Xəbərlər
Erməni silahlıların məhkəməsi başlayır
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq iyunun 7-də birgə məlumat yayıb.
Məlumatda deyilir ki, ötən il noyabrın 26-27-də Azərbaycana qanunsuz olaraq gizli yollarla keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsində meşəlik ərazidə mövqe tutaraq hərbi qulluqçulara və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələrinin tərksilah edilmiş üzvləri barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Onların qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratdıqları deyilir.
Məlumatda qeyd olunur ki, silahlı dəstə üzvləri Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə dekabrın 13-dək ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar ediblər, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına zərər vurulması üçün partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Daha öncə silahlı dəstənin 14 üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq məhkəməyə göndərildiyi xəbər verilmişdi.
Məlumatda deyilir ki, qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz, Manukyan Varazdat, Stepanyan David, Tosunyan Levan və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxslə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb və baxılması üçün məhkəməyə göndərilib.
Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.
Baş həkim dələduzluqda ittiham olunur
1 saylı Şəhər Dəri-Zöhrəvi Dispanserinin baş həkimi 280 min manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Bu barədə "Turan"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Rəşad İsmayılovla bağlı vətəndaş müraciəti əsasında araşdırma aparıldığı və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlandığı qeyd olunur.
Məlumata görə, R.İsmayılov iş üçün ona müraciət edən şəxsə özünün yaxın vaxtlarda guya səhiyyə naziri vəzifəsinə təyin olunacağını və onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verməsi, həmin vətəndaşdan 280 min manat almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad İsmayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə -rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
32 yeni yoluxma, 4 ölüm
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib.
Rəsmi məlumata görə, indiyədək Azərbaycanda ümumilikdə 334 min 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 min 114 nəfər müalicə olunaraq sağalıb, 4 min 945 nəfər vəfat edib. 2 min 688 nəfər aktiv xəstədir.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Ermənistanda iki nəfər Azərbaycan üçün casusluqda suçlanır
Bəyanatda şübhəlilərdən birinin ötən ilki müharibə vaxtı Azərbaycan tərəfə erməni əsgərlər və hərbi avadanlığına dair informasiya ötürdüyü bildirilir
Ermənistanın Dövlət Təhlükəsizlik Xidməti iki nəfərin Azərbaycan üçün casusluq ittihamıyla həbs olunduğunu bildirir.
Xidmətin iyunun 7-də bildirməsinə görə, biri keçmiş zabit olmaqla həmin iki nəfəri Azərbaycanın gizli xidmətləri Türkiyədə əməkdaşlığa cəlb edib. Onların Azərbaycan tərəfə Ermənistanda və Dağlıq Qarabağda hərbi heyətlə bağlı gizli informasiya ötürdüyü bildirilir.
Bəyanatda şübhəlilərdən birinin ötən ilki müharibə vaxtı Azərbaycan tərəfə erməni əsgərlər və hərbi avadanlığına dair informasiya ötürdüyü qeyd olunur.
Ötən il Azərbaycan 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Müharibədə üst-üstə azı 6 min 900 nəfər həlak olub.
Müharibə Rusiyanın vasitəçiliyi ilə 10 noyabr atəşkəs bəyanatı ilə başa çatıb. Laçın dəhlizinə və Qarabağda qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Son bir ayda tərəflər arasında sərhəd boyunca insidentlər artıb. Ermənistan Azərbaycanı sərhədi pozaraq ərazisinə girməkdə ittiham edir. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini bildirir.
İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Casusluq ittihamlarına Azərbaycan tərəfdən hələlik, münasibət açıqlanmayıb.
Kəlbəcərdəki mina nə zaman basdırılıb?- Rəsmi açıqlama
İyunun 7-də Baş Prokurorluq Kəlbəcərdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu "Kamaz" markalı sərnişin avtomobilinin minaya düşməsi ilə bağlı bəzi məqamları açıqlayıb.
Məlumatda deyilir ki, ilkin istintaqa görə, hadisənin baş verdiyi ərazidə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan ora Ermənistanın təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir: "Hadisənin baş vermə səbəblərinə gəldikdə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olub... Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur".
Həmçinin deyilir ki, erməni silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.
İyunun 4-də Kəlbəcərin Susuzluq kəndində mina partlaması nəticəsində üç nəfər (onlardan ikisi jurnalist, biri məmurdur) həlak olub, dörd nəfər yaralanıb. Bəzi hərbi ekspertlər həmin minanın ora yaxınlarda basdırıldığını güman edirdilər. Buna səbəb bir müddət öncə Kəlbəcər yaxınlığında Ermənistana məxsus diversiya qrupunun üzvlərinin saxlanılması idi.
Kəlbəcər rayonu 1992-ci ilin aprelində işğal edilmişdi. Ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra rayon işğalçılar tərəfindən boşaldılıb.
'Uşaqlarımızı niyə buraxmırlar?' (Etiraz)
Suriyada döyüşməkdə ittiham olunaraq həbs edilmiş bir qrup şəxsin anası oğullarının azadlığa buraxılmasını istəyir. Onlar iyunun 7-də bu məqsədlə Prezident Administrasiyası qarşısında toplaşıb və dövlət başçısına müraciət ediblər.
Onlardan Südabə Heydərova və Mahirə Məmmədova jurnalistlərə deyiblər ki, oğulları ay yarım Suriyada olublar və daha sonra Azərbaycana qayıdıblar. Analar oğullarının Suriyada terrorizmlə məşğul olmadıqlarını, bu barədə əllərində sənəd olduğunu, amma 2014-cü ildə terrorçuluğa görə mühakimə edildiklərini bildiriblər.
"Prezident deyib ki, qayıdın, siz tutulmayacaqız. Amma onları həbs ediblər. Oğlum terrorçuluq ittihamı üzərindən götürülməsi tələbi ilə həbsxanada aclıq aksiyası edib", - S.Heydərova söyləyib.
Analar Prezident Administrasiyasında qəbul edilmədiklərini deyiblər. "Erməniləri azadlığa buraxırlar, uşaqlarımızı niyə buraxmırlar?", - analar sual edib.
Adı çəkilən şəxslər keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilmişdilər. MTN-in yaydığı məlumata görə, onlar antiterror tədbirləri nəticəsində, qanunvericilik ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə və digər hüquqazidd əməllərə görə həbs olunublar.
Bayramov ilə Çavuşoğlu danışıb
İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlərin bölgədə mövcud vəziyyəti, o cümlədən 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi apardıqları bildirilir.
Telefon danışığı zamanı həmçinin, ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu deyilir.
Xatırlatma
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
'Pfizer' vaksinindən istifadə başladı
İyunun 7-dən Azərbaycanda vətəndaşlar yeni növ koronavirus infeksiyasına qarşı "Pfizer" vaksinindən də istifadə edə biləcəklər.
Bu xəbəri yayan İcbarı Tibbi Sığorta Agentliyinin məlumatına görə, həmin vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasında başlanacaq.
18 yaşından yuxarı və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd edilə bilər.
Azərbaycanda indiyədək, əsasən, "Sinovak" və "Sputnik" peyvəndlərindən istifadə edilib.
"Sinovak" və "Pfizer" vaksinləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tanınıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Rusiya Açıq Səmalar sazişindən çıxdı
2002-ci ildən qüvvədə olan bu saziş 30-dan çox ölkənin bir-birinin hərbi fəaliyyətini monitorinq etməkdən ötrü qısa uçuşlara icazə verirdi
Rusiya Prezidenti Vladimir Putin ölkənin Açıq Səmalar Sazişindən çıxmasına dair qanunu imzalayıb.
2002-ci ildən qüvvədə olan bu saziş 30-dan çox ölkənin bir-birinin hərbi fəaliyyətini monitorinq etməkdən ötrü qısa uçuşlara icazə verirdi.
Saziş çərçivəsində 1500-dən çox uçuş həyata keçirilib. Vaşinqton sazişdən çıxdığını hələ ötən ilin noyabrında, Donald Tramp administrasiyası dövründə elan edib, buna Moskvanın yol verdiyi pozuntuları əsas gətirib.
Tramp dəfələrlə Vaşinqtonun aldadıldığını, hərbi qabiliyyətinin ədalətsiz olaraq məhdudlaşdırıldığını dilə gətirib.
Rusiya ittihamları rədd edib və yanvarda sazişdən çıxmaq niyyətini açıqlayıb. Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ sazişdən çıxmaqla Moskva ilə əlaqələrini yoluna qoymaq şansını qaçırır.
Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək
Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Bakıda ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.
Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Bakıda ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.
Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
İyunun 13-də saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatın, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyətinin dayandırılacağı bildirilir.
Keçmiş nazirin həbs müddəti uzadıldı
Səbail rayon Məhkəməsində keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
APA-nın xəbərinə görə, məhkəmə prosesində təqdimat təmin edilib. Qərara əsasən, S.Müslümov barəsində həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
S.Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri postunda olub. Ondan əvvəl isə 11 il (2002-ci ilin dekabrından) Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edib.
Azərbaycan BMT-də Ermənistanın ianələri qanunsuz xərcləməsindən danışıb
Azərbaycan BMT-də ianə kimi toplanan vəsaitin təxribat məqsədilə istifadəsindən danışıb.
Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin xəbərində deyilir.
İyunun 2-4-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının "Korrupsiyanın qarşısının alınması, onunla mübarizə və beynəlxalq əməkdaşlığın gücləndirilməsi" başlığı altında Xüsusi Sessiyası keçirilib və tədbirin yekunu olaraq Siyasi Bəyannamə qəbul edilib. Tədbirdə Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinin (MMX) təqdimatları dinlənilib və interaktiv müzakirələr aparılıb.
XİN-in verdiyi xəbərə görə, MMX-nin nümayəndəsi 44 günlük müharibə dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən 170 milyon dollar toplandığını və bunun 110 milyon dollarının qanunsuz olaraq Ermənistan büdcəsinə köçürüldüyünü qeyd edib.
Azərbaycan tərəfi bildirir ki, bunu Ermənistanın yüksək səviyyəli rəsmiləri, o cümlədən Baş naziri etiraf edib. XİN-in məlumatına görə, müxtəlif ölkələrin vətəndaşlarından humanitar yardım adı altında toplanan və Ermənistanın dövlət büdcəsinə köçürülmüş bu vəsait Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əvvəllər yerləşdirilmiş qanunsuz silahlı birləşmələrin silahlanmasına sərf olunub.
Xatırlatma
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Leninin mavzoleyi önündə aksiya: ‘Oyan, bizdə yenidən çar var’
Bazar günü rusiyalı fəal Ruslan Osipov təkbaşına Qırmızı Meydanda Lenin Mavzoleyi qarşısında aksiya keçirməyə cəhd edib.
O əlində Leninə xitabla "Oyan, bizdə yenidən çar var" («Wake up we have a tsar again») yazılmış plakat qaldırıb. AzadlıqRadiosunun rus xidməti "OVD-Info"ya istinadlə bu barədə xəbər verir.
Məlumata görə, piket çox çəkməyib, qısa bir müddətdə polis şüar qaldıran Osipovu dərhal saxlayıb və şöbəyə aparıb. Onun haqqında razılaşdırılmamış bir ictimai aksiyada iştirak haqqında protokol tərtib edilib.
Məhkəmə işə iyunun 17-də baxacaq. Qanuna görə, tək piketlərin təsdiqlənməsi tələb olunmur, lakin Qırmızı Meydanda və Kremlə bitişik digər ərazilərdə mitinqlərin keçirilmə qaydalarının Rusiya Prezidenti tərəfindən müəyyənləşdirildiyi bir şərt var.
De-fakto, orada tək piketlər qadağandır, polis o ərazidə aksiya keçirməyə çalışanları mütəmadi olaraq saxlayır.
Azərbaycan Qran-prisində Serxio Peres qalib oldu
İyunun 6-da Bakıda “Formula-1” Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının Meksikadan olan pilotu Serxio Peres-in qələbəsi ilə başa çatıb.
