Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:29

Azərbaycan xəbərləri

Oyunda futbolçunun səhhəti pisləşib, xəstəxanaya aparılıb, UEFA məlumat yayıb

EURO-2020-2021-Türkiyə-İtaliya oyunu
EURO-2020-2021-Türkiyə-İtaliya oyunu

Futbolçunun səhhətinə görə dayandırılan Danimarka Finlandiya oyunu komandaların istəyinə uyğun olaraq bərpa olunub.

Qarşılaşma 1-0 Finlandiya yığmasının qələbəsi ilə başa çatıb.

***

Danimarkanın oyunçusun vəziyyəti haqqında UEFA-nın Tvitter səhifəsində məlumat paylaşılıb.

"Christian Eriksen ilə bağlı tibbi təcili yardımdan sonra hər iki komanda və oyun rəsmiləri ilə böhran iclası baş tutdu və əlavə məlumatlar saat 19: 45-də çatdırılacaq. Oyunçu xəstəxanaya köçürülüb və vəziyyəti sabitləşib" deyə məlumatda bildirilir.

***

AVRO-2020-nin qrup mərhələsinin I turu çərçivəsində keçirilən Danimarka – Finlandiya oyunu dayandırılıb. Buna səbəb oyun zamanı futbolçu Kristian Eriksenın qəfil yıxlması olub.
Meydançadan uzaqlaşdırılan futbolçunun xəstəxanaya yerləşdirildiyi deyilir.
Oyun dayandırılıb. Onun davam etdirilib-etdirilməyəcəyi bəlli deyil.

Oyun yenidən davam edir.

***

Bakıda AVRO-2020-nin oyunu, heç-heçə

İyunun 12-də Bakıda AVRO-2020-nin qrup mərhələsinin I turu çərçivəsində Uels və İsveçrə yığmalarının qarşılaşması baş tutub. Oyun heç-heçə başa çatıb: 1-1.

Bu görüşlə A qrupunda ilk tura yekun vurulub.

A qrupunda ilk oyun iyunun 11-də Türkiyə-İtaliya yığmaları arasında olmuşdu. Qarşılaşma italyanların 3-0 hesablı qələbəsi ilə başa çatmışdı.

İyunun 12-də AVRO-2020-də daha iki matç keçiriləcək. B qrupunda Danimarka Finlandiya, Belçika Rusiya ilə görüşəcək.

61 yeni yoluxma aşkarlanıb

Peyvənd vurulma, arxiv foto
Peyvənd vurulma, arxiv foto

Azərbaycanda koronavirus infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, 204 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 335 126 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 398 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 775 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 746, ötən müddət ərzində isə ümumilikdə 3 615 110 test aparılıb.

Nazirlik: Avro-2020 ilə bağlı internet yüksək səviyyədə olacaq 

İnternet
İnternet

Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb. Bununla bağlı test işləri aparılıb.

Bu haqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəbər yayıb.

Nazirlikdən bildirilir ki, oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

NRYTN nəqliyyat xidmətlərinin təminatı ilə bağlı da plan hazırlayıb. Bakı Taksi Xidməti tərəfindən tələbata uyğun olaraq taksi xidməti təşkil olunacaq.

Bu il iyunun 11-dən iyulun 12-dək futbol üzrə Avropa çempionatı keçirləcək, Bakı həmin oyunlardan bir neçəsinə ev sahibliyi edəcək.

Fövqəladə Hallar Nazirliyi də həmin ərəfədə gücləndirilmiş rejimdə işləyəcək

Fövqəladə Hallar Nazirliyi də Avropa çempionatı oyunları keçiriləcəyi günlərdə gücləndirilmiş iş rejimində çalışacaq.

Bu haqda FHN-dən məlumat verilib.

Nazirlikdə bununla bağlı qərargah yaradıldığı bildirilir.

Oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə təhlükəsizlik müayinələri keçirildiyi deyilir.

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır 

Neft nasosu, arxiv foto
Neft nasosu, arxiv foto

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Oilprice.com" saytı xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,45 ABŞ dollar və ya 0,6% artaraq 73,98 dollar olub.

73 yoluxma, ölüm yox

Azərbaycanda iyunun 11-də koronavirus infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda koronavirusa yoluxmadan ölüm faktı yoxdur.

