Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:16

Xəbərlər

Leninin mavzoleyi önündə aksiya: ‘Oyan, bizdə yenidən çar var’

Lenini mavzoleyinin qarşısı, arxiv foto
Lenini mavzoleyinin qarşısı, arxiv foto

Bazar günü rusiyalı fəal Ruslan Osipov təkbaşına Qırmızı Meydanda Lenin Mavzoleyi qarşısında aksiya keçirməyə cəhd edib.

O əlində Leninə xitabla "Oyan, bizdə yenidən çar var" («Wake up we have a tsar again») yazılmış plakat qaldırıb. AzadlıqRadiosunun rus xidməti "OVD-Info"ya istinadlə bu barədə xəbər verir.

Məlumata görə, piket çox çəkməyib, qısa bir müddətdə polis şüar qaldıran Osipovu dərhal saxlayıb və şöbəyə aparıb. Onun haqqında razılaşdırılmamış bir ictimai aksiyada iştirak haqqında protokol tərtib edilib.

Məhkəmə işə iyunun 17-də baxacaq. Qanuna görə, tək piketlərin təsdiqlənməsi tələb olunmur, lakin Qırmızı Meydanda və Kremlə bitişik digər ərazilərdə mitinqlərin keçirilmə qaydalarının Rusiya Prezidenti tərəfindən müəyyənləşdirildiyi bir şərt var.

De-fakto, orada tək piketlər qadağandır, polis o ərazidə aksiya keçirməyə çalışanları mütəmadi olaraq saxlayır.

Azərbaycan Qran-prisində Serxio Peres qalib oldu

Formula -1, Bakı 29 aprel 2018
Formula -1, Bakı 29 aprel 2018

İyunun 6-da Bakıda “Formula-1” Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının Meksikadan olan pilotu Serxio Peres-in qələbəsi ilə başa çatıb.

İkinci yerdə “Aston Martin” komandasının Almaniydan olan sürücüsü Sebastian Fettel qərarlaşıb.

“AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli isə yarışı üçüncü sırada tamamlayıb.
Finişə isə 20 pilotdan 17-si çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.
Azərbaycan bu yarışlara 2016-cı ildən ev sahibliyi edir. Həmi il Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 3 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”) və Valtteri Bottas (“Mercedes”) qalib adına yiyələnib.

***

Bu gün, iyunu 6-da “Formula-1” üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.
Yarışın üçüncü günündə Azərbaycanda beşinci dəfə keçirilən turnirin 6-cı mərhələsinin qalibinin adına aydınlıq gələcək.

Qran-priyədək “Formula-2”də sonuncu yarış təşkil olunacaq. Saat 16:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

“Formula-1” üzrə Azərbaycan Qran-prisi yarışı iyunun 4 -da start götürüb. Yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı keçirilib. İyunun 5-i “Formula-2”də sprint yarışları, həmçinin “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu gerçəkləşib.

Xatırlatma

Azərbaycanda “Formula-1” yarışları 2016-cı ildən keçirilir. Amma ötən il koronavirus pandemiyası ilə bağlı bu yarışlar təxirə salındı.

Təşkilatçı tərəflə bağlanan müqaviləyə əsasən, Azərbaycan hələ 2024-ci ilə kimi bu yarışlara ev sahibliyi etməlidir. Hökumət bu yarışlara çəkilən tam xərcləri dəqiq açıqlamayıb. Müxalifət hesab edir ki, ölkədə bu yarışlara çəkilən xərclər əhalinin sosial ehtiyaclarına sərf olunmalıdır.

108 gündəlik yoluxma aşkarlanıb, 3 ölüm

Koronavirusla bağlı test, arxiv foto
Koronavirusla bağlı test, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 350 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyunun 5-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619-u sağalıb, 4 936-ı vəfat edib, aktiv xəstə sayı 3092-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 8331, ötən müddət ərzində isə ümumilikdə 3 559 951 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Keçmiş deputat barəsində cinayət işi məhkəməyə göndərilib

Rəfael Cabbarov, 9 iyun 2010
Rəfael Cabbarov, 9 iyun 2010

Milli Məclisinin keçmiş üzvü Rəfael Cəbrayılov ilə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, O, deputat olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında kömək göstərəcəyi barədə vədlər verərək ümumilikdə 2 milyon 571 min manat pulun ələ keçirilməsində şübhəli sayılır.

“Rəfael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. ”,məlumatda yazılıb.

İttihama Rəfael Cəbrayılov və ya vəkilindən münasibət almaq , hələlik, mümkün olmayıb.

R.Cəbrayılov bu il aprelin 2-də Binəqədi rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Qeyd edilən maddələr üzrə barəsində həbs-qətimkan tədbiri seçilib. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

R.Cəbrayılov Milli Məclisinin III, IV və V çağırış deputatı olub.

Onun adı bundan əvvəl də maliyyə qalmaqallarında hallanıb. 2019-cu ildə onun deputat mandatını borca görə, girov qoyması barədə məlumatlar yayılandan sonra, O, istefa verib. Onun öz ərizəsi əsasında deputat səlahiyyətlərinə xitam verdiyi açıqlanıb.Amma O həbsindən öncə, ona qarşı ittihamları bir qayda olaraq qəbul etməyib.Hətta O, “ona qarşı iyrənc ləkələmə kampaniyası” getdiyini bildirmişdi.

Rusiyada gəncin qətlinə görə saxlanan polis azadlığa buraxılıb-yenilənib

Arxiv foto
Arxiv foto

İki gənc 2 aylıq həbs edilib

Novosibirsk Mərkəzi Bölgə Məhkəməsi İlkin İsmayılov və Ruslan Qurbanovu 2 aylıq həbs qərarı çıxarıb. Adı çəkilən şəxslər polisin qətlə yetirdiyi Vəkil Abdullayevin dostlarıdı və onlar hadisə zamanı bir yerdə olublər. Verilən rəsmi xəbərə görə, barələrində həbs qərarı seçilən gənclər hadisə zamanı polisə müqavimət göstərməkdə ittiham olunurlar. Hələki bu məlumata təqsirləndirilən şəxslərin vəkillərinin və ya yaxınlarının münasibətini öyrənmək mümkün olmayıb.

***

Azərbaycan deputatları, redaktorlar Putinə üz tutdu


Azərbaycanın bəzi deputatları, media rəhbərləri və qeyri hökumət təşkilatlarının təmsilçiləri Rusiyada 19 yaşlı Vəkil Abdullayevin qətlində günahlandırılan yol polisi A. Qusevin azadlığa buraxılması ilə bağlı bu ölkənin Prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.

Müraciətdə yazılıb ki, Rusiya İstintaq Komitəsinin rəhbərinin tapşırığına əsasən Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi ölümcül yaralamış A. Qusevin həbsdən azad edilməsi Azərbaycan ictimaiyyətini dərindən hiddətləndirib:

«Biz səlahiyyət həddini aşmış polis işçisinin həbsdən azad olunmasını təkcə cinayətin ört-basdır edilməsi və bəyənilməsi kimi deyil, həm də ksenofobiyadan əziyyət çəkənlərin təşviq edilməsi kimi qiymətləndiririk... ”

Müəlliflər yazıblar ki, Azərbaycan ictimaiyyəti hüquq-mühafizə orqanlarının Aleksandr Qusevin “qərəzli olmayan hərəkəti” kimi təqdim etməyə çalışdıqları atəş açılması üçün heç bir səbəb görmür :

« Məgər Vəkil Abdullayevin əlində tapança olubmu? Qusev tərəfindən güllələnmiş gənc məhz nə ilə təhdid edirmiş? Heç nə ilə!
Sual olunur: bu cür itaətsizlik silahdan istifadə etməyə nə dərəcədə əsas verir? Tapançanın lüləsi tamamilə müdafiəsiz olan gəncə qarşı yönəldilib. Şübhəsiz, bu hərəkətlər hüquqazidd olub. ”

Müraciətin sonunda da yazılıb:

«Bizim ölkəmizdə on milyondan çox insan yaşayır. Bu insanlar müxtəlif etnik, dil qruplarına və müxtəlif millətlərə mənsubdurlar. Onlar hamısı bu gün gərginlik içində diqqətlə Sizdən ədalətli qərar gözləyir. Hesab edirik ki, Abdullayevin qətli ilə bağlı bu çirkin əhvalatda əli olan insanlar ədalətli cəzalarını almalıdırlar. ”

Müraciətə, hələlik, Rusiya rəsmiləri və bu ölkənin başqa cavbdeh qurumlarından münasibət almaq mümkün olmayıb.

***

Novosibirskdə saxlanma zamanı yaralanan və daha sonra xəstəxanada vəfat edən 19 yaşlı Vəkil Abdullayevin ölümündə günahlandırılan yol polisi müfəttişi Vladimir Gusev istintaq təcridxanasından sərbəst buraxılıb.

AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, bu barədə qərar İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişinə əsasən verilib.

Müstəntiq həbs qətimkan tədbirini başqa yerə getməmək vəsatətinə uyğun olaraq verib. Araşdırmaların davam etdiyi bildirilir.

Məlumata görə, hadisə mayın 28-də Novosibirsk vilayətinin Moshkovo kəndi yaxınlığındakı magistral yolda baş verib. Polislər şüşələri qara örtüklü olan avtomobili saxlamağa çalışsalar da, sürücü onların tələblərinə cavab verməyib. Qısa bir təqibdən sonra polis avtomobili yol kənarındakı bir kafenin yanında yolun kənarında saxlaya bilib.

Hadisə yerindən çəkilən video görüntülərə görə, Abdullaev yoldaşını tutmasına mane olmağa çalışıb. Polis əvvəlcə gənci itələyib vurub, sonra tapançanı çıxarıb yeniyetməni maşının üstünə itələməyə çalışıb.

Bundan sonra video, Abdullaevin bir polis maşınının qarşısında yerə yıxıldığı ana qədər davam edir. Zərərçəkən xəstəxanaya aparılıb, lakin onu xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyi atəşin polisin Abdullayevin əlini arxasına bükməyə çalışdığı zaman təsadüfən baş verdiyini bildirir.

Qusevə qarşı "vəzifəsindən sui-istifadə" və "ehtiyatsızlıqdan ölümə səbəb olma" maddələri ilə cinayət işi açılıb. Daha sonra məhkəmənin qərarı ilə polis həbs eilib.

Yol polisinin həyat yoldaşı hadisədən sonra ona zəng edilib hədələndiyini bildirən video müraciət yaysa da Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.

TASS-ın yaydığı bu məlumatda qeyd edilir ki, polisin həyat yoldaşı belə bir müraciəti vəkilin tövsiyyəsi ilə edib. "Ona və yaxınlarına heç bir təhdid olmadığı aşkar edilib" deyə rəsmi açıqlamada vurğulanır.

123 gündəlik yoluxma aşkarlanıb, 4 ölüm

COVID-19
COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 406 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyunun 4-də verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 334 min 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 min 269-u sağalıb, 4 min 933-ü vəfat edib, aktiv xəstə sayı isə 3 min 337-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 min 585, indiyə qədər isə ümumilikdə 3 milyon 551 min 620 test icra olunub.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Türkmənistanda ‘koronavirus olmasa’ da…

Arxiv fotosu
Arxiv fotosu

UCI bir neçə potensial alternativ təşkilatçı ilə kontaktda olduğunu, tədbiri başqa yerə keçirməyi nəzərdə tutduğunu bildirir

Türkmənistan koronavirusa rəsmən heç bir yoluxmanın qeydə alınmadığını bildirsə də, COVID-19 qadağaları üzündən 2021-ci il Trek Veloyürüşü üzrə Dünya Çempionatına ev sahibliyi etməyəcək.

Prezident Qurbanqulu Berdimuhamedovun avtoritar idarəçiliyinə baxmayaraq, çempionatın bu ölkədə keçirilməsi nəzərdə tutulurdu.

Beynəlxalq Velosipedçilər Birliyi (UCI) iyunun 3-də bildirib ki, 13-17 oktyabr tarixlərində Aşqabada planlaşdırılan tədbir “təşkilatçıların xahişilə təxirə salınıb, çünki COVID-19 pandemiyası ilə əlaqədar səhiyyə qadağaları və məhdudiyyətlər bu tədbirin ölkədə keçirilməsini qeyri-mümkün edir”.

UCI bir neçə potensial alternativ təşkilatçı ilə kontaktda olduğunu, tədbiri başqa yerə keçirməyi nəzərdə tutduğunu bildirir. “Yarışın keçiriləcəyi şəhərin adı mümkün qədər tez razılaşdırılacaq”, – açıqlamada deyilir.

Bir həftə öncə isə Belarusda Avropa Trek Veloyürüşü Çempionatı təxirə salınıb. Buna Minskin mayın 23-də Ryanair təyyarəsini zorla endirərək müxalifətçi jurnalist Raman Prataseviç və sevgilisini həbs etməsi səbəb olub.

Azərbaycanla Türkiyə arasında yeni hərbi sənəd imzalanıb

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb

İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yazılıb ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib: "Görüşün sonunda iclasın yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb".

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğlu idi.

Bu formatda növbəti görüşün 2022-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsinin planlaşdırıldığı bildirilir.

AB Belarus təyyarələrinə qadağa qoyur

İllüstrativ foto
İllüstrativ foto

Qadağanın Mərkəzi Avropa Vaxtı ilə gecəyarısından qüvvəyə minəcəyi gözlənir

İyunun 4-də Avropa Birliyi (AB) səfirləri Belarus təyyarələrinin birlik ərazisindən uçmasını, yaxud aeroportlarına enməsini yasaqlamaq qərarına gəlib. AzadlıqRadiosu xəbəri üç diplomata istinadla yayıb.

Bu, Belarusa qarşı cəzalandırıcı tədbirlərdən biridir. Mayın 23-də müxalifət jurnalisti Raman Prataseviçin olduğu Ryanair təyyarəsi zorla Minskə endirilib, o və sevgilisi həbs olunub.

Qadağanın Mərkəzi Avropa Vaxtı ilə gecəyarısından qüvvəyə minəcəyi gözlənir.

Avropa Birliyi blok üzvlərinə məxsus təyyarələrin Belarus üzərindən uçmamasını tövsiyə edib. Amma bu tövsiyənin hüquqi qüvvəsi yoxdur. İyunun 2-də Avropa Birliyinin Aviasiya Təhlükəsizliyi Agentliyi təlimat yayaraq bildirib ki, AB-yə məxsus bütün təyyarələr fövqəladə vəziyyət yaranmasa Belarusun hava məkanından uçmamalıdırlar.

Belarusun Belavia dövlət şirkəti Belarusla Avropanın 20 aeroportu arasında uçuşlar həyata keçirir. Bu sıraya Helsinki, Amsterdam, Milan, Varşava, Frankfurt, Berlin, Münhen, Paris, Roma və Vyana daxildir.

Belarus təyyarələrinə qadağa qoyulması AB hökumətlərinin üzərinə düşür. Onların çoxu həm də NATO üzvləridir, öz hava məkanlarını qorumaqdan ötrü havaya qırıcı qaldıra bilərlər.

Formula-1 başlayır

Formula-1
Formula-1

Bu gün, iyunun 4-də Bakıda Formula-1 üzrə Azərbaycan Qran-Prisi start götürəcək.

Bakıda beşinci dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

İyunun 5-i Formula-2-də sprint yarışları, həmçinin Formula-1-də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır.

İyunun 6-da Formula-2-də yekun yarış təşkil olunmalıdır. Saat 16:00-da isə Qran-Prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə baş tutmayan yarışda əvvəlki illərlə müqayisədə bu dəfə əyləncə proqramları təşkil olunmayacaq.

Bu mərhələyə də, əvvəlki yarış kimi, 10 komandanın heyətində 20 pilot qatılmalıdır.

Formula-1 Bakının mərkəzini iflic edib
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Xatırlatma

Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir. Amma ötən il koronavirus pandemiyası ilə bağlı bu yarışlar təxirə salındı.

Təşkilatçı tərəflə bağlanan müqaviləyə əsasən, Azərbaycan hələ 2024-ci ilə kimi bu yarışlara ev sahibliyi etməlidir. Hökumət bu yarışlara çəkilən tam xərcləri dəqiq açıqlamayıb. Müxalifət hesab edir ki, ölkədə bu yarışlara çəkilən xərclər əhalinin sosial ehtiyaclarına sərf olunmalıdır.

Sabiq nazir müavini ifadə verməkdən imtina etdi

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Mədəniyyət nazirinin həbsdə olan keçmiş müavini Rafiq Bayramovun işi üzrə məhkəmə dindirmələri başlayıb. İyunun 3-də məhkəmədə ona ifadə vermək təklif olunsa da, o, imtina edib.

Sabiq nazir müavininin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti baxır.

Hakimin ifadə vermək təklifinə cavab olaraq, Bayramov deyib ki, ifadə vermək istəmir. Amma bu, tamamilə ifadə vermək istəməməsi anlamına gəlməməlidir. Şahidlər dindiriləndən sonra ifadə verə bilər.

Keçmiş nazir müavinin məhkəməsində iyunun 8-də şahidlər dindiriləcək.

Xatırlatma

Cinayət işinin materiallarında iddia olunur ki, Bayramov nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət alıb. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedir.

Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Bayramova qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Azərbaycan və Rusiya siyasi məsləhətləşmələr aparıb

XİN
XİN

Bu gün, iyunun 3-də Bakıda Azərbaycan və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə Nazirliyi yeni statistika açıqlayıb

Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

İyunun 2-də Azərbaycan Müdafiə Nazirliyi (MN) İkinci Qarabağ müharibəsində həlak olan hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat yayıb. Orada Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2 min 900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

"...İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir", - məlumatda yazılıb.

MN-in bundan əvvəl, martın 2-də yaydığı məlumatda həlak olan hərbçilərin sayı 2 min 881, itkin düşmüş hesab olunanlar isə 28 nəfər göstərilirdi.

Nazirlik 44 günlük müharibədən az sonra isə 1 min 200 hərbi qulluqçunun xəstəxanada müalicə aldığını bildirirdi.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi

İsaak Hersoq İsrailin prezidenti seçildi

İssak Hersoq
İssak Hersoq

Veteran siyasətçi İsaak Hersoq İsrailin 11-ci prezidenti seçilib. Əsasən protokol xarakterli olan bu vəzifənin məqsədi xalqın mənəvi dəyərlərinə xidmət, birliyin təbliğidir.

İyunun 2-də 120 üzvü olan parlament 60 yaşlı Hersoqu anonim səsvermə ilə prezident seçib.

Hersoq İsrailin Əmək Partiyasının keçmiş rəhbəri, müxalifət lideri olub. 2013-cü ilin parlament seçkilərində Baş nazir Bencamin Netanyahu ilə mübarizə aparıb.

O, gələn ay vəzifədən gedəcək Reuven Rivlini əvəzləyəcək.

Hersoq tanınmış ailədəndir. Atası Çaim Hersoq prezident seçilməzdən qabaq İsrailin BMT-də səfiri olub.

Dayısı Abba Eban İsrailin ilk xarici işlər naziri, BMT-də və ABŞ-da səfiri, babası isə ölkənin ilk baş ravvini olub.

...Özünü yandırdığı deyilir

Qarabağ qaziləri niyə özlərinə qəsd edir?
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

İyunun 2-də Biləcəri qəsəbəsində Birinci Qarabağ müharibəsində sağlamlığını itirdiyi deyilən Məhəmmədəli Hacıyevin özünü yandırmağa cəhd etdiyi bildirilir.

M.Hacıyevin yaxınları "Turan"a bildirib ki, o, 1-ci qrup əlildir və qəsəbədə açdığı kiçik bir köşkdə meyvə-tərəvəz satmaqla ailəsini dolandırıb: "Bu gün, iyunun 2-də isə rayon icra hakimiyyətinin nümayəndələri və polislər gələrək orada meyvə-tərəvəzi sata bilməyəcəyini, obyekti qanunsuz işlətdiyini deyiblər. Nəticədə isə Məhəmmədəli özünə benzin tökərək yandırdı".

M.Hacıyevin yaxınları qeyd edib ki, o, 5 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Hələlik, xəstəxana ilə danışmaq mümkün olmayıb.

İcra hakimiyyətinin mövqeyi

Məsələyə Binəqədi rayon İcra Hakimiyyətindən də mövqe bildirilib. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva "Turan"a deyib ki, iyunun 2-də Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində özünü 1-ci Qarabağ müharibəsinin veteranı kimi təqdim edən Kəlbəcər rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədəli Hacıyev qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib: "Qanunsuz fəaliyyəti ilə əlaqədar xəbərdarlıq edildiyi zaman üzərinə neft tökərək intihara cəhd etmişdir. Məlumat üçün bildiririk ki, bundan əvvəllər də bu şəxs Bakı şəhərinin bir çox rayonlarında özünü 1-ci Qarabağ müharibəsinin qazisi kimi təqdim etməklə dövlət mülkiyyətində olan torpaq sahələrini zəbt edərək yaşayış və qeyri-yaşayış obyektlərinin tikintilərinə nail olmaq məqsədilə bu tipli təxribatlar törətmişdir".

Azərbaycanda bundan əvvəlki illərdə də keçmiş döyüşçülərin oxşar şikayətlər üzündən canına qəsd etdiyi bildirilir. Hərçənd, rəsmilər, bir qayda olaraq, deyirlər ki, ölkədə Qarabağ müharibəsində sağlamlığını itirən şəxslərə və ya həlak olanların ailələrinə hər cür dövlət qayğısı var.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Həmin vaxt 16 min civarında insanın həlak olduğu, minlərlə şəxsin yaralandığı bildirilir.

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Həmin döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbçi itirdiyi, minlərlə şəxsin isə yaralandığı deyilir.

Ermənistan vətəndaşlarının məhkəməsi başladı

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi

Bu gün, iyunun 2-də Yasamal rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə Ermənistan vətəndaşları Lüdvik Mkrtiçyan ilə Alyoşa Xosrovyanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Prosesdə hakim E.Allahverdiyev təqsirləndirilən şəxslərin anket məlumatlarını elan edib.

Təqsirləndirilən şəxslər Azərbaycan dilini bilmədiklərini deyiblər və onlara tərcüməçi təyin olunub.

Prosesdə dövlət ittihamçısı Mahir Abbasov çıxış edib. Bundan sonra isə məhkəmə işi icraata götürüb.

Məhkəmə baxışı iyunun 9-a təyin olunub.

Azərbaycanda iki Ermənistan vətəndaşının hakim önünə çıxarılacağı ilə bağlı bir müddət öncə Azərbaycan Baş Prokurorluğu da məlumat yaymışdı.

Həmin məlumatda qeyd edilirdi ki, L.Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndində, A.Xosrovyan isə ondan 17 gün əvvəl saxlanıb.

Məlumata görə, onlar əvvəllər müxtəlif illərdə bir sıra cinayətlərdə ittiham edilir: "Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən ...barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

İttihamlara, hələlik, təqsirləndirilən şəxslərdən, onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Sinovac vaksini təsdiqlənib

Arxiv fotosu
Arxiv fotosu

Dünya Səhiyyə Təşkilatı (DST) Çinin COVID-19-a qarşı Sinovac vaksinindən istifadəyə xüsusi icazə verib.

DST-nin iyunun 1-də yaydığı bəyanata görə, mövcud data vaksinin iki dozasının vurulduğu şəxslərin yarısının COVID-19-un simptomlarına tutulmadığını göstərib.

Qurum araşdırmada yaşlıların az olduğunu, buna görə də vaksinin yaşı 60-dan yuxarı olanlara təsirini dəyərləndirə bilmədiyini bildirir.

Ancaq bununla belə DST vaksin üçün yuxarı yaş həddi qoymur. Sinovac-ın digər ölkələrdə istifadəsi üzrə data isə “vaksinin yaşlılara da qoruyucu təsirinin mümkünlüyünü göstərir”.

DST-nin təsdiqi o deməkdir ki, donorlar və BMT-nin digər agentlikləri onu yoxsul ölkələrdə istifadə üçün ala bilərlər. BMT-nin təşəbbüsüylə dünyada COVID-19 vaksinlərinin paylaşılması üçün COVAX təşəbbüsü yaradılıb.

Ötən ay DST Çinin Sinopharm dövlət şirkətinin hazırladığı vaksinə də yaşıl işıq yandırıb. Qurumun indiyədək təsdiqlədiyi vaksinlər Pfizer-BioNTech, Johnson & Johnson, Moderna və AstraZeneca-dır.

İndiyədək COVAX çərçivəsində Sinovac vaksini alınmayıb.

Azərbaycanda vaksinasiyada əsasən Sinovac vaksinindən istifadə olunur.

İranın hərbi gəmisi yanaraq batıb

Xarq gəmisi
Xarq gəmisi

İran donanmasının ən böyük gəmisi iyunun 2-də səhər Oman körfəzində yanğın nəticəsində batıb, heyət isə təhlükəsiz şəkildə evakuasiya olunub. Yanğının səbəbləri bəlli deyil

Donanmanın bəyanatında yanğının Xarq təchizat gəmisinin mühərrik otağında başlandığı bildirilir.

Yanğınsöndürənlər “20 saat ərzində” yanğını söndürməyə çalışıblar, bəyanatda vurğulanır.

Gəmi İranın Jask limanı yaxınlığında, Tehrandan 1270 km cənub-şərqdə yerləşirdi.

Yanğın yayıldığından Xarq gəmisini xilas etmək mümkün olmayıb.

Donanmanın məlumatına görə, 400 nəfərlik heyətdən 20 dənizçi yüngül xəsarət alıb.

Britaniyada hazırlanmış Xarq gəmisi 1977-ci ildə suya buraxılıb. O, İran donanmasına 1984-cü ildə daxil olub.

Hadrutda tutulan hərbçilər hakim önündə

Qarabağda tutulan yeni erməni əsirlər hara aparılıb?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Ölkə ərazisində terror-təxribat və digər cinayət əməlləri törətməkdə şübhəli sayılan Ermənistan silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığı bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, onlar ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Hadrut qəsəbəsinin meşəlik ərazisində mövqe tutaraq terror-təxribat və digər cinayət əməlləri törətməkdə günahlandırılırlar.

Onların Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ötən il dekabrın 13- də keçirdiyi antiterror əməliyyatı nəticəsində tərksilah edildiyi deyilir. Əlavə edilir ki, Xidmətin İstintaq baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işində ümumilikdə 14 təqsirləndirilən şəxsdən söhbət gedir: "Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq,...), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah... və qurğular əldə etmə,...), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə... və ya ayrı-ayrı şəxslərə basqın etmə) və başqa maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq...məhkəməyə göndərilib".

İttihamlara, hələlik, təqsirləndirilən şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb. Amma Ermənistan tərəfi onları hərbi əsir sayaraq geri təhvil verilməsini istəyir. Azərbaycanın rəsmi orqanları isə deyir ki, onlar üçtərəfli razılaşmadan və döyüşlərin dayanmasından sonra saxlandıqlarından hərbi əsir deyillər.

Üstəlik, onların sayı ilə də bağlı ziddiyyətlə məlumatlar var. Həmin şəxslər saxlanarkən onların 60-dan çox olduqları bildirilmişdi. Rəsmi qurumlar onlardan üçünün geri göndərildiyini açıqlamışdılar. Bu günlər Prezident İlham Əliyev isə Ermənistana qaytarılan hərbi qulluqçuların sayını 14 qeyd etmişdi.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Azərbaycanın 28 vətəndaşı Almaniyadan qaytarılıb

İllüstrativ foto
İllüstrativ foto

Bugün, iyunun 1-də Almaniyadan Bakıya 28 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) məlumatına görə onlar "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişə uyğun göndərilib.

Readmissiya – başqa ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni yaşayan şəxslərin geri qəbul edilməsidir.

Xidmətdən bildirildiyinə görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Təxminən iki ay əvvəl , martın 31-də də Almaniyadan Bakıya eyni sazişə əsasən 32 nəfər Azərbaycan vətəndaşının gətirildiyi açıqlanmışdı.

Son vaxtlar sosial şəbəkələrdə ölkəyə xaricdən bu qaydada gətirilən vətəndaşlardan bəzilərinin sorğu-sual edilmələri və təzyiqlərlə üzləşməsi haqqında müəyyən iddialar yer alır. Amma rəsmi qurumlar beləi ddiaları qəbul etmirlər.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş 2014-cü il fevralın 28-də Brüsseldə imzalanıb.

Bundan əvvəl də Avropa ölkələrində icazəsiz yaşayan yüzlərlə Azərbaycan vətəndaşı öz ölkələrinə gətirilib.

Gənc cəbhəçi təzyiqlərlə üzləşdiyini deyir

O.Baxışlı
O.Baxışlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, keçmiş məhbus Orxan Baxışlı təzyiqlərə məruz qaldığını bildirir. O deyib ki, bir müddət əvvəl bəzi qurumlar atası Rafiq Baxışov barədə məlumatlar əldə etməyə çalışıblar: "Bu gün, iyunun 1-də isə əmim Baxışov Fikrəti Cəlilabad rayon Polis Şöbəsinə çağırıblar. İndi isə mənim özümə şöbədən zəng vurub gəlməyimi istədilər. Səbəbi də demədilər. Mən isə rəsmi çağırış vərəqi göndəriləndən sonra gəlməyə hazır olduğumu dedim".

O.Baxışlının sözlərinə görə, artıq ikinci dəfədir ki, rayonda ona təzyiq etməyə çalışırlar: "Təxminən bir ay əvvəl mən rayona gedəndə icra nümayəndəsi anama zəng vurub deyib ki, Orxan koronavirusa yoluxub. Mən də sağlam olduğuma görə şübhələnib təcili rayondan çıxdım. Bu gün də rayona qan verməyə gəlmişdim və heç nədən polisə çağırıldım".

Fəalın fikrincə, bu, onun siyasi fəaliyyəti ilə bağlıdır.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bildirirlər ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.

Xatırlatma

O.Baxışlı bundan əvvəl 2018-ci il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunub. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış̧ məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib. Gənc fəal ittihamı rədd edib, narkotiki cibinə polislərin atdığını deyib.

Mənsub olduğu partiyadan isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı. Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, E.Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar. E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.

O.Baxışlı bu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.

Keçmiş nazir müavini 1.8 milyonluq yeyintiyə görə özünü qismən suçlu sayır

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Mədəniyyət nazirinin həbsdə olan keçmiş müavini Rafiq Bayramov yeyinti, rüşvət alma suçlamaları üzrə özünü qismən təqsirli bilir. O, iyunun 1-də məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlara münasibət bildirərkən belə deyib.

Sabiq nazir müavinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Bayramovun işi üzrə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, Bayramov nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət alıb. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedir.

Bayramov ittihamda yazılanlarla qismən razılaşdığını söyləyib.

Məhkəmə prosesi iyunun 3-də keçmiş nazir müavinin özünün ifadəsi ilə davam edəcək.

Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Bayramova qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İlkin Rüstəmzadənin bacısına hücum olduğu bildirilir

T.Rüstəmzadə
T.Rüstəmzadə

Mayın 31-də axşam saatlarında ictimai fəal İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadəyə hücum olduğu bildirilir.

İ.Rüstəmzadə özü də bildirib ki, metronun "Əhmədli" stansiyası yaxınlığında bir naməlum şəxs bacısına hücum edib: "O, Türkanın ağzını əli ilə bağlayaraq "qardaşına denən ağıllı olsun" deyib".

İ.Rüstəmzadənin sözlərinə görə, o, Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə onlayn müraciət ünvanlayıb: "Bu dəfə də günahkarlar tapılmasa, deməli, təhdidin arxasında dövlət özü durur".

Daxili İşlər Nazirliyindən isə "Turan"a bildirilib ki, məsələ araşdırılıb məlumat veriləcək.

İlkin Rüstəmzadə ilə müsahibə
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

İ.Rüstəmzadə 2013-cü ilin martından həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə kütləvi iğtişaşların təşkili, xuliqanlıq kimi ittihamlarla 8 il azadlıqdan məhrum olunmuşdu. İttihamları qəbul etməyən siyasi fəal 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Onlayn görüşdüyü qadınların fotolarına görə saxlandı

Tehranda qadınlar
Tehranda qadınlar

İranda onlayn görüşdüyü qadınların fotolarını sosial mediada yerləşdirən çinli həbs olunub.

Kaşan şəhər prokurorunun sözlərinə görə, həmin şəxs qadınların şəkillərini onların razılığı olmadan internetdə yerləşdirib. Xəbəri iyunun 1-də yarırəsmi YJC xəbər agentliyi yayıb.

Prokuror Ruhulla Dehqani agentliyə həmin şəxsə qarşı bir neçə şikayət qaldırıldığını, onun əxlaqsızlıq məsələlərinə baxan məhkəmə qarşısına çıxarılacağını deyib.

İranda şəriət qanunlarına görə, qadınlarla kişilər arasında ünsiyyət yasaqlanır. Hakim orqanlar internetdə “əxlaqsız” hesab olunan şəkillər yerləşdirənlərlə bağlı sərt addımlar atır.

“Reuters” Çinin Xarici İşlər Nazirliyinin məsələyə münasibət açıqlamadığını yazır.

Çin quş qripi ştammına ilk insan yoluxmasını təsdiqləyir

Arxiv fotosu
Arxiv fotosu

Çin hökuməti dünyada H10N3 quş qripi ştammına ilk insanın yoluxduğunu, amma irimiqyaslı yayılma riskinin aşağı olduğunu elan edib.

Ölkənin şərqindəki Jenjianq şəhərində 41 yaşlı bir kişi aprelin 28-də xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Milli Səhiyyə Komissiyası iyunun 1-də vebsaytında bildirib.

Başqa yerlərdə H10N3-ə insan yoluxmasının qeydə alınmadığı vurğulanır.

“Bu yoluxma növlərarası təsadüfi yoluxmadır. İrimiqyaslı yayılma riski həddən artıq aşağıdır”, – bəyanatda deyilir.

2013-cü ildən H7N9 quş qripi virusuna 1668 nəfər yoluxub, 616 nəfər vəfat edib, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir.

H7N9 virusunun insanlar arasında son epidemiyası Çində 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlində baş verib.

Davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG