Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:10

Xəbərlər

Ramiz Əzizbəyli vəfat edib

Xalq artisti, aktyor, rejissor Ramiz Əzizbəyli iyunun 9-da 72 yaşında vəfat edib.

Bir müddət əvvəl koronavirusa yoluxan sənətçi Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi.

Bundan əvvəl o, insult keçirmişdi və bir neçə xəstəlikdən əziyyət çəkirdi.

Ramiz Əzizbəyli 100-dən artıq filmdə çəkilib. “Pirverdinin xoruzu”, “Bəxt üzüyü” kimi filmlərin rejissoru olub.

Səfir Azərbaycanla Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəblərini açıqlayıb

Azərbaycan/AB
Azərbaycan/AB

Avropa Birliyinin (AB) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təşkilatla Azərbaycan arasında Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəbləri barədə danışıb.

APA-nın xəbərinə görə, diplomat bildirib ki, sazişdə hələ də müzakirə olunan bəndlər ticarətlə bağlıdır.

"Azərbaycan və AB rəsmiləri bildirir ki, yeni müqavilə, demək olar, hazırdır. Amma "demək olar" kifayət deyil. Təbii ki, biz bunu yekunlaşdırmalıyıq. Bunun da bir sıra səbəbləri var. Ötən il müharibə baş verdi, COVID-19 pandemiyası yayıldı", - o qeyd edib.

Səfir deyib ki, AB və Azərbaycan arasında əməkdaşlıq sənədi mövcuddur, ancaq münasibətlər şaxələndikcə yeni tərəfdaşlıq müqaviləsi də imzalanmalı, prioritetlər müəyyənləşməlidir: "Tərəfdaşlıq müqaviləsi bizim ikitərəfli ticarət əlaqələrimiz üçün baza olacaq, lakin ticarətlə bağlı məsələlər qalır. Çünki Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil".

K.Yankauskas vizaların sadələşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanın AB ölkələrinin vətəndaşları üçün vizanı ləğv etməsi ölkəyə gələn turistlərin sayının artmasına göstərə bilər.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus və Azərbaycan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla Tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Vyana daha dünyanın ən yaşamalı şəhəri deyil

Oklend, arxiv fotosu
Oklend, arxiv fotosu

İlk beşlikdə daha sonra Osaka, Adelaida, Tokio və Vellinqton yer alıblar

“Economist Intelligence Unit” 2021-ci il üçün Qlobal Yaşayışa Uyğunluq İndeksini açıqlayıb. İndeksdə 140 şəhər beş sahə: sabitlik, səhiyyə, təhsil, mədəniyyət və ətraf mühit və infrastruktur üzrə dəyərləndirilir. Builki data 2021-ci il fevralın 22-dən martın 21-dək olan dövrü əhatələyir. Onda şəhərlər pandemiya ilə mübarizənin müxtəlif mərhələlərində idilər.

İndeksdə Oklend dünyada ən yaşamalı şəhər hesab olunub. İlk beşlikdə daha sonra Osaka, Adelaida, Tokio və Vellinqton yer alıblar.

Oklend COVID-19 pandemiyası ilə uğurlu mübarizəsinə görə başa çıxıb. Bu, cəmiyyətin açıq qalmasına, təhsil, mədəniyyət və ətraf mühit daxil olmaqla bir sıra göstəricilərdə özünü yaxşı göstərməsinə səbəb olub.

Builki indeksdə ən qazanclı çıxan şəhər ABŞ-ın Havay ştatındakı Honoluludur. Pandemiya ilə mübarizədə güclü proqresə görə şəhər 46 pillə irəliləyərək 14-cü olub.

Ümumilikdə isə COVID-19 pandemiyası şəhərlərdə yaşam səviyyəsinin azalmasına səbəb olub. Özəlliklə, Avropa və Kanada şəhərləri geriləyiblər.

İndiyədək dünyanın ən yaşamalı şəhəri hesab olunan Vyana 12-ci yerə düşüb. Ən çox geriləyən isə Hamburq olub, 34 pillə geri gedərək 47-ci olub.

Ərdoğan Şuşaya səfər edəcək

Rəcəb Tayyip Ərdoğan
Rəcəb Tayyip Ərdoğan

Ərdoğan ötən ilin noyabrında Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə də gedəcəyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Bunu Ərdoğan özü iyunun 9-da hakim Ədalət və İnkişaf Partiyasının qrup iclasında deyib.

O, gələn həftənin əvvəlində Brüsseldə ABŞ Prezidenti Co Baydenlə görüşəcəyini vurğulayıb. Brüsseldən Azərbaycana gələcək Ərdoğan ötən ilin noyabrında Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə də gedəcəyini açıqlayıb.

O, çərşənbə günü – iyunun 16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə AVRO-2020-nin Türkiyə-Uels matçını izləyəcəyini söyləyib.

Qeyd edək ki, futbol üzrə Türkiyə-Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Şuşa ötən il noyabrın 8-də işğaldan azad olunub. Həmin gün ölkədə Zəfər Günü elan olunub.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Filip Riker: 'ABŞ yardımçı olmaq istəyir'

Görüş
Görüş

İyunun 9-da Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

Bu haqda Xarici İşlər Nazirliyi xəbər yayıb.

Məlumata görə, F.Riker görüşdə Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu bildirib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.

"Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda, bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədri qismində səylərə istinad edib" – nazirliyin açıqlamasında qeyd olunur.

C.Bayramovun isə Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, Ermənistanın mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrup göndərməsi və s. barədə məlumat verdiyi deyilir.

Tərəflərin həmçinin, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq ətrafında fikir mübadiləsi apardıqları bildirilir.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xaricə getmək üçün 'viza' verənin işi məhkəməyə göndərildi

Viza
Viza

2019-2020-ci illərdə Bakı və Sumqayıt şəhərlərində aldatma yolu 34 şəxsdən 191 min manat ələ keçirdiyi bildirilən Ruslan Tağıyev barəsindəki cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumatı Baş Prokurorluq yayıb. Onun xarici ölkələrdə yüksək məvaciblə işə götürülmə, Kanada və Almaniyaya yaşamaq, eləcə də ABŞ-da təhsil üçün vizaların təşkili ilə bağlı vətəndaşlara yalan vədlər verdiyi deyilir.

R.Tağıyevin "Bizim Kəndimiz" MMC-də informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işlədiyi müddətdə 14 min 800 manat dəyərində avadanlığı mənimsədiyi də qeyd edilir. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.2 (mənimsəmə və ya israf etmə), 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham olunur.

Pfizer uşaqlar üzərində sınağı genişləndirir

İllüstrativ foto
İllüstrativ foto

Yeni tədqiqata Birləşmiş Ştatlar, Finlandiya, Polşa və İspaniyadan 4 min 500-dək uşaq cəlb olunacaq

Pfizer COVID-19-a qarşı vaksinin yaşı 12-dən az uşaqlar üzərində sınağını genişləndirir.

Sınağın ilkin mərhələsində peyvəndin daha zəif dozası seçilmişdi. Yeni tədqiqata isə Birləşmiş Ştatlar, Finlandiya, Polşa və İspaniyadan 4 min 500-dək uşaq cəlb olunacaq. Şirkət məlumatı iyunun 8-də yayıb.

Pfizer-in Almaniyadan tərəfdaşı BioNTech ilə birlikdə hazırladığı vaksin Birləşmiş Ştatlar, Kanada və Avropa Birliyində yaşı 12 və yuxarı olanlara vurulur.

Şirkətin məlumatına görə, genişləndirilmiş test zamanı 5-11 yaşlılara 10 mikroqramlıq, 6 aydan 5 yaşadək qrupa isə 3 mikroqramlıq doza vurulacaq. Böyüklərə isə 30 mikroqramlıq doza vurulur.

