Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:01

Əcnəbi miqrantlarla bağlı rüsum qaldırıldı


Bakıda işləyən çinlilər
Bakıda işləyən çinlilər
Azərbaycana işləməyə gələn əcnəbilər bundan sonra bir illik işə icazə üçün 45 yox, 1000 manat rüsum ödəməli olacaqlar. Müddətin uzadılması üçün rüsum da 25 manatdan 1000 manata qaldırılıb.

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» prezident fərmanından sonra fevralın 12-dən yeni tariflərin tətbiqinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) hesab edirlər ki, rüsumların birdən-birə təxminən 25 dəfə qaldırılması yerli işçilərin hüquqlarının qorunmasına xidmət edir.

Nazirliyin Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev deyir ki, işəgötürənlər bundan sonra bir əcnəbi əmək miqrantına 1000 manat ödəməkdənsə, daha çox yerli işçilərə müraciət etməyə meylli olacaqlar.

R.Tağıyev deyir ki, həmçinin işəgötürənlər işləmə müddəti başa çatandan sonra əcnəbi əmək miqrantlarını yerli işçilərlə əvəz etmək imkanına da baxa bilərlər.

Belə ki, əcnəbi miqrantların Azərbaycanda işləmə müddəti başa çatandan sonra işəgötürən onların yenidən ölkədə qalması üçün ya hər işçiyə görə, 1000 manat rüsum ödəməlidir, ya da onları yerli işçilərlə əvəz etməlidir.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev hesab edir ki, rüsumların birdən-birə bu qədər qaldırılması düzgün addım deyil.
O, hesab edir ki, bu, indiyə qədər həmin sahədə olan rüşvətin miqdarını bir az da artıracaq:

«Təcrübə göstərir ki, rüsumların qaldırılması həmin sahədə korrupsiyanın daha da inkişaf etməsinə şərait yaradır. Nə qədər ağır ittiham olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində indiyə qədər əcnəbi əmək miqrantlarına fərdi icazənin verilməsi üçün 1500-2000 manat arası rüşvət alınırdı. Rüsumun indiyə qədər alınan rüşvət səviyyəsinə qaldırılması bu sahədəki qeyri-rəsmi ödənişləri daha da artıracaq. Əgər 45 manatlıq icazəyə görə, əcnəbidən və ya onu işə götürən qurumdan 20-25 dəfə artıq rüşvət alınırdısa, indi 1000 manata görə, nə qədər rüşvət istəniləcəyi məlum deyil».

Əcnəbi əmək miqrantlarından icazə sənədi üçün xeyli rüşvət alınması fikirlərini digər ictimai qurumların rəhbərləri də səsləndirirlər.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, Azərbaycandakı əcnəbilərlə söhbət zamanı onlar işə icazə alınması üçün rüsumdan qat-qat artıq pul ödədiklərini etiraf edirlər.

ƏƏSMN-in Miqrasiya İdarəsinin rəisi R.Tağıyev isə bu ittihamları təkzib edir. O deyir ki, əgər belə hallar varsa, həmin fikirləri söyləyənlər konkret faktlar təqdim etsinlər və buna qarşı ciddi tədbir görülsün. Amma R.Tağıyev əmindir ki, belə hal yoxdur və bu iddiaları səsləndirənlər hansısa donoru öz dediklərinə inandırmaq istəyirlər ki, onlardan monitorinq üçün qrant alsınlar:

«Buyursunlar araşdırma aparsınlar, dediklərini üzə çıxarsınlar, amma haqq- ədalətlə».

R.Tağıyev deyir ki, əmək icazəsini ayrı-ayrı əcnəbi əmək miqrantları yox, onları işəgötürən şirkətlər alırlar. Onun sözlərinə görə, artıq yeni rüsumların tətbiqindən sonra əcnəbi əmək miqrantlarının işə icazə verilməsilə bağlı onlara 160 müraciət daxil olub.

ƏƏSMN-in rəsmisi deyir ki, rüsumların artırılması xaricdən ucuz işçi qüvvəsi gətirmək istəyənlərin sayını xeyli azaldacaq. Amma o, hesab edir ki, bu, Azərbaycana işləməyə gələn əcnəbilərin sayının azalacağı demək deyil. R.Tağıyevin sözlərinə görə, Azərbaycanda getdikcə qeyri-neft sektorunun inkişafı üçün yeni texnologiyaların tətbiqinə zərurət yaranmaqdadır. Belə olan halda həmin yeni texnologiyalarda iş təcrübəsi olan əcnəbilərə ehtiyac yaranacaq.

Bəzi məlumatlara görə, Azərbaycandakı transmilli şirkətlərin bəziləri ölkənin əmək qanunvericiliyinə o qədər də əməl etmirlər. Yəni onlar əcnəbi işçiləri icazə sənədi olmadan işlədirlər. Bir sözlə, əcnəbi işçilərə görə, Azərbaycan dövlətinə bir manat da rüsum ödəmirlər.

R.Tağıyev deyir ki, onda olan məlumatlara görə, bu problem əvvəllər olsa da, indi bəzi iri neft şirkətləri əcnəbi əmək miqrantlarına icazə sənədləri almağa razılıq veriblər.

Bəzi ekspertlərsə hesab edirlər ki, rüsumların bu qədər artırılması əsasən əcnəbilərlə işləyən təşkilatların müflisləşməsinə səbəb ola bilər.

Rəsmi mənbələr hazırda Azərbaycanda 4369 nəfər əməkçi miqrant olduğunu deyir. Azərbaycana ən çox əməkçi miqrantlar Türkiyə, İngiltərə, Gürcüstan və Hindistandan gəlir.

Qeyri-rəsmi məlumatlara görə isə təxminən daha 10 min nəfərə yaxın əcnəbi əmək miqrantı icazə sənədi olmadan Azərbaycanda işləyir.
XS
SM
MD
LG