ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində deyir ki, Ukraynadakı müharibəni dayandırmaq niyyətində qalır. Amma onun Ukrayna və Rusiya liderləri arasında danışıqların təşkilinə yönəlmiş səyləri, hələlik, nəticəsiz qalır.
"Nə isə baş verməlidir, amma onlar, hələlik, [birbaşa danışıqlara] hazır deyillər. Amma nə isə baş verməlidir. Məqsədimizə çatacağıq", – Tramp deyib.
ABŞ prezidenti Rusiya-Ukrayna münaqişəsinin həllinin son zamanlar üzləşdiyi digər məsələlərlə müqayisədə "bir qədər daha çətin" olduğunu etiraf edib.
Tramp deyib ki, onun Rusiya və Ukrayna, yaxud digər münaqişə ölkələri ilə diplomatik danışıqlara yanaşması belədir: liderləri bir otağa toplayıb onları canlı yayımda, çox vaxt öz rəhbərliyi altında razılığa gəlməyə məcbur edir, bu, baş verməyincə heç bir variantı çıxdaş etmir.
Sentyabrın 4-də Parisdə Ukraynanın müttəfiq ölkələrindən ibarət "istəklilər koalisiya"sının sammiti keçirilir. Avqustun 18-də bu ölkələrin müdafiə nazirlərinin Vaşinqtonda hazırladıqları razılaşmaların təsdiqlənəcəyi gözlənilir.
"Biz, avropalılar, sülh imzalandığı gün Ukraynaya zəmanətlər verməyə hazırıq", –Fransa prezidenti Emmanuel Makron deyib. "Hazırlıq işləri başa çatıb. İndi təsdiqlənəcək. Bu, bizə möhkəm əsas yaradır. Görüşlər və müzakirələrdən sonra deyə biləcəyik ki, Ukrayna və avropalılar üçün möhkəm və uzunmüddətli sülhə hazırıq".
Sammitə Ukrayna prezidenti Vladimir Zelenski də qatılıb.