İkinci yerdə “Aston Martin” komandasının Almaniydan olan sürücüsü Sebastian Fettel qərarlaşıb.
“AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli isə yarışı üçüncü sırada tamamlayıb.
Finişə isə 20 pilotdan 17-si çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.
Azərbaycan bu yarışlara 2016-cı ildən ev sahibliyi edir. Həmi il Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 3 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”) və Valtteri Bottas (“Mercedes”) qalib adına yiyələnib.
***
Bu gün, iyunu 6-da “Formula-1” üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.
Yarışın üçüncü günündə Azərbaycanda beşinci dəfə keçirilən turnirin 6-cı mərhələsinin qalibinin adına aydınlıq gələcək.
Qran-priyədək “Formula-2”də sonuncu yarış təşkil olunacaq. Saat 16:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.
“Formula-1” üzrə Azərbaycan Qran-prisi yarışı iyunun 4 -da start götürüb. Yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı keçirilib. İyunun 5-i “Formula-2”də sprint yarışları, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu gerçəkləşib.
Xatırlatma
Azərbaycanda “Formula-1” yarışları 2016-cı ildən keçirilir. Amma ötən il koronavirus pandemiyası ilə bağlı bu yarışlar təxirə salındı.
Təşkilatçı tərəflə bağlanan müqaviləyə əsasən, Azərbaycan hələ 2024-ci ilə kimi bu yarışlara ev sahibliyi etməlidir. Hökumət bu yarışlara çəkilən tam xərcləri dəqiq açıqlamayıb. Müxalifət hesab edir ki, ölkədə bu yarışlara çəkilən xərclər əhalinin sosial ehtiyaclarına sərf olunmalıdır.
108 gündəlik yoluxma aşkarlanıb, 3 ölüm
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 350 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyunun 5-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib.
Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619-u sağalıb, 4 936-ı vəfat edib, aktiv xəstə sayı 3092-ə düşüb.
Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8331, ötən müddət ərzində isə ümumilikdə 3 559 951 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Keçmiş deputat barəsində cinayət işi məhkəməyə göndərilib
Milli Məclisinin keçmiş üzvü Rəfael Cəbrayılov ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, O, deputat olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında kömək göstərəcəyi barədə vədlər verərək ümumilikdə 2 milyon 571 min manat pulun ələ keçirilməsində şübhəli sayılır.
“Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. ”,məlumatda yazılıb.
İttihama Rəfael Cəbrayılov və ya vəkilindən münasibət almaq , hələlik, mümkün olmayıb.
R.Cəbrayılov bu il aprelin 2-də Binəqədi rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Qeyd edilən maddələr üzrə barəsində həbs-qətimkan tədbiri seçilib. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
R.Cəbrayılov Milli Məclisinin III, IV və V çağırış deputatı olub.
Onun adı bundan əvvəl də maliyyə qalmaqallarında hallanıb. 2019-cu ildə onun deputat mandatını borca görə, girov qoyması barədə məlumatlar yayılandan sonra, O, istefa verib. Onun öz ərizəsi əsasında deputat səlahiyyətlərinə xitam verdiyi açıqlanıb.Amma O həbsindən öncə, ona qarşı ittihamları bir qayda olaraq qəbul etməyib.Hətta O, “ona qarşı iyrənc ləkələmə kampaniyası” getdiyini bildirmişdi.
Rusiyada gəncin qətlinə görə saxlanan polis azadlığa buraxılıb-yenilənib
İki gənc 2 aylıq həbs edilib
Novosibirsk Mərkəzi Bölgə Məhkəməsi İlkin İsmayılov və Ruslan Qurbanovu 2 aylıq həbs qərarı çıxarıb. Adı çəkilən şəxslər polisin qətlə yetirdiyi Vəkil Abdullayevin dostlarıdı və onlar hadisə zamanı bir yerdə olublər. Verilən rəsmi xəbərə görə, barələrində həbs qərarı seçilən gənclər hadisə zamanı polisə müqavimət göstərməkdə ittiham olunurlar. Hələki bu məlumata təqsirləndirilən şəxslərin vəkillərinin və ya yaxınlarının münasibətini öyrənmək mümkün olmayıb.
