Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42
İndi Bakı bulvarındakı tikintidən fotoşəkil çəkib, lap köklü bakılını da çaşdırmaq olar ki, bura Pekin bulvarıdır. Bakının Milli Parkında təmirçilərin əksəriyyəti çinlilərdir. Yüzlərlə çinli yerə daş döşəyir, bulvarı dənizdən ayıran məhəccərləri dəyişirlər.

Həmsöhbətim çinlilərin içində hələ qoçağıdır, Azərbaycan dilini bir az başa düşür. Onlar əsasən, nə azərbaycanca, nə rusca, nə də ingiliscə danışmırlar.

- Bir gündə nə qədər pul qazanırsınız?
-Azca-azca…20 manat.

Azərbaycanlı fəhlələr isə narazıdır. Deyirlər ki, çinlilər onların qarşısına sədd çəkib, məsələn, daşın 1 kvadratmetrini yerli işçi 8 manata döşəyirsə, çinli bunu 3 manata etməyə razılaşır:

- Onlar bizim işimizi əlimizdən alırlar.

- Öz ustalarımız var ki, əlləri «qızıldır». Çinliləri ucuz işlədirlər. Ona görə də onları gətirirlər. Hamısını yalandan gətirib tələbə kimi burada qeydiyyatdan keçirirlər.

Çinlilərin özləriylə dəqiqləşdirmək mümkün olmadı ki, işləmək üçün icazələri var, yoxsa, yox. Çünki dediklərinə görə, sualımı başa düşmürdülər. Amma bütün hallarda onlar da pulun azlığından şikayətləndilər.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev deyir ki, indi Azərbaycanda başqa tikinti layihələrində də yüzlərlə çinli, pakistanlı işləyir. O, ehtimal edir ki, xariciləri ucuz işçi qüvvəsi kimi kütləvi şəkildə ölkəyə gətirənlər var:

- Hesab edirəm ki, çinlilərin Azərbaycana gətirilməsi, yerləşdirilməsi yüksək səviyyədə kiminsə marağındadır. Məsələn, Azərbaycan vətəndaşlarının özlərinə, MDB vətəndaşlarına küçə ticarəti ilə məşğul olmağa icazə vermirlər, amma çinlilərə verirlər.

Əlövsət Əliyev də deyir ki, çinlilər düşdüyü mühitə ən tez uyğunlaşan millət sayılır. Ekspertin fikrincə, çinlilərə xüsusi təlimat keçiblər ki, onlar ətrafda heç kimlə danışmasınlar.

Çinliləri Bakıya gətirənləri gördüm deyən olmadı

Bulvarı - Bakı Bulvar İdarəsi təmir etdirir. İdarənin özəl müəssisələrə sifariş verən yaşıllaşdırma və kommunal təsərrüfat bölməsinin müdiri Natiq adlı şəxs deyir ki, suallarımıza rəis müavini gəlməmiş cavab verə bilməzlər:

- Vallah, siz qəfil zəng vurmusuz, biz Nazim müəllimlə danışarıq görərik ki, hansı şirkətlərin adları olmalıdır.

İdarənin rəis müavini Nazim Məcidov isə deyir ki, təmiri icra edən şirkətlərin siyahısını almaq üçün rəsmi müraciət etmək lazımdır.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə deyir ki, sahibkarın elə bir öhdəliyi yoxdur ki, işə əcnəbiləri yox, yerli işçiləri götürməlidir. Amma sahibkarlar əcnəbiləri işlətmək üçün icazə almalıdırlar:

- Hər bir əcnəbi şəxs üçün bir il müddətində həm Miqrasiya Xidmətindən, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyindən icazə almaq lazımdır. Əgər bu icazə yoxdursa, onda sahibkar 35 min manat cərimələnməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elnur Kələntərli isə deyir ki, bulvarı təmir edən çinlilərin qanuni işləyib-işləməməsini öyrənmək üçün onlara iş verən sahibkarın adı məlum olmalıdır.

Daxili İşlər Nazirliyindən Miqrantlara Hüquqi Yardım Mərkəzinə verilən statistikaya görə, Azərbaycanda qeydiyyatdan keçmiş minə yaxın çinli miqrant var. Amma mərkəz keçirdiyi sorğulara əsasən, belə miqrantların sayının 6 mini ötdüyünü deyir.

Mərkəzin rəhbəri Əlövsət Əliyev deyir ki, bulvarda, körpülərin üzlənməsi və bir sıra başqa böyük tikintilərdə işləyən çinlilər üçün iş icazəsi verilməyib.

Şərhləri göstər

XS
SM
MD
LG