Xəbərlər
Azərbaycan və Ermənistan tərəfi atəş açıldığını bildirir
Ermənistan Müdafiə Nazirliyi iyunun 10-da Azərbaycan silahlı qüvvələrinin sərhəd bölgəsində mühəndis işləri aparmaq istəməsi və erməni tərəfin işi dayandırmaqdan ötrü cavab addımına əl atması haqda məlumat yayıb.
Məlumatda o da deyilir ki, Azərbaycan tərəf Ermənistan mövqelərinə atəş açıb və onlar da adekvat cavab veriblər.
Azərbaycan Müdafiə Nazirliyi də bu haqda məlumat yayıb. Məlumatda deyilir ki, dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açıb.
Hər iki tərəf də bildirir ki, həlak olan və ya yaralanan yoxdur.
“Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir” – Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Azərbaycan tərəfi baş vermiş hadisəyə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edir.
Son günlər Kəlbəcər istiqamətində vəziyyət gərgindir. Bir müddət öncə Azərbaycan tərəfi Ermənistana aid kəşfiyyat-diversant qruplarının sərhədi keçməsi, onlardan 6 nəfərinin saxlanılması haqda xəbər yaymışdı.
Bir qədər sonra isə Kəlbəcər rayonu Susuzluq kəndində 3 nəfər mülki vətəndaş – ikisi journalist və bir məmur minaya düşərək həlak olub, 4 nəfər yaralanıb.
Baş Prokurorluq: terrorçu olduğu deyilən 26 nəfərin işi məhkəməyə göndərildi
Baş Prokurorluq Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin üzvü olduğu deyilən daha 26 nəfər barəsində cinayət işinin məhkəməyə göndərilməsi haqda məlumat yayıb.
Onların ötən il dekabrın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində saxlanıldığı deyilir.
Məlumata görə, silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabrında Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində döyüş mövqeləri tutublar.
Onların dekabrın 13-dək müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etdiyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Andranik Mikaelyan, Setrak Soğomonyan, Rafik Karapetyan və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunurlar.
Baş həkimlə müavini 314 min manatı mənimsəməkdə suçlanır
23 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılova ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.
Bu barədə "Turan"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Z.İsmayılovanın xəstəxananın baş həkimi işləmiş Rəsul Baxşəliyevlə ayrı-ayrı tibb işçilərinin işə gəlməmələrinə şərait yaratdıqları və bunun müqabilində onların əməkhaqqı kartlarına daxil olan 314 min 400 manatı öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edildiyi deyilir.
Bundan başqa, Z.İsmayılova aprelin 13-dən baş həkim təyin olunan Ceyhun Yusifovla birlikdə eyni üsulla həmin işçilərə məxsus 13 min 800 manatı mənimsəməkdə günahlandırılır.
Baş Prokurorluq vurulmuş maddi ziyanın 112 min manatının dövlət büdcəsinə ödənildiyini bildirir.
75 yoluxma, 3 ölüm
Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər sağalıb, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda belə deyilir.
Rəsmi məlumata görə, indiyədək Azərbaycanda ümumilikdə 334 min 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 min 907 nəfər müalicə olunaraq sağalıb, 4 min 951 nəfər vəfat edib. 2 min 134 nəfər aktiv xəstə var.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Rusiya üçün casusluqda şübhəli bilinən şəxs saxlanıb
Janusz N. adlı şübhəlinin evində və ofislərində 300 min zlotidən (81 min 450 dollar) çox nağd pul, xeyli sayda “data cihazları” aşkarlandığı qeyd olunur
Polşada Rusiya üçün casusluqda şübhəli bilinən şəxs saxlanıb, barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Prokurorluğun bəyanatında şübhəlinin Polşada, Avropa Birliyi ərazisində, digər ölkələrdə Rusiyanın propaqanda və dezinformasiya layihələrinə qatıldığı bildirilir.
Janusz N. adlı şübhəlinin evində və ofislərində 300 min zlotidən (81 min 450 dollar) çox nağd pul, xeyli sayda “data cihazları” aşkarlandığı qeyd olunur.