***
Azərbaycan deputatları, redaktorlar Putinə üz tutdu
Azərbaycanın bəzi deputatları, media rəhbərləri və qeyri hökumət təşkilatlarının təmsilçiləri Rusiyada 19 yaşlı Vəkil Abdullayevin qətlində günahlandırılan yol polisi A. Qusevin azadlığa buraxılması ilə bağlı bu ölkənin Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.
Müraciətdə yazılıb ki, Rusiya İstintaq Komitəsinin rəhbərinin tapşırığına əsasən Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi ölümcül yaralamış A. Qusevin həbsdən azad edilməsi Azərbaycan ictimaiyyətini dərindən hiddətləndirib:
«Biz səlahiyyət həddini aşmış polis işçisinin həbsdən azad olunmasını təkcə cinayətin ört-basdır edilməsi və bəyənilməsi kimi deyil, həm də ksenofobiyadan əziyyət çəkənlərin təşviq edilməsi kimi qiymətləndiririk... ”
Müəlliflər yazıblar ki, Azərbaycan ictimaiyyəti hüquq-mühafizə orqanlarının Aleksandr Qusevin “qərəzli olmayan hərəkəti” kimi təqdim etməyə çalışdıqları atəş açılması üçün heç bir səbəb görmür :
« Məgər Vəkil Abdullayevin əlində tapança olubmu? Qusev tərəfindən güllələnmiş gənc məhz nə ilə təhdid edirmiş? Heç nə ilə!
Sual olunur: bu cür itaətsizlik silahdan istifadə etməyə nə dərəcədə əsas verir? Tapançanın lüləsi tamamilə müdafiəsiz olan gəncə qarşı yönəldilib. Şübhəsiz, bu hərəkətlər hüquqazidd olub. ”
Müraciətin sonunda da yazılıb:
«Bizim ölkəmizdə on milyondan çox insan yaşayır. Bu insanlar müxtəlif etnik, dil qruplarına və müxtəlif millətlərə mənsubdurlar. Onlar hamısı bu gün gərginlik içində diqqətlə Sizdən ədalətli qərar gözləyir. Hesab edirik ki, Abdullayevin qətli ilə bağlı bu çirkin əhvalatda əli olan insanlar ədalətli cəzalarını almalıdırlar. ”
Müraciətə, hələlik, Rusiya rəsmiləri və bu ölkənin başqa cavbdeh qurumlarından münasibət almaq mümkün olmayıb.
***
Novosibirskdə saxlanma zamanı yaralanan və daha sonra xəstəxanada vəfat edən 19 yaşlı Vəkil Abdullayevin ölümündə günahlandırılan yol polisi müfəttişi Vladimir Gusev istintaq təcridxanasından sərbəst buraxılıb.
AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, bu barədə qərar İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişinə əsasən verilib.
Müstəntiq həbs qətimkan tədbirini başqa yerə getməmək vəsatətinə uyğun olaraq verib. Araşdırmaların davam etdiyi bildirilir.
Məlumata görə, hadisə mayın 28-də Novosibirsk vilayətinin Moshkovo kəndi yaxınlığındakı magistral yolda baş verib. Polislər şüşələri qara örtüklü olan avtomobili saxlamağa çalışsalar da, sürücü onların tələblərinə cavab verməyib. Qısa bir təqibdən sonra polis avtomobili yol kənarındakı bir kafenin yanında yolun kənarında saxlaya bilib.
Hadisə yerindən çəkilən video görüntülərə görə, Abdullaev yoldaşını tutmasına mane olmağa çalışıb. Polis əvvəlcə gənci itələyib vurub, sonra tapançanı çıxarıb yeniyetməni maşının üstünə itələməyə çalışıb.
Bundan sonra video, Abdullaevin bir polis maşınının qarşısında yerə yıxıldığı ana qədər davam edir. Zərərçəkən xəstəxanaya aparılıb, lakin onu xilas etmək mümkün olmayıb.
Daxili İşlər Nazirliyi atəşin polisin Abdullayevin əlini arxasına bükməyə çalışdığı zaman təsadüfən baş verdiyini bildirir.
Qusevə qarşı "vəzifəsindən sui-istifadə" və "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddələri ilə cinayət işi açılıb. Daha sonra məhkəmənin qərarı ilə polis həbs eilib.
Yol polisinin həyat yoldaşı hadisədən sonra ona zəng edilib hədələndiyini bildirən video müraciət yaysa da Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.
TASS-ın yaydığı bu məlumatda qeyd edilir ki, polisin həyat yoldaşı belə bir müraciəti vəkilin tövsiyyəsi ilə edib. "Ona və yaxınlarına heç bir təhdid olmadığı aşkar edilib" deyə rəsmi açıqlamada vurğulanır.
123 gündəlik yoluxma aşkarlanıb, 4 ölüm
Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 406 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyunun 4-də verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib.
Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 334 min 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 min 269-u sağalıb, 4 min 933-ü vəfat edib, aktiv xəstə sayı isə 3 min 337-ə düşüb.
Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 min 585, indiyə qədər isə ümumilikdə 3 milyon 551 min 620 test icra olunub.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Türkmənistanda ‘koronavirus olmasa’ da…
UCI bir neçə potensial alternativ təşkilatçı ilə kontaktda olduğunu, tədbiri başqa yerə keçirməyi nəzərdə tutduğunu bildirir
Türkmənistan koronavirusa rəsmən heç bir yoluxmanın qeydə alınmadığını bildirsə də, COVID-19 qadağaları üzündən 2021-ci il Trek Veloyürüşü üzrə Dünya Çempionatına ev sahibliyi etməyəcək.
Prezident Qurbanqulu Berdimuhamedovun avtoritar idarəçiliyinə baxmayaraq, çempionatın bu ölkədə keçirilməsi nəzərdə tutulurdu.
Beynəlxalq Velosipedçilər Birliyi (UCI) iyunun 3-də bildirib ki, 13-17 oktyabr tarixlərində Aşqabada planlaşdırılan tədbir “təşkilatçıların xahişilə təxirə salınıb, çünki COVID-19 pandemiyası ilə əlaqədar səhiyyə qadağaları və məhdudiyyətlər bu tədbirin ölkədə keçirilməsini qeyri-mümkün edir”.
UCI bir neçə potensial alternativ təşkilatçı ilə kontaktda olduğunu, tədbiri başqa yerə keçirməyi nəzərdə tutduğunu bildirir. “Yarışın keçiriləcəyi şəhərin adı mümkün qədər tez razılaşdırılacaq”, – açıqlamada deyilir.
Bir həftə öncə isə Belarusda Avropa Trek Veloyürüşü Çempionatı təxirə salınıb. Buna Minskin mayın 23-də Ryanair təyyarəsini zorla endirərək müxalifətçi jurnalist Raman Prataseviç və sevgilisini həbs etməsi səbəb olub.
Azərbaycanla Türkiyə arasında yeni hərbi sənəd imzalanıb
İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda yazılıb ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib: "Görüşün sonunda iclasın yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb".
İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğlu idi.
Bu formatda növbəti görüşün 2022-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsinin planlaşdırıldığı bildirilir.
AB Belarus təyyarələrinə qadağa qoyur
Qadağanın Mərkəzi Avropa Vaxtı ilə gecəyarısından qüvvəyə minəcəyi gözlənir
İyunun 4-də Avropa Birliyi (AB) səfirləri Belarus təyyarələrinin birlik ərazisindən uçmasını, yaxud aeroportlarına enməsini yasaqlamaq qərarına gəlib. AzadlıqRadiosu xəbəri üç diplomata istinadla yayıb.
Bu, Belarusa qarşı cəzalandırıcı tədbirlərdən biridir. Mayın 23-də müxalifət jurnalisti Raman Prataseviçin olduğu Ryanair təyyarəsi zorla Minskə endirilib, o və sevgilisi həbs olunub.
Qadağanın Mərkəzi Avropa Vaxtı ilə gecəyarısından qüvvəyə minəcəyi gözlənir.
Avropa Birliyi blok üzvlərinə məxsus təyyarələrin Belarus üzərindən uçmamasını tövsiyə edib. Amma bu tövsiyənin hüquqi qüvvəsi yoxdur. İyunun 2-də Avropa Birliyinin Aviasiya Təhlükəsizliyi Agentliyi təlimat yayaraq bildirib ki, AB-yə məxsus bütün təyyarələr fövqəladə vəziyyət yaranmasa Belarusun hava məkanından uçmamalıdırlar.
Belarusun Belavia dövlət şirkəti Belarusla Avropanın 20 aeroportu arasında uçuşlar həyata keçirir. Bu sıraya Helsinki, Amsterdam, Milan, Varşava, Frankfurt, Berlin, Münhen, Paris, Roma və Vyana daxildir.
Belarus təyyarələrinə qadağa qoyulması AB hökumətlərinin üzərinə düşür. Onların çoxu həm də NATO üzvləridir, öz hava məkanlarını qorumaqdan ötrü havaya qırıcı qaldıra bilərlər.
Formula-1 başlayır
Bu gün, iyunun 4-də Bakıda Formula-1 üzrə Azərbaycan Qran-Prisi start götürəcək.
Bakıda beşinci dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.
İyunun 5-i Formula-2-də sprint yarışları, həmçinin Formula-1-də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır.
İyunun 6-da Formula-2-də yekun yarış təşkil olunmalıdır. Saat 16:00-da isə Qran-Prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.
Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə baş tutmayan yarışda əvvəlki illərlə müqayisədə bu dəfə əyləncə proqramları təşkil olunmayacaq.
Bu mərhələyə də, əvvəlki yarış kimi, 10 komandanın heyətində 20 pilot qatılmalıdır.
Xatırlatma
Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir. Amma ötən il koronavirus pandemiyası ilə bağlı bu yarışlar təxirə salındı.
Təşkilatçı tərəflə bağlanan müqaviləyə əsasən, Azərbaycan hələ 2024-ci ilə kimi bu yarışlara ev sahibliyi etməlidir. Hökumət bu yarışlara çəkilən tam xərcləri dəqiq açıqlamayıb. Müxalifət hesab edir ki, ölkədə bu yarışlara çəkilən xərclər əhalinin sosial ehtiyaclarına sərf olunmalıdır.
Sabiq nazir müavini ifadə verməkdən imtina etdi
Mədəniyyət nazirinin həbsdə olan keçmiş müavini Rafiq Bayramovun işi üzrə məhkəmə dindirmələri başlayıb. İyunun 3-də məhkəmədə ona ifadə vermək təklif olunsa da, o, imtina edib.
Sabiq nazir müavininin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti baxır.
Hakimin ifadə vermək təklifinə cavab olaraq, Bayramov deyib ki, ifadə vermək istəmir. Amma bu, tamamilə ifadə vermək istəməməsi anlamına gəlməməlidir. Şahidlər dindiriləndən sonra ifadə verə bilər.
Keçmiş nazir müavinin məhkəməsində iyunun 8-də şahidlər dindiriləcək.
Xatırlatma
Cinayət işinin materiallarında iddia olunur ki, Bayramov nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət alıb. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedir.
Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Bayramov məhkəmə qarşısına tək çıxarılıb.
Bayramova qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Azərbaycan və Rusiya siyasi məsləhətləşmələr aparıb
Bu gün, iyunun 3-də Bakıda Azərbaycan və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.
Müdafiə Nazirliyi yeni statistika açıqlayıb
İyunun 2-də Azərbaycan Müdafiə Nazirliyi (MN) İkinci Qarabağ müharibəsində həlak olan hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat yayıb. Orada Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2 min 900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
"...İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir", - məlumatda yazılıb.
MN-in bundan əvvəl, martın 2-də yaydığı məlumatda həlak olan hərbçilərin sayı 2 min 881, itkin düşmüş hesab olunanlar isə 28 nəfər göstərilirdi.
Nazirlik 44 günlük müharibədən az sonra isə 1 min 200 hərbi qulluqçunun xəstəxanada müalicə aldığını bildirirdi.
Xatırlatma
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.