MN: Kəlbəcər istiqamətində mövqelər atəşə tutulub

İki tərəfdən təhlükədə Kəlbəcər...
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Müdafiə Nazirliyi iyunun 11-də Ermənistan silahlı qüvvələrinin

Azərbaycan Ordusunun mövqelərini gün ərzində ikinci dəfə atıcı silahlardan atəşə tutması haqda məlumat yayıb.

Məlumata görə, saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətindəki mövqelərə atəş açıblar.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmadığı deyilir.

Ermənistan Müdafiə Nazirliyi atəş açmadıqlarını bildirir və Azərbaycan tərəfin dediklərini təkzib edir.

Nazirlik Azərbaycan tərəfin Geqarkun vilayətinin Kut kəndi yaxınlığında mühəndis işləri görməyə çalışdıqlarını, amma əks cavabdan sonra işə son verildiyini bildirirlər.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 11-də saat 13:45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan mütəmadi atəşə tutublar.

Nazirlik qeyd edir ki, həlak olan və yaralanan yoxdur, vəziyyət sabitdir və əməliyyat şəraiti nəzarət altındadır.

İyunun 10-da da Ermənistan və Azərbaycan Kəlbəcər istiqamətində atışma olması haqda məlumat yaymışdılar.

'Şuşada müqavilə imzalayacağıq' - Ərdoğan

R.T.Ərdoğan
R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşa şəhərində iki ölkə arasında hərtərəfli müqavilənin bağlanacağını bildirib.

Xəbəri "Anadolu" agentliyi yayıb.

"Bu, Türkiyə və Azərbaycan arasında indiyədək imzalanan ən böyük müqavilələrdən biri olacaq", – prezident deyib.

O, Azərbaycana səfəri zamanı öncə Füzuliyə, oradan da Şuşaya gedəcəyini qeyd edib.

İyulun 15-də Türkiyə prezidentinin Azərbaycana səfəri gözlənilir.

Metro hər gün işləyəcək

Metro açıldı: 'Havalandırma sistemi virusun qarşısını almır'
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Bakı metropoliteni iyun ayında həftə sonları daxil olmaqla hər gün işləyəcək.

Bakı metropoliteni iyun ayında həftə sonları daxil olmaqla hər gün işləyəcək. Bu haqda iyunun 11-də "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda deyilir.

"Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək",- qurumun məlumatında qeyd olunur.

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar metropoliten matçlar başa çatandan sonra gecə saat 2-yə qədər fəaliyyət göstərəcək.

Məlumatda o da deyilir ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni göstərərək istifadə edə biləcəklər.

Azərbaycan və Pakistan generalları görüşüb

Görüş
Görüş

İyunun 10-da Bakıda Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən xəbər veriblər.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətlərinin, o cümlədən müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili məsələlərinin müzakirə edildiyi deyilir.

Pakistan hərbi nümayəndə heyətinin rəhbəri Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində ölkəsinin iştirak etməyə hazır olduğunu bildirib.

General-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə gündür Azərbaycandadır, müxtəlif görüşlər keçirir.

Futbol üzrə Avropa çempionatı başlayır

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

İyunun 11-də Bakı vaxtı ilə saat 23:00-da Romadakı "Olimpiko" stadionunda Türkiyə-İtaliya qarşılaşması ilə futbol üzrə 16-cı Avropa çempionatına start veriləcək. Oyundan əvvəl Avro-2020-nin rəsmi açılış mərasimi keçiriləcək.

Çempionatın oyunlarına Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo, Budapeşt şəhərləri ev sahibliyi edəcək.

Bakının Olimpiya Stadionunda A qrupunun üç və 1/4 mərhələsinin bir oyunu keçiriləcək. İyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Azərbaycan paytaxtı 1/4 mərhələsinin qarşılaşmasına isə iyulun 3-də ev sahibliyi edəcək.

Türkiyə-Uels qarşılaşmasını Azərbaycan və Türkiyə prezidentləri stadionda izləyəcəklər.

Avro-2020 koronavirus pandemiyası ucbatından bir il ertələnmişdi.

Azərbaycan və Ermənistan tərəfi atəş açıldığını bildirir 

Ermənistan silahlı qüvvələrinin əsgərləri (Arxiv fotosu)
Ermənistan silahlı qüvvələrinin əsgərləri (Arxiv fotosu)

Ermənistan Müdafiə Nazirliyi iyunun 10-da Azərbaycan silahlı qüvvələrinin sərhəd bölgəsində mühəndis işləri aparmaq istəməsi və erməni tərəfin işi dayandırmaqdan ötrü cavab addımına əl atması haqda məlumat yayıb.

