Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:21

«Nazirin Leyla Yunusu məhkəməyə verməsi Konvensiyaya ziddir»


 Ramil Usubov deyib ki, təzminat iddiasını geri götürə bilər, bir şərtlə ki, Leyla Yunus təkzib versin
Ramil Usubov deyib ki, təzminat iddiasını geri götürə bilər, bir şərtlə ki, Leyla Yunus təkzib versin
«Azərbaycanın Daxili İşlər naziri olaraq, heç bir məntiqə sığmaz ki, mən cinayətkar adamları himayə edim. Belə bir hal yoxdur, məqsədli şəkildə hansısa söz-söhbət ola bilər, ancaq konkret faktla danışmaq lazımdır».
Bunu Daxili İşlər naziri Ramil Usubov hələ 3 il bundan əvvəl, parlament seçkilərindən öncə deyirdi.
O vaxt Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev naziri ittiham etmişdi ki, cinayətkarlara himayədarlıq edir.
Yanvarın 23-də isə Ramil Usubovun hüquq müdafiəçisi Leyla Yunusa qarşı iddiasına dair məhkəmə baxışı olmalıdır. Nazir iddia edir ki, L.Yunus day.az saytına müsahibəsində Azərbaycan polisini təhqir edib, onu Meksika, Nigeriya polisi ilə müqayisə edib və bu müqayisə rəsmi mənbəyə əsaslanmayıb.
Leyla Yunus isə deyir ki, Məcidova bacılarının məhkəməsini izləyən adi adamlar da çox narahat idilər ki, deməli, polis istədiyini edə bilər və ona cəza yoxdur.
«Əgər adam oğurluğuna rəsmilərin dəxli olması barədə iddia ortaya çıxırsa, ictimaiyyətin istintaqa marağı artır. Azərbaycan hökuməti bu halda ədaləti təmin etməlidir, tənqidçi fəalları hədəfə almamalıdır».
Bunu isə Reyçel Denber deyir, «Human Rights Watch» hüquq müdafiə təşkilatının Avropa və Orta Asiya üzrə direktoru.
Denber deyir ki, hüquq müdafiəçisinin bəyanatları məhkəmədə bir şahidin dediklərinə əsaslanır. Azərbaycan qanunlarında elə bir maddə yoxdur ki, açıq məhkəmədə verilən informasiyadan istifadəni məhdudlaşdırsın.
Dəvəçi rayonunda Məcidova bacılarının oğurlanmasıyla bağlı məhkəmədə təqsirləndirilənlərdən biri deyib ki, qızlardan biri polisə təhvil verilibmiş. Həmin şahid yerli polisdə işgəncəyə məruz qaldığını da bildirib. Ancaq hakim adları çəkilən polis zabitlərini istintaqa çağırmayıb, bu çağırışları qulaqardına vurub.
Beynəlxalq insan haqları qurumlarının fikrincə, yaxşı olardı ki, istintaqda səsləndirilən ittihamlar araşdırılaydı. Daxili İşlər Nazirliyinin əməkdaşları belə tənqidə dözümlü olmalıdırlar.
«Human Rights Watch» Azərbaycan hökumətini çağırır ki, hüquq müdafiəçisi Leyla Yunusa qarşı iddianı dərhal geri götürsün.
Məcidova bacılarının işini aparan hakim Əhməd Quliyevlə gün boyu əlaqə yaratmağa çalışdıq, köməkçisi onun prosesdə olduğunu dedi. Elə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də öyrənə bilmədik ki, iddianı geri götürmək fikirləri var, ya yoxdur.
Nazirlik istəyir ki, Leyla Yunus təkzib versin və 100.000 manat təzminat ödəsin. Bu günlərdə bir qrup hüquq müdafiəçisi nazirlə görüşmüşdü. Mediada gedən məlumatlara görə, Ramil Usubov deyib ki, təzminat iddiasını geri götürə bilər, bir şərtlə ki, Leyla Yunus təkzib versin. Hüquq müdafiəçisi isə təkzibin mümkün olmadığını deyir:
«Məhkəmə açıqdır, onu hamı izləyə bilər. Həm də söz azadlığımız var, biz bu haqqı qorumalıyıq».
«Ramil Usubovun Leyla Yunusu məhkəməyə verməsi ümumiyyətlə Avropa İnsan Haqları Konvensiyasına ziddir. Azərbaycan bu Konvensiyaya qoşulub. İfadə azadlığı da məhz həmin sənədlə qorunur».
Bunu isə Norveçdə yerləşən Helsinki Komitəsi və İnsan Haqları Evi yanvarın 21-də yaydığı bəyanatda deyir. İnsan Hüquqları Federasiyası, İşgəncələr Əleyhinə Beynəlxalq Komitə də oxşar bəyanatlar veriblər.
XS
SM
MD
LG