan Mikallef «Azadlıq» radiosuna bildirmişdi ki, 146-cı maddəyə olan dəyişikliklər Azərbaycanın 2002-ci ildə imzaladığı yerli özünüidarəetmə haqda Avropa xartiyasının müddəalarıyla ziddiyyət təşkil edir, hökumətin bələdiyyələrin fəaliyyətinə nəzarəti narahatçılıq və problemlər yaradır. Mikallef Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliyini də xatırladırdı:

«Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyi var. Onlar özünüidarəetmə haqda Avropa xartiyasını təsdiq ediblər və indi bu xartiyaya hörmətlə yanaşmalıdırlar».

Bələdiyyələrlə iş üzrə ekspert Rövşən Ağayev də hesab edir ki, dəyişikliklərdən sonra bələdiyyələr daha asılı quruma çevriləcəklər:

«Əvvəl inzibati nəzarət vardı. Yəni, inzibati nəzarəti həyata keçirən orqan kənardan bələdiyyələri sənədlər əsasında izləyirdi, onların fəaliyyətində qanun pozuntusu varsa, onu aradan götürürdü. İndiki halda isə birbaşa nəzarətdən və birbaşa müdaxilədən söhbət gedir. Bununla Azərbaycan qoşulduğu öhdəliklərin tələbinə zidd addım atır».

Avropa Şurasının Venesiya Komissiyası da Konstitusiyaya bələdiyyələrlə bağlı təklif edilən dəyişikliyi tənqid edib. Hökumət nümayəndələri isə bu dəyişiklikləri müstəqilliyə xələl kimi deyil, bələdiyyə institutunun təkmilləşməsi kimi qələmə verirlər.

Azərbaycanda yerli özünüidarəetmə orqanı olan bələdiyyələr 1999-cu ildə yaradılıb. Bu il ölkədə növbəti bələdiyyə seçkisi keçiriləcək.
XS
SM
MD
LG