Məlumatda o da deyilir ki, Azərbaycan tərəf Ermənistan mövqelərinə atəş açıb və onlar da adekvat cavab veriblər.

Azərbaycan Müdafiə Nazirliyi də bu haqda məlumat yayıb. Məlumatda deyilir ki, dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açıb.

Hər iki tərəf də bildirir ki, həlak olan və ya yaralanan yoxdur.

“Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir” – Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan tərəfi baş vermiş hadisəyə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edir.

Son günlər Kəlbəcər istiqamətində vəziyyət gərgindir. Bir müddət öncə Azərbaycan tərəfi Ermənistana aid kəşfiyyat-diversant qruplarının sərhədi keçməsi, onlardan 6 nəfərinin saxlanılması haqda xəbər yaymışdı.

Bir qədər sonra isə Kəlbəcər rayonu Susuzluq kəndində 3 nəfər mülki vətəndaş – ikisi journalist və bir məmur minaya düşərək həlak olub, 4 nəfər yaralanıb.

Baş Prokurorluq: terrorçu olduğu deyilən 26 nəfərin işi məhkəməyə göndərildi

Baş Prokurorluq Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin üzvü olduğu deyilən daha 26 nəfər barəsində cinayət işinin məhkəməyə göndərilməsi haqda məlumat yayıb.

Onların ötən il dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində saxlanıldığı deyilir.

Məlumata görə, silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabrında Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində döyüş mövqeləri tutublar.

Onların dekabrın 13-dək müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etdiyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Andranik Mikaelyan, Setrak Soğomonyan, Rafik Karapetyan və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.

Baş həkimlə müavini 314 min manatı mənimsəməkdə suçlanır

Kartlar
Kartlar

23 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılova ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

Bu barədə "Turan"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Z.İsmayılovanın xəstəxananın baş həkimi işləmiş Rəsul Baxşəliyevlə ayrı-ayrı tibb işçilərinin işə gəlməmələrinə şərait yaratdıqları və bunun müqabilində onların əməkhaqqı kartlarına daxil olan 314 min 400 manatı öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edildiyi deyilir.

Bundan başqa, Z.İsmayılova aprelin 13-dən baş həkim təyin olunan Ceyhun Yusifovla birlikdə eyni üsulla həmin işçilərə məxsus 13 min 800 manatı mənimsəməkdə günahlandırılır.

Baş Prokurorluq vurulmuş maddi ziyanın 112 min manatının dövlət büdcəsinə ödənildiyini bildirir.

75 yoluxma, 3 ölüm

COVID-19
COVID-19

Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər sağalıb, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.

Rəsmi məlumata görə, indiyədək Azərbaycanda ümumilikdə 334 min 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 min 907 nəfər müalicə olunaraq sağalıb, 4 min 951 nəfər vəfat edib. 2 min 134 nəfər aktiv xəstə var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlar verdi

AİHM
AİHM

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 10-da Azərbaycanla bağlı üç qərarını elan edib. Məlumatı aihmaz.org saytı yayıb.

Emin Ələkbərov və daha 6 nəfərin işinə baxan AİHM hesab edib ki, ərizəçilərə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun (Maddə 5.1) pozuntusuna yol verilib. Qərara əsasən, hökumət 7 ərizəçinin hər birinə 3000 avro (ümumilikdə 21000) təzminat ödəməlidir. Qərarda həmçinin, xərc və məsrəflərə görə ümumilikdə 1000 avro ödənilməsi nəzərdə tutulur. Bu iş Səid Nursi dini təriqətinin 7 təmsilçisinin şikayəti ilə bağlı idi. Hadisə 2015-ci ildə Gədəbəy rayonunda baş verib. İddia edilirdi ki, təriqət üzvlərinin toplaşdığı evə 25 nəfərə qədər rəsmi şəxs basqın edib. Onlar polisə aparılıblar və bir gecə orda saxlanılıblar. Onlar ertəsi gün yenidən polisə aparılıblar və ictimai qaydanı pozmaq əsası ilə inzibati qaydada cərimə ediliblər. Yuxarı məhkəmələr bu cəzanı qanuni saymışdı. Ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq (Maddı 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), dini etiqad azadlığı (Maddə 9) hüquqlarına müdaxilə olunub.

