Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:44

Xəbərlər

Oyunda futbolçunun səhhəti pisləşib, xəstəxanaya aparılıb, UEFA məlumat yayıb

EURO-2020-2021-Türkiyə-İtaliya oyunu
EURO-2020-2021-Türkiyə-İtaliya oyunu

Futbolçunun səhhətinə görə dayandırılan Danimarka Finlandiya oyunu komandaların istəyinə uyğun olaraq bərpa olunub.

Qarşılaşma 1-0 Finlandiya yığmasının qələbəsi ilə başa çatıb.

***

Danimarkanın oyunçusun vəziyyəti haqqında UEFA-nın Tvitter səhifəsində məlumat paylaşılıb.

"Christian Eriksen ilə bağlı tibbi təcili yardımdan sonra hər iki komanda və oyun rəsmiləri ilə böhran iclası baş tutdu və əlavə məlumatlar saat 19: 45-də çatdırılacaq. Oyunçu xəstəxanaya köçürülüb və vəziyyəti sabitləşib" deyə məlumatda bildirilir.

***

AVRO-2020-nin qrup mərhələsinin I turu çərçivəsində keçirilən Danimarka – Finlandiya oyunu dayandırılıb. Buna səbəb oyun zamanı futbolçu Kristian Eriksenın qəfil yıxlması olub.
Meydançadan uzaqlaşdırılan futbolçunun xəstəxanaya yerləşdirildiyi deyilir.
Oyun dayandırılıb. Onun davam etdirilib-etdirilməyəcəyi bəlli deyil.

Oyun yenidən davam edir.

***

Bakıda AVRO-2020-nin oyunu, heç-heçə

İyunun 12-də Bakıda AVRO-2020-nin qrup mərhələsinin I turu çərçivəsində Uels və İsveçrə yığmalarının qarşılaşması baş tutub. Oyun heç-heçə başa çatıb: 1-1.

Bu görüşlə A qrupunda ilk tura yekun vurulub.

A qrupunda ilk oyun iyunun 11-də Türkiyə-İtaliya yığmaları arasında olmuşdu. Qarşılaşma italyanların 3-0 hesablı qələbəsi ilə başa çatmışdı.

İyunun 12-də AVRO-2020-də daha iki matç keçiriləcək. B qrupunda Danimarka Finlandiya, Belçika Rusiya ilə görüşəcək.

61 yeni yoluxma aşkarlanıb

Peyvənd vurulma, arxiv foto
Peyvənd vurulma, arxiv foto

Azərbaycanda koronavirus infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, 204 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 335 126 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 398 nəfər müalicə olunaraq sağalıb, 4 953 nəfər vəfat edib, aktiv xəstə sayı 1 775 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 746, ötən müddət ərzində isə ümumilikdə 3 615 110 test aparılıb.

Nazirlik: Avro-2020 ilə bağlı internet yüksək səviyyədə olacaq 

İnternet
İnternet

Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb. Bununla bağlı test işləri aparılıb.

Bu haqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəbər yayıb.

Nazirlikdən bildirilir ki, oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

NRYTN nəqliyyat xidmətlərinin təminatı ilə bağlı da plan hazırlayıb. Bakı Taksi Xidməti tərəfindən tələbata uyğun olaraq taksi xidməti təşkil olunacaq.

Bu il iyunun 11-dən iyulun 12-dək futbol üzrə Avropa çempionatı keçirləcək, Bakı həmin oyunlardan bir neçəsinə ev sahibliyi edəcək.

Fövqəladə Hallar Nazirliyi də həmin ərəfədə gücləndirilmiş rejimdə işləyəcək

Fövqəladə Hallar Nazirliyi də Avropa çempionatı oyunları keçiriləcəyi günlərdə gücləndirilmiş iş rejimində çalışacaq.

Bu haqda FHN-dən məlumat verilib.

Nazirlikdə bununla bağlı qərargah yaradıldığı bildirilir.

Oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə təhlükəsizlik müayinələri keçirildiyi deyilir.