Onun “Rusiya kəşfiyyatı üçün işləyən şəxslərdən tapşırıq aldığı, polyak və xarici siyasətçilərlə, o cümlədən Avropa parlamentində işləyənlərlə ünsiyyət qurmağa çalışdığı” deyilir.
Rusiya hələlik, bu həbsə reaksiya verməyib.
Şübhəli təqsirli bilinərsə, 10 ilədək həbsə məhkum edilə bilər.
Avropa Məhkəməsi Azərbaycanla bağlı qərarlar verdi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 10-da Azərbaycanla bağlı üç qərarını elan edib. Məlumatı aihmaz.org saytı yayıb.
Emin Ələkbərov və daha 6 nəfərin işinə baxan AİHM hesab edib ki, ərizəçilərə münasibətdə azadlıq və toxunulmazlıq hüququnun (Maddə 5.1) pozuntusuna yol verilib. Qərara əsasən, hökumət 7 ərizəçinin hər birinə 3000 avro (ümumilikdə 21000) təzminat ödəməlidir. Qərarda həmçinin, xərc və məsrəflərə görə ümumilikdə 1000 avro ödənilməsi nəzərdə tutulur. Bu iş Səid Nursi dini təriqətinin 7 təmsilçisinin şikayəti ilə bağlı idi. Hadisə 2015-ci ildə Gədəbəy rayonunda baş verib. İddia edilirdi ki, təriqət üzvlərinin toplaşdığı evə 25 nəfərə qədər rəsmi şəxs basqın edib. Onlar polisə aparılıblar və bir gecə orda saxlanılıblar. Onlar ertəsi gün yenidən polisə aparılıblar və ictimai qaydanı pozmaq əsası ilə inzibati qaydada cərimə ediliblər. Yuxarı məhkəmələr bu cəzanı qanuni saymışdı. Ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq (Maddı 5), ədalətli məhkəmə araşdırması (Maddə 6), dini etiqad azadlığı (Maddə 9) hüquqlarına müdaxilə olunub.
"Vidadi İnsanov Azərbaycana qarşı" işində tərəflərin dostca anlaşdıqları deyilir. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 5000 avro təzminat, 1000 avro xərc və məsrəf əvəzi ödəyəcək. Bu şikayət ərizəçinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı idi. Ərizəçi ona münasibətdə hərəkət azadlığı hüququnun pozuntusuna yol verildiyini iddia edirdi.
AİHM Azərbaycanla bağlı bir işin isə baxılacaq şikayətlərin siyahısından çıxarılmasına qərar verib. Bu il martın 31-də ərizəçi şikayətini davam etdirmək istəmədiyini bildirib. Bu iş Şahdağ Milli Parkındakı Bazardüzü dağına səyahət etmək istəyən ərizəçinin əngəllənməsi, onun adının səyahətçilərin qara siyahısına salınması ilə bağlı idi. Ərizəçi məhkəməyə şikayət etsə də, onun iddiaları rədd olunmuşdu.
25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib
25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib, daha 50 nəfərin də protezlərlə təminatı prosesi yekunlaşır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında bildirib.
Nazirin sözlərinə görə, yuxarı ətrafları amputasiya olunmuş müharibə veteranlarının son nəsil protezlərlə təminatı üçün işlər aparılır.
İslandiyanın "ÖSSUR" şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə bu kateqoriyadan olan 32 keçmiş döyüşçüdən müvafiq ölçülər götürüldüyü deyilir.
Nazir həmçinin qeyd edib ki, şəhadətləndirilmiş 600-dən çox müharibə veteranına əlillik dərəcəsi verilib, sosial ödənişlər təyin olunub. Həmçinin, reabilitasiya mərkəzlərində onların sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.
S.Babayev bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini söyləyib.
Müharibədə əli-ayağı amputasiya edilmiş bəzi döyüşçülər müxtəlif vaxtlarda KİV-də və ya sosial mediada onların protezlə təmin olunmadığını, süründürməçiliyə yol verildiyini bildiriblər. Bundan başqa, müharibə veteranları ayrı-ayrı qruplarla nazirlik qarşısında həm bununla bağlı, həm əlillik dərəcəsinin təyin olunmasında üzləşdikləri problemlərlə, həm də təqaüd və psixoloji dəstək ala bilməmələri ilə bağlı etiraz aksiyaları keçiriblər.
Qadağa olsa da, Arustamyan Bakıya gəlir
Rusiyanın "Matç TV" kanalının futbol şərhçisi Nobel Arustamyan 2020-ci il Avropa çempionatının oyunlarını işıqlandıra bilmək üçün jurnalist akkreditasiyası alıb.
Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram-kanalında məlumat paylaşıb: "İdman şərhçisi Nobel Arustamyan futbol üzrə çempionatda akkreditə olunub. Əla. UEFA, sağ olun".
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) əvvəllər futbol şərhçisinin Dağlıq Qarabağa səfərlərini əsas gətirərək onun Avropa futbol çempionatı oyunları ilə bağlı akkreditasiyadan keçməsinə qadağa qoymuşdu.
AFFA baş verənləri şərh etməyib. Qurumdan "Turan"a deyilib ki, bu məsələ ilə bağlı iyunun 10-da açıqlama yayılacaq.
Pandemiya ilə əlaqədar Avro-2020-nin təxirə salınmış bir neçə oyununa Bakı ev sahibliyi edəcək.
Məscidlər, idman zalları açılır
İyunun 10-dan artıq Türkiyə və Rusiyadan hava yolu ilə Azərbaycana gəlmək mümkündür.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi COVID pasport və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiqləyən rəsmi sənəd təqdim olunmalıdır.
Eyni zamanda, 1 yaşdan yuxarı sərnişinlərin də uçuşdan öncə 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd verməsi tələb olunur. 1 yaşdan aşağı uşaqlar üçün belə tələb yoxdur.
İyunun 10-da Azərbaycanda çimərliklərdən istifadəyə, həmçinin "mall"arın, böyük ticarət mərkəzlərinin, idman və sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyətinə icazə verilir.
Həmçinin, dini ibadət yerlərinin fəaliyyəti də bəzi məhdudiyyətlə bərpa olunur. İbadət yerlərinə 50 nəfərdən çox şəxs daxil olmamalıdır. İbadət yerlərinə də peyvənd vurulmasına dair və ya immunitet sertifikatına malik şəxslərin buraxılmasına icazə veriləcək.
Son zamanlar Azərbaycanda rəsmi rəqəmlər koronavirusa yoluxma və ya xəstəlikdən ölüm sayının azaldığını göstərir və buna görə də hökumət karantin rejimi qaydalarında bəzi yumşalmalara gedir. Az öncə açıq havada maska taxmaq qadağasını ləğv etdi, metropolitenin və rayonlararası nəqliyyatın da işləməsinə icazə verildi.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Ramiz Əzizbəyli vəfat edib
Xalq artisti, aktyor, rejissor Ramiz Əzizbəyli iyunun 9-da 72 yaşında vəfat edib.
Bir müddət əvvəl koronavirusa yoluxan sənətçi Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi.
Bundan əvvəl o, insult keçirmişdi və bir neçə xəstəlikdən əziyyət çəkirdi.
Ramiz Əzizbəyli 100-dən artıq filmdə çəkilib. “Pirverdinin xoruzu”, “Bəxt üzüyü” kimi filmlərin rejissoru olub.
Səfir Azərbaycanla Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəblərini açıqlayıb
Avropa Birliyinin (AB) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas təşkilatla Azərbaycan arasında Tərəfdaşlıq sazişinin imzalanmamasının səbəbləri barədə danışıb.
APA-nın xəbərinə görə, diplomat bildirib ki, sazişdə hələ də müzakirə olunan bəndlər ticarətlə bağlıdır.
"Azərbaycan və AB rəsmiləri bildirir ki, yeni müqavilə, demək olar, hazırdır. Amma "demək olar" kifayət deyil. Təbii ki, biz bunu yekunlaşdırmalıyıq. Bunun da bir sıra səbəbləri var. Ötən il müharibə baş verdi, COVID-19 pandemiyası yayıldı", - o qeyd edib.
Səfir deyib ki, AB və Azərbaycan arasında əməkdaşlıq sənədi mövcuddur, ancaq münasibətlər şaxələndikcə yeni tərəfdaşlıq müqaviləsi də imzalanmalı, prioritetlər müəyyənləşməlidir: "Tərəfdaşlıq müqaviləsi bizim ikitərəfli ticarət əlaqələrimiz üçün baza olacaq, lakin ticarətlə bağlı məsələlər qalır. Çünki Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil".
K.Yankauskas vizaların sadələşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanın AB ölkələrinin vətəndaşları üçün vizanı ləğv etməsi ölkəyə gələn turistlərin sayının artmasına göstərə bilər.
Xatırlatma
Azərbaycan Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir.
Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Belarus və Azərbaycan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.
Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb.
2017-ci ildə isə Ermənistanla Tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.
Vyana daha dünyanın ən yaşamalı şəhəri deyil
İlk beşlikdə daha sonra Osaka, Adelaida, Tokio və Vellinqton yer alıblar
“Economist Intelligence Unit” 2021-ci il üçün Qlobal Yaşayışa Uyğunluq İndeksini açıqlayıb. İndeksdə 140 şəhər beş sahə: sabitlik, səhiyyə, təhsil, mədəniyyət və ətraf mühit və infrastruktur üzrə dəyərləndirilir. Builki data 2021-ci il fevralın 22-dən martın 21-dək olan dövrü əhatələyir. Onda şəhərlər pandemiya ilə mübarizənin müxtəlif mərhələlərində idilər.
İndeksdə Oklend dünyada ən yaşamalı şəhər hesab olunub. İlk beşlikdə daha sonra Osaka, Adelaida, Tokio və Vellinqton yer alıblar.
Oklend COVID-19 pandemiyası ilə uğurlu mübarizəsinə görə başa çıxıb. Bu, cəmiyyətin açıq qalmasına, təhsil, mədəniyyət və ətraf mühit daxil olmaqla bir sıra göstəricilərdə özünü yaxşı göstərməsinə səbəb olub.
Builki indeksdə ən qazanclı çıxan şəhər ABŞ-ın Havay ştatındakı Honoluludur. Pandemiya ilə mübarizədə güclü proqresə görə şəhər 46 pillə irəliləyərək 14-cü olub.
Ümumilikdə isə COVID-19 pandemiyası şəhərlərdə yaşam səviyyəsinin azalmasına səbəb olub. Özəlliklə, Avropa və Kanada şəhərləri geriləyiblər.
İndiyədək dünyanın ən yaşamalı şəhəri hesab olunan Vyana 12-ci yerə düşüb. Ən çox geriləyən isə Hamburq olub, 34 pillə geri gedərək 47-ci olub.
Ərdoğan Şuşaya səfər edəcək
Ərdoğan ötən ilin noyabrında Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə də gedəcəyini açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Bunu Ərdoğan özü iyunun 9-da hakim Ədalət və İnkişaf Partiyasının qrup iclasında deyib.
O, gələn həftənin əvvəlində Brüsseldə ABŞ Prezidenti Co Baydenlə görüşəcəyini vurğulayıb. Brüsseldən Azərbaycana gələcək Ərdoğan ötən ilin noyabrında Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə də gedəcəyini açıqlayıb.
O, çərşənbə günü – iyunun 16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə AVRO-2020-nin Türkiyə-Uels matçını izləyəcəyini söyləyib.
Qeyd edək ki, futbol üzrə Türkiyə-Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Şuşa ötən il noyabrın 8-də işğaldan azad olunub. Həmin gün ölkədə Zəfər Günü elan olunub.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Filip Riker: 'ABŞ yardımçı olmaq istəyir'
İyunun 9-da Xarici İşlər naziri Ceyhun Bayramov Bakıda ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.
Bu haqda Xarici İşlər Nazirliyi xəbər yayıb.
Məlumata görə, F.Riker görüşdə Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu bildirib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb.
"Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirən ABŞ rəsmisi, eyni zamanda, bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk qrupunun həmsədri qismində səylərə istinad edib" – nazirliyin açıqlamasında qeyd olunur.
C.Bayramovun isə Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, Ermənistanın mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrup göndərməsi və s. barədə məlumat verdiyi deyilir.
Tərəflərin həmçinin, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq ətrafında fikir mübadiləsi apardıqları bildirilir.
Xatırlatma
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Xaricə getmək üçün 'viza' verənin işi məhkəməyə göndərildi
2019-2020-ci illərdə Bakı və Sumqayıt şəhərlərində aldatma yolu 34 şəxsdən 191 min manat ələ keçirdiyi bildirilən Ruslan Tağıyev barəsindəki cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlumatı Baş Prokurorluq yayıb. Onun xarici ölkələrdə yüksək məvaciblə işə götürülmə, Kanada və Almaniyaya yaşamaq, eləcə də ABŞ-da təhsil üçün vizaların təşkili ilə bağlı vətəndaşlara yalan vədlər verdiyi deyilir.
R.Tağıyevin "Bizim Kəndimiz" MMC-də informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işlədiyi müddətdə 14 min 800 manat dəyərində avadanlığı mənimsədiyi də qeyd edilir. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.2 (mənimsəmə və ya israf etmə), 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham olunur.
Pfizer uşaqlar üzərində sınağı genişləndirir
Yeni tədqiqata Birləşmiş Ştatlar, Finlandiya, Polşa və İspaniyadan 4 min 500-dək uşaq cəlb olunacaq
Pfizer COVID-19-a qarşı vaksinin yaşı 12-dən az uşaqlar üzərində sınağını genişləndirir.
Sınağın ilkin mərhələsində peyvəndin daha zəif dozası seçilmişdi. Yeni tədqiqata isə Birləşmiş Ştatlar, Finlandiya, Polşa və İspaniyadan 4 min 500-dək uşaq cəlb olunacaq. Şirkət məlumatı iyunun 8-də yayıb.
Pfizer-in Almaniyadan tərəfdaşı BioNTech ilə birlikdə hazırladığı vaksin Birləşmiş Ştatlar, Kanada və Avropa Birliyində yaşı 12 və yuxarı olanlara vurulur.
Şirkətin məlumatına görə, genişləndirilmiş test zamanı 5-11 yaşlılara 10 mikroqramlıq, 6 aydan 5 yaşadək qrupa isə 3 mikroqramlıq doza vurulacaq. Böyüklərə isə 30 mikroqramlıq doza vurulur.
Uşaqlara vaksinin təhlükəsiz və effektiv vurulması pandemiyanın nəzarətə alınmasında vacib addım sayılır.
Pfizer bildirir ki, sınaqla bağlı data sentyabrda əldə olunanda peyvəndin uşaqlara vurulmasından ötrü tənzimləyici orqanlara müraciət oluna bilər.
Müdafiə Nazirliyi: Laçında saxlanılan hərbçi Ermənistana verilib
Azərbaycan Müdafiə Nazirliyi iyunun 8-də Laçın rayonu ərazisində saxlanan Ermənistan Silahlı Qüvvələrinin qulluqçusu Artur Katanyanın geri qaytarılması haqda məlumat yayıb.
Nazirlik aparılmış əlavə araşdırmalar nəticəsində onun Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmadığını, yolunu azaraq Azərbaycan sərhədinin keçdiyini bildirir.
“Artur Katanyan ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə, onun Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb. Qeyd olunanları nəzərə alaraq, A.Katanyan qarşı tərəfə geri təhvil verilib” – məlumatda qeyd edilir.
O da deyilir ki, Azərbaycan tərəf növbəti dəfə humanist davranış nümayiş etdirərək ölkəyə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edib.
Nazirlik ilkin məlumatda Ermənistan tərəfdən kəşfiyyat-diversiya qrupunun Laçın ərazisinə daxil olduğunu, 1 nəfərin saxlanıldığını, qalanlarının geri çəkildiyini, onların məqsədinin əraziləri minalamaq olduğunu bildirmişdi.
Ermənistan isə hərbi qulluqçunun diversant olmadığını, dumanda azdığını bəyan etmişdi.
Ermənistan əsir əsgərin ‘diversant’ olmasını təkzib edir
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfinin Artur Katanyan adlı bir erməni əsgərin “diversant” olduğuna dair bəyanatını təkzib edib.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə nazirlik bildirib ki, sözü gedən əsgər “dumanlıqda azıb və Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan əraziyə düşüb”.
MN: Laçında erməni diversantı tutulub
"İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycana daxil olub".
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Nazirlik bildirir ki, qrupun tapşırığı ərazilərin minalanması olub.
Məlumatda qrupun bir üzvünün, hərbi qulluqçu Artur Kartanyanın saxlanıldığı, digər üzvlərinin geri çəkilərək ərazini tərk etdiyi deyilir.
Bir qədər öncə Azərbaycan Kəlbəcərdə də Ermənistana aid iki kəşfiyyat-diversiya qrupunun sərhədi keçməsi və onların üzvlərinin saxlanılması haqda məlumat yaymışdı.
TƏBİB: Jurnalistlə kobud davranan həkimlər cəzalandırılıb
“Jurnalist Aynur Elgünəşin Mingəçevir şəhər mərkəzi xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən səlahiyyətli şəxslər cəzalandırılıb”.
Bu barədə TƏBİB - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.
Xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verildiyi bildirilir.
“Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir” – açıqlamada deyilir.
Qurum bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışların təkrarlanmayacağına ümid edildiyini, ictimai qınağın bəhrəsini verəcəyini vurğulayır.
Jurnalist Aynur Elgünəş bu günlərdə Mingəçevirdə sürücülük vəsiqəsini yeniləmək üçün tibbi müayinədən keçməli olub. Bu zaman adları yuxarıda çəkilən həkimlər ona fiziki əngəlli olduğuna görə kobud ifadələr işlədiblər, tibbi müayinədən keçirməkdən imtina ediblər.
Jurnalistin üzləşdiyi münasibət, xəstəxanada gördükləri haqda yazdıqları sosial mediada geniş müzakirələrə səbəb olub.
Dünyada bir çox vebsaytların işində fasilə yaranıb
Hətta Amazon.com ticarət saytı, Britaniyanın hökumətinin vebsaytı açılmayıb
Dünyada sosial media platformaları, xəbər və hökumət vebsaytları daxil olmaqla bir sıra saytların işində kəsinti yaranıb. Buna ABŞ-da yerləşən bulud hesablama xidmətləri provayderinin işində nasazlığın səbəb olduğu bildirilir.
İyunun 8-də səhər BBC, Financial Times, The Guardian, The New York Times, Bloomberg, CNN və Le Monde kimi media orqanlarının vebsaytlarına giriş əngəllənib.
Hətta Amazon.com ticarət saytı, Britaniyanın hökumətinin vebsaytı açılmayıb.
Bu vebsaytlardan bəzilərinin işi sonradan bərpa olunub.
San Fransiskoda yerləşən “Fastly” bulud hesablamalar xidməti GMT vaxtı ilə səhər 10-dək problemin olduğunu təsdiqləyib, “məsələnin araşdırıldığını” deyib.
Əlillər aksiya keçiriblər
Bir qrup əlil iyunun 8-də Respublika Əlillərin Bərpa Mərkəzinin önündə etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları əlillik statusunun ləğv edilərək yenidən həkim komissiyalarına göndərilməsindən, süründürməçilikdən narazıdırlar və buna son qoyulmasını tələb edirlər.
Onlardan bəzisi "Turan"a deyib ki, yeni əlillik meyarı müəyyənləşdirildikdən sonra əlillik statuslarına yenidən baxılması aylarla davam edir deyə, pensiyaları kəsilib, maddi durumları ağırlaşıb. Aksiya iştirakçıları həmçinin, həkim komissiyalarında rüşvət istənildiyini iddia edirlər və bununla bağlı prezident İlham Əliyevə müraciət ediblər.
Cəbrayıldan məcburi köçkün düşən 74-yaşlı, gözdən 1-ci qrup əlil, onkoloji xəstə Novruz Quliyev ayda cəmi 260 manat pensiya aldığını söyləyir. O, yataqxanada tək yaşayır. N.Quliyevin sözlərinə görə, aldığı pul dərmana belə çatmır.
Gözdən əlil Xaçmazda yerləşən Əlillərin Bərpa Mərkəzinə göndərilməsi üçün növbədə gözləməsinə etiraz edir. N.Quliyev deyir ki, bədənindəki açıq yaraya görə problemi növbədənkənar həll olunmalıdır.
Aksiyaçılarla görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı şikayətlərə baxılacağına söz verib. O, gözdən əlil N.Quliyevin dərhal Xaçmazdakı mərkəzə göndəriləcəyini bildirib.
Operativ Qərargah restoran sahiblərinə xəbərdarlıq etdi
Operativ Qərargah xüsusi karantin rejiminin pozulması hallarına dair məlumat yayıb. Bildirilir ki, son günlər ictimai iaşə (restoran) sahəsində fəaliyyət göstərən sahibkarların xüsusi karantin rejimini, Nazirlər Kabinetinin müvafiq qərarlarını və Baş sanitar həkimin təlimatlarını kobud şəkildə pozduqları haqda faktlar aşkarlanıb.
"Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkaranə halda pozub, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb", – məlumatda qeyd olunub.
Operativ Qərargah qanun pozuntusuna yol vermiş həmin obyektlər və onların vəzifəli şəxsləri haqqında qanuna müvafiq ciddi tədbirlər görüləcəyini vurğulayıb. Qurum fiziki, hüquqi və vəzifəli şəxsləri xüsusi karantin rejiminin qaydalarına və tələblərinə riayət etməyə çağırır.
Bu il mayın 31-dən xüsusi karantin rejiminin tədricən yumşaldılmasına başlanıb. Yumşalmaya dair qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunmalıdır.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
Alzheimer xəstəliyinə qarşı ilk dərman təsdiqlənib
Biogen Inc-ə məxsus “aducanumab” dərmanı xəstəliyin əsas səbəbini hədəfə alsa da, onun birbaşa müalicəsi sayılmır
İyunun 7-də ABŞ-ın tənzimləyici orqanları son 20 ildə ilk dəfə olaraq Alzheimer xəstəliyinə qarşı müalicəni təsdiqləyib. Amma dərmanın effektilə bağlı suallar qalmaqdadır.
Biogen Inc-ə məxsus “aducanumab” dərmanı xəstəliyin əsas səbəbini hədəfə alsa da, onun birbaşa müalicəsi sayılmır.
“Aduhelm” adı altında satılacaq dərman Alzheimer xəstələrinin beyin hüceyrəsində yaranan beta-amiloid proteininin miqdarını azaldır, yaxud yox edir. Beləliklə o, həmin proteinlərin formalaşmasını zəiflətməklə xəstəlikdən əziyyət çəkənlərə kömək edə bilər.
Ərzaq və Dərman Administrasiyası (FDA) dərmanı sürətli prosedurla təsdiqləyib. Bu zaman klinik sınaqlarla bağlı sualların olmasına baxmayaraq dərmanın istifadəsinə icazə verilir.
Biogen şirkətinə məxsus bu dərmanı pasiyentlərin hüquqlarını müdafiə edənlər, bəzi nevroloqlar təbliğ edirdilər, onların məqsədi ölümcül xəstəliyə qarşı effektiv variant əldə etmək idi. Digər həkimlərin fikrincə, klinik sınaqlar ziddiyyətli olub, daha çox sübut lazımdır.
FDA-nın təsdiqi dərmanın digər ölkələrdə də qəbuluna yol aça bilər.
2050-ci ilədək Alzeimer xəstəliyi olan amerikalıların sayı 13 milyona çata bilər. Alzeimer Assosiasiyasının məlumatına görə, hazırda onların sayı 6 milyondan çoxdur.
Vəkil məscidlərdə 50 nəfərlik məhdudiyyətdən məhkəməyə şikayət etdi
Vəkil Elmar Süleymanov Bakı İnzibatı Məhkəməsinə müraciət edərək Nazirlər Kabinetinin məscidlərdə 50 nəfərlik məhdudiyyət müəyyən edən qərarından şikayət verib. Onun yaydığı açıqlamada deyilir ki, metropoliten və şəhər avtobuslarında sərnişin sayı daha çox olduğu halda, ictimai nəqliyyatdan istifadə qadağan olunmayıb.
"Belədirsə, nədən məscidlərdə 50 nəfərdən çox vətəndaşın toplaşması pandemiya dövründə təhlükəli sayılır?", –E.Süleymanov sual edir
Vəkil ərizəsində Nazirlər Kabinetin 26.05.21 tarixli, 151 nömrəli qərarının vətəndaşların Konstitusiyanın 25 və 48-ci maddələrində təsbit olunan din və ibadət azadlıqlarını pozduğunu iddia edir.
Pandemiya dövründə Azərbaycanda məscidlərdə toplaşmaq, kütləvi ibadət qadağan olunmuşdu. Amma son zamanlar yoluxmanın azaldığını əsas gətirən Nazirlər Kabineti yanında Operativ Qərargah məscidlərdə məhdud sayda insanın toplanmasına icazə verib.
Süd, ət, un məhsullarından daha çox şikayət edilir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2021-ci ilin ilk 5 ayı ərzində ölkədə istehlakçı hüquqlarının pozulması ilə bağlı məlumat yayıb.
Agentlik son 5 ayda ən çox süd və süd məhsullarına dair şikayətlərin daxil olduğunu, ikinci və üçüncü yerdə ət və ət məhsulları, un və qənnadı məmulatları ilə bağlı müraciətlər edildiyini bildirir. Ən az şikayətin isə konservləşdirilmiş məhsullar, tamlı məmulatlar, bal və digər məhsullar üzrə qeydə alındığı deyilir.
Ən çox şikayətin martda daxil olduğu, müraciətlərdən 238-nin xidmətlə bağlı olduğu vurğulanır.
AQTA-nın verdiyi məlumata görə, müraciətlər arasında ən çox sayda şikayət məhsulun keyfiyyətinin aşağı olması (146) ilə bağlı olub. Heyvan kəsimi məntəqəsində (68) və sahibkarlıq subyektlərində antisanitar vəziyyət (57), son istifadə tarixi başa çatmış qida məhsulları (59) ilə bağlı şikayətlərin sayı da digər məzmunlu şikayətlərlə müqayisədə daha çox olub.
Məlumatda o da deyilir ki, bu dövr ərzində istehlakçılar tərəfindən ən çox narazılıq edilən "Araz" supermarketi, "Azza" şirniyyat evi, Sumqayıt şəhərində "Xan Çinar" kafesidir.
Pakistanda qatar qəzasında azı 60 nəfər həlak olub
Şəhərlərarası, sərnişinlə dolu qatar Sind vilayətinin Derki şəhəri yaxınlığında relsdən çıxmış digər sürət qatarına dəyib
Pakistanda iki qatarın toqquşmasından ölü sayı 62-yə çatıb. Hadisə zamanı onlarla adam xəsarət alıb.
Qatarın relsdən çıxmasının səbəbi hələlik, aydın deyil.
Yerli rəsmi daha çox adamın ölə biləcəyini, yaralılardan bəzilərinin ağır vəziyyətdə olduğunu deyib.
***
Pakistanda iki qatarın toqquşması nəticəsində azı 30 nəfər həlak olub, 60 nəfər xəsarət alıb.
Karaçi liman şəhərində dəmiryolu rəsmisi Qal Hasan AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, qəzayla bağlı araşdırma başlanıb. Şəhərlərarası, sərnişinlə dolu qatar Sind vilayətinin Derki şəhəri yaxınlığında relsdən çıxmış digər sürət qatarına dəyib.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Xilasedicilər qalıqlar altında qalmış insanları xilas etmək üçün xüsusi avadanlıq istəyiblər.
“Qəza yeri uzaqdır, ona görə də xilasetmə işində çətinliklər var”, – dəmiryolunun sözçüsü deyib və azı 6 vaqonun dağıldığını bildirib.
Baş nazir İmran Xan qəzadan “sarsıldığını” bildirib, hərtərəfli təhqiqat aparılacağını vurğulayıb.
“Dəmiryolu təhlükəsizliyindəki nöqsanların hərtərəfli araşdırılmasına göstəriş verdim”, – o, tvitində yazıb.
Son illər Pakistanda bir neçə ölümcül qatar qəzası baş verib. Qəzalara qatarların relsdən çıxması, dəmiryolu keçidlərində toqquşmalar səbəb olub.
Cənubi Asiyada qatarla səyahət çox populyardır. Vaqonlar həddən artıq dolur, qatarların çoxu isə pis vəziyyətdədir.
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.