Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:45

Bələdiyyələrə niyə inam azdı?..


Gəncə şəhər Nizami rayon bələdiyyəsi
Gəncə şəhər Nizami rayon bələdiyyəsi
2009-cu il Azərbaycanda bələdiyyə seçkiləri ilidir. Sayca bu ölkədə yerli özünüidarəetməyə 3-cü seçkilər olsa da, bələdiyyələr və onların fəaliyyətinə münasibət hələ də birmənalı deyil.

Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə parlamentdə bələdiyyələrlə bağlı müzakirələr zamanı bu sahədə ciddi irəliləyişlər olduğunu deyir. O hesab edir ki, yerli özünüidarəetmə institutu Azərbaycanda yaradıldığı dövrdən indiyəcən xeyli nailiyyətlər əldə edilib.

Vətəndaşların isə bu məsələdə münasibətləri isə fərqlidir. Bakı küçələrində götürdüyümüz sorğudan bəlli olur ki, bu il ölkədə bələdiyyə seçkiləri keçiriləcəyini heç də hamı bilmir.

Söhbət etdiyimiz vətəndaşların bu seçkilərdə iştirak etmək barədə də fikirləri üst-üstə düşmür. Buna hərənin öz səbəbi var. Bəziləri onların səsinin onsuz da heç nəyi dəyişmədiyini və ya bələdiyyələrin fəaliyyətinə inanmadıqlarını deyir.

Amma seçkilərə qatılıb öz sözünü deyəcəyini və bələdiyyələrin işlədiyini bildirənlər də var. Həmsöhbətlərim arasında bələdiyyələri sadəcə torpaq alqı-satqısı ilə məşğul olan qurum kimi tanıyanlar da az olmadı.

Yasamal rayon bələdiyyəsinin iqtisadi inkişaf komissiyasının rəhbəri Elşən Mustafayev isə deyir ki, əslində vətəndaşların bir qisminin bələdiyyələrə inanmamasının obyektiv və subyektiv səbəbləri var. Belə ki, bəzi bələdiyyələrdə işçilər öz vəzifələrinin və hüquqlarının nədən ibarət olduğunu bilmirlər. Bu onların savadsızlığından irəli gələn məsələdir:

«Hətta 9 illik təhsili olanlar da bələdiyyə üzvü seçilə bilir. Ona görə də savad səviyyəsi baxımından hər iki bələdiyyə seçkilərində zəif məqamlar daha çoxdur. Bu da həmin bələdiyyə üzvlərinin öz hüquqlarını bilməməsinə gətirib çıxarar. Beləliklə də onlar üzərlərinə düşən səlahiyyətləri az da olsa yerinə yetirə bilmirlər».

Elşən Mustafayevin sözlərinə görə, bələdiyyənin işinə Mane olan digər məqamlar da var:

«Digər bir məqam da ondan ibarətdir ki, icra hakimiyyəti ilə bələdiyyələrin müəyyən işlərində paralellik var. Belə olanda təbii ki, icra hakimiyyətləri bələdiyyələrin üzərində hakim mövqe tuturlar. Bunlar ona gətirib çıxarar ki, bələdiyyələr icra hakimiyyətlərin şöbələri kimi işləyir. Nəticədə insanlar bələdiyyə aid olan məsələyə görə, də icra strukturlarına müraciət edirlər».

Elşən Mustafayev deyir ki, bələdiyyələrin maddi bazasının zəif olması da vətəndaşların yerli özünüidarəyə inamını azaldan amillərdəndir. Vətəndaş müraciət edir, bələdiyyə isə imkansızlıq ucbatından onun problemini həll edə bilmir. Bu isə ictimai fikirdə mənfi rəy formalaşdırır:

«Maddi bazası olmayan bələdiyyələrin bir qismi əslində özləri-özlərini bu vəziyyətə salıblar. Əllərində olan torpaqları tamamilə satıblar, amma oradan gələn gəliri perspektivə xidmət edən işə sərf etməyiblər. İndi də ərazidə mövcud olan problemləri öz imkanları hesabına həll etmək iqtidarında deyillər».

Bu və digər səbəblər vətəndaşların bələdiyyələrə münasibətinin formalaşmasında az rol oynamır. Bununla belə öz işinin öhdəsindən gələn bələdiyyələr də var. Nümunə kimi Elşən Mustafayev çalışdığı bələdiyyəni göstərir. Deyir ki, Yasamal bələdiyyəsi maddi baza və işçilərin intellektual səviyyəsi sarıdan korluq çəkmir. Bu ərazidə bir qarış belə satlıq torpaq olmasa da aylıq icarə haqqından, vergilərdən əldə edilən gəlirlər hesabına vətəndaşların problemlərini həll etməyə çalışırlar.

Elşən Mustafayev deyir ki, bir sıra bələdiyyələrin zəif və ya heç olmayan fəaliyyətinə görə isə məsuliyyəti həmin o narazı vətəndaşların üzərinə düşür:

«Əgər onlar seçkilərə getsələr və savadlı adamlara səs versələr bunun vəziyyətə təsiri olar. Ancaq adətən daha çox öz borcunu yerinə yetirməyənlər, seçkilərə getməyənlər sonradan bələdiyyəni fəaliyyətsizlikdə qınayırlar».

İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, hazırda Azərbaycanda vətəndaşların bələdiyyələrə olan inamsızlığı əslində onların hökumətə, onun yeritdiyi siyasətə olan münasibətidir. Ölkədə bələdiyyələrin maddi imkansız, səlahiyyətsiz və fəaliyyətsiz olmasının səbəbi odur ki, Azərbaycanda mərkəzi hakimiyyət cəmiyyətdə bu qurumun yerini necə görmək istəyirsə o cür də bələdiyyə institutu formalaşdırıb.

Rövşən Ağayev deyir ki, əgər yaxın 2-3 ayda hökumət bu sahədə ciddi islahatlar aparsa, bələdiyyələr böyüdülsə, onların gücü artırılsa, maliyyə və səlahiyyət artımı ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilsə, dekabr ayında – yəni seçkilər zamanı seçici fəallığı təmin edilə bilər. Əks halda vətəndaşların bu seçkilərdə də fəallığının ötən illərdəki kimi aşağı olması qaçılmazdır.

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanunu 1999-cu ildə qəbul edilib. İndiyə qədər ölkədə 2 dəfə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
XS
SM
MD
LG