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır 

Neft nasosu, arxiv foto
Neft nasosu, arxiv foto

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Oilprice.com" saytı xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,45 ABŞ dollar və ya 0,6% artaraq 73,98 dollar olub.

73 yoluxma, ölüm yox

Azərbaycanda iyunun 11-də koronavirus infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda koronavirusa yoluxmadan ölüm faktı yoxdur.

MN: Kəlbəcər istiqamətində mövqelər atəşə tutulub

İki tərəfdən təhlükədə Kəlbəcər...
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Müdafiə Nazirliyi iyunun 11-də Ermənistan silahlı qüvvələrinin

Azərbaycan Ordusunun mövqelərini gün ərzində ikinci dəfə atıcı silahlardan atəşə tutması haqda məlumat yayıb.

Məlumata görə, saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətindəki mövqelərə atəş açıblar.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmadığı deyilir.

Ermənistan Müdafiə Nazirliyi atəş açmadıqlarını bildirir və Azərbaycan tərəfin dediklərini təkzib edir.

Nazirlik Azərbaycan tərəfin Geqarkun vilayətinin Kut kəndi yaxınlığında mühəndis işləri görməyə çalışdıqlarını, amma əks cavabdan sonra işə son verildiyini bildirirlər.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində Azərbaycan mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 11-də saat 13:45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan mütəmadi atəşə tutublar.

Nazirlik qeyd edir ki, həlak olan və yaralanan yoxdur, vəziyyət sabitdir və əməliyyat şəraiti nəzarət altındadır.

İyunun 10-da da Ermənistan və Azərbaycan Kəlbəcər istiqamətində atışma olması haqda məlumat yaymışdılar.

Çin və ABŞ-ın baş diplomatları telefonla danışıblar

İllüstrativ foto
İllüstrativ foto

Çinin CCTV dövlət televiziyası telefon söhbəti haqda informasiya versə də detalları açıqlamayıb.

Çinin baş diplomatı Yanq Jieçi və ABŞ-ın Dövlət katibi Entoni Blinken iyunun 11-də telefon söhbəti ediblər. Bu söhbət ikitərəfli münasibətlərin gərginləşdiyi, aparıcı sənaye ölkələrinin İngiltərədə bir araya gəldiyi bir dönəmdə baş tutur. Böyük Yeddiliyin (G7) sammitində Pekinin əsas müzakirə mövzularından biri olacağı gözlənir.

Çinin CCTV dövlət televiziyası telefon söhbəti haqda informasiya versə də detalları açıqlamayıb.

Bu həftə ABŞ Senatının təsdiqlədiyi layihə ölkənin yüksək texnologiyalar sektorunda rəqabətliliyini gücləndirməyi nəzərdə tutur.

ABŞ Prezidenti Co Bayden ədalətsiz ticarət məsələsində Çinə qarşı dirəniş vəd edib. Bu məsələ uzun müddətdir Vaşinqtonla Pekin arasında mübahisə mövzusudur.

Yanq Çinin hakim Kommunist Partiyasının Mərkəzi Xarici Məsələlər Komissiyasının başçısıdır. Martda Bayden prezidentliyi dövründə ilk yüksək səviyyəli ABŞ-Çin iclasında o, Blinken və Birləşmiş Ştatların digər rəsmiləri ilə açıq şəkildə sərt fikir mübadiləsi aparıb.

'Şuşada müqavilə imzalayacağıq' - Ərdoğan

R.T.Ərdoğan
R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşa şəhərində iki ölkə arasında hərtərəfli müqavilənin bağlanacağını bildirib.

Xəbəri "Anadolu" agentliyi yayıb.

"Bu, Türkiyə və Azərbaycan arasında indiyədək imzalanan ən böyük müqavilələrdən biri olacaq", – prezident deyib.

O, Azərbaycana səfəri zamanı öncə Füzuliyə, oradan da Şuşaya gedəcəyini qeyd edib.

İyulun 15-də Türkiyə prezidentinin Azərbaycana səfəri gözlənilir.

Metro hər gün işləyəcək

Metro açıldı: 'Havalandırma sistemi virusun qarşısını almır'
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Bakı metropoliteni iyun ayında həftə sonları daxil olmaqla hər gün işləyəcək.

Bakı metropoliteni iyun ayında həftə sonları daxil olmaqla hər gün işləyəcək. Bu haqda iyunun 11-də "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda deyilir.

"Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək",- qurumun məlumatında qeyd olunur.

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar metropoliten matçlar başa çatandan sonra gecə saat 2-yə qədər fəaliyyət göstərəcək.

Məlumatda o da deyilir ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni göstərərək istifadə edə biləcəklər.

Azərbaycan və Pakistan generalları görüşüb

Görüş
Görüş

İyunun 10-da Bakıda Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən xəbər veriblər.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətlərinin, o cümlədən müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili məsələlərinin müzakirə edildiyi deyilir.

Pakistan hərbi nümayəndə heyətinin rəhbəri Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesində və həmin ərazilərdə həyata keçiriləcək bərpa işlərində ölkəsinin iştirak etməyə hazır olduğunu bildirib.

General-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti bir neçə gündür Azərbaycandadır, müxtəlif görüşlər keçirir.

Futbol üzrə Avropa çempionatı başlayır

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

İyunun 11-də Bakı vaxtı ilə saat 23:00-da Romadakı "Olimpiko" stadionunda Türkiyə-İtaliya qarşılaşması ilə futbol üzrə 16-cı Avropa çempionatına start veriləcək. Oyundan əvvəl Avro-2020-nin rəsmi açılış mərasimi keçiriləcək.

Çempionatın oyunlarına Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Sevilya, Qlazqo, Budapeşt şəhərləri ev sahibliyi edəcək.

Bakının Olimpiya Stadionunda A qrupunun üç və 1/4 mərhələsinin bir oyunu keçiriləcək. İyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Azərbaycan paytaxtı 1/4 mərhələsinin qarşılaşmasına isə iyulun 3-də ev sahibliyi edəcək.

Türkiyə-Uels qarşılaşmasını Azərbaycan və Türkiyə prezidentləri stadionda izləyəcəklər.

Avro-2020 koronavirus pandemiyası ucbatından bir il ertələnmişdi.

Avtobus qəzasında azı 23 zəvvar həlak olub

Arxiv fotosu
Arxiv fotosu

Rəsmi məlumata görə, sürücü dönmə zamanı sürətlə gedən avtobusa idarəetməni itirib

Pakistan polisi sufi məbədinə ziyarətdən qayıdan avtobusun Baluçistan vilayətində magistralda çevrildiyini, azı 23 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirir.

Qəza qurbanları yaxınlıqdakı xəstəxanaya aparılıb.

Rəsmi məlumata görə, sürücü dönmə zamanı sürətlə gedən avtobusa idarəetməni itirib. Zəvvarlar qonşu Sind vilayətindəki Dadu şəhərində məbəddən qayıdırmış.

Yerli media 30 yaralıdan çoxunun ağır vəziyyətdə olduğunu xəbər verir.

Pakistanın yolları, təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində tez-tez nəqliyyat qəzaları baş verir.

Makrona şillə vurana 4 ay həbs

İnsident zamanı, 8 iyun, 2021-ci il
İnsident zamanı, 8 iyun, 2021-ci il

İnsident iki gün öncə Makronun Fransanın cənubuna səfəri zamanı baş verib.

Özünü sağçı kimi təqdim edən 28 yaşlı fransız Prezident Emmaneul Makrona şillə vurduğuna görə 4 ay həbsə məhkum edilib. Damien Tarel barədə hökm iyunun 10-da ölkənin cənub-şərqindəki Valans şəhərində məhkəmə tərəfindən çıxarılıb.

İnsident hökmdən iki gün öncə Makronun Fransanın cənubuna səfəri zamanı baş verib.