"Vidadi İnsanov Azərbaycana qarşı" işində tərəflərin dostca anlaşdıqları deyilir. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 5000 avro təzminat, 1000 avro xərc və məsrəf əvəzi ödəyəcək. Bu şikayət ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı idi. Ərizəçi ona münasibətdə hərəkət azadlığı hüququnun pozuntusuna yol verildiyini iddia edirdi.

AİHM Azərbaycanla bağlı bir işin isə baxılacaq şikayətlərin siyahısından çıxarılmasına qərar verib. Bu il martın 31-də ərizəçi şikayətini davam etdirmək istəmədiyini bildirib. Bu iş Şahdağ Milli Parkındakı Bazardüzü dağına səyahət etmək istəyən ərizəçinin əngəllənməsi, onun adının səyahətçilərin qara siyahısına salınması ilə bağlı idi. Ərizəçi məhkəməyə şikayət etsə də, onun iddiaları rədd olunmuşdu.

25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib

Qolu olmayanın da pensiyası kəsilib - Əlillər etiraz edir
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib, daha 50 nəfərin də protezlərlə təminatı prosesi yekunlaşır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında bildirib.

Nazirin sözlərinə görə, yuxarı ətrafları amputasiya olunmuş müharibə veteranlarının son nəsil protezlərlə təminatı üçün işlər aparılır.

İslandiyanın "ÖSSUR" şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə bu kateqoriyadan olan 32 keçmiş döyüşçüdən müvafiq ölçülər götürüldüyü deyilir.

Nazir həmçinin qeyd edib ki, şəhadətləndirilmiş 600-dən çox müharibə veteranına əlillik dərəcəsi verilib, sosial ödənişlər təyin olunub. Həmçinin, reabilitasiya mərkəzlərində onların sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.

S.Babayev bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini söyləyib.

Müharibədə əli-ayağı amputasiya edilmiş bəzi döyüşçülər müxtəlif vaxtlarda KİV-də və ya sosial mediada onların protezlə təmin olunmadığını, süründürməçiliyə yol verildiyini bildiriblər. Bundan başqa, müharibə veteranları ayrı-ayrı qruplarla nazirlik qarşısında həm bununla bağlı, həm əlillik dərəcəsinin təyin olunmasında üzləşdikləri problemlərlə, həm də təqaüd və psixoloji dəstək ala bilməmələri ilə bağlı etiraz aksiyaları keçiriblər.

Qadağa olsa da, Arustamyan Bakıya gəlir

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

Rusiyanın "Matç TV" kanalının futbol şərhçisi Nobel Arustamyan 2020-ci il Avropa çempionatının oyunlarını işıqlandıra bilmək üçün jurnalist akkreditasiyası alıb.

Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram-kanalında məlumat paylaşıb: "İdman şərhçisi Nobel Arustamyan futbol üzrə çempionatda akkreditə olunub. Əla. UEFA, sağ olun".

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) əvvəllər futbol şərhçisinin Dağlıq Qarabağa səfərlərini əsas gətirərək onun Avropa futbol çempionatı oyunları ilə bağlı akkreditasiyadan keçməsinə qadağa qoymuşdu.

AFFA baş verənləri şərh etməyib. Qurumdan "Turan"a deyilib ki, bu məsələ ilə bağlı iyunun 10-da açıqlama yayılacaq.

Pandemiya ilə əlaqədar Avro-2020-nin təxirə salınmış bir neçə oyununa Bakı ev sahibliyi edəcək.

Məscidlər, idman zalları açılır

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

İyunun 10-dan artıq Türkiyə və Rusiyadan hava yolu ilə Azərbaycana gəlmək mümkündür.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi COVID pasport və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiqləyən rəsmi sənəd təqdim olunmalıdır.

Eyni zamanda, 1 yaşdan yuxarı sərnişinlərin də uçuşdan öncə 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd verməsi tələb olunur. 1 yaşdan aşağı uşaqlar üçün belə tələb yoxdur.

İyunun 10-da Azərbaycanda çimərliklərdən istifadəyə, həmçinin "mall"arın, böyük ticarət mərkəzlərinin, idman və sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyətinə icazə verilir.

Həmçinin, dini ibadət yerlərinin fəaliyyəti də bəzi məhdudiyyətlə bərpa olunur. İbadət yerlərinə 50 nəfərdən çox şəxs daxil olmamalıdır. İbadət yerlərinə də peyvənd vurulmasına dair və ya immunitet sertifikatına malik şəxslərin buraxılmasına icazə veriləcək.

Son zamanlar Azərbaycanda rəsmi rəqəmlər koronavirusa yoluxma və ya xəstəlikdən ölüm sayının azaldığını göstərir və buna görə də hökumət karantin rejimi qaydalarında bəzi yumşalmalara gedir. Az öncə açıq havada maska taxmaq qadağasını ləğv etdi, metropolitenin və rayonlararası nəqliyyatın da işləməsinə icazə verildi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ramiz Əzizbəyli vəfat edib

Xalq artisti, aktyor, rejissor Ramiz Əzizbəyli iyunun 9-da 72 yaşında vəfat edib.

Bir müddət əvvəl koronavirusa yoluxan sənətçi Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi.

Bundan əvvəl o, insult keçirmişdi və bir neçə xəstəlikdən əziyyət çəkirdi.

Ramiz Əzizbəyli 100-dən artıq filmdə çəkilib. “Pirverdinin xoruzu”, “Bəxt üzüyü” kimi filmlərin rejissoru olub.

Səfir Azərbaycanla Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəblərini açıqlayıb

Azərbaycan/AB
Azərbaycan/AB

Avropa Birliyinin (AB) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təşkilatla Azərbaycan arasında Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəbləri barədə danışıb.

APA-nın xəbərinə görə, diplomat bildirib ki, sazişdə hələ də müzakirə olunan bəndlər ticarətlə bağlıdır.

"Azərbaycan və AB rəsmiləri bildirir ki, yeni müqavilə, demək olar, hazırdır. Amma "demək olar" kifayət deyil. Təbii ki, biz bunu yekunlaşdırmalıyıq. Bunun da bir sıra səbəbləri var. Ötən il müharibə baş verdi, COVID-19 pandemiyası yayıldı", - o qeyd edib.

Səfir deyib ki, AB və Azərbaycan arasında əməkdaşlıq sənədi mövcuddur, ancaq münasibətlər şaxələndikcə yeni tərəfdaşlıq müqaviləsi də imzalanmalı, prioritetlər müəyyənləşməlidir: "Tərəfdaşlıq müqaviləsi bizim ikitərəfli ticarət əlaqələrimiz üçün baza olacaq, lakin ticarətlə bağlı məsələlər qalır. Çünki Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil".

K.Yankauskas vizaların sadələşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanın AB ölkələrinin vətəndaşları üçün vizanı ləğv etməsi ölkəyə gələn turistlərin sayının artmasına göstərə bilər.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus və Azərbaycan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla Tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Ərdoğan Şuşaya səfər edəcək

Rəcəb Tayyip Ərdoğan
Rəcəb Tayyip Ərdoğan

Ərdoğan ötən ilin noyabrında Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə də gedəcəyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Bunu Ərdoğan özü iyunun 9-da hakim Ədalət və İnkişaf Partiyasının qrup iclasında deyib.

O, gələn həftənin əvvəlində Brüsseldə ABŞ Prezidenti Co Baydenlə görüşəcəyini vurğulayıb. Brüsseldən Azərbaycana gələcək Ərdoğan ötən ilin noyabrında Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə də gedəcəyini açıqlayıb.

O, çərşənbə günü – iyunun 16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə AVRO-2020-nin Türkiyə-Uels matçını izləyəcəyini söyləyib.

Qeyd edək ki, futbol üzrə Türkiyə-Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Şuşa ötən il noyabrın 8-də işğaldan azad olunub. Həmin gün ölkədə Zəfər Günü elan olunub.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Filip Riker: 'ABŞ yardımçı olmaq istəyir'

Görüş
Görüş

İyunun 9-da Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

Bu haqda Xarici İşlər Nazirliyi xəbər yayıb.

Məlumata görə, F.Riker görüşdə Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu bildirib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.

"Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda, bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədri qismində səylərə istinad edib" – nazirliyin açıqlamasında qeyd olunur.

C.Bayramovun isə Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, Ermənistanın mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrup göndərməsi və s. barədə məlumat verdiyi deyilir.

Tərəflərin həmçinin, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq ətrafında fikir mübadiləsi apardıqları bildirilir.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xaricə getmək üçün 'viza' verənin işi məhkəməyə göndərildi

Viza
Viza

2019-2020-ci illərdə Bakı və Sumqayıt şəhərlərində aldatma yolu 34 şəxsdən 191 min manat ələ keçirdiyi bildirilən Ruslan Tağıyev barəsindəki cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumatı Baş Prokurorluq yayıb. Onun xarici ölkələrdə yüksək məvaciblə işə götürülmə, Kanada və Almaniyaya yaşamaq, eləcə də ABŞ-da təhsil üçün vizaların təşkili ilə bağlı vətəndaşlara yalan vədlər verdiyi deyilir.

R.Tağıyevin "Bizim Kəndimiz" MMC-də informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işlədiyi müddətdə 14 min 800 manat dəyərində avadanlığı mənimsədiyi də qeyd edilir. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.2 (mənimsəmə və ya israf etmə), 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham olunur.

Müdafiə Nazirliyi: Laçında saxlanılan hərbçi Ermənistana verilib

Erməni hərbçiləri
Erməni hərbçiləri

Azərbaycan Müdafiə Nazirliyi iyunun 8-də Laçın rayonu ərazisində saxlanan Ermənistan Silahlı Qüvvələrinin qulluqçusu Artur Katanyanın geri qaytarılması haqda məlumat yayıb.

Nazirlik aparılmış əlavə araşdırmalar nəticəsində onun Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmadığını, yolunu azaraq Azərbaycan sərhədinin keçdiyini bildirir.

“Artur Katanyan ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb. Qeyd olunanları nəzərə alaraq, A.Katanyan qarşı tərəfə geri təhvil verilib” – məlumatda qeyd edilir.

O da deyilir ki, Azərbaycan tərəf növbəti dəfə humanist davranış nümayiş etdirərək ölkəyə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edib.

Nazirlik ilkin məlumatda Ermənistan tərəfdən kəşfiyyat-diversiya qrupunun Laçın ərazisinə daxil olduğunu, 1 nəfərin saxlanıldığını, qalanlarının geri çəkildiyini, onların məqsədinin əraziləri minalamaq olduğunu bildirmişdi.

Ermənistan isə hərbi qulluqçunun diversant olmadığını, dumanda azdığını bəyan etmişdi.

Ermənistan əsir əsgərin ‘diversant’ olmasını təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Artur Katanyan adlı bir erməni əsgərin “diversant” olduğuna dair bəyanatını təkzib edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə nazirlik bildirib ki, sözü gedən əsgər “dumanlıqda azıb və Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan əraziyə düşüb”.

MN: Laçında erməni diversantı tutulub

"İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycana daxil olub".

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirlik bildirir ki, qrupun tapşırığı ərazilərin minalanması olub.

Məlumatda qrupun bir üzvünün, hərbi qulluqçu Artur Kartanyanın saxlanıldığı, digər üzvlərinin geri çəkilərək ərazini tərk etdiyi deyilir.

Bir qədər öncə Azərbaycan Kəlbəcərdə də Ermənistana aid iki kəşfiyyat-diversiya qrupunun sərhədi keçməsi və onların üzvlərinin saxlanılması haqda məlumat yaymışdı.

TƏBİB: Jurnalistlə kobud davranan həkimlər cəzalandırılıb

Aynur Elgünəş
Aynur Elgünəş

“Jurnalist Aynur Elgünəşin Mingəçevir şəhər mərkəzi xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən səlahiyyətli şəxslər cəzalandırılıb”.

Bu barədə TƏBİB - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

Xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verildiyi bildirilir.

“Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir” – açıqlamada deyilir.

Qurum bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışların təkrarlanmayacağına ümid edildiyini, ictimai qınağın bəhrəsini verəcəyini vurğulayır.

Jurnalist Aynur Elgünəş bu günlərdə Mingəçevirdə sürücülük vəsiqəsini yeniləmək üçün tibbi müayinədən keçməli olub. Bu zaman adları yuxarıda çəkilən həkimlər ona fiziki əngəlli olduğuna görə kobud ifadələr işlədiblər, tibbi müayinədən keçirməkdən imtina ediblər.

Jurnalistin üzləşdiyi münasibət, xəstəxanada gördükləri haqda yazdıqları sosial mediada geniş müzakirələrə səbəb olub.

Davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG