Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:25

Korrupsiya piroqundan bir dilim yemiş nazir


Keçmiş Səhiyyə naziri prezident İlham Əliyevin hakimiyyəti zəbt etdiyini deyir

Keçmiş Səhiyyə naziri prezident İlham Əliyevin hakimiyyəti zəbt etdiyini deyir

- Bilirsiniz mən 15 ildir Heydər Əliyevin qurduğu dövlətə, onun apardığı siyasətə xidmət edən bir adamam. Və mənim nə dərəcədə sədaqətlə xidmət etdiyim də təsdiq olunub…

Bu fikirləri məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilən, ağır korrupsiya hallarında və qanunsuz özəlləşdirmədə ittiham edilən keçmiş Səhiyyə naziri Əli İnsanov həbsindən əvvəl «Azadlıq» radiosuna bildirib. Bu müsahibədən beş ay sonra isə Heydər Əliyev siyasətinə sədaqəti ilə öyünən Səhiyyə naziri dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs edildi. İstintaq orqanlarının yerli telekanallarda sərgilədiyi görüntülərə görə, keçmiş nazirin bağ evindən xeyli qızıl külçələr, külli miqdarda xarici valyutalar aşkarlandı.

Məhkəmə hökmündə deyilirdi ki, Əli İnsanov özəlləşdirmə prosesində 25 milyon dollar həcmində dövlət əmlakını qanunsuz yollarla mənimsəyib. Artıq məhkəmə hökmündə onun Heydər Əliyev siyasətinə sədaqətindən yox, oğul-uşağına, qohum-əqrabasına yığdığı sərvətlərdən bəhs edilirdi. Orada deyilirdi ki, sabiq nazir Səhiyyə Nazirliyinin Bakıda yerləşən dövlət mülkiyyətində olan 3 xəstəxanasını, 4 poliklinikasını, 1 dispanseri, 1 institutu, 1 apteki, 5 idarəni, ümumilikdə isə 16 obyekti oğlu Vidadi İnsanovun, qızının və bacısı oğlu Anar Namazovun adına keçirib.

Əli İnsanov da məhkəmə iclaslarında onunla birgə həbs edilən nazirlərdən fərqli olaraq ittihamları cavabsız qoymur, hakimiyyəti ən sərt qaydada tənqid edirdi. O, məhkəmə iclaslarının birində də belə dedi:

- Mənə qarşı irəli sürülən korrupsiya ittihamları tamamilə əsassızdır. Səhiyyə Nazirliyi sistemində hər şey hökumətin və Dünya Bankı kimi beynəlxalq təşkilatların tövsiyəsilə özəlləşdirilib. Əgər mən nəyisə qanunsuz olaraq özəlləşdirmişəmsə, onda keçmiş Semaşko xəstəxanasının bir hissəsini özəlləşdirib, sonra isə bir neçə milyona satanı niyə məsuliyyətə cəlb etmirsiniz? Nəyə görə siz Molla Cümə küçəsində 2 hektar torpağı zəbt edən İlham Əliyevin digər qohumunu və Səhiyyə Nazirliyinə məxsus 5 hektar ərazini ələ keçirən Heydər Əliyev Fondunu məsuliyyətə cəlb etmirsiniz?
Keçmiş Səhiyyə naziri prezident İlham Əliyevin hakimiyyəti zəbt etdiyini deyir və fikrini belə əsaslandırır:

- Heydər Əliyev koma vəziyyətində ona Baş nazir vəzifəsini verə bilməzdi.

Əli İnsanov və Artur Rəsizadə
Əli İnsanov məhkəmədə deyirdi ki, onun vəsaiti ilə bir neçə məktəb tikilib və bu Heydər Əliyev Fondunun adına çıxılıb. Keçmiş Səhiyyə naziri bir vaxtlar hakim Yeni Azərbaycan Partiyasını (YAP) da maliyyələşdirdiyini söyləyirdi. Ancaq məhkəmənin getdiyi həmin günlərdə isə hakim partiyanın Siyasi Şurası keçmiş Səhiyyə nazirini öz sıralarından xaric etdi. YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə:

- Bu 10 ildən çox müddət ərzində o, Səhiyyə Nazirliyinə öz müəssisəsi kimi baxıb. Elə Yeni Azərbaycan Partiyasına da öz müəssisəsi kimi baxdığından elə bilir onu müdafiə etməliyik. Elə buna görə də məhkəmə qarşısında cavab verir.

Əli İnsanov 1946-cı il martın 22-də Ermənistan SSR-in Ləmbəli kəndində doğulub. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1965-1972-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.Əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunda başlayan Əli İnsanov Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Səhiyyə naziri vəzifəsinə təyin edilib.

Ə.İnsanov Səhiyyə naziri işlədiyi dövrdə müxalifətə kəskin hücumları ilə yadda qalıb. O, parlamentdəki çıxışlarında Müsavat başqanı İsa Qəmbəri, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunu kəskin ifadələrlə təhqir edib. Məhkəmədə isə nə qədər qəribə olsa da, o, müxalifətə əməkdaşlıq təklif etdi.

«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, bütün bunlardan sonra müxalifət qəzetlərinin Əli İnsanovdan qəhrəman obrazı hazırlaması, həmin düşərgənin ciddi böhran və sarsıntılar keçirməsindən xəbər verir. A.Rəşidoğlu deyir ki, Ə.İnsanovun nazir işlədiyi dövr səhiyyə sistemində korrupsiya tüğyan etsə də, onun həbsini korrupsiyaya qarşı mübarizə kimi təqdim etmək düzgün olmazdı:

- Əli İnsanovun özünün dediyi kimi, o, korrupsiya piroqunda bir dilim yeyibsə, piroqun böyük hissəsini yeyənlər hələ də hakimiyyətdədir.

Tez-tez Əli İnsanovun həbsxanada vəfat etdiyi barədə şayiələr yayılır. Vəkilləri belə şayiələrin yayılmasını Əli İnsanova qarşı təxribat sayırlar.

Ancaq o, hazırda Ədliyyə Nazirliyinin tibb müəssisəsində müalicə olunur. Əli İnsanov ürək ağrılarından və onurğa yırtığından əziyyət çəkir. Vəkillərinin deməsinə görə, onlar keçmiş Səhiyyə nazirinin tibb müəssisəsinə köçürülməsi və hərtərəfli müalicə olunması ilə bağlı məsələ qaldırsalar da, yalnız Avropa Məhkəməsinin qərarından sonra bu məsələ müsbət həllini tapıb.

Şərhləri göstər

XS
SM
MD
LG