Uşaqlara vaksinin təhlükəsiz və effektiv vurulması pandemiyanın nəzarətə alınmasında vacib addım sayılır.

Pfizer bildirir ki, sınaqla bağlı data sentyabrda əldə olunanda peyvəndin uşaqlara vurulmasından ötrü tənzimləyici orqanlara müraciət oluna bilər.

Müdafiə Nazirliyi: Laçında saxlanılan hərbçi Ermənistana verilib

Erməni hərbçiləri
Erməni hərbçiləri

Azərbaycan Müdafiə Nazirliyi iyunun 8-də Laçın rayonu ərazisində saxlanan Ermənistan Silahlı Qüvvələrinin qulluqçusu Artur Katanyanın geri qaytarılması haqda məlumat yayıb.

Nazirlik aparılmış əlavə araşdırmalar nəticəsində onun Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmadığını, yolunu azaraq Azərbaycan sərhədinin keçdiyini bildirir.

“Artur Katanyan ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb. Qeyd olunanları nəzərə alaraq, A.Katanyan qarşı tərəfə geri təhvil verilib” – məlumatda qeyd edilir.

O da deyilir ki, Azərbaycan tərəf növbəti dəfə humanist davranış nümayiş etdirərək ölkəyə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edib.

Nazirlik ilkin məlumatda Ermənistan tərəfdən kəşfiyyat-diversiya qrupunun Laçın ərazisinə daxil olduğunu, 1 nəfərin saxlanıldığını, qalanlarının geri çəkildiyini, onların məqsədinin əraziləri minalamaq olduğunu bildirmişdi.

Ermənistan isə hərbi qulluqçunun diversant olmadığını, dumanda azdığını bəyan etmişdi.

Ermənistan əsir əsgərin ‘diversant’ olmasını təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Artur Katanyan adlı bir erməni əsgərin “diversant” olduğuna dair bəyanatını təkzib edib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə nazirlik bildirib ki, sözü gedən əsgər “dumanlıqda azıb və Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan əraziyə düşüb”.

MN: Laçında erməni diversantı tutulub

"İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycana daxil olub".

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirlik bildirir ki, qrupun tapşırığı ərazilərin minalanması olub.

Məlumatda qrupun bir üzvünün, hərbi qulluqçu Artur Kartanyanın saxlanıldığı, digər üzvlərinin geri çəkilərək ərazini tərk etdiyi deyilir.

Bir qədər öncə Azərbaycan Kəlbəcərdə də Ermənistana aid iki kəşfiyyat-diversiya qrupunun sərhədi keçməsi və onların üzvlərinin saxlanılması haqda məlumat yaymışdı.

TƏBİB: Jurnalistlə kobud davranan həkimlər cəzalandırılıb

Aynur Elgünəş
Aynur Elgünəş

“Jurnalist Aynur Elgünəşin Mingəçevir şəhər mərkəzi xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən səlahiyyətli şəxslər cəzalandırılıb”.

Bu barədə TƏBİB - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

Xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verildiyi bildirilir.

“Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir” – açıqlamada deyilir.

Qurum bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışların təkrarlanmayacağına ümid edildiyini, ictimai qınağın bəhrəsini verəcəyini vurğulayır.

Jurnalist Aynur Elgünəş bu günlərdə Mingəçevirdə sürücülük vəsiqəsini yeniləmək üçün tibbi müayinədən keçməli olub. Bu zaman adları yuxarıda çəkilən həkimlər ona fiziki əngəlli olduğuna görə kobud ifadələr işlədiblər, tibbi müayinədən keçirməkdən imtina ediblər.

Jurnalistin üzləşdiyi münasibət, xəstəxanada gördükləri haqda yazdıqları sosial mediada geniş müzakirələrə səbəb olub.

Dünyada bir çox vebsaytların işində fasilə yaranıb

Amazon.com
Amazon.com

Hətta Amazon.com ticarət saytı, Britaniyanın hökumətinin vebsaytı açılmayıb

Dünyada sosial media platformaları, xəbər və hökumət vebsaytları daxil olmaqla bir sıra saytların işində kəsinti yaranıb. Buna ABŞ-da yerləşən bulud hesablama xidmətləri provayderinin işində nasazlığın səbəb olduğu bildirilir.

İyunun 8-də səhər BBC, Financial Times, The Guardian, The New York Times, Bloomberg, CNN və Le Monde kimi media orqanlarının vebsaytlarına giriş əngəllənib.

Hətta Amazon.com ticarət saytı, Britaniyanın hökumətinin vebsaytı açılmayıb.

Bu vebsaytlardan bəzilərinin işi sonradan bərpa olunub.

San Fransiskoda yerləşən “Fastly” bulud hesablamalar xidməti GMT vaxtı ilə səhər 10-dək problemin olduğunu təsdiqləyib, “məsələnin araşdırıldığını” deyib.

Əlillər aksiya keçiriblər

Qolu olmayanın da pensiyası kəsilib - Əlillər etiraz edir
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Bir qrup əlil iyunun 8-də Respublika Əlillərin Bərpa Mərkəzinin önündə etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları əlillik statusunun ləğv edilərək yenidən həkim komissiyalarına göndərilməsindən, süründürməçilikdən narazıdırlar və buna son qoyulmasını tələb edirlər.

Onlardan bəzisi "Turan"a deyib ki, yeni əlillik meyarı müəyyənləşdirildikdən sonra əlillik statuslarına yenidən baxılması aylarla davam edir deyə, pensiyaları kəsilib, maddi durumları ağırlaşıb. Aksiya iştirakçıları həmçinin, həkim komissiyalarında rüşvət istənildiyini iddia edirlər və bununla bağlı prezident İlham Əliyevə müraciət ediblər.

Cəbrayıldan məcburi köçkün düşən 74-yaşlı, gözdən 1-ci qrup əlil, onkoloji xəstə Novruz Quliyev ayda cəmi 260 manat pensiya aldığını söyləyir. O, yataqxanada tək yaşayır. N.Quliyevin sözlərinə görə, aldığı pul dərmana belə çatmır.

Gözdən əlil Xaçmazda yerləşən Əlillərin Bərpa Mərkəzinə göndərilməsi üçün növbədə gözləməsinə etiraz edir. N.Quliyev deyir ki, bədənindəki açıq yaraya görə problemi növbədənkənar həll olunmalıdır.

Aksiyaçılarla görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı şikayətlərə baxılacağına söz verib. O, gözdən əlil N.Quliyevin dərhal Xaçmazdakı mərkəzə göndəriləcəyini bildirib.

Operativ Qərargah restoran sahiblərinə xəbərdarlıq etdi

'Azadlığa çıxdıq' - Bakı camaatı kafelərə axışır
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair məlumat yayıb. Bildirilir ki, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Baş sanitar həkimin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb.

"Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkaranə halda pozub, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb", – məlumatda qeyd olunub.

Operativ Qərargah qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq ciddi tədbirlər görüləcəyini vurğulayıb. Qurum fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır.

Bu il mayın 31-dən xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlanıb. Yumşalmaya dair qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunmalıdır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Alzheimer xəstəliyinə qarşı ilk dərman təsdiqlənib

İllüstrativ foto
İllüstrativ foto

Biogen Inc-ə məxsus “aducanumab” dərmanı xəstəliyin əsas səbəbini hədəfə alsa da, onun birbaşa müalicəsi sayılmır

İyunun 7-də ABŞ-ın tənzimləyici orqanları son 20 ildə ilk dəfə olaraq Alzheimer xəstəliyinə qarşı müalicəni təsdiqləyib. Amma dərmanın effektilə bağlı suallar qalmaqdadır.