Tarel dövlət qulluqçusuna hücumda ittiham olunub. Bu ittihamda maksimum üç il həbs və 45 min avro cərimə nəzərdə tutulur. O, 18 ay həbsə məhkum edilib, onun 14 ayı şərti hesab olunub.

Tarel həmçinin beş il ərzində Fransada dövlət qulluğunda xidmətdən, yaxud silah saxlamaqdan məhrum edilib.

Makronu sol yanağından sillələyən Tarel bir neçə əsr əvvələ aid müharibə şüarı səsləndirib. O, ifadəsində hücumun impulsiv olduğunu, Makronun “ölkəmizdə iflası təmsil etməsi” inancından doğduğunu deyib.

Müstəntiqlərə ifadəsində Tarel özünü ifrat-sağçı baxışlı kimi təqdim edib, amma heç bir partiya, yaxud qrup üzvü olmadığını söyləyib.

Azərbaycan və Ermənistan tərəfi atəş açıldığını bildirir 

Ermənistan silahlı qüvvələrinin əsgərləri (Arxiv fotosu)
Ermənistan silahlı qüvvələrinin əsgərləri (Arxiv fotosu)

Ermənistan Müdafiə Nazirliyi iyunun 10-da Azərbaycan silahlı qüvvələrinin sərhəd bölgəsində mühəndis işləri aparmaq istəməsi və erməni tərəfin işi dayandırmaqdan ötrü cavab addımına əl atması haqda məlumat yayıb.

Məlumatda o da deyilir ki, Azərbaycan tərəf Ermənistan mövqelərinə atəş açıb və onlar da adekvat cavab veriblər.

Azərbaycan Müdafiə Nazirliyi də bu haqda məlumat yayıb. Məlumatda deyilir ki, dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açıb.

Hər iki tərəf də bildirir ki, həlak olan və ya yaralanan yoxdur.

“Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir” – Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan tərəfi baş vermiş hadisəyə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edir.

Son günlər Kəlbəcər istiqamətində vəziyyət gərgindir. Bir müddət öncə Azərbaycan tərəfi Ermənistana aid kəşfiyyat-diversant qruplarının sərhədi keçməsi, onlardan 6 nəfərinin saxlanılması haqda xəbər yaymışdı.

Bir qədər sonra isə Kəlbəcər rayonu Susuzluq kəndində 3 nəfər mülki vətəndaş – ikisi journalist və bir məmur minaya düşərək həlak olub, 4 nəfər yaralanıb.

Baş Prokurorluq: terrorçu olduğu deyilən 26 nəfərin işi məhkəməyə göndərildi

Baş Prokurorluq Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin üzvü olduğu deyilən daha 26 nəfər barəsində cinayət işinin məhkəməyə göndərilməsi haqda məlumat yayıb.

Onların ötən il dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində saxlanıldığı deyilir.

Məlumata görə, silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabrında Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində döyüş mövqeləri tutublar.

Onların dekabrın 13-dək müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etdiyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Andranik Mikaelyan, Setrak Soğomonyan, Rafik Karapetyan və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.

Baş həkimlə müavini 314 min manatı mənimsəməkdə suçlanır

Kartlar
Kartlar

23 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılova ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

Bu barədə "Turan"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Z.İsmayılovanın xəstəxananın baş həkimi işləmiş Rəsul Baxşəliyevlə ayrı-ayrı tibb işçilərinin işə gəlməmələrinə şərait yaratdıqları və bunun müqabilində onların əməkhaqqı kartlarına daxil olan 314 min 400 manatı öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edildiyi deyilir.

Bundan başqa, Z.İsmayılova aprelin 13-dən baş həkim təyin olunan Ceyhun Yusifovla birlikdə eyni üsulla həmin işçilərə məxsus 13 min 800 manatı mənimsəməkdə günahlandırılır.

Baş Prokurorluq vurulmuş maddi ziyanın 112 min manatının dövlət büdcəsinə ödənildiyini bildirir.

75 yoluxma, 3 ölüm

COVID-19
COVID-19

Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər sağalıb, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.

Rəsmi məlumata görə, indiyədək Azərbaycanda ümumilikdə 334 min 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 min 907 nəfər müalicə olunaraq sağalıb, 4 min 951 nəfər vəfat edib. 2 min 134 nəfər aktiv xəstə var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Rusiya üçün casusluqda şübhəli bilinən şəxs saxlanıb

Siyasi karikatura
Siyasi karikatura

Janusz N. adlı şübhəlinin evində və ofislərində 300 min zlotidən (81 min 450 dollar) çox nağd pul, xeyli sayda “data cihazları” aşkarlandığı qeyd olunur

Polşada Rusiya üçün casusluqda şübhəli bilinən şəxs saxlanıb, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Prokurorluğun bəyanatında şübhəlinin Polşada, Avropa Birliyi ərazisində, digər ölkələrdə Rusiyanın propaqanda və dezinformasiya layihələrinə qatıldığı bildirilir.

Janusz N. adlı şübhəlinin evində və ofislərində 300 min zlotidən (81 min 450 dollar) çox nağd pul, xeyli sayda “data cihazları” aşkarlandığı qeyd olunur.

Onun “Rusiya kəşfiyyatı üçün işləyən şəxslərdən tapşırıq aldığı, polyak və xarici siyasətçilərlə, o cümlədən Avropa parlamentində işləyənlərlə ünsiyyət qurmağa çalışdığı” deyilir.

Rusiya hələlik, bu həbsə reaksiya verməyib.

Şübhəli təqsirli bilinərsə, 10 ilədək həbsə məhkum edilə bilər.

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlar verdi

AİHM
AİHM

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 10-da Azərbaycanla bağlı üç qərarını elan edib. Məlumatı aihmaz.org saytı yayıb.

Emin Ələkbərov və daha 6 nəfərin işinə baxan AİHM hesab edib ki, ərizəçilərə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun (Maddə 5.1) pozuntusuna yol verilib. Qərara əsasən, hökumət 7 ərizəçinin hər birinə 3000 avro (ümumilikdə 21000) təzminat ödəməlidir. Qərarda həmçinin, xərc və məsrəflərə görə ümumilikdə 1000 avro ödənilməsi nəzərdə tutulur. Bu iş Səid Nursi dini təriqətinin 7 təmsilçisinin şikayəti ilə bağlı idi. Hadisə 2015-ci ildə Gədəbəy rayonunda baş verib. İddia edilirdi ki, təriqət üzvlərinin toplaşdığı evə 25 nəfərə qədər rəsmi şəxs basqın edib. Onlar polisə aparılıblar və bir gecə orda saxlanılıblar. Onlar ertəsi gün yenidən polisə aparılıblar və ictimai qaydanı pozmaq əsası ilə inzibati qaydada cərimə ediliblər. Yuxarı məhkəmələr bu cəzanı qanuni saymışdı. Ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq (Maddı 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), dini etiqad azadlığı (Maddə 9) hüquqlarına müdaxilə olunub.

"Vidadi İnsanov Azərbaycana qarşı" işində tərəflərin dostca anlaşdıqları deyilir. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 5000 avro təzminat, 1000 avro xərc və məsrəf əvəzi ödəyəcək. Bu şikayət ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı idi. Ərizəçi ona münasibətdə hərəkət azadlığı hüququnun pozuntusuna yol verildiyini iddia edirdi.

AİHM Azərbaycanla bağlı bir işin isə baxılacaq şikayətlərin siyahısından çıxarılmasına qərar verib. Bu il martın 31-də ərizəçi şikayətini davam etdirmək istəmədiyini bildirib. Bu iş Şahdağ Milli Parkındakı Bazardüzü dağına səyahət etmək istəyən ərizəçinin əngəllənməsi, onun adının səyahətçilərin qara siyahısına salınması ilə bağlı idi. Ərizəçi məhkəməyə şikayət etsə də, onun iddiaları rədd olunmuşdu.

25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib

Qolu olmayanın da pensiyası kəsilib - Əlillər etiraz edir
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib, daha 50 nəfərin də protezlərlə təminatı prosesi yekunlaşır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında bildirib.

Nazirin sözlərinə görə, yuxarı ətrafları amputasiya olunmuş müharibə veteranlarının son nəsil protezlərlə təminatı üçün işlər aparılır.

İslandiyanın "ÖSSUR" şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə bu kateqoriyadan olan 32 keçmiş döyüşçüdən müvafiq ölçülər götürüldüyü deyilir.

Nazir həmçinin qeyd edib ki, şəhadətləndirilmiş 600-dən çox müharibə veteranına əlillik dərəcəsi verilib, sosial ödənişlər təyin olunub. Həmçinin, reabilitasiya mərkəzlərində onların sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.

S.Babayev bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini söyləyib.

Müharibədə əli-ayağı amputasiya edilmiş bəzi döyüşçülər müxtəlif vaxtlarda KİV-də və ya sosial mediada onların protezlə təmin olunmadığını, süründürməçiliyə yol verildiyini bildiriblər. Bundan başqa, müharibə veteranları ayrı-ayrı qruplarla nazirlik qarşısında həm bununla bağlı, həm əlillik dərəcəsinin təyin olunmasında üzləşdikləri problemlərlə, həm də təqaüd və psixoloji dəstək ala bilməmələri ilə bağlı etiraz aksiyaları keçiriblər.

Qadağa olsa da, Arustamyan Bakıya gəlir

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

Rusiyanın "Matç TV" kanalının futbol şərhçisi Nobel Arustamyan 2020-ci il Avropa çempionatının oyunlarını işıqlandıra bilmək üçün jurnalist akkreditasiyası alıb.

Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram-kanalında məlumat paylaşıb: "İdman şərhçisi Nobel Arustamyan futbol üzrə çempionatda akkreditə olunub. Əla. UEFA, sağ olun".

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) əvvəllər futbol şərhçisinin Dağlıq Qarabağa səfərlərini əsas gətirərək onun Avropa futbol çempionatı oyunları ilə bağlı akkreditasiyadan keçməsinə qadağa qoymuşdu.

AFFA baş verənləri şərh etməyib. Qurumdan "Turan"a deyilib ki, bu məsələ ilə bağlı iyunun 10-da açıqlama yayılacaq.

Pandemiya ilə əlaqədar Avro-2020-nin təxirə salınmış bir neçə oyununa Bakı ev sahibliyi edəcək.

Məscidlər, idman zalları açılır

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

İyunun 10-dan artıq Türkiyə və Rusiyadan hava yolu ilə Azərbaycana gəlmək mümkündür.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi COVID pasport və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiqləyən rəsmi sənəd təqdim olunmalıdır.

Eyni zamanda, 1 yaşdan yuxarı sərnişinlərin də uçuşdan öncə 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd verməsi tələb olunur. 1 yaşdan aşağı uşaqlar üçün belə tələb yoxdur.

İyunun 10-da Azərbaycanda çimərliklərdən istifadəyə, həmçinin "mall"arın, böyük ticarət mərkəzlərinin, idman və sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyətinə icazə verilir.

Həmçinin, dini ibadət yerlərinin fəaliyyəti də bəzi məhdudiyyətlə bərpa olunur. İbadət yerlərinə 50 nəfərdən çox şəxs daxil olmamalıdır. İbadət yerlərinə də peyvənd vurulmasına dair və ya immunitet sertifikatına malik şəxslərin buraxılmasına icazə veriləcək.

Son zamanlar Azərbaycanda rəsmi rəqəmlər koronavirusa yoluxma və ya xəstəlikdən ölüm sayının azaldığını göstərir və buna görə də hökumət karantin rejimi qaydalarında bəzi yumşalmalara gedir. Az öncə açıq havada maska taxmaq qadağasını ləğv etdi, metropolitenin və rayonlararası nəqliyyatın da işləməsinə icazə verildi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ramiz Əzizbəyli vəfat edib

Xalq artisti, aktyor, rejissor Ramiz Əzizbəyli iyunun 9-da 72 yaşında vəfat edib.

Bir müddət əvvəl koronavirusa yoluxan sənətçi Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi.

Bundan əvvəl o, insult keçirmişdi və bir neçə xəstəlikdən əziyyət çəkirdi.

Ramiz Əzizbəyli 100-dən artıq filmdə çəkilib. “Pirverdinin xoruzu”, “Bəxt üzüyü” kimi filmlərin rejissoru olub.

Səfir Azərbaycanla Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəblərini açıqlayıb

Azərbaycan/AB
Azərbaycan/AB

Avropa Birliyinin (AB) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təşkilatla Azərbaycan arasında Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəbləri barədə danışıb.

APA-nın xəbərinə görə, diplomat bildirib ki, sazişdə hələ də müzakirə olunan bəndlər ticarətlə bağlıdır.

"Azərbaycan və AB rəsmiləri bildirir ki, yeni müqavilə, demək olar, hazırdır. Amma "demək olar" kifayət deyil. Təbii ki, biz bunu yekunlaşdırmalıyıq. Bunun da bir sıra səbəbləri var. Ötən il müharibə baş verdi, COVID-19 pandemiyası yayıldı", - o qeyd edib.

Səfir deyib ki, AB və Azərbaycan arasında əməkdaşlıq sənədi mövcuddur, ancaq münasibətlər şaxələndikcə yeni tərəfdaşlıq müqaviləsi də imzalanmalı, prioritetlər müəyyənləşməlidir: "Tərəfdaşlıq müqaviləsi bizim ikitərəfli ticarət əlaqələrimiz üçün baza olacaq, lakin ticarətlə bağlı məsələlər qalır. Çünki Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil".

K.Yankauskas vizaların sadələşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanın AB ölkələrinin vətəndaşları üçün vizanı ləğv etməsi ölkəyə gələn turistlərin sayının artmasına göstərə bilər.

Xatırlatma

Azərbaycan Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus və Azərbaycan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla Tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Vyana daha dünyanın ən yaşamalı şəhəri deyil

Oklend, arxiv fotosu
Oklend, arxiv fotosu

İlk beşlikdə daha sonra Osaka, Adelaida, Tokio və Vellinqton yer alıblar

“Economist Intelligence Unit” 2021-ci il üçün Qlobal Yaşayışa Uyğunluq İndeksini açıqlayıb. İndeksdə 140 şəhər beş sahə: sabitlik, səhiyyə, təhsil, mədəniyyət və ətraf mühit və infrastruktur üzrə dəyərləndirilir. Builki data 2021-ci il fevralın 22-dən martın 21-dək olan dövrü əhatələyir. Onda şəhərlər pandemiya ilə mübarizənin müxtəlif mərhələlərində idilər.

İndeksdə Oklend dünyada ən yaşamalı şəhər hesab olunub. İlk beşlikdə daha sonra Osaka, Adelaida, Tokio və Vellinqton yer alıblar.

Oklend COVID-19 pandemiyası ilə uğurlu mübarizəsinə görə başa çıxıb. Bu, cəmiyyətin açıq qalmasına, təhsil, mədəniyyət və ətraf mühit daxil olmaqla bir sıra göstəricilərdə özünü yaxşı göstərməsinə səbəb olub.

Builki indeksdə ən qazanclı çıxan şəhər ABŞ-ın Havay ştatındakı Honoluludur. Pandemiya ilə mübarizədə güclü proqresə görə şəhər 46 pillə irəliləyərək 14-cü olub.

Ümumilikdə isə COVID-19 pandemiyası şəhərlərdə yaşam səviyyəsinin azalmasına səbəb olub. Özəlliklə, Avropa və Kanada şəhərləri geriləyiblər.

İndiyədək dünyanın ən yaşamalı şəhəri hesab olunan Vyana 12-ci yerə düşüb. Ən çox geriləyən isə Hamburq olub, 34 pillə geri gedərək 47-ci olub.

Davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG