Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:28

İntiqam Əliyev: «AŞ-a daxil olandan sonra vəziyyət lap pisləşib»


İ.Əliyev deyir ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərin mütləq əksəriyyətini yerinə yetirməyib
İ.Əliyev deyir ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərin mütləq əksəriyyətini yerinə yetirməyib
Azərbaycanın Avropa Şurasına üzv olmasından 9 il keçir, bu 9 il Azərbaycana nə verib? «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramının bu sualını hüquqşünas İntiqam Əliyev cavablandırıb:

«İndi cəmiyyətdə belə bir fikir daha çox səslənir ki, Azərbaycan Avropa Şurasına üzv olmamışdan əvvəl bir çox sahələrdə, xüsusilə insan haqları sahəsində vəziyyət daha yaxşı idi»- deyə o, bildirib.

«Azərbaycan Avropa Şurasına üzv olanda üzərinə xeyli öhdəliklər götürmüşdü ki, bütün bunlar Azərbaycanı Avropa ailəsinə daha da yaxınlaşdırmalı idi, Azərbaycan daha demokratik idi, insan haqları daha dolğun təmin olunmalı idi, müstəqil məhkəmə olmalı idi, azad və ədalətli seçkilər keçirilməli idi və s. Amma təəssüflər ki, Azərbaycan Avropa Şurasına daxil olandan sonra xüsusilə insan haqları sahəsində vəziyyət daha da pisləşib».

İntiqam Əliyev onu da deyir ki, Azərbaycan bu qurum qarşısında götürdüyü bütün öhdəliklərin mütləq əksəriyyətini yerinə yetirməyib. Amma yerinə yetirdiyi öhdəliklər də var. Məsələn, beynəlxalq konvensiyaların ratifikasiyası, hər hansı qanunların qəbuludur. Amma söhbət həmin o ratifikasiya olunmuş konvensiyaların Azərbaycanın cəmiyyətinə, hüquq sisteminə tətbiqindən gedirsə, burda çox ciddi problemlər var.

Azərbaycan Avropa Şurasına qəbul olunandan sonra bu ölkədə azad və ədalətli seçki keçirilməyib, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur, nə qədər ki müstəqil məhkəmə yoxdur vətəndaşın əksər hüquqları pozulacaq.
«Əgər vətəndaş məhkəməyə girəndə orada bazar görürsə, işinə sifarişlə baxıldığının şahidi olursa, əgər vətəndaşların toplaşmaq, birləşmək, digər fundamental hüquqları, media azadlığı ilə bağlı iddialarını məhkəmələr kütləvi olaraq rədd edirsə, təbii ki bu öhdəliklər də yerinə yetirilməmiş qalır. Media hüququ ilə bağlı vəziyyət acınacaqlıdır».

Hüquqşünas onu da əlavə edir ki, müstəqil media qurumlarının sıradan çıxarılması istiqamətində hökumət fəaliyyətini davam etdirir. «Azadlıq», «Amerikanın səsi», BBC-nin Azərbaycanda milli tezliklərindən çıxarılması vətəndaşları azad informasiyadan məhrum etmək deməkdir. «Təəssüf ki, Avropa Şurasının klassik Avropa ölkələri – Fransa, Norveç və digər ölkələr üçün istifadə etdiyi mexanizmlər, rıçaqlar Azərbaycan üçün keçərli deyil».
XS
SM
MD
LG