Biogen Inc-ə məxsus “aducanumab” dərmanı xəstəliyin əsas səbəbini hədəfə alsa da, onun birbaşa müalicəsi sayılmır.

“Aduhelm” adı altında satılacaq dərman Alzheimer xəstələrinin beyin hüceyrəsində yaranan beta-amiloid proteininin miqdarını azaldır, yaxud yox edir. Beləliklə o, həmin proteinlərin formalaşmasını zəiflətməklə xəstəlikdən əziyyət çəkənlərə kömək edə bilər.

Ərzaq və Dərman Administrasiyası (FDA) dərmanı sürətli prosedurla təsdiqləyib. Bu zaman klinik sınaqlarla bağlı sualların olmasına baxmayaraq dərmanın istifadəsinə icazə verilir.

Biogen şirkətinə məxsus bu dərmanı pasiyentlərin hüquqlarını müdafiə edənlər, bəzi nevroloqlar təbliğ edirdilər, onların məqsədi ölümcül xəstəliyə qarşı effektiv variant əldə etmək idi. Digər həkimlərin fikrincə, klinik sınaqlar ziddiyyətli olub, daha çox sübut lazımdır.

FDA-nın təsdiqi dərmanın digər ölkələrdə də qəbuluna yol aça bilər.

2050-ci ilədək Alzeimer xəstəliyi olan amerikalıların sayı 13 milyona çata bilər. Alzeimer Assosiasiyasının məlumatına görə, hazırda onların sayı 6 milyondan çoxdur.

Vəkil məscidlərdə 50 nəfərlik məhdudiyyətdən məhkəməyə şikayət etdi

E.Süleymanov
E.Süleymanov

Vəkil Elmar Süleymanov Bakı İnzibatı Məhkəməsinə müraciət edərək Nazirlər Kabinetinin məscidlərdə 50 nəfərlik məhdudiyyət müəyyən edən qərarından şikayət verib. Onun yaydığı açıqlamada deyilir ki, metropoliten və şəhər avtobuslarında sərnişin sayı daha çox olduğu halda, ictimai nəqliyyatdan istifadə qadağan olunmayıb.

"Belədirsə, nədən məscidlərdə 50 nəfərdən çox vətəndaşın toplaşması pandemiya dövründə təhlükəli sayılır?", –E.Süleymanov sual edir

Vəkil ərizəsində Nazirlər Kabinetin 26.05.21 tarixli, 151 nömrəli qərarının vətəndaşların Konstitusiyanın 25 və 48-ci maddələrində təsbit olunan din və ibadət azadlıqlarını pozduğunu iddia edir.

Pandemiya dövründə Azərbaycanda məscidlərdə toplaşmaq, kütləvi ibadət qadağan olunmuşdu. Amma son zamanlar yoluxmanın azaldığını əsas gətirən Nazirlər Kabineti yanında Operativ Qərargah məscidlərdə məhdud sayda insanın toplanmasına icazə verib.

Süd, ət, un məhsullarından daha çox şikayət edilir

Supermarket. Foto arxiv
Supermarket. Foto arxiv

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2021-ci ilin ilk 5 ayı ərzində ölkədə istehlakçı hüquqlarının pozulması ilə bağlı məlumat yayıb.

Agentlik son 5 ayda ən çox süd və süd məhsullarına dair şikayətlərin daxil olduğunu, ikinci və üçüncü yerdə ət və ət məhsulları, un və qənnadı məmulatları ilə bağlı müraciətlər edildiyini bildirir. Ən az şikayətin isə konservləşdirilmiş məhsullar, tamlı məmulatlar, bal və digər məhsullar üzrə qeydə alındığı deyilir.

Ən çox şikayətin martda daxil olduğu, müraciətlərdən 238-nin xidmətlə bağlı olduğu vurğulanır.

AQTA-nın verdiyi məlumata görə, müraciətlər arasında ən çox sayda şikayət məhsulun keyfiyyətinin aşağı olması (146) ilə bağlı olub. Heyvan kəsimi məntəqəsində (68) və sahibkarlıq subyektlərində antisanitar vəziyyət (57), son istifadə tarixi başa çatmış qida məhsulları (59) ilə bağlı şikayətlərin sayı da digər məzmunlu şikayətlərlə müqayisədə daha çox olub.

Məlumatda o da deyilir ki, bu dövr ərzində istehlakçılar tərəfindən ən çox narazılıq edilən "Araz" supermarketi, "Azza" şirniyyat evi, Sumqayıt şəhərində "Xan Çinar" kafesidir.

update

Pakistanda qatar qəzasında azı 60 nəfər həlak olub

Qəza yeri
Qəza yeri

Şəhərlərarası, sərnişinlə dolu qatar Sind vilayətinin Derki şəhəri yaxınlığında relsdən çıxmış digər sürət qatarına dəyib

Pakistanda iki qatarın toqquşmasından ölü sayı 62-yə çatıb. Hadisə zamanı onlarla adam xəsarət alıb.

Qatarın relsdən çıxmasının səbəbi hələlik, aydın deyil.

Yerli rəsmi daha çox adamın ölə biləcəyini, yaralılardan bəzilərinin ağır vəziyyətdə olduğunu deyib.

***

Pakistanda iki qatarın toqquşması nəticəsində azı 30 nəfər həlak olub, 60 nəfər xəsarət alıb.

Karaçi liman şəhərində dəmiryolu rəsmisi Qal Hasan AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, qəzayla bağlı araşdırma başlanıb. Şəhərlərarası, sərnişinlə dolu qatar Sind vilayətinin Derki şəhəri yaxınlığında relsdən çıxmış digər sürət qatarına dəyib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Xilasedicilər qalıqlar altında qalmış insanları xilas etmək üçün xüsusi avadanlıq istəyiblər.

“Qəza yeri uzaqdır, ona görə də xilasetmə işində çətinliklər var”, – dəmiryolunun sözçüsü deyib və azı 6 vaqonun dağıldığını bildirib.

Baş nazir İmran Xan qəzadan “sarsıldığını” bildirib, hərtərəfli təhqiqat aparılacağını vurğulayıb.

“Dəmiryolu təhlükəsizliyindəki nöqsanların hərtərəfli araşdırılmasına göstəriş verdim”, – o, tvitində yazıb.

Son illər Pakistanda bir neçə ölümcül qatar qəzası baş verib. Qəzalara qatarların relsdən çıxması, dəmiryolu keçidlərində toqquşmalar səbəb olub.

Cənubi Asiyada qatarla səyahət çox populyardır. Vaqonlar həddən artıq dolur, qatarların çoxu isə pis vəziyyətdədir.

Erməni silahlıların məhkəməsi başlayır 

Dövlət Təhlükəsizlik Xidməti
Dövlət Təhlükəsizlik Xidməti

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq iyunun 7-də birgə məlumat yayıb.

Məlumatda deyilir ki, ötən il noyabrın 26-27-də Azərbaycana qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçulara və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin tərksilah edilmiş üzvləri barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Onların qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratdıqları deyilir.

Məlumatda qeyd olunur ki, silahlı dəstə üzvləri Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə dekabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar ediblər, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına zərər vurulması üçün partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Daha öncə silahlı dəstənin 14 üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq məhkəməyə göndərildiyi xəbər verilmişdi.

Məlumatda deyilir ki, qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz, Manukyan Varazdat, Stepanyan David, Tosunyan Levan və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxslə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb və baxılması üçün məhkəməyə göndərilib.

Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.

Baş həkim dələduzluqda ittiham olunur

Rüşvət. Foto illüstrasiya
Rüşvət. Foto illüstrasiya

1 saylı Şəhər Dəri-Zöhrəvi Dispanserinin baş həkimi 280 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Bu barədə "Turan"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Rəşad İsmayılovla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparıldığı və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığı qeyd olunur.

Məlumata görə, R.İsmayılov iş üçün ona müraciət edən şəxsə özünün yaxın vaxtlarda guya səhiyyə naziri vəzifəsinə təyin olunacağını və onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verməsi, həmin vətəndaşdan 280 min manat almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad İsmayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə -rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

32 yeni yoluxma, 4 ölüm

COVİD-19-a qarşı peyvənd vurulması
COVİD-19-a qarşı peyvənd vurulması

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib.

Rəsmi məlumata görə, indiyədək Azərbaycanda ümumilikdə 334 min 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 min 114 nəfər müalicə olunaraq sağalıb, 4 min 945 nəfər vəfat edib. 2 min 688 nəfər aktiv xəstədir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ermənistanda iki nəfər Azərbaycan üçün casusluqda suçlanır

Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyan
Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyan

Bəyanatda şübhəlilərdən birinin ötən ilki müharibə vaxtı Azərbaycan tərəfə erməni əsgərlər və hərbi avadanlığına dair informasiya ötürdüyü bildirilir

Ermənistanın Dövlət Təhlükəsizlik Xidməti iki nəfərin Azərbaycan üçün casusluq ittihamıyla həbs olunduğunu bildirir.

Xidmətin iyunun 7-də bildirməsinə görə, biri keçmiş zabit olmaqla həmin iki nəfəri Azərbaycanın gizli xidmətləri Türkiyədə əməkdaşlığa cəlb edib. Onların Azərbaycan tərəfə Ermənistanda və Dağlıq Qarabağda hərbi heyətlə bağlı gizli informasiya ötürdüyü bildirilir.

Bəyanatda şübhəlilərdən birinin ötən ilki müharibə vaxtı Azərbaycan tərəfə erməni əsgərlər və hərbi avadanlığına dair informasiya ötürdüyü qeyd olunur.

Ötən il Azərbaycan 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Müharibədə üst-üstə azı 6 min 900 nəfər həlak olub.

Müharibə Rusiyanın vasitəçiliyi ilə 10 noyabr atəşkəs bəyanatı ilə başa çatıb. Laçın dəhlizinə və Qarabağda qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Son bir ayda tərəflər arasında sərhəd boyunca insidentlər artıb. Ermənistan Azərbaycanı sərhədi pozaraq ərazisinə girməkdə ittiham edir. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini bildirir.

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Casusluq ittihamlarına Azərbaycan tərəfdən hələlik, münasibət açıqlanmayıb.

Kəlbəcərdəki mina nə zaman basdırılıb?- Rəsmi açıqlama

Minalı ərazilərin xəritəsini Ermənistandan necə almalı?
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

İyunun 7-də Baş Prokurorluq Kəlbəcərdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu "Kamaz" markalı sərnişin avtomobilinin minaya düşməsi ilə bağlı bəzi məqamları açıqlayıb.

Məlumatda deyilir ki, ilkin istintaqa görə, hadisənin baş verdiyi ərazidə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan ora Ermənistanın təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir: "Hadisənin baş vermə səbəblərinə gəldikdə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olub... Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur".

Həmçinin deyilir ki, erməni silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

İyunun 4-də Kəlbəcərin Susuzluq kəndində mina partlaması nəticəsində üç nəfər (onlardan ikisi jurnalist, biri məmurdur) həlak olub, dörd nəfər yaralanıb. Bəzi hərbi ekspertlər həmin minanın ora yaxınlarda basdırıldığını güman edirdilər. Buna səbəb bir müddət öncə Kəlbəcər yaxınlığında Ermənistana məxsus diversiya qrupunun üzvlərinin saxlanılması idi.

Kəlbəcər rayonu 1992-ci ilin aprelində işğal edilmişdi. Ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra rayon işğalçılar tərəfindən boşaldılıb.

'Uşaqlarımızı niyə buraxmırlar?' (Etiraz)

"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

Suriyada döyüşməkdə ittiham olunaraq həbs edilmiş bir qrup şəxsin anası oğullarının azadlığa buraxılmasını istəyir. Onlar iyunun 7-də bu məqsədlə Prezident Administrasiyası qarşısında toplaşıb və dövlət başçısına müraciət ediblər.

Onlardan Südabə Heydərova Mahirə Məmmədova jurnalistlərə deyiblər ki, oğulları ay yarım Suriyada olublar və daha sonra Azərbaycana qayıdıblar. Analar oğullarının Suriyada terrorizmlə məşğul olmadıqlarını, bu barədə əllərində sənəd olduğunu, amma 2014-cü ildə terrorçuluğa görə mühakimə edildiklərini bildiriblər.

"Prezident deyib ki, qayıdın, siz tutulmayacaqız. Amma onları həbs ediblər. Oğlum terrorçuluq ittihamı üzərindən götürülməsi tələbi ilə həbsxanada aclıq aksiyası edib", - S.Heydərova söyləyib.

Analar Prezident Administrasiyasında qəbul edilmədiklərini deyiblər. "Erməniləri azadlığa buraxırlar, uşaqlarımızı niyə buraxmırlar?", - analar sual edib.

Adı çəkilən şəxslər keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilmişdilər. MTN-in yaydığı məlumata görə, onlar antiterror tədbirləri nəticəsində, qanunvericilik ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə və digər hüquqazidd əməllərə görə həbs olunublar.

Bayramov ilə Çavuşoğlu danışıb

C.Bayramov və M.Çavuşoğlu
C.Bayramov və M.Çavuşoğlu

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlərin bölgədə mövcud vəziyyəti, o cümlədən 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi apardıqları bildirilir.

Telefon danışığı zamanı həmçinin, ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu deyilir.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

'Pfizer' vaksinindən istifadə başladı

Vaksin
Vaksin

İyunun 7-dən Azərbaycanda vətəndaşlar yeni növ koronavirus infeksiyasına qarşı "Pfizer" vaksinindən də istifadə edə biləcəklər.

Bu xəbəri yayan İcbarı Tibbi Sığorta Agentliyinin məlumatına görə, həmin vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasında başlanacaq.

18 yaşından yuxarı və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd edilə bilər.

Azərbaycanda indiyədək, əsasən, "Sinovak" və "Sputnik" peyvəndlərindən istifadə edilib.

"Sinovak" və "Pfizer" vaksinləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tanınıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Rusiya Açıq Səmalar sazişindən çıxdı

Vladimir Putin
Vladimir Putin

2002-ci ildən qüvvədə olan bu saziş 30-dan çox ölkənin bir-birinin hərbi fəaliyyətini monitorinq etməkdən ötrü qısa uçuşlara icazə verirdi

Rusiya Prezidenti Vladimir Putin ölkənin Açıq Səmalar Sazişindən çıxmasına dair qanunu imzalayıb.

2002-ci ildən qüvvədə olan bu saziş 30-dan çox ölkənin bir-birinin hərbi fəaliyyətini monitorinq etməkdən ötrü qısa uçuşlara icazə verirdi.

Saziş çərçivəsində 1500-dən çox uçuş həyata keçirilib. Vaşinqton sazişdən çıxdığını hələ ötən ilin noyabrında, Donald Tramp administrasiyası dövründə elan edib, buna Moskvanın yol verdiyi pozuntuları əsas gətirib.

Tramp dəfələrlə Vaşinqtonun aldadıldığını, hərbi qabiliyyətinin ədalətsiz olaraq məhdudlaşdırıldığını dilə gətirib.

Rusiya ittihamları rədd edib və yanvarda sazişdən çıxmaq niyyətini açıqlayıb. Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ sazişdən çıxmaqla Moskva ilə əlaqələrini yoluna qoymaq şansını qaçırır.

Davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG