Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:20

Xəbərlər

Sabiq nazir müavini ifadə verməkdən imtina etdi

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Mədəniyyət nazirinin həbsdə olan keçmiş müavini Rafiq Bayramovun işi üzrə məhkəmə dindirmələri başlayıb. İyunun 3-də məhkəmədə ona ifadə vermək təklif olunsa da, o, imtina edib.

Sabiq nazir müavininin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti baxır.

Hakimin ifadə vermək təklifinə cavab olaraq, Bayramov deyib ki, ifadə vermək istəmir. Amma bu, tamamilə ifadə vermək istəməməsi anlamına gəlməməlidir. Şahidlər dindiriləndən sonra ifadə verə bilər.

Keçmiş nazir müavinin məhkəməsində iyunun 8-də şahidlər dindiriləcək.

Xatırlatma

Cinayət işinin materiallarında iddia olunur ki, Bayramov nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət alıb. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedir.

Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Bayramova qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Azərbaycan və Rusiya siyasi məsləhətləşmələr aparıb

XİN
XİN

Bu gün, iyunun 3-də Bakıda Azərbaycan və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə Nazirliyi yeni statistika açıqlayıb

Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

İyunun 2-də Azərbaycan Müdafiə Nazirliyi (MN) İkinci Qarabağ müharibəsində həlak olan hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat yayıb. Orada Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2 min 900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

"...İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir", - məlumatda yazılıb.

MN-in bundan əvvəl, martın 2-də yaydığı məlumatda həlak olan hərbçilərin sayı 2 min 881, itkin düşmüş hesab olunanlar isə 28 nəfər göstərilirdi.

Nazirlik 44 günlük müharibədən az sonra isə 1 min 200 hərbi qulluqçunun xəstəxanada müalicə aldığını bildirirdi.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi

İsaak Hersoq İsrailin prezidenti seçildi

İssak Hersoq
İssak Hersoq

Veteran siyasətçi İsaak Hersoq İsrailin 11-ci prezidenti seçilib. Əsasən protokol xarakterli olan bu vəzifənin məqsədi xalqın mənəvi dəyərlərinə xidmət, birliyin təbliğidir.

İyunun 2-də 120 üzvü olan parlament 60 yaşlı Hersoqu anonim səsvermə ilə prezident seçib.

Hersoq İsrailin Əmək Partiyasının keçmiş rəhbəri, müxalifət lideri olub. 2013-cü ilin parlament seçkilərində Baş nazir Bencamin Netanyahu ilə mübarizə aparıb.

O, gələn ay vəzifədən gedəcək Reuven Rivlini əvəzləyəcək.

Hersoq tanınmış ailədəndir. Atası Çaim Hersoq prezident seçilməzdən qabaq İsrailin BMT-də səfiri olub.

Dayısı Abba Eban İsrailin ilk xarici işlər naziri, BMT-də və ABŞ-da səfiri, babası isə ölkənin ilk baş ravvini olub.

...Özünü yandırdığı deyilir

Qarabağ qaziləri niyə özlərinə qəsd edir?
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

İyunun 2-də Biləcəri qəsəbəsində Birinci Qarabağ müharibəsində sağlamlığını itirdiyi deyilən Məhəmmədəli Hacıyevin özünü yandırmağa cəhd etdiyi bildirilir.

M.Hacıyevin yaxınları "Turan"a bildirib ki, o, 1-ci qrup əlildir və qəsəbədə açdığı kiçik bir köşkdə meyvə-tərəvəz satmaqla ailəsini dolandırıb: "Bu gün, iyunun 2-də isə rayon icra hakimiyyətinin nümayəndələri və polislər gələrək orada meyvə-tərəvəzi sata bilməyəcəyini, obyekti qanunsuz işlətdiyini deyiblər. Nəticədə isə Məhəmmədəli özünə benzin tökərək yandırdı".

M.Hacıyevin yaxınları qeyd edib ki, o, 5 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Hələlik, xəstəxana ilə danışmaq mümkün olmayıb.

İcra hakimiyyətinin mövqeyi

Məsələyə Binəqədi rayon İcra Hakimiyyətindən də mövqe bildirilib. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva "Turan"a deyib ki, iyunun 2-də Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində özünü 1-ci Qarabağ müharibəsinin veteranı kimi təqdim edən Kəlbəcər rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədəli Hacıyev qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib: "Qanunsuz fəaliyyəti ilə əlaqədar xəbərdarlıq edildiyi zaman üzərinə neft tökərək intihara cəhd etmişdir. Məlumat üçün bildiririk ki, bundan əvvəllər də bu şəxs Bakı şəhərinin bir çox rayonlarında özünü 1-ci Qarabağ müharibəsinin qazisi kimi təqdim etməklə dövlət mülkiyyətində olan torpaq sahələrini zəbt edərək yaşayış və qeyri-yaşayış obyektlərinin tikintilərinə nail olmaq məqsədilə bu tipli təxribatlar törətmişdir".

Azərbaycanda bundan əvvəlki illərdə də keçmiş döyüşçülərin oxşar şikayətlər üzündən canına qəsd etdiyi bildirilir. Hərçənd, rəsmilər, bir qayda olaraq, deyirlər ki, ölkədə Qarabağ müharibəsində sağlamlığını itirən şəxslərə və ya həlak olanların ailələrinə hər cür dövlət qayğısı var.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Həmin vaxt 16 min civarında insanın həlak olduğu, minlərlə şəxsin yaralandığı bildirilir.

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Həmin döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbçi itirdiyi, minlərlə şəxsin isə yaralandığı deyilir.

Ermənistan vətəndaşlarının məhkəməsi başladı

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi

Bu gün, iyunun 2-də Yasamal rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə Ermənistan vətəndaşları Lüdvik Mkrtiçyan ilə Alyoşa Xosrovyanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Prosesdə hakim E.Allahverdiyev təqsirləndirilən şəxslərin anket məlumatlarını elan edib.

Təqsirləndirilən şəxslər Azərbaycan dilini bilmədiklərini deyiblər və onlara tərcüməçi təyin olunub.

Prosesdə dövlət ittihamçısı Mahir Abbasov çıxış edib. Bundan sonra isə məhkəmə işi icraata götürüb.

Məhkəmə baxışı iyunun 9-a təyin olunub.

Azərbaycanda iki Ermənistan vətəndaşının hakim önünə çıxarılacağı ilə bağlı bir müddət öncə Azərbaycan Baş Prokurorluğu da məlumat yaymışdı.

Həmin məlumatda qeyd edilirdi ki, L.Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndində, A.Xosrovyan isə ondan 17 gün əvvəl saxlanıb.

Məlumata görə, onlar əvvəllər müxtəlif illərdə bir sıra cinayətlərdə ittiham edilir: "Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən ...barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

İttihamlara, hələlik, təqsirləndirilən şəxslərdən, onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Sinovac vaksini təsdiqlənib

Arxiv fotosu
Arxiv fotosu

Dünya Səhiyyə Təşkilatı (DST) Çinin COVID-19-a qarşı Sinovac vaksinindən istifadəyə xüsusi icazə verib.

DST-nin iyunun 1-də yaydığı bəyanata görə, mövcud data vaksinin iki dozasının vurulduğu şəxslərin yarısının COVID-19-un simptomlarına tutulmadığını göstərib.

Qurum araşdırmada yaşlıların az olduğunu, buna görə də vaksinin yaşı 60-dan yuxarı olanlara təsirini dəyərləndirə bilmədiyini bildirir.

Ancaq bununla belə DST vaksin üçün yuxarı yaş həddi qoymur. Sinovac-ın digər ölkələrdə istifadəsi üzrə data isə “vaksinin yaşlılara da qoruyucu təsirinin mümkünlüyünü göstərir”.

DST-nin təsdiqi o deməkdir ki, donorlar və BMT-nin digər agentlikləri onu yoxsul ölkələrdə istifadə üçün ala bilərlər. BMT-nin təşəbbüsüylə dünyada COVID-19 vaksinlərinin paylaşılması üçün COVAX təşəbbüsü yaradılıb.

Ötən ay DST Çinin Sinopharm dövlət şirkətinin hazırladığı vaksinə də yaşıl işıq yandırıb. Qurumun indiyədək təsdiqlədiyi vaksinlər Pfizer-BioNTech, Johnson & Johnson, Moderna və AstraZeneca-dır.

İndiyədək COVAX çərçivəsində Sinovac vaksini alınmayıb.

Azərbaycanda vaksinasiyada əsasən Sinovac vaksinindən istifadə olunur.

İranın hərbi gəmisi yanaraq batıb

Xarq gəmisi
Xarq gəmisi

İran donanmasının ən böyük gəmisi iyunun 2-də səhər Oman körfəzində yanğın nəticəsində batıb, heyət isə təhlükəsiz şəkildə evakuasiya olunub. Yanğının səbəbləri bəlli deyil

Donanmanın bəyanatında yanğının Xarq təchizat gəmisinin mühərrik otağında başlandığı bildirilir.

Yanğınsöndürənlər “20 saat ərzində” yanğını söndürməyə çalışıblar, bəyanatda vurğulanır.

Gəmi İranın Jask limanı yaxınlığında, Tehrandan 1270 km cənub-şərqdə yerləşirdi.

Yanğın yayıldığından Xarq gəmisini xilas etmək mümkün olmayıb.

Donanmanın məlumatına görə, 400 nəfərlik heyətdən 20 dənizçi yüngül xəsarət alıb.

Britaniyada hazırlanmış Xarq gəmisi 1977-ci ildə suya buraxılıb. O, İran donanmasına 1984-cü ildə daxil olub.

Hadrutda tutulan hərbçilər hakim önündə

Qarabağda tutulan yeni erməni əsirlər hara aparılıb?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Ölkə ərazisində terror-təxribat və digər cinayət əməlləri törətməkdə şübhəli sayılan Ermənistan silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığı bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, onlar ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Hadrut qəsəbəsinin meşəlik ərazisində mövqe tutaraq terror-təxribat və digər cinayət əməlləri törətməkdə günahlandırılırlar.

Onların Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ötən il dekabrın 13- də keçirdiyi antiterror əməliyyatı nəticəsində tərksilah edildiyi deyilir. Əlavə edilir ki, Xidmətin İstintaq baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işində ümumilikdə 14 təqsirləndirilən şəxsdən söhbət gedir: "Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq,...), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah... və qurğular əldə etmə,...), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə... və ya ayrı-ayrı şəxslərə basqın etmə) və başqa maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq...məhkəməyə göndərilib".

İttihamlara, hələlik, təqsirləndirilən şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb. Amma Ermənistan tərəfi onları hərbi əsir sayaraq geri təhvil verilməsini istəyir. Azərbaycanın rəsmi orqanları isə deyir ki, onlar üçtərəfli razılaşmadan və döyüşlərin dayanmasından sonra saxlandıqlarından hərbi əsir deyillər.

Üstəlik, onların sayı ilə də bağlı ziddiyyətlə məlumatlar var. Həmin şəxslər saxlanarkən onların 60-dan çox olduqları bildirilmişdi. Rəsmi qurumlar onlardan üçünün geri göndərildiyini açıqlamışdılar. Bu günlər Prezident İlham Əliyev isə Ermənistana qaytarılan hərbi qulluqçuların sayını 14 qeyd etmişdi.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Azərbaycanın 28 vətəndaşı Almaniyadan qaytarılıb

İllüstrativ foto
İllüstrativ foto

Bugün, iyunun 1-də Almaniyadan Bakıya 28 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) məlumatına görə onlar "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişə uyğun göndərilib.

Readmissiya – başqa ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni yaşayan şəxslərin geri qəbul edilməsidir.

Xidmətdən bildirildiyinə görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Təxminən iki ay əvvəl , martın 31-də də Almaniyadan Bakıya eyni sazişə əsasən 32 nəfər Azərbaycan vətəndaşının gətirildiyi açıqlanmışdı.

Son vaxtlar sosial şəbəkələrdə ölkəyə xaricdən bu qaydada gətirilən vətəndaşlardan bəzilərinin sorğu-sual edilmələri və təzyiqlərlə üzləşməsi haqqında müəyyən iddialar yer alır. Amma rəsmi qurumlar beləi ddiaları qəbul etmirlər.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş 2014-cü il fevralın 28-də Brüsseldə imzalanıb.

Bundan əvvəl də Avropa ölkələrində icazəsiz yaşayan yüzlərlə Azərbaycan vətəndaşı öz ölkələrinə gətirilib.

Gənc cəbhəçi təzyiqlərlə üzləşdiyini deyir

O.Baxışlı
O.Baxışlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, keçmiş məhbus Orxan Baxışlı təzyiqlərə məruz qaldığını bildirir. O deyib ki, bir müddət əvvəl bəzi qurumlar atası Rafiq Baxışov barədə məlumatlar əldə etməyə çalışıblar: "Bu gün, iyunun 1-də isə əmim Baxışov Fikrəti Cəlilabad rayon Polis Şöbəsinə çağırıblar. İndi isə mənim özümə şöbədən zəng vurub gəlməyimi istədilər. Səbəbi də demədilər. Mən isə rəsmi çağırış vərəqi göndəriləndən sonra gəlməyə hazır olduğumu dedim".

O.Baxışlının sözlərinə görə, artıq ikinci dəfədir ki, rayonda ona təzyiq etməyə çalışırlar: "Təxminən bir ay əvvəl mən rayona gedəndə icra nümayəndəsi anama zəng vurub deyib ki, Orxan koronavirusa yoluxub. Mən də sağlam olduğuma görə şübhələnib təcili rayondan çıxdım. Bu gün də rayona qan verməyə gəlmişdim və heç nədən polisə çağırıldım".

Fəalın fikrincə, bu, onun siyasi fəaliyyəti ilə bağlıdır.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bildirirlər ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.

Xatırlatma

O.Baxışlı bundan əvvəl 2018-ci il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunub. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış̧ məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib. Gənc fəal ittihamı rədd edib, narkotiki cibinə polislərin atdığını deyib.

Mənsub olduğu partiyadan isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı. Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, E.Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar. E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.

O.Baxışlı bu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.

Keçmiş nazir müavini 1.8 milyonluq yeyintiyə görə özünü qismən suçlu sayır

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Mədəniyyət nazirinin həbsdə olan keçmiş müavini Rafiq Bayramov yeyinti, rüşvət alma suçlamaları üzrə özünü qismən təqsirli bilir. O, iyunun 1-də məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlara münasibət bildirərkən belə deyib.

Sabiq nazir müavinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Bayramovun işi üzrə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, Bayramov nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət alıb. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedir.

Bayramov ittihamda yazılanlarla qismən razılaşdığını söyləyib.

Məhkəmə prosesi iyunun 3-də keçmiş nazir müavinin özünün ifadəsi ilə davam edəcək.

Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Bayramova qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İlkin Rüstəmzadənin bacısına hücum olduğu bildirilir

T.Rüstəmzadə
T.Rüstəmzadə

Mayın 31-də axşam saatlarında ictimai fəal İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadəyə hücum olduğu bildirilir.

İ.Rüstəmzadə özü də bildirib ki, metronun "Əhmədli" stansiyası yaxınlığında bir naməlum şəxs bacısına hücum edib: "O, Türkanın ağzını əli ilə bağlayaraq "qardaşına denən ağıllı olsun" deyib".

İ.Rüstəmzadənin sözlərinə görə, o, Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə onlayn müraciət ünvanlayıb: "Bu dəfə də günahkarlar tapılmasa, deməli, təhdidin arxasında dövlət özü durur".

Daxili İşlər Nazirliyindən isə "Turan"a bildirilib ki, məsələ araşdırılıb məlumat veriləcək.

İlkin Rüstəmzadə ilə müsahibə
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

İ.Rüstəmzadə 2013-cü ilin martından həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə kütləvi iğtişaşların təşkili, xuliqanlıq kimi ittihamlarla 8 il azadlıqdan məhrum olunmuşdu. İttihamları qəbul etməyən siyasi fəal 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Onlayn görüşdüyü qadınların fotolarına görə saxlandı

Tehranda qadınlar
Tehranda qadınlar

İranda onlayn görüşdüyü qadınların fotolarını sosial mediada yerləşdirən çinli həbs olunub.

Kaşan şəhər prokurorunun sözlərinə görə, həmin şəxs qadınların şəkillərini onların razılığı olmadan internetdə yerləşdirib. Xəbəri iyunun 1-də yarırəsmi YJC xəbər agentliyi yayıb.

Prokuror Ruhulla Dehqani agentliyə həmin şəxsə qarşı bir neçə şikayət qaldırıldığını, onun əxlaqsızlıq məsələlərinə baxan məhkəmə qarşısına çıxarılacağını deyib.

İranda şəriət qanunlarına görə, qadınlarla kişilər arasında ünsiyyət yasaqlanır. Hakim orqanlar internetdə “əxlaqsız” hesab olunan şəkillər yerləşdirənlərlə bağlı sərt addımlar atır.

“Reuters” Çinin Xarici İşlər Nazirliyinin məsələyə münasibət açıqlamadığını yazır.

Çin quş qripi ştammına ilk insan yoluxmasını təsdiqləyir

Arxiv fotosu
Arxiv fotosu

Çin hökuməti dünyada H10N3 quş qripi ştammına ilk insanın yoluxduğunu, amma irimiqyaslı yayılma riskinin aşağı olduğunu elan edib.

Ölkənin şərqindəki Jenjianq şəhərində 41 yaşlı bir kişi aprelin 28-də xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Milli Səhiyyə Komissiyası iyunun 1-də vebsaytında bildirib.

Başqa yerlərdə H10N3-ə insan yoluxmasının qeydə alınmadığı vurğulanır.

“Bu yoluxma növlərarası təsadüfi yoluxmadır. İrimiqyaslı yayılma riski həddən artıq aşağıdır”, – bəyanatda deyilir.

2013-cü ildən H7N9 quş qripi virusuna 1668 nəfər yoluxub, 616 nəfər vəfat edib, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir.

H7N9 virusunun insanlar arasında son epidemiyası Çində 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlində baş verib.

'Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib'

Griffon tipli dronlardan biri (Arxiv fotosu)
Griffon tipli dronlardan biri (Arxiv fotosu)

Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bu gün, mayın 31-i məlumat yayıb:

"Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib".

Mayın 12-dən baş verənlər...

Bu il mayın 12-də Ermənistan rəsmi qurumları bildirmişdilər ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın sərhədlərini pozaraq bir neçə kilometr məsafədə bu ölkənin ərazisinə girib. Azərbaycan isə bunu təkzib edib. Tərəflər bir-birlərini atəşkəsi pozmaqda da ittiham edib.

Ermənistan tərəfi iki hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, qarşı tərəfə atəş açmayıb. Bu nazirlik daha sonra bildirib ki, Ermənistan mayın 27-də səhər saatlarında dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb.

Nazirliyin məlumatına görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təchizat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu saxlanıb.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir.

Mayın 28-də də Azərbaycan Naxçıvan istiqamətində bir hərbi qulluqçunun yaralandığını açıqlayıb.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Naxçıvan ərazisini atəşə tutmaları barədə Azərbaycan tərəfinin açıqlamasını təkzib edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

İran danışıqlarda proqres olduğunu deyir

İran Xarici işlər nazirinin müavini Abbas Araqçi Vyana danışıqlarında, arxiv fotosu
İran Xarici işlər nazirinin müavini Abbas Araqçi Vyana danışıqlarında, arxiv fotosu

İran dünya gücləri ilə nüvə sazişi danışıqlarında əhəmiyyətli proqres olduğunu, amma vacib məsələlərin həllini tapmadığını bildirir.

Apreldən Vyanada İranla altı ölkə nüvə sazişinin dirçəldilməsi üzrə danışıqlar aparırlar. 2015-ci il sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaları yüngülləşdirməyi nəzərdə tuturdu. ABŞ 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa elədi. Sonradan Tehran da öhdəliklərinin icrasını tədricən azaltmağa başladı.

Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mayın 31-də Tehranda həftəlik mətbuat konfransında deyib ki, ciddi proqres əldə olunmasına baxmayaraq, əsas məsələlər qalır.

“Vyana danışıqlarında pat vəziyyəti yaranmayıb”, – o, sözlərinə əlavə edib.

Yanvarda vəzifə başına keçmiş ABŞ Prezidenti Co Bayden ölkəsinin nüvə sazişinə qayıdacağını, ancaq bundan ötrü Tehranın uran zənginləşdirməyə limitə əməl etməli olduğunu vurğulayıb.

İran isə ilk növbədə sanksiyaların ləğvini tələb edir.

Çində ‘tək övlad’ siyasəti sona çatır

Çində uşaqlar
Çində uşaqlar

Çində cütlüklərə üç uşaq sahibi olmağa icazə veriləcək. Son siyahıyaalma əhalinin sürətlə qocaldığını göstərib.

Mayın 31-də hakim partiyanın siyasi bürosunun iclasında bu dəyişiklik elan olunub, amma nə vaxtdan qüvvəyə minəcəyi açıqlanmayıb. İclasa Prezident Si Cinpinq sədrlik edib.

Çindən 40 ilə yaxındır “tək övlad” siyasəti tətbiq olunur. 2016-cı ildə işçi qüvvəsinin yaşlanması, iqtisadi durğunluqla bağlı narahatlıqdan dolayı qadağa qaldırılıb.

Ancaq dövlətin doğum səviyyəsini qaldırmaq cəhdlərinə baxmayaraq, 2020-ci ildə Çində illik doğum rekord aşağı həddə – 12 milyona düşüb.

Hazırda ölkədə doğum səviyyəsi 1.3-dür və bu, əhali sayını sabit saxlanan üçün gərəkən həddən aşağıdır.

Şuşa ilə bağlı qanun qəbul edildi

Şuşa necə idarə olunacaq?
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib

AZƏRTAC-ın xəbərinə görə, parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi, təşkilati əsaslarını müəyyənləşdirir.

15 maddədən ibarət layihəyə görə, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Dövlət Qoruğu yaradılır.

Xatırlatma

Ötən il noyabrın 8-də Azərbaycan ordusu Dağlıq Qarabağda Şuşa şəhərini azad edib.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlamışdı. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Ötən il isə 44 günlük savaş və sonrakı razilaşma nəticəsində Azərbaycan işğal altında olan ərazisinin çox hissəsini azad edib.

Ailəsi Polad Aslanovun müayinəsini istəyir

P.Aslanov
P.Aslanov

Həbsdə olan xeberman.com saytının təsisçisi Polad Aslanovun yaxınları onun həkim müayinəsinə ehtiyacı olduğunu deyirlər.

Onun həyat yoldaşı Gülmirə Aslanova bildirir ki, əri ürək-damar xəstəsi olmasına baxmayaraq, həbsxanada müalicə almır.

"İki ilə yaxındır (12.06.2019) Polad həbs olunub. Bu günə qədər bir dəfə də olsun onun ürəyini müayinə etməyiblər. Mayın 27-də 1 saylı Cəzaçəkmə Müəssisəsində ona baş çəkdim. Görüşdə olarkən mənə bildirdi ki, ürəyində ağrı var və nəfəs darlığı olur", - Aslanova qeyd edir.

O deyir ki, müraciət etmələrinə baxmayaraq, ərini müayinə etmirlər. G.Aslanova aidiyyəti qurumlardan xahiş və tələb edir ki, həyat yoldaşını müayinə etsinlər, nəticəsi barəsində ona məlumat versinlər.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

xeberman.com, press-az.com informasiya saytlarının təsisçisi və redaktoru Polad Aslanov 2019-cu ildə dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Sonra 2020-ci ildə məhkəmə araşdırmasının nəticəsində 16 il həbs cəzasına məhkum edilib. Amma o, ittihamı qurama sayır və həbsini yazıları ilə bağlayır.

Zakir Həsənov tapşırıq verdi

Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Mayın 31-də Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Zakir Həsənov son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib... Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb", - məlumatda bildirilir.

Paşinyanın sərhədlə bağlı təklifini Azərbaycan və ABŞ-da ekspertləri dəyərləndirir
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Son həftələr...

Son həftələr Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Bu il mayın 12-də Ermənistan rəsmi qurumları bildirmişdilər ki, Azərbaycan Silahlı Qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə girib. Azərbaycan isə bunu təkzib edib. Tərəflər bir-birlərini atəşkəsi pozmaqda da ittiham edib.

Ermənistan tərəfi iki hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, qarşı tərəfə atəş açmayıb.

Azərbaycan Müdafiə Nazirliyi daha sonra bildirib ki, Ermənistan mayın 27-də səhər saatlarında dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb. Nazirliyin məlumatına görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təchizat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq əsir götürülüb. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir. Mayın 28-də də Azərbaycan Naxçıvan istiqamətində bir hərbi qulluqçunun yaralandığını açıqlayıb. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Naxçıvan ərazisini atəşə tutmaları barədə Azərbaycan tərəfinin açıqlamasını təkzib edərək bildirib ki, belə bir hal baş verməyib.

Ermənistanda Azərbaycanla ərazi mübadiləsi barədə bunları deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

141 gündəlik yoluxma aşkarlanıb, 4 ölüm 

Arxiv foto
Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 486 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 30-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 333 864 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 324 103-ü sağalıb, 4 907-i vəfat edib, aktiv xəstə sayı 4 854-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5535, hazırkı dövrədək isə ümumilikdə 3 509 174 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şuşada məktəb layihəsindən Azərbaycan və Türkiyədə belə danışılır...

Şuşa şəhəri, Azərbaycan prezidenti İlham Əliyev şəhərdə Azərbaycan bayrağını qaldırır, 15 yanvar 2021
Şuşa şəhəri, Azərbaycan prezidenti İlham Əliyev şəhərdə Azərbaycan bayrağını qaldırır, 15 yanvar 2021

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçelinin Şuşada məktəb layihəsinin qəbul edilməməsi ilə bağlı açıqlamasından sonra bu məsələyə toxunub.

AZƏRTAC-ın xəbərinə görə, O, deyib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsünü Azərbaycan minnətdarlıqla qarşılamışdı.

Hikmət Hacıyev, 2015
Hikmət Hacıyev, 2015

Hikmət Hacıyev əlavə edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində bu ölkə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.

Prezidentik köməkçisinin vurğulamasına görə, mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub.

“Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”, - deyə Prezidentin köməkçisi qeyd edib.
MHP sədri Dövlət Bahçeli bu günlər “Twitter" səhifəsində qeyd etmişdi ki,həmin layihə uygun görülməyib və bunu sayğı ilə qarşılayırlar.

Bir müddət əvvəl belə bir layihənin gerçəkləşəcəyi ilə bağlı həm Azərbaycanda və həmdə Türkiyədəki bəzi media orqanlarında məlumatlar yer almışdı.

Xatırlatma

Şuşa şənlikləri - Bakıda vətəndaşlar küçələrə axışdı (2020)
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Ötən il noyabrın 8-də Azərbaycan ordusu Dağlıq Qarabağda Şuşa şəhərini azad edib.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlanmışdı. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Ötən il isə 44 günlük savaş və sonrakı razilaşma nəticəsində Azərbaycan işğal altında olan ərazisinin çox hissəsini azad edib.

Türkmənistanda məmurlara başlarını qırxdırıb, milli papaq qoymaq göstərişi verilibmiş

Qurbanqulu Berdimuhammedov, Aşqabad, 29 aprel 2021
Qurbanqulu Berdimuhammedov, Aşqabad, 29 aprel 2021

Prezident Qurbanqulu Berdimuhammedov atasının vəfatı ilə bağlı Türkmənistanda məmurlar yas saxlama əlaməti olaraq 40 gün ərzində başlarını qırxdırmalı və milli papaq qoymalı olublar.

AzadlıqRadiosunun türkmən xidmətinin məlumatına görə, prezidentin atasının ölümündən sonra bu barədə yuxarıdan göstəriş verilibmiş.

Həmin göstərişdə bu halın prezidentin atasının 40 mərasiminə qədər davam etdirilməli olduğu vurğulanıb. Türkmənistan prezidentinin atası bu il aprelin 18-də 88 yaşında vəfat edib. Onun 40 mərasimi mayın 28-də keçirilib. Məlumata görə, bu göstərişə məmurlarla yanaşı xüsusi şirkətlərin rəhbərləri də əməl etməli olublar.

Atasının ölümündən sonra Türkmənistan prezidenti bir həftə nə ictimayyətə görünüb, nə də dövlət televiziyasına çıxıb.

Amma atasının ölümündən sonra Türkmənistanda milli at yarışları və alabay günü ilə bağlı təntənəli tədbirlər keçirilib. Məlumata görə, bayram tədbirləri prezidentin oğlu, vitse-prezident Sərdar Berdimuhammedovun rəhbərliyi altında keçirilib və hədiyyələri də o qəbul edib.

Babasının ölümündən sonra Sərdar Berdimuhammedov özü və hökumətin digər üzvləri ictimayyət arasında Türkmən milli papağında görünüblər.

AzadlıqRadiosunun məlimatına görə, bu dövr ərzində büdcə təşkilatlarında, əsasən də məktəblərdə çalışan qadın müəllimlər yas saxlama əlaməti olaraq başlarına qara lent düyünlənmiş şal bağlayıblar.

O da xəbər verilir ki, bir həftəlik yas mərasimindən sonra üzə çıxan prezident hər yerə qara rəngli maşınla gedir. Halbuki o bu vaxta qədər bütün ölkə böyu qara rəngli maşın sürülməsini qadağan edib.

Türkmənistan adətlərinə görə, qara rəng kədər rəmzi hesab olunur.

Məlumatlara görə, hətta Lebap vilayətində məmurlara və məktəb direktorlarına xəbərdarlıq edilibmiş ki, kiminsə bu qaydalara əməl etməməsi təhlükəsizlik orqanlarının gözünə sataşarsa həmin şəxslər dərhal işdən azad ediləcək.

Rusiyanın Çexiyadakı səfirliyinin 54 əməkdaşı ölkədən çıxarılıb

Praqadakı Rusiya səfirliyi
Praqadakı Rusiya səfirliyi

Moskva diplomatlarının bir hissəsini Çexiyadan çıxarıb. "Flighradar"a istinadla xəbər verilir ki, Rusiyaya məxsus təyyarə Moskva vaxtı ilə 15:35-də Praqadan qalxıb.

Novinky.cz saytının xəbərinə görə, bundan 3 saat əvvəl isə təyyarə Praqanın Ruzine hava limanına enibmiş.

TASS-ın məlumatına görə, şənbə günü Rusiya səfirliyində çalışan 54 diplomat və onların ailə üzvləri Praqanı tərk edib. Xəbər agentliyinə görə, belə bir qərar hələ bu ilin aprelində Çexiya höküməti tərəfindən qəbul edilib.

Bu iki ölkə arasındakı diplomatik əlaqələr dövründə ilk ən kütləvi ölkədən çıxarılma halı hesab edilir.

Diplomatik qarşıdurma Rusiya kəşfiyyat zabitlərinin 2014-cü ilin oktyabrında Çexiyanın şərqindəki hərbi anbarlarda partlayışlar təşkil etməkdə günahlandırılmasından sonra başlayıb.

Bundan sonra Praqa diplomatik örtük altında kəşfiyyat xidmətləri göstərdiyini əsas gətirərək 18 Rusiya diplomatını ölkədən çıxarıb. Moskva buna 20 çex diplomatının ölkədən çıxarılması ilə cavab verib.

Çexiyanın Moskvadakı səfiri aprelin 22-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ölkələr diplomatik nümayəndəliklərin işçi sayına görə ciddi bir bərabərliyə sahib olamaqla razılaşıblar. Bu razılaşmaya görə, bundan sonra hər iki ölkədə 7 diplomat və 25 texniki işçi çalışacaq.

Çexiya may ayının sonuna qədər Rusiya səfirliyində çalışan 79 nəfəri öz ölkəsinə göndərməlidir.

Davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG